21 noyabr 2024

Bütün xəbərlər
test
21 oktyabr, 10:25
316

Çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və mövqeyi olan Xalq şairi Məmməd Arazın doğum günü ərəfəsində "Azərbaycan müəllimi" qəzeti olaraq istədik ki, şairin kəndində olub onun ilk təhsil aldığı məktəb barədə oxucularımıza məlumat verək. 

O kənd ki, şairin poeziyasında adı dəfələrlə hallanır və xüsusi çalarlarla təqdim olunur.

Budur, uşaqlığım keçən o yerlər,
Çadırdaş ətəyi, Nursu bulağı.
Burda böyümüşəm, belə deyirlər,
İnana bilmirəm, bilmirəm axı.
Bu dağlar, dərələr dəyişib yaman,
Dərələr daralıb, dağlar alçalıb.
O zaman nərəsi qulaq batıran,
Çayın da bir bulaq nəğməsi qalıb.

Məmməd Araz ömrünün ən gözəl çağlarında amansız bir xəstəliyə düçar olsa da heç vaxt taleyindən, bəxtindən gileylənmədi. Bütün çətinlik və məhrumiyyətlərə baxmayaraq şərəfli bir ömür yaşadı. Əsl şair-vətəndaş ömrü yaşadı. 

Onun poeziyası onun pasportu, onun şəxsiyyətini, kimliyini təsdiq edən sənəd kimidir. Nədəndirsə bu gün vətəndaş şair deyən kimi xəyallarımızda ulu şairimiz Məmməd Arazın obrazı canlanır və bu misralar xatırlanır: “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”

Şairin doğulub boya-başa çatdığı Nursu kəndi onun həyatında nə qədər mühüm rol oynayıbsa, ilk təhsil aldığı Şahbuzkənd kəndi də onun həyatında xüsusi yer tutub. Biz şairin doğulduğu kəndə gedərkən yolüstü olduğundan, öncə ilk təhsil məktəbdən fotolar çəkmək, kəndin qocaman sakinlərindən, müəllimlərindən görüb onlarla həmsöhbət olmaq qərarına gəldik. Amma məktəbin fotolarını çəkmək mümkün olmadı. Çünki bir neçə il əvvəl bu kənddə yeni məktəb inşa olunanda təməli bir vaxtlar Naxçıvan ziyalılarının təşəbbüsü ilə qoyulan Şahbuzkənd məktəbindən bir daş belə saxlanılmayıb. Sökülüb və yerində başqa bir bina tikilib. Hansı ki, həmin orta məktəb Şahbuz rayonunun ərazisində fəaliyyət göstərən ilk məktəblərdən olub. 

Sual oluna bilər, Məmməd Araz niyə doğulduğu kənddə deyil, Nursu kəndindən (əvvəlki adı Nurs) dağ yolu ilə 6-7 km uzaq məsafədə yerləşən başqa bir kəndin məktəbində təhsil alıb? Nəzərə alsaq ki, Məmməd Araz 1933-cü ildə anadan olub və həmin dövrlərdə hər kənddə məktəb olmayıb, onda onun niyə uzaq bir kənddə təhsil almasını başa düşə bilərik. Rayon mərkəzindən 7 kilometr cənub-şərqdə yerləşən bu təhsil ocağı yarandığı tarixin iki əsrini arxada qoyub, üçüncü əsrini yaşayır.

Orada bizi köhnə daş məktəb adlanan məktəbdən bir az aralıda salınan orta məktəbin direktoru Xəqani Həzrətquliyev qarşıladı. O, öncə təhsil ocağının müasir dövründən bəhs etdi. 

“Şahbuzkənd məktəbi muxtar respublikamızın zəngin təhsil ənənələrinə malik elm ocaqlarındandır. Hamımıza məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışından sonra ölkəmizdə böyük quruculuq işlərinə başlanıldı. Reallaşdırılan kompleks inşaat işləri kəndimizə, eləcə də məktəbimizə yeni həyat bəxş etdi. 2008-ci ildə kənddə 216 şagird yerlik ikimərtəbəli yeni məktəb binası istifadəyə verildi. Məktəbdə iki elektron lövhəli, bir kompüter sinfinin, STEAM otağının yaradılması şagirdlərin müasir texnologiyaların sirlərinə dərindən yiyələnmələrinə, intellektual səviyyələrinin inkişafına xidmət edir. Burada gənc nəslin düzgün, sağlam fiziki keyfiyyətlərə malik olması üçün lazımi avadanlıqlarla təchiz edilən geniş idman zalı da var. Məktəbdə bir laboratoriya, fondunda 3498 kitab (972 dərslik, 2526 bədii ədəbiyyat) olan kitabxana da fəaliyyət göstərir”.

Daha sonra fotolarda da gördüyünüz kimi məktəbin şagirdləri ilə görüşüb, dərslərdə iştirak etdik. Bu gün elə məhz Xalq şairi Məmməd Arazın həyat və yaradıcılığı barədə söhbət gedən dərslərdə bizim də iştirak etməyimiz yaxşı oldu.

