120 yaşlı məktəbin möcüzəvi “yaşıl dünya”sı
Azərbaycanın məşhur kənd məktəbi innovativ layihələri ilə nümunəvi “yaşıl məktəb” modeli yaradıb
Hazırda nəinki Azərbaycanın, eləcə də bütün dünyanın əsas hədəflərindən biri təhsil sistemində “yaşıl bacarıq”ların inkişaf etdirilməsidir.
Azərbaycanın təhsil məkanında özünəməxsus yeri olan Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbi təkcə zəngin tarixi və ənənələri ilə deyil, həm də bu sahədəki innovativ yanaşmaları ilə xüsusi seçilir. "Yaşıl elm, yaşıl məktəb, yaşıl dünya" konsepsiyasını mənimsəyən, COP29-un prinsiplərinə uyğun olaraq, ətraf mühitin qorunması və şagirdlərin ekoloji maarifləndirilməsi sahəsində maraqlı işlər görən məktəb ölkənin ən məhsuldar təhsil müəssisələrindəndir.
Bu məktəb hələ SSRİ dövründə yaratdığı təsərrüfat sahələrinə görə xarici ölkələrdə tanınıb
1904-cü ildə əsası qoyulan, ilk dövrlərdə 4 illik olan Xaldan məktəbi daha sonra 7 və 11 il təhsil verən tədris ocağına çevrilib. 1975-ci ildən kompleks məktəb kimi fəaliyyət göstərməyə başlayan bu təhsil müəssisəsi həmin vaxtdan uşaq bağçası, tədris-istehsalat kombinatı və musiqi məktəbini özündə birləşdirərək şagirdlərin hərtərəfli inkişafına şərait yaradıb.
1986-cı ildən "kompleks məktəb" statusu alan təhsil ocağı quşçuluq, heyvandarlıq, meyvəçilik kimi təsərrüfat sahələrinin yaradılması ilə SSRİ-də və xarici ölkələrdə tanınıb. Görkəmli alim Xudu Məmmədovun "Gələcəyin məktəbi", "XXI əsrin məktəbi" adlandırdığı bu məktəb təhsil və təsərrüfat sahəsində nümunəvi fəaliyyət göstərib.
Onillik durğunluq dövründən sonra yenidən necə dirçəldi?
Məktəbin uğurları uzun illər ərzində ona rəhbərlik edən Prezident təqaüdçüsü və “Şöhrət” ordenli Zahid Şöyübovun adı ilə sıx bağlıdır. 1965-2005-ci illər arasında direktor vəzifəsində çalışan Zahid müəllim məktəbin zirvə dövrünü yaşamasına səbəb olub. 1981-ci ildə Ulu Öndər Heydər Əliyev məktəbin nailiyyətləri ilə tanış olmaq üçün Xaldana səfər edib, Zahid Şöyübovla görüşüb.
Lakin 2005-ci ildə 2015-ci ilə qədər məktəb durğunluq dövrü yaşayır. Zahid Şöyübovdan sonra tam baxımsız qalan məktəb sonralar təmirə bağlanır.
2019-cu ilin mart ayında Təhsil Nazirliyinin keçirdiyi direktorların işə qəbulu imtahanında 47 bal toplayaraq Xaldan kənd kompleks tam orta məktəbinə direktor təyin olunan Günel Yusifzadə bu məşhur təhsil ocağının tarixi irsini qoruyub saxlamaq və yenidən canlandırmaq üçün böyük səylər göstərir. Onun rəhbərliyi altında məktəb bir çox yeniliklərə imza atıb, tarixi ənənələrini yenidən dirçəldib.
Günel Yusifzadə deyir: "Məktəbin nüfuzu və tarixi irsi bizim üçün çox önəmlidir. Zahid Şöyübovun yaratdığı ənənələri qoruyub saxlamaq və inkişaf etdirmək əsas məqsədlərimizdəndir. Bu istiqamətdə məktəbin müəyyən hissələrində təmir işləri aparmış, limon və nar bağlarını məhv olmaqdan qurtarmışıq. Yaşıllıq zolaqları salınıb, müxtəlif ekoloji tədbirlər görülüb".
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəbin stadionu bərpa edilib, akt zalı və uzun illər fəaliyyətsiz olan bufeti yenidən istifadəyə verilib. Günel Yusifzadə 960 şagird yerlik məktəb binasının müasir təhsil standartlarına tam cavab verdiyini bildirib. Geniş sinif otaqları, laboratoriyaları, kitabxana, akt zalı, idman zalı və bufeti olan təhsil ocağı lazımi inventar və avadanlıqlarla tam təmin edilib
500-dən çox şagirdin təhsil aldığı, 50-yə yaxın müəllimin çalışdığı məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə yanaşı, onların ekoloji tərbiyələndirilməsi həyata keçiirlir, əmək vərdişləri formalaşdırılır.
Ekoloji tərbiyə və "yaşıl məktəb" fəaliyyətləri
Məktəbin geniş infrastrukturu və maddi-texniki bazası onun ekoloji layihələr həyata keçirməsinə imkan verir. Məktəbin sahib olduğu geniş ərazi və təsərrüfat sahələri şagirdlərin təcrübə keçməsi və praktik bacarıqlar əldə etməsi üçün ideal şərait yaradır.
