Dünyada qlobal dəyişikliklər və texnologiyaların inkişafı XXI əsr mütəxəssislərinin yeni bacarıqlara malik olmasını tələb edir. Bu prosesdə ən önəmli innovativ yanaşmalardan biri də STEAM tədris metodudur. STEAM (Science, Technology, Engineering, Arts, Mathematics) yalnız tədris proqramının tərkib hissəsi deyil, həm də şagirdlərin analitik, yaradıcı düşüncə qabiliyyətlərini inkişaf etdirən mühüm yanaşmadır.
Dünyanın sürətlə dəyişən iqtisadi və texnoloji tələbləri ilə ayaqlaşmaq təhsil sistemləri üçün böyük əhəmiyyət daşıyır. Məhz belə bir şəraitdə STEAM tədris metodunun önəmi artır. Bu metod fənlərarası əlaqəni gücləndirir, şagirdlərdə həm nəzəri, həm də praktik bacarıqları inkişaf etdirir və onları real dünya problemlərinin həllinə hazırlayır.
STEAM tədris metodunun əhəmiyyəti
STEAM təhsili şagirdlərə elmi bilikləri real həyat problemlərinə tətbiq etməyi öyrədir və onların innovativ düşüncə tərzini gücləndirir. Ənənəvi fənlərarası yanaşmadan fərqli olaraq, STEAM müxtəlif sahələr arasında əlaqə yaradaraq şagirdlərin düşünmə bacarıqlarını inkişaf etdirməyə yönəlir. Məsələn, bir layihə çərçivəsində riyazi modelləşdirmə, mühəndislik prinsipləri və bədii ifadə vasitələri birlikdə istifadə oluna bilər. Beləliklə, şagirdlər problemi təkcə elmi nəzəriyyə ilə deyil, həm də yaradıcı yollarla həll etməyi öyrənirlər.
STEAM metodunun əsas üstünlüyü onun təkcə bilik ötürmək deyil, həm də tənqidi və yaradıcı düşüncəni formalaşdırmaq məqsədi daşımasıdır. Bu metod öyrənənləri passiv bilik qəbulu prosesindən aktiv öyrənmə və layihəəsaslı fəaliyyətlərə cəlb edir.
STEAM təhsilinin mahiyyəti və təhsildəki rolu
STEAM metodu tədris proqramlarının yenilənməsini - biliklərin yalnız nəzəri deyil, həm də praktik tətbiqini təşviq edir. Məsələn, şagirdlər robot layihələri üzərində işləyərək, eyni zamanda mühəndislik, proqramlaşdırma və dizayn bilikləri qazanırlar. İnteraktiv öyrənmə mühiti yaradan STEAM tədrisi şagirdlərin marağını artırır və onları təhsilə daha çox cəlb edir. Burada məqsəd yalnız bilik ötürmək deyil, həm də problem həlletmə və yaradıcı düşünmə qabiliyyətini formalaşdırmaqdır.
İncəsənətin (A–Arts) tədrisə daxil edilməsi bu metodun fərqləndirici xüsusiyyətlərindən biridir. İncəsənət texniki fənlərlə birləşdirildikdə, dizayn düşüncəsi və yaradıcı yanaşma kimi mühüm bacarıqların inkişafına səbəb olur. Məsələn, STEM layihəsinə sənət inteqrasiyası şagirdlərdə estetik düşüncəni, fərqli perspektivdən baxış tərzini və yeni innovasiyalar yaratma qabiliyyətini artırır.
STEAM təhsilinin mütəxəssis hazırlığındakı rolu
Əmək bazarının dəyişən tələbləri ilə ayaqlaşmaq üçün STEAM mütəxəssisləri innovativ texnologiyalara uyğunlaşmalı və qlobal problemlərin həllində fəal iştirak etməlidirlər. STEAM təhsili şagirdləri yalnız biliklərlə deyil, həm də müasir əmək bazarında tələb olunan əsas bacarıqlarla – komanda işi, problem həlletmə, təşəbbüskarlıq və kommunikasiya bacarıqları ilə təmin edir.
Məsələn, mühəndislik dizaynı əsasında qurulan dərslər şagirdlərə real həyat ssenarilərində problemləri müəyyənləşdirmək və həll yolları tapmaq imkanı verir. Bu, gələcək mütəxəssislərin praktik biliklər əldə etməsini və iş dünyasında daha hazırlıqlı olmalarını təmin edir. Nəticədə, STEAM təhsili əmək bazarının tələbləri ilə təhsil arasındakı boşluğu doldurmağa kömək edir.