Daha sonra üz tutduq şairin doğulub boya-başa çatdığı Nursu kəndinə. Xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzey şairin həyat və yaradıcılığı haqqında geniş məlumat almağa imkan verir desək, yanılmarıq. Muzeydə şairin müxtəlif illərdə nəşr olunan əsərlərindən, eləcə də görkəmli söz ustasının həyat və yaradıcılığından bəhs edən kitablardan, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillərdən, şairin şəxsi əşyalarından və digər materiallardan ibarət 1200-dən çox eksponat mühafizə olunur. Məmməd Arazın ev-muzeyi ilə bağlı daha ətraflı yazmalı olsaq, onda müsahiblərimizlə olan söhbətlərə yer olmazdı. Ona görə də həm Şahbuzkənd məktəbinin tarixi ilə bağlı, həm də Məmməd Arazın ev-muzeyi ilə bağlı yazılarımızı başqa vaxta saxlayıb müsahibimizlə olan söhbətimizi təqdim edirik.

Muzeydən geri qayıdarkən üz tutduq Nursu kənd tam orta məktəbinə. Səbəb isə o məktəbdə Məmməd Arazın yaxın qohumu olan Elvin İbrahimov ilə görüşmək idi. Əvvəlcə məktəblə tanış olduq və sonra da Məmməd Arazın qardaşı oğlunun bu məktəbdə dərs dediyini bildiyimiz üçün onu görüb həmsöhbət olmaq istədik.

Bəli, müsahibimiz Xalq şairinin qardaşı oğlu idi. Onun əmisi Məmməd Arazla bağlı xoş təəssüratlarını oxucularımızla da bölüşürük:

“Qeyd edim ki, əmim Məmməd Arazın ən çox əhatəsində olduğum vaxtlar tələbəlik illərimə təsadüf edib. O illər ki, Bakıda təhsil alırdım. Mən tələbə olanda əmimgildə qalırdım. Gənc yaşlarımda əmimin bir şair olduğunu bilsəm də fərqinə bir o qədər vara bilmirdim. Amma onun nə qədər böyük bir insan, dəyərli bir şəxsiyyət, nüfuzlu bir ziyalı olduğunu onlarda yaşadığım müddətdə başa düşdüm. Şairlik təkcə şeir yazmaq deyil, əsl şairlər həm də bir şəxsiyyət olurlar. Sözləri ilə əməlləri vəhdət təşkil edir. Məmməd Arazın necə böyük bir şəxsiyyət olduğunu biləndən sonra addımımı belə düşünərək atırdım”.
Ədəbiyyat müəllimi olan Elvin İbrahimov bu fənnə olan marağının onlarda irsi olduğunu vurğulayaraq əlavə etdi:

"Bəli, ola bilər ki, bizdə ədəbiyyata, fəlsəfəyə olan maraq irsidir. Atam da, eyni ilə, kiçik əmim də ədəbiyyat müəllimləri olublar. Doğrudur, bu gün qürurla haqqında danışdığım, əmim ədəbiyyat müəllimi deyildi. O, coğrafiya müəllimliyini qurtarmışdı və ilk əmək fəaliyyətinə də müəllim kimi başlamışdı. O, bir gün ixtisasını dəyişmək istəyəndə, deyiblər ki, ədəbiyyat, xüsusilə də, şeiriyyat ixtisas tələb etmir".

Əmimdən, onun yaradıcılığından saatlarla danışmaq olar deyən müsahibimiz qeyd etdi ki, Məmməd Araz yaradıcılığında oxucunun  diqqətini daha çox cəlb edən vətənpərvərlik şeirləridir. Və o, sözlərini elə həmin şeirlərdən biri ilə tamamladı.

Vətən desin!
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin.

Biz Məmməd Arazın doğulub boya-başa çatdığı Nursu kəndindən də, ilk ibtidai təhsil aldığı Şahbuzkənddən də xoş təəssüratlarla geri dönürük. Maşına oturub geri qayıdanda təsadüfən radioda Məmməd Arazın “Bəlkə bu yerlərə bir də gəlmədim, duman, salamat qal, çən, salamat qal” şeiri aşıqlarımızdan birinin ifasında səslənirdi. Amma biz bu kəndə bir də gələcək, yenə Məmməd Araz yaradıcılığından yazılar hazırlayacağıq.

Xəbər lenti

21 noyabr, 17:21
13

Qaranlıq dünyalarına işıq gətirən məktəb – REPORTAJ

21 noyabr, 17:19
9

ADPU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

21 noyabr, 17:07
4

“Zəfərimiz əbədidir” adlı regional intellektual yarış keçirilib

21 noyabr, 16:55
5

AzMİU-nun rektoru Burkina Fasonun nümayəndə heyəti ilə görüşüb

21 noyabr, 16:43
17

Şagirdlərimə ekoloji maarifləndirməni praktik yollarla öyrədirəm – Ucarın ibtidai sinif müəllimi

21 noyabr, 16:01
14

Məktəblilər COP29-da ekoaksiya keçiriblər

21 noyabr, 15:27
7

TİKA ilə ADAU arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

21 noyabr, 14:06
26

İqlim Bəyannaməsi uşaq hüquqlarının qorunması istiqamətində mühüm addım olacaq – Kəmalə Aşumova

21 noyabr, 13:47
21

COP29-un media koordinatoru yaradılan şərait haqda danışıb

21 noyabr, 13:16
29

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
14
21 noyabr, 12:43
47

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
10

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
10

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
14

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
64

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
41

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
14

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
39

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
27

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.