5 dekabr 2024

Bütün xəbərlər
test
14 noyabr, 12:00
169

Bildiyimiz kimi, ölkəmiz dünyanın iqlim məsələləri üzrə ən nüfuzlu beynəlxalq tədbiri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransına (COP) ev sahibliyi edir. 

Məqsədi qlobal iqlim dəyişikliklərinə qarşı səyləri gücləndirmək, tərəf dövlətlərin əməkdaşlığını və milli tədbirləri inkişaf etdirmək olan COP 1995-ci ildən bəri keçirilən 29-cu konfransdır.

Bu beynəlxalq tədbirin ölkəmizə siyasi, iqtisadi və ekoloji faydaları ilə yanaşı, beynəlxalq təhsilə də əhəmiyyətli töhfələri olacaq. Ümumiyyətlə isə COP tarixində ilk dəfə təhsil mövzusu əsas diqqət mərkəzində olan məsələlərdən biridir. 

Təbii ki, bu belə də olmalıdır. Çünki təhsilin inkişafına qlobal miqyasda yetərincə diqqət ayrılmadığı təqdirdə, iqlim dəyişikliyi ilə mübarizə də mümkün olmayacaq. Məhz bunun əhəmiyyətini nəzərə alan Azərbaycanın belə bir beynəlxalq tədbirdə təhsil məsələsini daha da ön plana çıxarması dünya üçün olduqca vacib addımdır. 

Nəzərə alsaq ki, gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu böyükdür. Buna görə də, qlobal səviyyədə gənclərin iqlim savadlılığının ölçülməsi, toplanan məlumatların təhlili, bu istiqamətdəki çatışmazlıqların öyrənilməsi və müvafiq addımların atılması zərurəti meydana çıxır.

Məhz həmin zərurəti ödəmək üçün beynəlxalq qiymətləndirmələrə iqlim savadlılığının ölçülməsi məsələlərinin əlavə edilməsi vacib təşəbbüslərdən biridir. Həmin təşəbbüsün Azərbaycandan gəlməsi isə ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə göstərdiyi həssaslığın göstəricisidir. Belə ki, Elm və Təhsil Nazirliyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) ilə birgə 2029-cu ildə keçiriləcək növbəti PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) qiymətləndirməsi üçün iqlim savadlılığına dair səriştə əsaslı ölçmə və qiymətləndirmə çərçivəsinin hazırlanması təşəbbüsünü irəli sürüb. Bununla bağlı COP29 çərçivəsində keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq. “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda keçiriləcək paneldə PISA vasitəsilə məktəblilərin iqlim savadlılığının ölçülməsinə dair irəli sürülən bu təşəbbüs müzakirə ediləcək.

İƏİT-in Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer də Azərbaycanın PISA çərçivəsində “iqlim savadlılığı” təşəbbüsünü yüksək qiymətləndirərək bu istiqamətdə işlərin qısa zamanda yekunlaşacağına inamını ifadə edərək bugünədək COP gündəliyində məhz Azərbaycanın təhsilə verdiyi xüsusi önəmini diqqətə çatdıraraq təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq. Nazir həmçinin qeyd edib ki, COP29 tədbirlərindən sonra yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə bu istiqamətdə işlər daha da sürətlənəcək. Çünki PISA 2029-da ətraf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər:

“Burada müəyyən müzakirələr var, amma hələ ki ölçülməyə əsaslanmış dəlil yoxdur. İnanırıq ki, Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbəti illərdə həm Azərbaycanda, həm də digər ölkələrdə yaşıl təhsillə bağlı daha çox iş görüləcək. Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir. Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir. Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır”, - deyə E.Əmrullayev qeyd edib.

Bəs PISA nədir, nəyi ölçür?

İƏİT (OECD) tərəfindən təşkil olunan PISA beynəlxalq arenada ölkələrin təhsil göstəricilərini müqayisəli şəkildə təhlil etmək üçün istifadə olunur. Bu kimi tədqiqatlardan çıxan nəticələrin təhlili sayəsində ölkələrin mövcud təhsil sisteminin güclü və zəif tərəfləri, təhsil siyasəti, kurikulumlar, müəllimlərin peşəkar inkişafı kimi məsələlərin yenidən nəzərdən keçirilməsi mümkündür. 

2000-ci ildən bəri hər üç ildən bir PISA tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrlə yanaşı, digər ölkələrdə də həyata keçirilir. 