STEAM metodologiyası tələbələri əmək bazarında tələb olunan əsas bacarıqlarla təmin edir. Buraya tənqidi düşünmə, komanda işi, rəqəmsal savadlılıq və yaradıcı problem həlletmə bacarıqları daxildir. Bu, xüsusilə sürətlə dəyişən texnologiya sahələrində fəaliyyət göstərən mütəxəssislər üçün əvəzolunmazdır. STEAM təhsili almış məzunlar innovativ düşüncə tərzi ilə istənilən sahədə liderlik göstərə bilir və problemlərə çevik həllər tapmaqda fərqlənirlər.
Beynəlxalq təcrübələr və onların tətbiqi
Dünya miqyasında müxtəlif ölkələr STEAM təhsilini genişləndirmək və möhkəmləndirmək üçün bir sıra uğurlu təcrübələr həyata keçirmişdir. Məsələn:
ABŞ: ABŞ-də STEAM təhsili innovasiya mərkəzlərində və texniki məktəblərdə geniş tətbiq olunur. Ölkədəki müxtəlif proqramlar şagirdlərə layihə əsaslı öyrənmə vasitəsilə praktik təcrübə qazandırır. Texnologiyayönümlü məktəblərdə və startap mərkəzlərində şagirdlər real layihələr üzərində işləyirlər. “STEAM for All” təşəbbüsü çərçivəsində müxtəlif sosial qrupların bu tədrisə cəlb olunmasına xüsusi diqqət yetirilir. Bu da təhsildə bərabərliyi artırır. Hazırda ABŞ Əmək Departamenti tərəfindən gücləndirilmiş STEAM hazırlığı tələb olunan milli təhlükəsizlik, maliyyə xidmətləri, aerokosmik sahə, biotexnologiyalar, avtomobilqayırma, inşaat, nəqliyyat, mehmanxana işi, qabaqcıl sənaye texnologiyaları, energetika, səhiyyə, informasiya texnologiyaları və s. kimi onlarla əmək bazarı sektoru ayırılıb.
ABŞ-də STEAM təhsili STEM Təhsil Koalisiyası (STEM Education Coalition) tərəfindən koordinə edilir. Koalisiyaya minlərlə təşkilat, təhsil mütəxəssisi, alim, mühəndis, texniki işçi daxildir. Bu təşkilatın üzvləri təhsil prosesinin bütün mərhələlərinin keyfiyyətli STEAM təhsililə təmin edilməsini qarşılarına məqsəd qoyublar.
Finlandiya: Finlandiyada STEAM metodu tədris proqramlarının mərkəzində dayanır. Müəllimlər müxtəlif fənləri birləşdirərək şagirdlərə problemlərə fərqli rakurslardan baxmağı öyrədirlər. Məsələn, bir təcrübədə şagirdlər həm fiziki təcrübə aparır, həm də nəticələri sənət yolu ilə təqdim edirlər. STEAM metodologiyası təhsil sistemində yaradıcı və problem həll etməyə əsaslanan fəaliyyətlərlə birləşdirilmişdir. Fənlərarası yanaşma sayəsində şagirdlər təhsil prosesinin fəal iştirakçısına çevrilirlər.
Cənubi Koreya: Cənubi Koreyada STEAM təhsil metodu texnologiya və mühəndislik sahələrində xüsusilə tətbiq olunur. Məktəblərdə robototexnika və süni intellekt üzrə tədris proqramları geniş yayılıb. Bu proqramlar şagirdlərə gələcəyin peşələrinə hazırlaşmaq imkanı yaradır. Texnoloji inkişafın sürətləndiyi bu ölkədə STEAM məktəbləri texnologiya və mühəndislik sahələrinə xüsusi diqqət ayırır, şagirdlərin layihəəsaslı təhsil mühitində iştirakını təşviq edir.
Bu beynəlxalq təcrübələr göstərir ki, STEAM təhsili təkcə akademik nəticələri artırmır, eyni zamanda innovasiya potensialını gücləndirir və şagirdləri gələcəyin liderlərinə çevirir.
STEAM tədris metodu təhsil sahəsində innovasiya gətirərək şagirdlərin həm nəzəri, həm də praktik bacarıqlarını inkişaf etdirir. Bu metod, təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynayır. Beynəlxalq təcrübələr göstərir ki, STEAM yanaşmasının uğurlu tətbiqi təkcə təhsil prosesinə deyil, eyni zamanda cəmiyyətin gələcək inkişafına da təsir edir. Təhsil işçiləri və müəllimlər üçün STEAM metodunun düzgün tətbiqi gələcək nəsillərin daha yaradıcı və problem həll edən fərdlər kimi formalaşmasına zəmin yaradır. Təhsil sistemində bu yanaşmanın genişləndirilməsi, ölkənin iqtisadi və sosial inkişafına töhfə verməklə bərabər, qlobal rəqabət qabiliyyətini də artıracaqdır.
