Bütün xəbərlər
25 oktyabr, 14:05

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir...

Dünən “Mənim Tanrım gözəllikdir, sevgidir” - deyən, həyatı, insanları ülvi məhəbbətlə sevən, dünyanı, bəşəriyyəti azad, səadət və rifah içində görmək arzusunda olan, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, şair, yazıçı, dramaturq Hüseyn Cavidin doğum günü idi.  

Dünən günəş də şairin doğma torpağına, Nəqşicahana doğru yaymışdı öz şüalarını. Naxçıvan şəhərində Hüseyn Cavidin qəbri üzərində ucaldılmış məqbərə də insanları ətrafına toplamışdı. Elə o yerdə şairin bu misralarını xatırladım. Elə bil öz səsi ilə yayılırdı ətrafa:

Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdəm mənim məqali-vətən?

“Azərbaycan müəllimi” olaraq biz də böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı olan dahi Cavidin ev-muzeyinə üz tutduq. Muzeyə gedən yolda ağ işıq kimi ətrafa nur səpən bir məqbərə var. Bəli, bu, Hüseyn Cavidin qəbri üzərində ucaldılmış məqbərədir. Məlumat üçün qeyd edək ki, bu məqbərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə inşa edilib. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən abidə sərdabə və onun üzərində ucaldılan türbədən ibarətdir. Türbə tikilərkən Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrolun qəbirləri də 1996-cı ildə buraya köçürülüb. Hüseyn Cavidin qızı Turan xanım da 2004-cü ildə vəfat etdikdən sonra sərdabədə ailə üzvlərinin yanında dəfn olunub.

Qeyd edək ki, məqbərənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltaraşı Xalq rəssamı Ömər Eldarovdur.

Hüseyn Cavidin anadan olmasının 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da abidənin açılışı olub. Ümummilli Lider  Heydər Əliyev məqbərənin açılış mərasimində iştirak edərək nitq söyləyib, bu möhtəşəm abidəni belə xarakterizə edib: “Hüseyn Cavid məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli, mədəni abidələrimiz var. Bu abidə də həmin  ənənələrin davamıdır. Ümidvaram ki, Möminə Xatun türbəsi kimi, bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır”.

Biz də “Azərbaycan müəllimi” olaraq məqbərəni ziyarət etdik, ətrafında geniş abadlıq işlərinin aparılmasının şahidi olduq. Onu da diqqətə çatdıraq ki, bu müqəddəs torpağın sakinləri də, oraya gələn qonaqlar da həmişə üç ünvanı ziyarət etməyi mənəvi borc bilirlər: Əshabi-Kəhf, Möminə Xatun türbəsi və Cavidlər məqbərəsi! 

Elə məqbərədən uzaqlaşıb yoluma davam etmək istəyirdim ki, kənarda böyük bir daş parçası gördüm. Yaxınlaşıb şəkilini çəkərkən üzərindəki sözlər diqqətimi çəkdi. Həmin sözləri sizə təqdim edirəm: 

“1937-ci il siyasi repressiyalarının qurbanı, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Heydər Əliyevin böyük səyləri nəticəsində Sibirdən Azərbaycana gətirilərək, doğulduğu Naxçıvan torpağında dəfn edilib. Məqbərə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996- cı ildə tikilib”.

Növbəti ünvanımız isə Hüseyn Cavidin ev-muzeyidir. Muzeyə çatar-çatmaz qapının girişində dahi şairin barelyefi diqqətimi çəkdi (fotosu). Daha sonra muzeyə daxil olduq. Orada bizi bələdçi  Sona Mirzəyeva qarşıladı. Muzey barədə ətraflı məlumat verərək bu sözləri qeyd etdi: “Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul 1981-ci ildə verdiyi “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun 1984-cü ildə olmuşdur. Naxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey, uzun müddət “Hüseyn Cavidin ev-muzeyi” adı altında fəaliyyət göstərib. 2015-ci ildə muzeyin adı dəyişdirilərək “Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi” adlandırılıb. Muzey giriş də daxil olmaqla 6 eksponat zalından ibarətdir. Muzeyin fondunda 9200 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş “İblis” və 1934-cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır”.

Muzeydə diqqətimdən yayınmayan, divardan asılmış gəmi şəkili barədə bələdçidən soruşanda isə o bu sözləri qeyd etdi:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (ASCO) də ədəbiyyatımızın bu görkəmli nümayəndəsinin adı uca tutulur. Belə ki, ASCO-ya məxsus gəmilərdən biri Hüseyn Cavidin adını daşıyır. 2016-cı ilin iyunundan xarici sularda dövlət bayrağımızı dalğalandıran gəmi ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin qorunub-saxlanmasında müstəsna rol oynayır. Bununla belə, “Hüseyn Cavid” gəmisini getdiyi dünya sularında və limanlarında Azərbaycan ədəbiyyatının təbliğatçısı da hesab etmək olar”.

“Həqiqət istərəm, yalnız həqiqət”, - deyə bütün ömrü boyu çarpışan, yazıb-yaradan Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir. 

Biz də böyük şairin, əsərləri dünya ədəbiyyatının ölməz inciləri xəzinəsində yer alan ölməz sənətkarın xatirəsinə ucaldılmış məqbərəni və adını daşıyan ev-muzeyi tərk edərək bir daha “Doğum günün mübarək, böyük ustad!” - deyirik.  

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.