İƏİT-nin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı icbari təhsilin sonuna yaxın olan 15 yaşlı şagirdlərin müasir cəmiyyətlərdə tam iştirakı üçün vacib olan bilik və bacarıqları nə dərəcədə mənimsədiyini qiymətləndirir. 80-dən çox ölkənin iştirak etdiyi bu tədqiqat təkcə şagirdlərin həmin bilik və bacarıqlaı istifadə edib-etməyəcəyini müəyyən etmir, həmçinin şagirdlərin öyrəndiklərini nə dərəcədə məktəbdən kənarda tətbiq edə bildiyini və öyrəndiklərindən istifadə etməklə real həyatda qarşısına çıxa biləcək problemləri həll etmək üçün istifadə bacarığını araşdırır. 

Sözügedən tədqiqatın əsas hədəf kütləsi 7-ci sinif və daha yuxarı siniflərdə formal şəkildə təhsil alan 15 yaşlı şagirdlərdir.

PISA bütün dünyada və hər bir ölkədəki demoqrafik alt qruplarda şagirdlərin əldə etdikləri bilik və bacarıqlardakı tendensiyaları izləyən davamlı qiymətləndirmə proqramıdır. 

Tədqiqatda riyaziyyat, təbiət elmləri və oxu kimi üç əsas istiqamətdə şagird bacarıqları “savadlılıq” adlı anlayışla ölçülür. PISA-nın hər mərhələsində əsas sahələrdən biri təfərrüatlı şəkildə yoxlanılır və ümumi sınaq vaxtının təxminən yarısını təşkil edir. 

Ola bilər ki, məhz Azərbaycanın bu təşəbbüsü ilə 2029-cu ildəki tədqiqatda məhz iqlim savadlılığı əsas sahə kimi detallı şəkildə tədqiq edilərək yoxlanılacaq.

PISA tədqiqatında oxu bacarıqları şagirdlərin cəmiyyət həyatında təmsil olunmaq, öz potensialını və biliyini inkişaf etdirmək, məqsədlərini həyata keçirmək üçün yazılı mətnləri anlamaq və onlardan məqsədyönlü istifadə etmək, üzərində düşünmək kimi müəyyən edilir. Mətnləri oxuyub-anlamaq bacarığı üç ölçüdə nəzərə alınır: mətn, oxucunun mətnə yanaşması və mətndən istifadə məqsədi. Yazılı mətnləri anlamaq və istifadə etmək PISA-da oxu bacarıqlarının əsas elementləridir. 

Riyaziyyat fənni üzrə isə məqsəd şagirdlərin riyazi biliyini müxtəlif kontekstlərdə formalaşdırmaq, istifadə etmək və anlamaq bacarığının öyrənilməsidir. Şagirdlər PISA-da sualları cavablandırmaq üçün hadisələri təsvir etmək, izah etmək və proqnozlaşdırmaq, eyni zamanda riyazi düşünməyi və riyazi üsullardan istifadə etməklə müxtəlif situasiyalarda problemləri həll etməyi bacarmalıdır. PISA şagirdlərin bildiklərini necə başa düşə biləcəyini, eyni zamanda yeni və anlaşılmayan məqamlarda riyazi biliklərini necə istifadə edəcəyini öyrənməyi də hədəf kimi seçib. Bu məqsədlə PISA-nın əksər riyaziyyat sualları problemi həll etmək üçün riyazi bacarıqların tələb olunduğu real həyat situasiyaları ilə bağlıdır.

PISA-da istifadə olunan təbiət “savadlılığı” termini şagirdlərin elm sahəsində nə bildiklərini, eləcə də bildikləri ilə nə edə biləcəklərini və elmi bilikləri real həyatda yaradıcı şəkildə necə tətbiq edə biləcəklərini də qiymətləndirir.

İqlim savadlılığının ölçülməsinin mahiyyəti, zərurəti

İqlim savadlılığının ölçülməsi təşəbbüsü cəmiyyətin iqlim dəyişikliyi, ətraf mühit və dayanıqlı inkişafla bağlı bilik və anlayış səviyyəsini müəyyənləşdirməyi hədəfləyən prosesdir. Bu təşəbbüs insanların iqlim dəyişikliyi haqqında daha dəqiq məlumat sahibi olmasını təmin etməklə yanaşı, onların fərdi və kollektiv olaraq iqlimlə bağlı qərarlarında daha şüurlu addımlar atmasına da kömək edəcək. Beləliklə, iqlim savadlılığının ölçülməsi təşəbbüsü iqlim dəyişikliyi ilə bağlı biliklərin artırılması və bu biliklərin praktik olaraq gündəlik həyatda tətbiq edilməsi məqsədini prioritet edir. 

