Neqativ hallara yol verən 286 nəzarətçi bazadan xaric olunub – DİM
2025-ci ildə Dövlət İmtahan Mərkəzinin zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərə görə çıxarılıb. Bunlardan 286 nəfəri birbaşa imtahan prosesi ilə əlaqədar neqativ hallara yol verdiyinə görə bazadan xaric olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.
O bildirib ki, imtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə 346 nəfər bazadan çıxarılıb. 2025-ci ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol vermə və ya köçürməyə şərait yaratma səbəbindən 159 nəfər bazadan çıxarılıb. Sosial məzuniyyətdə olma səbəbi ilə 122 nəfər, işdən və ya təqaüdə çıxma səbəbinə görə isə 114 nəfər çıxarılıb”.
Adıgözəl Həbibov qeyd edib ki, imtahan zalını idarə edə bilməmə və iştirakçılarla söhbət etmə kimi hallara görə 42 nəfər bazadan xaric olunub: “Həmçinin müqavilə vəsiqəsini götürmədiyi və ya müqaviləyə xitam verdiyi üçün imtahanlarda iştirak etməmə səbəbindən 25 nəfər bazadan xaric olunub. “Sağlamlıq imkan vermir”, “vəfat edib”, “ölkə xaricindədir”, “hərbi xidmətdədir”, “ailə vəziyyəti imkan vermir”, “direktor təyin edilib”, “dövlət qulluqçusudur” və s. kimi səbəblərə görə 44 nəfər, habelə etik davranış qaydalarını pozma səbəbinə görə 14 nəfər çıxarılıb.
İmtahan zalında telefon aşkarlanması və ya imtahan binasına telefon keçirmə səbəbi ilə 6 nəfər, cavab kartı, sual kitabçası və ya yazı işini səhv vermə səbəbinə görə 14 nəfər, iştirakçının cavab kartını çıxarmasına görə 10 nəfər bazadan xaric olunub. Sənədlərlə iş bacarığının zəif olması və prosedur qaydalarına dair məlumatın qeyri-kafi olması (cavab vərəqini səhv yerə qoymaq, vaxtında təhvil almaması və s.) səbəbi ilə 16 nəfər çıxarılıb”.