Beynəlxalq təcrübələrdən göründüyü kimi, bu metodologiya həm təhsilin keyfiyyətini artırır, həm də gələcəyin liderlərini formalaşdırır. Müəllimlərin davamlı peşəkar inkişafı, resursların təminatı və ictimai dəstək STEAM təhsilinin uğurlu tətbiqi üçün mühüm amillərdir.
Adi siniflər və STEAM təhsilinin tətbiq olunduğu siniflərdə şagird bacarıqlarının müqayisəsini əks etdirən araşdırmalar da bu üstünlükləri aydın əks etdirir:
Mənbə: A. Dashdemirov, G.Sharifov “Secondary school STEAM education: case study research and problems”, Advanced Physical Research Vol.4, No.2, 2022, pp.111-121
Azərbaycanda STEAM
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə 2019-2020-ci tədris ilindən start götürən "STEAM Azerbaijan” layihəsi, “Rəqəmsal bacarıqlar” və digər proqramlarının tətbiqinə başlanılması ölkədə STEAM təhsilinə marağı artırmışdır. 2019-cu ildən artıq bəzi məktəblərdə STEAM layihələrinin tətbiqinə başlanılıb. Bu proqramlar çərçivəsində pilot məktəblərdə STEAM mərkəzləri qurulub və tədris innovativ metodlarla aparılır. Pilot məktəblərdə şagirdlər layihəəsaslı öyrənmə vasitəsilə robot texnologiyaları, proqramlaşdırma və elmi tədqiqatlarda iştirak edirlər. Həmçinin rəqəmsal savadlılıq, proqramlaşdırma və mühəndislik üzrə təlimlər təşkil edilir.
“STEAM-Azərbaycan”ın reallaşdırdığı “STEAM Azərbaycan Festivalı” (SAF), hakaton və texnoloji müsabiqələr şagirdləri robototexnika və proqramlaşdırma üzrə yaradıcılıqla məşğul olmağa təşviq edir. Azərbaycanlı şagirdlər beynəlxalq STEAM müsabiqələrində də uğur qazanırlar. Bu, ölkənin istedadlı gənclərinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini göstərir.
Azərbaycan öz iqtisadiyyatını qeyri-neft sektoruna yönəltməyə çalışdığı üçün STEAM təhsili bu sahədə peşəkar kadrların hazırlanmasında mühüm rol oynayır. İT və texnologiya sahələrində fəaliyyət göstərən startapların inkişafı da STEAM təhsilinin əhəmiyyəti ilə bağlıdır. STEAM təhsili Azərbaycanda gənclərin həm peşəkar inkişafına, həm də qlobal əmək bazarına hazırlıqlı olmasına şərait yaradır.
STEAM təhsilini uğurla tətbiq etmək üçün müəllimlərin peşəkar inkişafı və onların fənlərarası yanaşmanı mənimsəməsi əsas şərtlərdəndir. STEAM təhsili yalnız hər bir fənnin müstəqil tədrisini deyil, həm də bu fənlər arasında əlaqələrin yaradılmasını tələb edir. Bunun üçün müəllimlər həm texniki biliklərə, həm də yaradıcı düşünmə, layihəəsaslı öyrənmə, rəqəmsal savadlılıq və əməkdaşlıq bacarıqlarına malik olmalıdırlar. STEAM təhsilini uğurla tətbiq etmək üçün müəllimlərin fənlərarası bacarıqlarının artırılması əsasdır. Müəllimlərin peşəkar inkişafı STEAM metodologiyasının uğurla tətbiqində həlledici rol oynayır.
“STEAM-Azərbaycan” layihəsinin dəstəyi ilə 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində STEAM Mərkəzi yaradılmışdır. Kafedra statusunda fəaliyyət göstərən mərkəz 8 ixtisasın tədris planına seçmə fənn kimi daxil edilmiş STEAM kursunun tədrisini təşkil edir. Ölkənin müəllim hazırlığı ilə məşğul olan ən qocaman universiteti kimi ADPU həm də STEAM-in elmi-metodiki, pedaqoji və nəzəri əsaslarını tədqiq edir və müvafiq tədris resursları hazırlayır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti həm də müəllimlərin peşəkar inkişafını dəstəkləmək üçün STEAM sahəsində müxtəlif təlim və proqramlar təşkil edir. Bu təlimlərdə əsas məqsəd müəllimləri yeni texnologiyalarla, rəqəmsal alətlərlə tanış etmək, onları fənlərarası metodları tətbiq etməyə təşviq etməkdir. Müəllimlər üçün təlimlər əsasən layihəəsaslı öyrənmə metodologiyası, robototexnika, proqramlaşdırma, elmi və yaradıcı təcrübələrin hazırlanması üzərində qurulur.
