Bütün xəbərlər
28 oktyabr, 13:43

25 oktyabrda iki gün davam edən Beynəlxalq Yaşıl SAF 2024 Festivalı sona çatdı və qaliblər mükafatlandırıldı. Əslində, bu festivalın hər bir iştirakçısı qalib idi, çünki burada müxtəlif yaşlarda gənclər yalnız rəqabət üçün deyil, həm də ətraf mühitə və gələcəyə öz töhfələrini vermək üçün mübarizə aparırdılar.

“Azərbaycan müəllimi” həmin istedadlı gənclərin həvəsini, özünəinamını və komanda ruhunu təqdim etmək üçün daha bir neçə komanda ilə həmsöhbət olub.

Xüsusilə festivalın ən kiçik iştirakçısının cəmi 8 yaşı olduğunu nəzərə aldıqda, bu uşaqların gələcək üçün nə qədər böyük bir dəyər yaratmaq potensialına sahib olduğu aydın olur. Onların hər birində təşəbbüskar yanaşma, yenilikçi ideyalar və gələcəyə dair yüksək inam var idi. Gənclərin bu iradəsi onlara verilən dəstək sayəsində formalaşaraq, ölkənin sabaha olan ümidini gücləndirir.

Məqsədimiz bir neçə komanda ilə söhbət etmək idi. SAF komandaları isə hər biri maraqlı layihələrlə çıxış etdiyi üçün bir komandanı seçib onlara yaxınlaşmaq bizim üçün asan olmadı.

– Müəllim, papağım hanı?
– Müəllim, indi yenə bizi səhnəyə dəvət edəcəklər? 

Fotoqrafımızın uzaqdan onları çəkdiyini hiss edən balaca SAF iştirakçıları bir az həyəcanlanmışdılar. Biz isə onların medallarını görən kimi bir-iki xəbərsiz foto çəkdikdən sonra, həmsöhbət olmaq üçün yaxınlaşdıq.

“Gələcəyin mühəndisləri” kateqoriyasında mübarizə aparan Yusif Mirzəzadə və İnci Nağıyeva 183 nömrəli məktəbin 3-cü sinif şagirdləridir. İki mərhələni də uğurla keçən sinif yoldaşları artıq medallarını qazanmışdılar. Həmçinin Yusif UNİCEF-in Azərbaycan Nümayəndəliyinin Təhsil proqramının rəhbəri Leyla Həsənova tərəfindən festivalın ən gənc iştirakçısı kimi də təltif edilmişdi.

Şagirdlər yenə həyəcanla hazırlaşmağa davam edir, bir tərəfdən də onların STEAM müəllimi Sitarə Nağıyeva uşaqların daha bir nominasiya üzrə mübarizə apardıqlarını deyir: “Gələcəyin mühəndisləri” kateqoriyasında şagirdlərimiz 32 komanda arasında birinci oldular. Yarışmada həm də “Fərqli geyim” nominasiyası üzrə mübarizə aparan uşaqların geyimləri də məhz ətraf mühitin qorunmasına diqqət çəkmək üçün bu formada hazırlanıb. Bu geyimlər tamamilə tullantılardan ərsəyə gətirilib”.

Biz Sitarə müəllim ilə danışarkən artıq fotoqrafımızın başqa bir komandanın fotolarını çəkməyə başladığını gördüm. Sitarə müəllim ilə sağollaşıb, qarşısında ağacəkən robot maketi olan komandaya yaxınlaşdım.

Komandanın üzvü İsmayıllı Şəhər 6 nömrəli məktəbin 10-cu sinif şagirdi Ramazan Zeynalov artıq ikinci dəfədir SAF-da iştirak etdiyini deyir. 2022-ci ildə o, “Ağıllı əsa” layihəsi ilə STEAM qaliblərindən biri olub. Bu ağıllı əsa görmə qabiliyyətini itirən insanlar üçün hazırlanan xüsusi həssas sensorlara malik qurğu idi. Ramazan Zeynalov deyir ki, komandanın builki yaşıl təşəbbüsü isə “Ağacəkən robot”dur: “Bu robot heç bir insan əməyinə, enerjiyə ehtiyac duymadan, sadəcə günəş panellərindən qidalanaraq 24 saat ağac əkə bilir”.

