Nərminə Hüseynova: Bakı məktəblərində artıq kağız jurnallardan istifadə olunmur
Məlum olduğu kimi, Bakıdakı ümumi təhsil müəssisələrində elektron jurnal tətbiq olunur. Bu yenilik müəllimlər və valideynlərlə effektiv kommunikasiya, eləcə də valideynlərin övladlarının təhsilinə hərtərəfli nəzarət etməsinə imkan yaradır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova “Azərbaycan müəllimi”nə açıqlamasında ümumi təhsil müəssisələrində tətbiq olunan “Rəqəmsal məktəb” platforması və elektron jurnalların təhsildə yaratdığı yeni imkanlardan danışıb.
O bildirib ki, bu platforma təhsildə şəffaflığı artırmaq məqsədinə xidmət edir: “Təhsil sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri kimi təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılmasına xidmət edən rəqəmsallaşmanı göstərə bilərik. Rəqəmsal texnologiyalar tədris prosesinin daha çevik, şəffaf və effektiv təşkilinə imkan yaradır, məlumatların operativ idarə edilməsini təmin edir və təhsilin bütün iştirakçıları arasında kommunikasiyanı gücləndirir. Bu baxımdan paytaxtın ümumi təhsil müəssisələrində uğurla tətbiq olunan “Rəqəmsal məktəb” platforması müvafiq transformasiyanın ən bariz nümunəsidir. Məqsəd müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin olunması, interaktivlik və əlçatanlığı təmin etməkdir. Həmçinin bu platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, təhsildə şəffaflığı artırmaq məqsədlərinə xidmət edir”.
“Müsbət nəticələr platformanın digər ərazilərdə tətbiqi üçün etibarlı baza formalaşdırır”
N.Hüseynova qeyd edib ki, hazırda Bakı şəhəri üzrə bütün məktəb rəhbərləri və pedaqoji heyət “Rəqəmsal məktəb” platformasında qeydiyyatdan keçib: “Məlum olduğu kimi, “Rəqəmsal məktəb” platforması ilkin mərhələdə Bakı şəhərindəki ümumi təhsil müəssisələrində tətbiq edilməyə başlandı. Bu da təsadüfi deyil, çünki ölkə təhsilinin flaqmanı sayılan paytaxt təhsilinin müəllim, şagird kontingentinin say baxımından çoxluğu sistemin sınaq mərhələsinin daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır. Bütün bu amillər, həmçinin əldə olunan təcrübə və müsbət nəticələr layihənin ölkənin digər şəhər və rayonlarında tətbiqi üçün etibarlı baza formalaşdırır.
Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur ki, bu da təhsil prosesinin iştirakçısı olan bütün tərəflərin ondan rahat istifadəsinə imkan yaradır. Paytaxt üzrə bütün məktəb rəhbərləri və pedaqoji heyət sistemdə qeydiyyatdan keçib, valideynlərin qeydiyyatı isə 70 faiz səviyyəsindədir. Nəzərə alsaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 350-dən artıq ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və məktəblərdə 530 000-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 31 065 müəllim məşğul olur, bu halda sistemin miqyasının böyüklüyünü təsəvvür etmək o qədər də çətin deyil”.
“Platforma davamiyyəti aşağı olan şagirdlərin müəyyənləşdirilməsinə imkan yaradır”
Direktor müavininin sözlərinə görə, elektron jurnalların tətbiqi müəllimlərin iş yükünü azaltmaqla bərabər, həm də kağız sənəd dövriyyəsini minimuma endirib: “Platforma dərs cədvəllərinin elektron formada hazırlanması, dərs mövzularının və qiymətləndirmənin sistem üzərindən paylaşılması, davamiyyətin operativ aparılması kimi üstünlüklər təqdim edir. Həmçinin təhsil müəssisələrinin direktorları elektron sistem üzərindən rəhbərlik etdikləri müəssisələrdə çalışan müəllimlərin hesabatlılığını izləyə bilirlər. Direktor və təhsili idarəetmə qurumları platforma vasitəsilə dərsdə iştirak etməyən şagirdlərin davamiyyət göstəricilərinə real vaxt rejimində nəzarət edə bilirlər ki, bu mexanizm də davamiyyətin şəffaflığını təmin etməklə yanaşı, tədrisdən yayınan və davamiyyət göstəriciləri aşağı olan şagirdlərin operativ şəkildə müəyyən edilməsinə imkan yaradır. Şagirdlərə gəlincə, onlar öz qiymətlərini, davamiyyətlərini, ev tapşırıqlarını və dərs materiallarını platforma üzərindən istənilən vaxt izləyə bilirlər. Bu da onların məsuliyyət hissini artırır, tədrisə marağı gücləndirir.
