Yəqin razılaşarsınız ki, bu günün yeniyetmə və gəncləri yüksək intellektə malik olmaqla yanaşı, ən müasir texnologiyalarla işləmək bacarığı ilə də sözün yaxşı mənasında daha fərqli və yaradıcıdırlar. Ən maraqlısı da odur ki, onlarda bu istək və həvəs heç kəsin diktəsi olmadan, yönləndirilmədən olur. Yeniyetmə və gənclərimizin informasiya texnologiyalarına olan marağı, sevgisi isə təbii ki, gələcəyin gözəl proqramçısı, süni intellekt üzrə mütəxəssisi, bir sözlə, İT-nin onlara qazandıracağı ən mükəmməl bilik və bacarıqlar deməkdir.
“Azərbaycan müəllimi”nin öz uğur hekayəsini yaradan növbəti qəhrəmanlarından biri Hümbət Əhmədovun da İT sahəsinə olan marağı hələ kiçik yaşlarından formalaşıb və getdikcə bu həvəs öyrənmək, təkmilləşmək və mükəmməl bilik və bacarıqlar əldə etmək müstəvisinə keçib.
Həmsöhbətimiz Hümbət Əhmədov Bakı şəhəri 25 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Dərs əlaçısı olan yeniyetməmiz deyir ki, ən çox sevdiyi fənlər riyaziyyat, məntiq, ingilis dili və informatikadır. Sonuncusuna - informatika fənninə olan sevgisi isə özəldir. Çünki adıçəkilən fənni ona ilk dəfə sevdirən həm nənəsi, həm də müəllimi olan Nübar Əhmədova olub.
“Digital Azerbaijan Talent School”da iştirak etməklə…
Hümbət deyir ki, İT sahəsini daha yaxşı bilmək, bu sahədə uğur qazanmaq üçün öyrənmək, özünü inkişaf etdirmək mütləqdir. Ona görə də biliyinə bilik qatmaq, təcrübə qazanmaq, mükəmməl təhsil almaq üçün həyata keçirilən layihələrə müraciət etməyi qərara alıb: " İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Almaniyanın nüfuzlu universitetlərindən olan “Constructor University”nin birgə təşəbbüsü ilə istedadlı gənc proqramçılar üçün keçirilən “Digital Azerbaijan Talent School” layihəsi barədə məlumatlı idim. Layihədə 14 yaşdan yuxarı şagirdlər və universitet tələbələri iştirak edirlər. Mən də layihəyə müraciət etdim və qeydiyyatdan keçdim. Qəbul olunmağım barədə bildiriş alanda sevincimin hədd-hüdudu yox idi. Layihə çərçivəsində təlim düşərgəsinə qoşulmaqla Almaniyadan olan professor- müəllim heyəti tərəfindən keçilən dərslərə qatıldım. Hibrid (onlayn və oflayn) formatda təşkil olunan proqram 2024-cü ilin avqust-noyabr aylarını əhatə edirdi. Universitetin professor-müəllim heyətindən müasir rəqəmsal bacarıqların formalaşması üçün bilik və bacarıqlar öyrənirdik. Düşərgə proqramı 3 mərhələdən ibarət idi və təlimlər ingilis dilində keçirilirdi. 4 aylıq proqramın sonunda uğurla imtahan verərək müvəffəqiyyət sertifikatına layiq görüldüm. Onu da qeyd edim ki, düşərgə beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə təşkil olunmuşdu. Ümidvaram ki, beynəlxalq olimpiadalara qatıldığım zaman öz bilik və bacarığımı layiqincə nümayiş etdirməklə ölkəmizə başucalığı gətirəcəyəm”.
Hümbətin iştirak etdiyi bu layihənin əsas məqsədlərindən biri həm də yeniyetmə və gənclərdə alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma biliklərini inkişaf etdirməkdir. Belə ki, “Digital Azerbaijan Talent School”da iştirak etməklə gənclər olimpiada tipli yarışlara, beynəlxalq təhsil proqramlarına qəbula hazırlaşmaqla bərabər, həmçinin proqramlaşdırma sahəsində gələcək karyera üçün bacarıqlar əldə etmək şansı qazanırlar.
Onu da qeyd edək ki, bu, Hümbətin iştirak etdiyi ilk layihə deyil. Belə ki, o keçən il də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılmış “Technest” təqaüd proqramını qazanıb. Və proqram çərçivəsində “Məktəblilər üçün elektronika” kursunu yüksək səviyyədə başa vuraraq müvəffəqiyyət sertifikatı ilə təltif olunub. Bu kursda bir çox layihələrdə iştirak edən şagirdimiz söyləyir ki, əsasən, Arduino proqramlaşdırma dili, elektronika, dövrələrin qurulması və s. kimi biliklərə yiyələnib. Kursda 60 nəfər arasında ən yüksək nəticəni də məhz elə Hümbət göstərib.
Təlim və kursların İT sahəsi üzrə bilik və bacarıqlarının artırılmasındakı rolu…
Hazırda yeniyetməmiz “Technest” təqaüdü çərçivəsində “Techspace” şirkətində Python proqramlaşdırma dili üzrə təlimi bitirərək beynəlxalq dərəcəli imtahanlar verib: “Bilirsiniz, bu layihənin əsas məqsədi gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək, seçilmiş iştirakçıların öz ixtisas istiqaməti üzrə təlimçilik fəaliyyətinin formalaşmasında yardımçı olmaq, habelə gənclər arasında proqramlaşdırma sahəsinə marağı artırmaqdır. İştirak etdiyim adıçəkilən təlim alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma biliklərimin, İT sahəsi üzrə bilik və bacarıqlarımın artırılmasında mühüm rol oynayır.
İştirak etdiyi təlim və kursların hər birinin İT sahəsi üzrə bilik və bacarıqlarının artırılmasındakı önəmindən söz açan Hümbət, həmçinin ölkəmizdə tanınan nüfuzlu kurslarda proqramlaşdırma sahəsi üzrə təşkil edilən “ustad dərs”lərində də mütəmadi iştirak etdiyini, tanınmış ekspertlərdən dəyərli tövsiyə və məsləhətlər aldığını deyir: “Aldığım bilik, əldə etdiyim təcrübə gələcək uğurlarımın açarıdır”.
Öyrənmək, təcrübə qazanmaq babamdan mənə ötürülən ən qiymətli mirasdır
14 yaşlı Hümbət Əhmədov elə bir ailədə doğulub ki, orada təhsilə, elmə hər zaman önəm verilir. “Öyrənmək, təcrübə qazanmaq babamdan mənə ötürülən ən qiymətli mirasdır”, - deyir qəhrəmanımız. Elə adını və soyadını daşıdığı babası Hümbət Əhmədov da təhsil işçisidir. Uzun illər Bakı Humanitar Kollecində (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) müəllim kimi səmərəli fəaliyyət göstərib. Müəllimlikdən direktor müavini, direktor vəzifələrinə qədər yüksəlib. Neçə-neçə gəncin yüksəkixtisaslı kadrlar kimi yetişməsində əməyi olan Hümbət müəllim nəvəsinə də hər zaman elmli, bilikli olmağı tövsiyə edir.
Ən böyük arzusu dünyanın top 10 universitetlərindən birində İTsahəsi üzrə təhsil almaq olduğunu deyən yeniyetməmizin qarşısına qoyduğu digər hədəflərdən biri süni intellekt üzrə dünyaca tanınmış mütəxəssis olmaq, məşhur azərbaycanlı alim Lütfi Zadə irsinin davamçısı kimi tanınmaqdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)