Şagirdlər məktəbin gülçülük və tingçilik sahəsində müxtəlif gül və bitkilərin yetişdirilməsi ilə məşğul olurlar. Bu təsərrüfatdan əldə olunan güllər Yevlax şəhərindəki Şəhidlər Xiyabanına və regionun digər məktəblərinə bağışlanır və bununla da şagirdlərdə sosial məsuliyyət və vətənpərvərlik hissləri gücləndirilir.
Məktəbin limon istixanası və nar bağı şagirdlərin kənd təsərrüfatı sahəsində praktiki biliklər əldə etməsinə xidmət edir. Onlar burada bitkilərin yetişdirilməsi, ona qulluq yollarını və məhsulun toplanması proseslərini öyrənirlər.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbdə bir sıra layihə və tədbirlər həyata keçirilir.
Oktyabrın 1-dən başlayan "Yaşıl məktəb üçün" müsabiqə diqqəti ətraf mühitin qorunması, iqlim dəyişikliyinin qarşısının alınması və tullantıların təkrar emalına yönəldir, şagirdlər arasında ekoloji maarifləndirmə və yaradıcılığı təşviq edir.
Şagirdlər üçün ətraf mühit mövzusunda dərslər təşkil edilir, onların hazırladığı əl işləri və layihələr təqdim edilir.
Təbiətin qorunmasına və heyvanlara qayğıya həsr olunan "Hərəmiz bir yuva olaq" layihəsi çərçivəsində şagirdlər quş yuvaları hazırlayaraq, onları məktəbin ərazisində yerləşdiriblər.
Şagirdlərə həm də sahibkarlıq bacarıqları öyrədilir
Elm və Təhsil Nazirliyinin elan etdiyi VII Qrant müsabiqəsində qalib gələn "Məktəbdə təhsilalan, təhsilverən və valideyn əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması, sağlam qidalanmanın təşkili" layihəsi çərçivəsində istixana tikilərək istifadəyə verilib. Layihə şagirdlərin ekoloji maarifləndirilməsi və sahibkarlıq bacarıqlarının inkişafına xidmət edir. Məktəbdə yaradılan tərəvəz istixanası, şagirdlərin sağlam qidalanma haqqında biliklərini artırır və onlara ekoloji təmiz məhsulların yetişdirilməsi bacarıqlarını öyrədir.
Məktəbin peşə təmayüllü siniflərinin "aqronom köməkçisi" qrupunda təhsil alan şagirdlər kənd təsərrüfatı sahəsində bilik və bacarıqlar əldə edir, müxtəlif əkinçilik işlərində iştirak edirlər.
"Dərzi köməkçisi" qrupunun şagirdləri isə tikiş və dərzilik sənətinin sirlərini öyrənir, praktik məşğələlərdə iştirak edirlər.
Şagirdlər məktəb ərazisində yaşıl park salacaqlar
Məktəbin müəllimləri Pəvanə Hacyıeva, Vüsalə Qasımova VIII Qrant müsabiqəsində qalib gələrək yeni layihələrin həyata keçirilməsinə başlayıblar.
"EKO könüllülərlə yaşıl parkın alınması" layihəsi çərçivəsində məktəbin Əlicançay hövzəsindəki ərazisində şagirdlərin və könüllülərin iştirakı ilə yaşıl park yaradılacaq. Layihə iqlim dəyişikliyi ilə mübarizəyə birbaşa töhfə verməyi hədəfləyir.
"ART-STUDIO" layihəsi çərçivəsində yaradılacaq studiyada şagirdlər Azərbaycan mədəniyyəti və incəsənəti sahəsində təlimlər alacaqlar. Dulusçuluq, rəssamlıq və digər sənət növləri öyrədiləcək, şagirdlərin qədim tarixə malik mədəniyyət nümunələri hazırlama səriştələri artırılacaq.
Günel Yusifzadə məktəbin potensialından tam istifadə etməyi, şagirdləri ekoloji cəhətdən şüurlu, vətənpərvər və innovativ düşüncəli gənclər kimi yetişdirməyi əsas məqsəd kimi qarşısına qoyub.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə və proqramlar "Yaşıl elm, yaşıl məktəb, yaşıl dünya" anlayışının parlaq nümunəsi olan bu məktəbin iqlim dəyişikliyi ilə mübarizədə və ekoloji maarifləndirmədə ön sıralarda olmasını təmin edir. Şagirdlər, elm və təhsil vasitəsilə ətraf mühitin qorunmasının vacibliyini anlayır, bu sahədə fəal iştirak edirlər.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində atılan bu addımlar ölkəmizin davamlı inkişafına və ekoloji problemlərin həllinə töhfə verir. Xaldan məktəbi digər təhsil müəssisələri üçün nümunəvi sayılan model üzrə qurduğu yaşıl dünyasını genişləndirməyə çalışır.
1 /15
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)