
Son illərdə əmək bazarında baş verən sürətli dəyişikliklər ali təhsil sahəsində yenilənmələrin həyata keçirilməsini zərurətə çevirib. Ali təhsilin müvafiq səviyyələri üzrə mütəxəssis hazırlığının əmək bazarının çağırışlarına uyğunlaşması ciddi prioritet kimi qarşıda durur. Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış komissiyanın ilk iclası da bu əhəmiyyətli məsələnin müzakirəsinə həsr olunub.
Ali təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov “Azərbaycan müəllimi”nə açıqlamasında ali təhsil proqramlarının, ixtisasların zaman-zaman yenilənməsinin, təkmilləşdirilməsinin zəruri olduğunu ifadə edib:
"Bəzi ixtisaslar müəyyən müddətdən sonra aktuallığını itirir, yeniləri yaranır və bu gün tədris olunan ixtisaslar da, əsasən, günümüzün tələbinə uyğun sahələrdir. Yeni ixtisaslar bakalavrda STEAM siniflərlə əlaqəli riyaziyyat və fizika müəllimliyidir, yəni dəqiq elmlər üzrədir. Xüsusilə region məktəbləri üçün bu ixtisas sahibi olanlar həm riyaziyyat, həm fizika fənlərini tədris edə biləcəklər.
Daha sonra data (böyük verilənlər) analitikasıdır ki, bu da zamanın tələbidir. Böyük verilənlərlə işləmək artıq günümüzün zərurətinə çevrilib. İstənilən sahədə, istər tibb, istər maliyyə sahəsində böyük verilənlərdən, böyük datalardan istifadə olunaraq gələcəyin proyeksiyası, gələcəyin proqnozlaşdırılması aparılır.
Bir başqa ixtisas kənd təsərrüfatı texnologiyalarıdır ki, bu da yeni spesifik bir sahədir. Azərbaycanda prioritet olaraq nəzərdə tutulan istiqamətlərdən biri də qeyri-neft sektoru olaraq kənd təsərrüfatıdır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün peşəkar kadrlara ehtiyac var və “Kənd təsərrüfatı texnologiyaları” ixtisası da buna hədəflənib. Heyvandarlıqla bağlı olan ixtisas da bu qəbildəndir.
Yeni açılan digər ixtisaslardan “Qidalanma və diyetologiya” günümüzdə çox aktualdır. Bu sahədə olan problemlər də bu ixtisasa həm marağı, həm də ehtiyacı artırıb. Çünki artıq çəki ilə bağlı sağlamlıq problemlərinə kifayət qədər vəsait xərclənir.
Dolayısı ilə onsuz da bu sahədə mütəxəssislər peşə təhsili alaraq, müxtəlif kursları bitirərək fəaliyyət göstərirdi. Onların daha keyfiyyətli xidmət göstərməsi üçün “Qidalanma və diyetologiya” ixtisası üzrə hazırlıq aparılacaq. Proqram təminatı, mühəndisliyi və qida texnologiyaları, yəni demək olar ki, əlavə olunan bütün yeni ixtisaslar günümüzün reallığı ilə ayaqlaşan ixtisaslardır. Bəzi ixtisasların adlarında isə müəyyən korreksiyalar edilib.
Magistratura səviyyəsində daha çox ixtisasların adlarının dəyişməsi isə bu təhsil səviyyəsinin bakalavrlardan fərqli olaraq daha spesifik sahələrdə mütəxəsis yetişdirməsidir. Bu da başa düşüləndir, çünki magistratura təhsilində yeni ixtisaslar cəmiyyətin, iqtisadiyyatın tələbinə uyğun daha dəyişkəndir. Çünki orada təhsil müddəti azdır (1,5 - 2 il) və spesifik ixtisas üzrə fənlər tədris olunur. Son illərdə magistratura səviyyəsində, məsələn iqtisadiyyat sahəsində kibertəhlükəsizlik və kriptovalyuta və böyük verilənlərin idarəedilməsi ilə əlaqəli data elmi, maşın öyrənmə və s. kimi zamanın tələbinə uyğun ixtisaslar üzrə mütəxəssis hazırlanırdı. Yeni ixtisaslar da bu qəbildəndir: Yaşıl texnologiyalar, alternativ və bərpaolunan enerji mütəxəssisləri. Qeyd etdiyim kimi, bu ixtisaslarla əlaqəli tələblər zaman-zaman dəyişir. Buna görə də düşünürəm ki, 5 ildən bir ixtisasların yenilənməsi faydalıdır".
Mütəxəssis əlavə edib ki, ixtisaslarda yeniliklər, təbii ki, rutin bir haldır. Dəyişikliklər bir neçə ildən bir baş verir. Yeni ixtisaslar üzrə məzunların məşğulluğunun daha yüksək olması universitetlərin müəyyən qədər reytinqlərdə mövqeyinə təsir edir. Beynəlxalq reytinqlərdə məzunların məşğulluq kriteriyasına əsasən universitetlər qiymətləndirilir:
"Elm və Təhsil Nazirliyi, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu proqramların müzakirəsinə iş dünyasının, müxtəlif qeyri-hökumət təşkilatı nümayəndələrini də ekspert qismində dəvət edir. Dolayısı ilə bu da müsbət addımdır. Yəni tədris proqramları hazırlanarkən iş dünyasının ehtiyaclarının, gözləntilərinin də diqqətə alınması, praktik yönümlü olması, düşünürəm ki, çox faydalıdır. Biz ETN tərəfindən bu yanaşmanı da görürük.
Digər tərəfdən, proqramlarla bağlı beynəlxalq, eləcə də yerli akkreditasiyalarda da tələb qoyulur. Bildiyimiz kimi, universitetlər 5 ildən bir akkreditasiyadan keçirilir. Bu prosesdə proqramların ictimaiyyət, benefisiarlar tərəfindən də izlənilməsi, onların təkliflərinin diqqətə alınması nəzərdə tutulur. Bu baxımdan düşünürəm ki, yenilənmələr universitetlərimiz üçün faydalı, müsbət addımdır".
Elçin Süleymanov vurğulayıb ki, təhsil proqramları standart olmalıdır. Bu, Elm və Təhsil Nazirliyinin dəstəyi, eyni zamanda, tənzimləməsi ilə baş verir. Çünki universitetlər burada əsas fənləri seçə bilməzlər:
"Amma seçmə fənlərdə özlərinin əlavələri ola bilər, müxtəlif seçmə fənləri tədris proqramına daxil edə bilərlər. Burada bir standartın olması, düşünürəm ki, məqsədəuyğundur. Çünki universitetlərin fərqli proqramları tətbiq etməsi məzun olacaq gənclərin fərqli səriştələrə malik olmasına gətirib çıxara bilər.
Bir çox ölkədə hər ixtisas üzrə standartlar dövlət tərəfindən tənzimlənir. Ancaq seçmə fənlər və ya dərslər universitetin öhdəliyinə buraxıla bilər. Təxminən bu 60:40 nisbətində olur. 60 faiz əsas fənlər, 40 faizə yaxın isə seçilmiş fənlər olur. Seçmə fənlərdə universitetə imkanlar verilir.
Universitetlər standarta müəyyən əlavələr edilməsini təklif edə bilər, amma hesab edirəm ki, əsas fənlər üzrə proqramlar inzibati qurum tərəfindən hazırlanmalıdır".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər