Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Rəşad Quluzadə və Nurlan Xəlilov idman yarışlarında uğur qazanıblar.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.
Bildirilib ki, universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Rəşad Quluzadə Yunanıstanın Loutraki şəhərində keçirilən qol güləşi üzrə dünya çempionatında iki qızıl medal qazanıb. Belə ki, 78 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Quluzadə həm gənclər, həm də kişilər arasında keçirilən yarışlarda bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
AzTU-nun rektoru Vilayət Vəliyev Rəşad Quluzadə ilə görüşüb. Rektor Rəşad Quluzadəni dünya çempionu olması münasibətilə təbrik edib, idman sahəsində hər zaman böyük uğurlar qazanmasını arzulayıb, həmçinin tələbənin dərsləri ilə maraqlanıb.
Uğur qazanan digər tələbə isə Nurlan Xəlilov sambo idman növü üzrə yarışlarda iştirak edərək qalib olub. O, 64 kq çəki dərəcəsində mübarizə apararaq sambo idman növü üzrə yarışlarda bürünc medal qazanıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin universitetlərinin tələbələri arasında keçirilən 7-ci beynəlxalq yarışlarda 5 ölkədən 600-ə yaxın atlet müxtəlif idman növlərində qüvvəsini sınayıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)