
Məktəb illəri təkcə bilik və bacarıqlar qazandığımız dövr deyil, həm də gücümüzü və potensialımızı üzə çıxardığımız mərhələdir. Məktəbdə qazandığımız uğurlar böyük bir məqsədin təməli üçün atılmış kiçik addımlardır. İmtahanlar isə biliklərimizi sınamaqla yanaşı, gələcək hədəflərimizə doğru addım atmaq üçün bir fürsətdir. Təhsil həyatında uğur qazanmaq təkcə yaxşı nəticələr əldə etmək demək deyil, bu, həm də özünəgüvənin, qarşıya qoyulan məqsədlərə sadiq qalmağın, potensialını gerçəkləşdirməyin məntiqi yekunudur.
Buraxılış imtahanında maksimal bal – 300 bal toplayan məktəblilərdən biri Nuray Bayramova da təhsil həyatını, məqsədlərini və arzularını gerçəkləşdirmək üçün necə əzmlə çalışdığını “Azərbaycan müəllimi”nə danışıb.
“Zəngi” liseyinin şagirdi olan Nurayın bütün təhsil həyatı elə bu məktəbin adı ilə bağlıdır. IV ixtisas qrupu üzrə hazırlaşan Nurayın ilk arzu qığılcımları, uğurlu yolçuluğu da buradan başlayıb. Onun arzusu “ağxalatlı həkimlər”imizdən olub xalqımıza, vətənimizə layiqli xidmət etməkdir.
“IX sinifdən etibarən maksimum nəticə toplamağı qarşıma hədəf qoymuşdum”
Atasının yolunu davam etdirərək onun kimi həkim olmaq, Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyən istedadlı məktəblimiz hər zaman gücünün, potensialının fərqində olub, məqsədinə sadiq qalaraq əzmlə çalışıb: “Məktəb illəri ərzində dərslərimdə həmişə yaxşı olmuşam. IX sinifdə buraxılış imtahanında da yüksək nəticə göstərdim. O zaman 294 bal toplamışdım. Bu nəticə məni daha çox həvəsləndirdi, ona görə XI sinifdə daha yüksək bal toplaya biləcəyimə inandım. Belə də oldu. Buraxılış imtahanından əvvəl iştirak etdiyim sınaq imtahanlarında da yüksək nəticələr əldə edirdim. Hər zaman yüksək nəticə əldə edəcəyimə əmin olmuşam, amma 300 bal toplamaq tamamilə başqa, qürurverici bir hissdir”.

“Uğurun açarını zəhmətkeşlikdə, fədakarlıqda və çalışqanlıqda görürəm”
Nuray dərslərinə hazırlaşarkən daim inamla və əzmlə çalışıb. Lakin bu zaman kəmiyyətə deyil, keyfiyyətə önəm verib. Günün müəyyən saatını istirahətinə, mütaliəyə də ayırıb: “Burada əsas məsələ hədəfə uğurla və inamla addımlamaqdır. Həmyaşlarıma da tövsiyə edirəm ki, heç vaxt öz arzu və məqsədlərindən dönməsinlər. Arzularına və hədəflərinə çatmaq üçün inamla və əzmlə çalışsınlar. Bu yol bizə çətin və ağır gələ bilər, əslində, elədir də. Bu yolda yorula da bilərik, bezə də bilərik, hətta tükənib xəyallarımızdan keçə də bilərik. Amma mənə elə gəlir ki, bu yolda hər birimizə mənən və ruhən dəstək olan bir nəfər var ki, mənim üçün o, anamdır. Mən də bu yolda tək olmamışam, ailəm, valideynlərim və oxuduğum məktəbin kollektivi – müəllimlərim hər zaman mənə dəstək olublar”.
Bakı şəhəri 192 nömrəli tam orta məktəbin şagirdi Ülkər Ələkbərova da öz potensialını ortaya qoyaraq uğur qazananlardandır. Bir gəncin böyük arzularını gerçəkləşdirdiyi və gələcəkdə daha böyük uğurlara addımlayacağı bu mərhələdə Ülkər ilə həmsöbhət olduq.
“Seçəcəyin ixtisas sənin potensialını göstərməlidir”
III ixtisas qrupu üzrə hazırlaşan Ülkərin ən böyük arzusu ədalətin keşikçisi – hüquqşünas olmaqdır. O, ailədə bu ixtisasa yiyələnmək istəyən ilk şəxsdir. Ülkərin bu ixtisası seçməyində ailəsinin rolu böyük olub... Axı ailələr belədir, bizi bizdən çox düşünər, bizim üçün hər şeyin ən yaxşısını arzulayarlar. Ülkərin də ailəsi onun üçün hər şeyin ən yaxşısını seçməyə çalışır. Buna görə də Ülkərin hüquqşünas kimi uğur qazanacağına inanır və onu bu yolda dəstəkləyirlər.
Ülkər deyir ki, məktəb vaxtı ən sevdiyi fənn Azərbaycan dili və ədəbiyyatı olub. Elə indi də qəbul imtahanı ilə bərabər, Respublika fənn olimpiadalarının Azərbaycan dili və ədəbiyyatı üzrə final turuna hazırlaşır.
“Ən böyük arzum hakim olmaqdır”
Onun uğurunun təməlində yalnız bilik deyil, həm də düzgün prioritetlər, böyük arzu və amal dayanır. Məhz hakim olmaq arzusu, vətəninə, millətinə faydalı bir vətəndaş olmaq hədəfi onun uğur qazanmasında böyük rol oynayıb: “Uğurun sirri zəhmət çəkməkdədir. Əgər kifayət qədər zəhmət çəksək, uğur qaçılmazdır. Mən özümü çox yormadan, stresə salmadan planlı şəkildə oxuyurdum. Ona görə dərsdən sonra hər şeyə vaxtım qalırdı”.

“300 bal toplamaq mənim üçün sürpriz oldu”
Ülkər deyir ki, hər bir abituriyentdə olduğu kimi, imtahanqabağı onda da müəyyən qədər stres olub: “İmtahandan əvvəl bir qədər stresli idim. Bu zaman ailəmin mənə dəstəyi çox böyük olub. Sınaq imtahanlarında da yüksək bal toplayırdım, elə buraxılış imtahanında da yüksək bal toplamağı arzulayırdım. Lakin bu, çətin məsələ olduğu üçün gözləmirdim. Cavablar açıqlananda mənim üçün sürpriz olmuşdu. Elə ilk sevincimi də anamla bölüşdüm. Bu uğurumda ailəmin, müəllimlərimin, xüsusilə məktəbimizin direktoru Cavad müəllimin əməyi böyükdür”.
Elə Ülkər də, Nuray da qarşıdan gələn qəbul imtahanlarında ən yüksək nəticəni göstərə bilmək üçün cidd-cəhdlə hazırlaşacaqlarını bildirdilər.
Buraxılış imtahanında uğur qazanan digər məktəblimiz isə Bakı şəhəri Nizami rayonu 272 saylı tam orta məktəbin şagirdi Sona Nurməmmədlidir. IV ixtisas qrupu üzrə hazırlaşan Sona sadəcə buraxılış imtahanında deyil, elə bütün təhsil həyatında uğurlu nəticələri ilə yaşıdlarından seçilib. Bir çox müsabiqə və yarışlarda iştirak edən Sona elə bir il əvvəl - X sinifdə oxuyarkən III Bakı Elm Olimpiadasında kimya-biologiya fənləri üzrə bürünc medal qazanıb.

“Vətənimə layiqli və peşəkar həkim olmaq istəyirəm”
Sona da insanların həyatını xilas etmək, yəni həkim olmaq istəyir. Kim deyir ki, uğura gedən yol asandır? O bu istəyinə, məqsədinə çatmaq üçün qarşısına hansı çətinliklərin çıxacağını da təxmin edir. Lakin öz gücünə və əzminə inandığı üçün bu yolda qətiyyətlə addımlamağı hədəf seçib: “Məqsədimə çatmaq uğrunda bir çox çətinliklərlə qarşılaşacağımı bilirəm, mən bunların hamısını nəzərə almışam. Çünki heç bir uğur çətinlik çəkmədən əldə edilmir”.
“Həyatımın, bəlkə də, ən həyəcanlı anları idi”
Sona buraxılış imtahanının nəticələri elan olunanda bu sevindirici xəbəri anasından eşidir. Bəli, o, ailəsinin, dostlarının, müəllimlərinin fəxri olmuş, maksimum balı toplamağa nail olmuşdu. Bəlkə də, buna görə bu anı on yeddi illik həyatının ən həyəcanlı və gözəl anı kimi qiymətləndirir. Ən əsası, amalına, arzularına bir addım daha yaxınlaşmışdı. Bəli, o bacarmışdı: “Yüksək nəticə əldə edəcəyimi gözləyirdim. İmtahanlara hazırlaşdığım vaxt qrafikimi dəqiqliklə qurmağa çalışırdım. Bəzən elə olurdu ki, heç istirahət etməyə də vaxtım qalmırdı. Buna baxmayaraq, bunların müvəqqəti çətinlik olduğunu bilirdim. İndi isə çox şadam ki, mənə bu yolda dəstək olan ailəmin, müəllimlərimin, məktəbimizin rəhbərliyinin ümidlərini doğrulda bilmişəm”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər