5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür
5 Oktyabr bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1994-cü ildə UNESCO və Birləşmiş Millətlər Təşkilatının Təhsil bölməsi tərəfindən təsis edilib. 1966-cı il oktyabrın 5-də "Müəllimlərin vəziyyəti haqqında" beynəlxalq tövsiyə sənədi qəbul olunub. Məhz bu gün sonrakı illərdə Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunmağa başlayıb. Bu, bütün dünyada müəllimlərin iş şəraitini müəyyən edən ilk sənəd idi və cəmiyyətin inkişafına verdiyi mühüm töhfələrə görə dünyanın bütün maarifçilərinə həsr olunur.
Müəllimlər gününün məqsədi müəllimlərə dəstək verməyi xatırlatmaqdır. Hər il bu əlamətdar gün müəllim peşəsinə dair əsas addımları və ya irəliləyişləri vurğulayan fərqli bir mövzu ilə qeyd olunur. İllər ərzində mövzular inklüziv təhsil, müəllimlərin hüquqları, rəqəmsal öyrənmə və COVID-19 pandemiyası zamanı tədris materialları kimi mövzuları əhatə edib.
Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkmək üçün nəzərdə tutulub.
Hazırda dünyanın 100-dən çox ölkəsi Beynəlxalq Müəllimlər Gününün qeyd olunmasına qoşulub. Ancaq eyni zamanda, hər bir ölkə bu günü özünəməxsus şəkildə qeyd edir. Bu, yalnız qeydetmə metoduna (tədbirlər, hədiyyələr, mükafatlar) deyil, həm də tətil gününə aiddir — bəzi ölkələr bu günü başqa bir tarixə köçürüblər. Buna baxmayaraq, bu gün beynəlxalq mahiyyət daşıyır.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllim günü” də qeyd edilir.
Müəllim səslərinin qiymətləndirilməsi…
UNESCO 2024-cü il Büynəlxalq Müəllimlər Günü münasibətilə yaydığı məlumatda qeyd edir ki, həddindən artıq işləyən, lazımi qiymət verilməyən və az maaş alan müəllimlər getdikcə daha çox sevdikləri və dünyanın ehtiyac duyduğu peşəni tərk edir. Eyni zamanda müəllim olmaq istəyən gənclər də azdır. Nəticədə 44 milyondan çox müəllimin qlobal çatışmazlığı, təhsil hüququnu risk altına alan böhrandır. Bu, müəllim peşəsini gücləndirmək üçün qlobal çağırışa səbəb olub.
Bu il Beynəlxalq Müəllimlər Günü hər yerdə müəllimlərlə daha möhkəm sosial dialoq qurmağın zəruriliyini vurğulayır. Bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlərin səslərinin qiymətləndirilməsi: təhsil üçün yeni sosial müqaviləyə doğru” mövzusuna həsr olunub. Mövzu müəllimlərin qarşılaşdıqları problemləri həll etmək, ən əsası, təhsilə gətirdikləri bilikləri və töhfələrini qəbul etmək və onlardan faydalanmaq üçün onlarla əlaqə saxlamağın aktuallığını vurğulayır.
Bilik investisiya kimi
Son illərin tendensiyası biliyə sərmayə qoymaqdır. Bu, həm də təhsilalanların gələcəyinə sərmayədir. Bu baxımdan əsas məktəb təhsili ilə yanaşı, özəl təhsilə də tələbat artır: xarici dillərin öyrənilməsi, proqramlaşdırma, iqtisadiyyat və s.
5 oktyabr tarixi UNESCO və Beynəlxalq Əmək Təşkilatının ən mühüm konfransı və ciddi hüquqi aktın ortaya çıxması ilə birbaşa bağlıdır. Bu, birgə qətnamə idi. Onun adı müəllimlərdən danışırdı, əslində isə sənəd bütün pedaqoji heyətə, onların ailə üzvlərinə, iş şəraitinə aid edilir, müəllimlərin hazırlanması qaydalarını, işəgötürənlərin öhdəliklərini müəyyən edir, müəllimlərin yüksək statusunu və əhəmiyyətini birləşdirirdi. Ən əsası, bəşəriyyətin tərəqqisini təmin edən və ən qiymətli qeyri-maddi sərvətin təhsil olduğu qəbul edilirdi.
“Müəllimlərin statusu” haqqında
Qeyd edək ki, 5 oktyabr 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. Bu sənəd müəllimlərin hüquq və vəzifələri, onların hazırlığı, məşğulluğu və iş şəraiti ilə bağlı meyarlar verir.
1997-ci ildə ikinci əsas sənəd qəbul edilib: “Ali təhsil müəssisələrinin müəllim heyətinin statusu ilə bağlı UNESCO-nun tövsiyələri”. Bu sənəd ali təhsil müəssisələrində çalışan müəllimlərin hüquqlarının genişləndirilməsini əhatə edir.
UNESCO-nun “Müəllimlərin statusu haqqında” Qətnaməsi
Bu mühüm sənəddə digər məsələlərlə yanaşı qeyd edilirdi:
- müəllimlik fəaliyyəti yüksək ixtisaslı peşədir;
- müəllim hazırlığı proqramlarına fəlsəfə, psixologiya, sosiologiyanın əsasları daxil edilməlidir;
- müəllim hazırlığı üzbəüz olmalıdır. İstisnalar ola bilər;
- həm şagirdlər, həm də müəllimlər məktəbin işi haqqında öz fikirlərini bildirə bilərlər;
- müəllimlərin öz ixtisaslarını artırmaq üçün kurslara, kitablara, dərsliklərə ehtiyacı var və təhsil müəssisələri bunun üçün əlverişli şərait yaratmalıdırlar;
- təhsil sahəsində məsul vəzifələrə təcrübəli müəllimlərin təyin edilməsi məqsədəuyğundur;
- müəllim işə götürərkən sınaq müddəti faydalı və həvəsləndirici təcrübə hesab edilməlidir;
- müəllimlərə qarşı intizam tədbirləri dəqiq müəyyən edilmişdir. Və əgər müəllimə qarşı araşdırma aparılırsa, o zaman nəticələr, əksər hallarda, müəllimin razılığı olmadan ictimaiyyətə açıqlana bilməz. Hər mərhələdə müəllimə işin materialları ilə tanış olmaq, müdafiə hüququ və apellyasiya şikayəti vermək hüququ təmin edilir;
- müəllimlərə pulsuz tibbi müayinə hüququ təmin edilir;
- ər və arvad müəllimdirsə, o zaman onların eyni məktəbdə və ya bir-birinə ən yaxın olan məktəblərdə işləməsi üçün tədbirlər görülməlidir;
- ixtisaslı müəllimlərin hər hansı səbəbdən tam işləyə bilmədiyi halda yarımştat əsasda işə götürülməsinə icazə verilir;
- şikayətlər araşdırılarkən müəllimə özünü müdafiə etmək və araşdırma zamanı tam məxfiliyi qorumaq imkanı verilməlidir;
müəllimlərin maaşına vaxtaşırı ölkədə yaşayış səviyyəsinin yüksəlməsi, yaşayış səviyyəsinin yüksəlməsi nəzərə alınmaqla yenidən baxılmalıdır.
Bu gün münasibətilə bütün müəllimləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.
Əziz müəllimlər, gününüz mübarək!
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)