NDU tələbələri aqrar sığorta sahəsində təcrübə keçəcəklər
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi və Aqrar Sığorta Fondu fəaliyyətini genişləndirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, iyunun 22-də Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın iştirakı ilə Aqrar Sığorta Fondu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu (MOU) imzalanıb.
Memorandumu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov imzalayıblar.
Sənədə əsasən iki qurum arasında əməkdaşlığın əsas məqsədi aqrar sığorta sahəsində maarifləndirmənin gücləndirilməsi, peşəkar kadr potensialının inkişaf etdirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də təhsil və aqrar sığorta sahələri arasında əlaqələrin genişləndirilməsidir.
İmzalanma mərasimində nazir müavini İlhamə Qədimova aqrar sığortanın kənd təsərrüfatı üçün əhəmiyyəti, fermerlərin risklərini qarşılamaq sahəsindəki üstünlüklərini qeyd edib. Öz növbəsində, Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev aqrar sığorta sahəsində kadr hazırlığı, müstəqil ekspertlərin hazırlanmasında ali məktəblərlə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd ediblər.
Fuad Sadıqov qeyd edib ki, fəaliyyətə başladığı dövrdən indiyədək Aqrar Sığorta Fondu fermer və təsərrüfatlara 23 milyon manat sığorta ödənişi həyata keçirib və bu məbləğ hər gün artmaqdadır.
Memorandum çərçivəsində universitet tələbələri üçün sertifikatlı istehsalat təcrübələrinin təşkili, 2-3 aylıq təcrübə proqramlarının həyata keçirilməsi, məzunların və xüsusi istedadlı tələbələrin Aqrar Sığorta Fondunda və aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərində iş imkanlarının dəstəklənməsi nəzərdə tutulur.
Tərəflər arasında, həmçinin təlim və seminarların təşkili, birgə layihə və elmi tədqiqatların həyata keçirilməsi, aqrar sığorta sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlıq ediləcək.
Memorandumun mühüm istiqamətlərindən biri də müstəqil aqrar sığorta ekspertlərinin hazırlanmasıdır. Bu məqsədlə universitetin tələbə və məzunlarının Aqrar Sığorta Fondunun təşkil etdiyi təlim proqramlarına və sertifikasiya proseslərinə cəlb olunması nəzərdə tutulur.