UNESCO-nun Dayanıqlı İnkişaf Təhsili üzrə Bəyannaməsinə görə, iqlim savadlılığı insanların iqlim dəyişikliyini başa düşməsi, təsirlərini dərk etməsi və bu təsirlərə uyğun tədbirlər görməsi üçün vacibdir. Bu təşəbbüs cəmiyyətlərə, məktəblərə, hökumətlərə və müəssisələrə iqlim dəyişikliyi və onun nəticələri barədə təhsilin vacibliyini göstərir və iqlim savadlılığının sistematik ölçülməsi ilə cəmiyyətin bu sahədəki bilik və hazırlıq səviyyəsini aydın təsvir etməyə imkan verir.

İqlim savadlılığının ölçülməsinin zərurətini aşağıdakı kimi izah edə bilərik:

- İqlim dəyişikliyi qlobal miqyasda təhlükə olaraq qəbul edilir və hər bir fərdin bu təhdidə qarşı mübarizədə iştirak etməsi tələb olunur. İqlim savadlılığının ölçülməsi insanların bilik səviyyələrini müəyyən etməyə və zəif cəhətləri gücləndirməyə imkan verir. IPCC (Intergovernmental Panel on Climate Change) hesabatlarına görə, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün fərdlərin və cəmiyyətlərin məlumatlılığı və anlayışı artırılmalı, bunun üçün müvafiq ölçmə və qiymətləndirmələr aparılmalıdır.

- Ölkələr və təşkilatlar iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün müxtəlif siyasətlər qəbul edirlər. Bu siyasətlərin effektivliyi iqlim savadlılığının səviyyəsinə bağlıdır, çünki yalnız yaxşı məlumatlanmış və təhsilli fərdlər iqlim dəyişikliyinə qarşı addımlar ata bilərlər. Climate Action Tracker kimi beynəlxalq təşkilatların hesabatlarında qeyd olunur ki, ölkələrin Paris Sazişinə uyğun siyasətləri həyata keçirmələri üçün cəmiyyətin savadlılıq səviyyəsinin yüksək olması əsas şərtdir.

- İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün insanların fərdi davranışlarında dəyişikliklər etməsi tələb olunur.  Tədqiqatçılar da vurğulayırlar ki, iqlim savadlılığı yüksək olan insanlar daha çox ekoloji məsuliyyət daşıyırlar və daha dayanıqlı həyat tərzinə üstünlük verirlər. Buna görə də, iqlim savadlılığının ölçülməsi, fərdlərin hansı sahələrdə təkmilləşməyə ehtiyacı olduğunu müəyyənləşdirmək və davranış dəyişikliyi üçün lazımi məlumatları təmin etmək baxımından vacibdir.

- İqlim dəyişikliyi mövzusu təhsil proqramlarına daxil edildikdə, gənclərin iqlimlə bağlı bilikləri və məsuliyyət hissləri artır. İƏİT-in Təhsil və Savadlılıq üzrə hesabatları məktəblərin və təhsil müəssisələrinin iqlim savadlılığı sahəsində daha çox iş görməli olduğunu göstərir. İqlim savadlılığının ölçülməsi nəticəsində təhsil proqramları zəif tərəflərə yönəlik yenidən formalaşdırıla və təkmilləşdirilə bilər.

Sözügedən təşəbbüs qlobal təhsilin inkişafına nə verəcək?

PISA testlərinə iqlim savadlılığı ilə bağlı göstəricilərin əlavə edilməsi, təhsil sahəsində qlobal inkişaf üçün əhəmiyyətli töhfələr verə bilər. Bu təşəbbüs həm şagirdlərin iqlim dəyişikliyi mövzusunda biliklərini, həm də onların kritik düşünmə və məsuliyyətli davranış qabiliyyətlərini inkişaf etdirməyi hədəfləyir. Aşağıda bu təşəbbüsün qlobal təhsilə verə biləcəyi bəzi əsas töhfələri nəzərdən keçirək:

- PISA-nın iqlim savadlılığı ilə bağlı suallar əlavə etməsi, bütün ölkələrdə şagirdlərin bu mövzu ilə bağlı məlumatlılıq səviyyəsini ölçmək üçün vahid bir ölçü imkanı verir. Bu, ölkələrin iqlim təhsili sahəsində nə qədər müvəffəqiyyətli olduğunu müəyyən etmək və inkişaf sahələrini görmək baxımından vacibdir. UNESCO və OECD kimi təşkilatların yaydığı hesabatlar göstərir ki, iqlim dəyişikliyi ilə mübarizədə uğur əldə etmək üçün gənclərin ekoloji problemləri anlama və onlara cavab vermə bacarıqları artırılmalıdır.