Bakıdakı ümumi təhsil müəssisələrində elektron jurnalların tətbiqinin "Rəqəmsal məktəb" platforması üzərindən aparılması sayəsində artıq ənənəvi kağız jurnallardan istifadə olunmur. Hazırda sinif jurnalları elektron sistem vasitəsilə daha sürətli və operativ qaydada işlənilir. Müəllimlər əvvəllər kağız jurnalları doldurmaq, qeydləri yeniləməyə vaxt sərf edirdilərsə, indi bu proses elektron jurnal vasitəsilə vaxt itkisi olmadan daha çevik şəkildə həyata keçirilir. Üstəlik, bütün qeydlər sistemli və şəffaf şəkildə saxlanıldığı üçün müəllim öz işini daha asan təqdim edə bilir. Hazırda paytaxtın 353 məktəbində elektron jurnal tətbiq olunur.
Xüsusilə qeyd etmək istərdim ki, elektron jurnalların tətbiqi ilə bağlı məktəblərin rəhbər heyəti və bu platformaya məsul şəxslər dərs ili başlamamışdan öncə təlimlərə cəlb olunublar. Yeni sistemin səmərəli və düzgün istifadəsini təmin etmək məqsədilə keçirilən təlimlərdə iştirakçılar platformanın funksiyalarını öyrənib, məlumatların idarə olunması və təhlükəsizliyi, müəllimlər və valideynlərlə effektiv kommunikasiya üsulları barədə biliklər əldə ediblər. Hazırda da müraciətlər əsasında əlavə təlimlərin təşkili həyata keçirilir”.
“Valideynlər passiv izləyici deyil, təhsil prosesinin fəal iştirakçısına çevrilirlər”
N.Hüseynova həmçinin bildirib ki, elektron jurnalın tətbiqi müəllimlərlə yanaşı, valideynlərə də böyük imkanlar verir, onların tədris prosesinə birbaşa nəzarət etməsinə şərait yaradır: “Belə ki, valideynlər övladlarının tədris nəticələrini elektron jurnal vasitəsilə öyrənmə imkanı əldə edirlər. Bu sistem vasitəsilə onlar övladlarının dərsə davamiyyəti, aldığı qiymətlər, müəllimin qeydləri ilə asanlıqla tanış ola bilirlər. Ənənəvi gündəlik və ya kağız jurnallardan fərqli olaraq məlumatlar daha operativ, dəqiq və şəffaf şəkildə təqdim olunur. Valideynlər yalnız valideyn iclasları zamanı deyil, istənilən vaxt tədris prosesi ilə bağlı məlumat əldə edə, zərurət yarandıqda direktorla daha tez əlaqə qura bilirlər. Bu isə qarşılıqlı etimadı gücləndirir, anlaşılmazlıqların qarşısını alır və uşaqların inkişafı baxımından məktəb–ailə əməkdaşlığını daha səmərəli edir. Nəticədə valideynlər passiv izləyici deyil, təhsil prosesinin fəal iştirakçısına çevrilirlər.
Reallıqdır ki, təhsil artıq sadəcə sinif otaqları ilə məhdudlaşmır. O, rəqəmsal mühitə doğru çox sürətlə irəliləyir. Bugünkü məktəb artıq əvvəlki məktəb deyil. Yenilənən idarəetmə üsulları, texnoloji imkanlar və açıq informasiya mühiti təhsili yeni mərhələyə daşıyır. Tətbiq olunan rəqəmsallaşma idarəetmədən qiymətləndirməyədək bütün prosesləri əhatə edərək təhsilin təşkilində yeni bir mərhələ formalaşdırır, məktəblərimiz addım-addım daha müasir mühitə doğru irəliləyir. Texnologiyanın təhsillə inteqrasiyası təkcə işi asanlaşdırmır, həm də şagirdlərin gələcəyə daha hazırlıqlı yetişməsinə şərait yaradır. Bu dəyişikliklər yalnız məktəbdaxili proseslərə deyil, bütövlükdə cəmiyyətin təhsilə baxışına da təsir göstərir. Daha açıq, əlçatan, məsuliyyətli və şəffaf hesabatlı təhsil mühiti formalaşır. İnanırıq ki, bu dəyişikliklər zamanla daha müsbət nəticələr verəcək”, – deyə o bildirib.


