“İnformatika fənni üzrə yeni kurikulumun hazırlanması zəruri idi. Yeni tədris proqramı hazırlanarkən 2013-cü ildə hazırlanan mövcud kurikulum, “Rəqəmsal bacarıqlar" layihəsinin proqramı, DİM-in "İnformatika" fənni üzrə imtahan modeli və bir sıra beynəlxalq sənədlər təhlil edilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun İnformatika fənni üzrə işçi qrupunun üzvü İsmayıl Sadıqov bir neçə gün öncə “İnformatika fənninin məzmununda yeniliklər” mövzusunda keçirilən vebinarda qeyd edib.
O bildirib ki, mövcud kurikulumda dörd məzmun xətti var idi: İnformasiya və informasiya prosesləri; Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma; Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri; Cəmiyyətin informasiyalaşdırılması.
İşçi qrupun üzvü əlavə edib ki, yeni kurikulumda beş məzmun xətti var: Verilənlər və informasiya; Aparat təminatı; Proqram təminatı; Alqoritmlər və proqramlaşdırma; İnformasiya cəmiyyəti.
Onun sözlərinə görə, yeni sənəddə müəyyən dəyişiklik olsa da, mövcud kurikulumdakı oturuşmuş məzmun saxlanılıb. Əsas məzmun standartları müəyyən edilib: “İnformasiya cəmiyyəti məzmun xəttinə "İnformasiya təhlükəsizliyi" məzmun standartı artırılıb. Yeni tədris proqramında təmayülləşmə nəzərə alınıb. İnformatikanın ümumi məzmun hissəsi 1-9-cu siniflərdə verilib. 10-11-ci siniflərdə isə əsasən təmayülləşməyə fokslanılıb”.
İsmayıl Sadıqov bildirib ki, 7-11 siniflərdə Yüksək səviyyəli proqramlaşdırma dili, 10-cu siniflərdə Müxtəlif hesablama platformaları üçün proqramlar, bütün siniflər üçün ayrıca məzmun standartı kimi “İnformasiya təhlükəsizliyi”, “Süni intellekt”, 11-ci sinifdə “Kriptovalyuta və əşyaların interneti” mövzuları əlavə edilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)