Nəticəmi görəndə həyəcanlandım - İmtahanda 59 bal toplayan müəllim
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər 7 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Şəhanə Abdullayeva sertifikasiya imtahanında 59 bal toplayaraq yüksək nəticə göstərən müəllimlər sırasında yer alıb.
Müəllim bildirir ki, nəticəsini öyrəndiyi ilk anlarda böyük həyəcan keçirib: “Əlbəttə ki, nəticəmi görəndə həyəcanlandım. İmtahana hazırlıqlı idim və nəticəm məni sevindirdi”.
Şəhanə müəllimin sözlərinə görə, yüksək nəticə təsadüfi deyil. O, ötən il müəllimlərin işə qəbulu imtahanında da uğurlu nəticə əldə edib: “Ötən il MİQ imtahanında 99 bal toplamışdım və əmsal tətbiq olunmuşdu. Bu da mənə özümə olan inamı daha da artırdı”.
Peşəkar inkişafı üçün daim çalışdığını vurğulayan müəllim əldə etdiyi uğurun arxasında davamlı zəhmətin dayandığını deyir: “İndiyədək iki müxtəlif məktəbdə işləmişəm. Hər zaman öz üzərimdə çalışıram, eyni zamanda qabaqcıl müəllimlərin təcrübəsindən yararlanmağa və onlardan istiqamət almağa çalışıram”.
Sertifikasiya imtahanının suallarını əlçatan hesab edən Şəhanə Abdullayeva imtahan prosesində ciddi çətinliklə qarşılaşmadığını qeyd edir.