Müəllimlər təlimlərdə fənlərarası əlaqələrin qurulması (Müxtəlif fənlərin birgə necə tədris oluna biləcəyini öyrənirlər. Məsələn, fizika dərslərində robototexnikadan istifadə etmək və ya riyaziyyatla incəsənəti birləşdirən layihələr hazırlamaq müəllimlərə öyrədilir.), rəqəmsal savadlılıq və texnologiyaların istifadəsi (STEAM dərslərində 3D çap, proqramlaşdırma dilləri və rəqəmsal laboratoriya avadanlıqları ilə işləmək və rəqəmsal alətlərdən istifadə edərək layihələr hazırlamağı öyrənirlər.), layihəəsaslı təlim (Müəllimlərə öyrənənləri passiv bilik qəbulundan aktiv layihələr üzərində işləməyə yönləndirmək təlimləri verilir. Layihəəsaslı təlim şagirdlərdə yaradıcı düşüncə və problem həlletmə bacarıqlarını inkişaf etdirir.) və komanda işinin təşviqi (Müəllimlər komanda ilə iş bacarıqlarını inkişaf etdirir və şagirdlərlə qrup halında işləməyi öyrənirlər. Bu, real həyat problemlərinə daha uğurla yanaşmağa imkan verir) modulları üzrə zəruri bilik və bacarıqlara yiyələnirlər.
Gələcəkdə digər ixtisaslarda da STEAM kursunun tədrisi nəzərdə tutulur.
Müəllimlərin hazırlığı prosesində çətinliklər
STEAM metodunun tədris prosesinə daxil edilməsi müəyyən çətinliklərlə də müşayiət olunur. Müəllimlərdən çoxşaxəli biliklərə sahib olmaları və fənlərarası əlaqələri təşkil edə bilmələri tələb edilir. Müəllimlərin peşəkar hazırlığı, eyni zamanda məktəblərdə tələb olunan müasir texnologiyaların və avadanlıqların çatışmazlığı STEAM layihələrinin həyata keçirilməsini çətinləşdirir. Ən əsası isə ənənəvi təhsil metodlarının tərəfdarları yeni yanaşmalara müqavimət göstərirlər. Bu səbəbdən STEAM metodlarının üstünlükləri barədə maarifləndirmə işləri aparılmalıdır. Müəllimlərin STEAM metodologiyasını mənimsəməsində mövcud çətinliklər:
Resurs çatışmazlığı: Bəzi məktəblərdə müasir texnologiyalar və avadanlıqların olmaması müəllimlərin öyrəndikləri bilikləri praktik tətbiq etməsini çətinləşdirir.
Region məktəblərində təlim imkanları: Paytaxtdakı imkanlarla müqayisədə region məktəblərində müəllimlərin təlimlərə çıxışı məhduddur. Bu səbəbdən regionlarda peşəkar inkişaf proqramlarının genişləndirilməsi vacibdir.
Ənənəvi tədris metodlarına bağlılıq: Bəzi müəllimlər üçün yeni metodların tətbiqi ənənəvi tədris üsullarından uzaqlaşmaqda çətinlik yaradır. Bu, yeni texnologiyaların və STEAM metodologiyasının tətbiqini ləngidir.
Müəllimlərin vaxt məhdudiyyəti: Müəllimlər həm tədris prosesi, həm də təlimlər arasında balans qurmaqda çətinlik çəkirlər.
Bu çətinliklərin aradan qaldırılması üçün müəllimlərin təlimi və resurs təminatına xüsusi diqqət yetirilməlidir. Eləcə də, dövlət və özəl sektorun əməkdaşlığı STEAM layihələrinin davamlılığını təmin edə bilər. Müəllimlər üçün davamlı təlim proqramlarının həyata keçirilməsi bu problemi aradan qaldıra bilər.
Perspektivlər və tövsiyələr
Qeyd olunanları nəzərə alaraq, STEAM təhsil metodunun uğurlu tətbiqi üçün aşağıdakı işlərin görülməsi zəruridir:
- Müəllimlərin STEAM metodologiyasını mənimsəməsi üçün davamlı təlim proqramları həyata keçirilməlidir.
