24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı (SAF 2024) dünya miqyasında geniş marağa səbəb olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, festival haqqında məlumatlar, ümumilikdə 561 xarici media səhifəsində yer alıb və bu məlumatlar 153 milyondan çox insana çatıb.
Bu medialardan biri ABŞ-nin tanınmış onlayn xəbər platforması "Business Insider"dir. Platformada SAF 2024-lə bağlı “International Green STEAM Azerbaijan Festival 2024 Fostering Innovation for a Sustainable Future” başlıqlı xəbər yayımlanıb və 96 milyon potensial baxış sayı əldə edib. Qeyd edək ki, "Business Insider" geniş oxucu kütləsinə sahib olmaqla yanaşı, xüsusilə, analitik məqalələr, texnologiya və mədəniyyət sahəsindəki təhlilləri ilə tanınır.
Kanadanın nüfuzlu gündəlik qəzeti "The Globe and Mail"də yayımlanan eyni mövzulu xəbər isə 8 milyondan çox oxunub. Bu qəzet Kanada daxilində və xaricdə biznes xəbərləri və maliyyə analizləri ilə tanınır və hər iki formatda geniş auditoriya üçün əlçatandır. Qəzetin geniş oxucu bazası Azərbaycanın ekoloji və texnoloji layihələrinə olan beynəlxalq marağı göstərir.
Bundan əlavə, ABŞ səhm bazarı və digər maliyyə məlumatları üzrə geniş xidmətlər göstərən "Barchart" platformasında da SAF 2024 ilə bağlı xəbər 7 milyon baxış əldə edib. "Barchart" maliyyə analizləri və investisiya alətləri təqdim edərək, həm fərdi, həm də peşəkar istifadəçilər üçün etibarlı mənbə olaraq tanınır.
Maliyyə xəbərləri və iqtisadi analizləri ilə məşhur olan "Benzinga"da isə SAF 2024 Festivalı haqqında yayımlanan məqalə 13 milyon istifadəçi tərəfindən oxunub. Məlumat üçün bildirək ki, platforma beynəlxalq arenada maliyyə qərarlarını dəstəkləyən analitik məqalələr və ekspert rəyləri ilə daha çox tanınır.
Asiya-Sakit Okean regionuna fokuslanan "AsiaOne" xəbər platformasında da festival haqqında məlumat yer alıb. Buradakı xəbər 6 milyondan çox oxucuya çatıb. “AsiyaOne” Sinqapur və Asiya ölkələrindəki əsas hadisələri işıqlandırmaqla yanaşı, video məzmunlar və sosial media trend xəbərləri ilə də tanınır.
Qeyd edək ki, festivalın məqsədi STEAM əsaslı tədrisin təşviqi, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Bundan əlavə, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi çərçivəsində ətraf mühitin sağlamlaşdırılmasına dair innovativ həll və layihələrin hazırlanması da əsas prioritetlərdəndir.
Beynəlxalq mediada bu cür geniş əks-səda SAF 2024-ün yalnız təhsil sahəsində deyil, həm də ətraf mühitin qorunması və innovativ yanaşmaların tətbiqi baxımından mühüm platforma olduğunu göstərir. Azərbaycanın ekoloji layihələrə verdiyi töhfə və STEAM əsaslı təhsil sahəsindəki liderliyi dünya miqyasında diqqətlə izlənilməkdədir. Festivalın bu cür geniş tanıtımı Azərbaycanın beynəlxalq platformada daha da möhkəmlənməsinə və ekoloji problemlərə qarşı mübarizədə öncül rol oynamasına şərait yaradır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)