Komandanın 3D dizayneri Melisa Aydan Bakıdakı 81 nömrəli məktəbin şagirdidir. Gənc təşəbbüskar deyir ki, ağıllı ağacəkən robotun bütün detallarını özləri hazırlayıblar: “Mən də SAF-da üçüncü dəfədir iştirak edirəm. “Texnofest”də öz komandamız ilə orqanik gübrə hazırlayan robot layihəsi ilə üçüncü yerə layiq görülmüşdük. SAF24-də “Yaşıl təşəbbüslər” kateqoriyası üzrə sərgilənən robotumuz meşə yanğınlarında məhv olan meşə ərazilərinin bərpası məqsədi ilə yaradılıb. İnsanların heç olmadığı yerlərdə də bu robot xüsusi proqram təminatı vasitəsilə davamlı olaraq fidan əkə bilir. Robotun üzərində yerləşdirilən kamera, GPS və sensorlar vasitəsilə ona uzaqdan nəzarət etmək də mümkündür. Düşünürük ki, belə bir robot yanğınlarda məhv olan meşə ərazilərinin sürətli şəkildə bərpası üçün çox faydalı ola bilər”.

Şagirdlərin hazırladığı robot torpağı qazaraq xüsusi qol vasitəsilə fidanı həmin çuxura yerləşdirir və üzərini örtür. Üstəlik robot əkdiyi fidanları da sulamaq funksiyasına malikdir. Su isə yağış vasitəsilə əldə olunur. Bu şagirdlərdən ayrılıb daha bir maraqlı maketin nümayiş olunduğu stendə yaxınlaşdıq.

Bu stenddə dayanan iki gənc SAF24-ə Qaxdan gəliblər. Eldar Hacıyev və Bəxtiyar Əlizadə öz layihələri haqda məlumat verərək alternativ enerji mənbələrindən istifadə etməklə elektrik israfını minimum həddə çatdırmağın mümkünlüyündən danışdılar. Onlar həmçinin qaranlıq yollarda avtoqəzaların baş verməsinin qarşısını almaq məqsədilə yollara, körpülərə avtomobillərin hərəkətini görən, LED lampalar qoşulmuş sensorların quraşdırılması sistemini hazırlayıblar: “Bu sistemin mövcud olduğu yollarda avtomobil sensorun əhatə dairəsinə girdikdə və ya hansısa canlı keçdiyi zaman avtomatik olaraq yol kənarında olan işıqlar yanacaq. Heç bir hərəkət olmayan yollarda isə əlavə enerji sərfiyyatı olmayacaq. Həmçinin sensorlar gecə və gündüz olduğunu da hiss edir. Beləliklə, həm enerjiyə qənaət etmək, həm də qaranlıq yolları işıqlandırmaq mümkün olacaq. Biz sensorları proqramlaşdırarkən hər iki məqamı düşündük. Eyni zamanda az istifadə olunan meşəlik ərazilərin yaxınlığındakı qaranlıq yollarda heyvanların avtomabillə vurulması halları da azalacaq. Bütün bu sistem üçün lazım olan enerji isə bərpa oluna bilən təbii mənbələrdən alınacaq, yəni günəş və külək enerjisi istifadə olunacaq”.

Gənclər deyir ki, hazırladıqları bu sistem işlək vəziyyətdədir. Dostlar gələcəkdə bu ideya üzərində layihələrini daha da təkmilləşdirib, investor cəlb etmək arzusundadırlar.

Beynəlxalq Yaşıl SAF 2024 festivalı ətraf mühitə töhfə vermək istəyən gənclərin parlaq ideyaları və innovativ layihələri ilə dolu bir tədbir idi. Festival iştirakçıların yaş fərqlərinə baxmayaraq, hər birinin ətraf mühitə verdiyi dəyəri və gələcək üçün düşündükləri yaşıl həll yollarını nümaiş etdirdikləri mükəmməl bir platforma oldu. Təbiətə olan bu bağlılıq və gələcəyə dair davamlı təşəbbüslər hər kəsə ölkənin gələcək inkişafı ilə bağlı gözəl ümidlər aşılayır.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.