- Dövlət və özəl sektorun birgə təşəbbüsləri ilə müəllimlərin rəqəmsal bacarıqlarını artırmaq məqsədilə daha çox layihə və təlim mərkəzləri yaradılmalıdır. Xüsusən texnoparklarda və universitetlərdə təşkil olunan təlimlərin region məktəbləri üçün də əlçatan olması təmin edilməlidir. Müəllimlərin motivasiyasını artırmaq üçün sertifikatlaşdırma proqramları və maddi təşviqlər nəzərdən keçirilə bilər.
- Bunlarla yanaşı, müəllimlərarası təcrübə mübadiləsi proqramları təşkil edilə bilər ki, bu da müəllimlərə öyrəndikləri yeni bilik və metodları bir-biri ilə bölüşməyə imkan yaradacaq. STEAM uğurla tətbiq olunan məktəblərin təcrübələri digər təhsil müəssisələrinə də yayılmalıdır. Elm və Təhsil Nazirliyi və universitetlər bu istiqamətdə resurslarla təminat və metodoloji dəstəyi artırmalıdırlar.
- ADPU və digər təhsil ocaqları tərəfindən təşkil olunan təlimlərin davamlı şəkildə genişləndirilməsi ölkədə STEAM təhsilinin keyfiyyətini artıra bilər. Müasir texnologiyalara uyğunlaşa bilən, rəqəmsal savadlı və yaradıcı yanaşma nümayiş etdirən müəllimlər gələcəyin liderlərini formalaşdırmaqda mühüm rol oynayacaq. Davamlı təlim proqramları, müəllimlərin motivasiyasının artırılması və resursların təminatı STEAM təhsili sahəsində Azərbaycan təhsilinin inkişafına töhfə verəcəkdir.
- Bakı ilə yanaşı region məktəblərində də STEAM mərkəzlərinin yaradılması təhsil sahəsində bərabərliyi təmin edə bilər.
- STEAM layihələrinin davamlı inkişafı üçün yerli şirkətlərin və universitetlərin əməkdaşlığı artırılmalıdır. Məsələn, İKT sektorundakı şirkətlər ilə birgə layihələr həyata keçirilə bilər.
- Texnoparklar və inkubatorların yaradılması STEAM-in inkişafına əlavə təkan verəcək. Bu ekosistem şagirdlərə real layihələr üzərində işləmək və innovativ ideyalarını həyata keçirmək imkanı yaradacaqdır.
Azərbaycanın təhsil sistemində STEAM metodunun tətbiqi təkcə akademik nəticələrin artırılmasına deyil, həm də ölkənin iqtisadi inkişafına və rəqəmsal transformasiyasına xidmət edir. Yerli layihələr və beynəlxalq uğurlar göstərir ki, Azərbaycan gəncləri texnologiya və elmlə məşğul olduqda böyük potensial nümayiş etdirirlər. Dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirildikdə isə STEAM təhsili ölkənin gələcək inkişafı üçün daha möhkəm təməl olacaqdır.
STEAM təhsilinin inkişafı ilə bağlı perspektivlər olduqca ümidvericidir. Süni intellekt, robototexnika və virtual reallıq kimi texnologiyaların təhsilə daxil edilməsi STEAM metodunu daha da gücləndirəcək. Təhsil idarəçiləri və təhsil müəssisələri əməkdaşlıq yolu ilə bu metodologiyanı daha geniş yaymaq və müasir təhsil sisteminə inteqrasiya etmək üçün strateji planlar hazırlamalıdırlar.
Bununla yanaşı, STEAM təhsilinin tətbiqi ölkənin iqtisadi və sosial inkişafına da müsbət təsir göstərə bilər. Yenilikçi texnologiyaların inkişafı üçün yaradıcı və tənqidi düşünən gənc nəslə ehtiyac var. Bu yanaşma yalnız akademik nəticələri artırmaqla qalmır, eyni zamanda tələbələri sosial problemlərin həllinə də cəlb edir.
STEAM tədris metodunun geniş yayılması təkcə təhsil sektorunun deyil, ümumilikdə iqtisadiyyatın və cəmiyyətin inkişafına böyük töhfə verəcəkdir. Gələcəyin ən uğurlu peşəkar mütəxəssisinə çevrilmək və sərhədsiz imkanlara malik olmaq istəyən hər kəs yolunu STEAM təhsilindən başlamalıdır.
Dosent Arzu DAŞDƏMİROV,
ADPU-nun Fizika fakültəsinin dekanı və STEAM Mərkəzinin rəhbəri, Əməkdar müəllim
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)