- PISA kimi nüfuzlu beynəlxalq qiymətləndirmələrin iqlim savadlılığını ölçməsi, ölkələrin təhsil sistemlərində iqlim təhsili sahəsinə daha çox resurs ayırmasına səbəb ola bilər. Belə bir təşəbbüs, məktəblərdə iqlim dəyişikliyi mövzusunda dərslərin artırılması və iqlim təhsilinin tədris proqramlarına daha yaxşı inteqrasiya edilməsini təşviq edə bilər. Bu da öz növbəsində gələcək nəsillərin ekoloji şüurunun inkişafına gətirib çıxarır.

- İqlim savadlılığı ölçməklə, gənclərin bu mövzuya daha həssas və məlumatlı yanaşması təmin edilir. İqlim dəyişikliyi ilə bağlı suallar gəncləri yalnız məlumatlandırmır, həm də onların məsuliyyət hissini artırır və iqlim dəyişiklikləri ilə mübarizə üçün şəxsi və sosial fəaliyyətlərə motivasiya edir. Tədqiqatlar göstərir ki, iqlim savadlılığı yüksək olan gənclər, enerji istifadəsi, tullantıların azalması və təkrar emal kimi ekoloji təmiz davranışları daha çox tətbiq edirlər.

- PISA-da iqlim savadlılığı göstəricilərinin əlavə edilməsi, iqlim dəyişikliyinin təsirlərinə qarşı qlobal təhsil standartlarının da uyğunlaşdırılmasına imkan verir. Bu yanaşma hər bir ölkənin gənclərin iqlim savadlılığına necə yanaşdığı barədə qlobal miqyasda müqayisəli analizlərin aparılmasına və iqlim təhsilində daha ardıcıl və əlaqəli strategiyaların hazırlanmasına yol açır. Ölkələr bu təhlilləri öz milli təhsil siyasətlərini formalaşdırmaq üçün istifadə edə bilərlər.

- BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində (SDG), xüsusilə 13-cü məqsəd – iqlim dəyişikliyi ilə mübarizə və 4-cü məqsəd – keyfiyyətli təhsil kimi məqsədlər var. PISA vasitəsilə iqlim savadlılığının ölçülməsi, bu məqsədlərə çatmağa dəstək ola bilər. Belə bir ölçmə dünya ölkələrinə məhz SDG-lərə uyğun milli və regional siyasətlər formalaşdırmaqda kömək edəcək.

Beləcə, PISA-ya iqlim savadlılığı göstəricilərinin əlavə edilməsi, təhsil sistemlərinin bu günün qlobal ekoloji problemləri ilə ayaqlaşmasını təmin edir. Bu, gələcək nəsillərin daha məlumatlı, məsuliyyətli və ekoloji cəhətdən şüurlu fərdlər kimi yetişdirilməsinə töhfə verəcək, həmçinin qlobal iqlim böhranının həllində təhsil sektorunun rolunu daha da gücləndirəcək. 

Xəbər lenti

4 dekabr, 20:47
22

Alimlər enerji reaksiyası fenomeni üçün izahat tapıblar

4 dekabr, 20:00
11

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları başa çatıb

4 dekabr, 19:08
79

Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib

4 dekabr, 18:02
141

Komanda işi, liderlik bacarıqlarımızı daha da inkişaf etdirmişik - COP29 könüllülərinin təəssüratları

4 dekabr, 17:23
25

AzMİU tələbəsi beynəlxalq çempionatın qalibi oldu

4 dekabr, 17:20
15

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursu başlayıb

4 dekabr, 17:20
21

2025-ci ilin 7 kritik təhsil trendi

4 dekabr, 17:16
17

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

4 dekabr, 17:10
13

"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi

4 dekabr, 16:50
11

BMU-da tələbələr üçün mühasibatlıq mövzusunda təlim təşkil olunub

4 dekabr, 16:48
13

ADU-da məlumat sessiyası keçirilib

4 dekabr, 16:46
17

BMU-da Elmi Şuranın iclası keçirilib

4 dekabr, 16:39
39

Təbiət elmləri üzrə şagirdlərimizin nəticələri aşağı olub

4 dekabr, 16:31
28

Şagirdlərimizin riyaziyyat nəticələri bəzi Avropa ölkələrindən yüksək olub

4 dekabr, 16:19
85

Ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı artır – ARAŞDIRMA

4 dekabr, 15:55
40

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
23

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
12

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
9

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
13

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.