
Bu gün paytaxtda Bakı Türk Anadolu liseyinin Əhmədli filialının yeni binasının açılış mərasimi keçirilib. Tədbir Türkiyə Respublikası Milli Təhsil Nazirliyi tərəfindən təşkil olunub, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, açılış mərasimi şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə hər iki ölkənin təhsil nazirləri, rəsmi nümayəndələr, millət vəkilləri, məktəb ictimaiyyəti və media qurumlarının təmsilçiləri iştirak ediblər.
İlk olaraq Türkiyənin Azərbaycandakı təhsil müşaviri Yurdagül Aydoğan çıxış edərək Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin təməlində duran etimad və qarşılıqlı dəstəyin illər ərzində möhkəmləndiyini vurğulayıb:
“Bu gün istifadəyə verdiyimiz bina yalnız fiziki bir quruluş deyil, ortaq tariximizin, mədəni bağlarımızın və gələcəyə yönəlmiş ideallarımızın təcəssümüdür”.
Ardınca Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım söz alaraq tədbir iştirakçılarını salamlayıb. Türkiyə və Azərbaycan arasındakı bağların günü-gündən möhkəmləndiyini bildirib. Onun sözlərinə görə iki ölkə arasındakı münasibətlər təhsil ilə yanaşı bütün müstəvilərdə ikişaf dinamikası ilə davam edir.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də tədbir iştirakçılarını salamlayaraq bu günü hər iki xalq üçün sevindirici hadisə kimi qiymətləndirib:
“Bu gün burada yalnız bir məktəbin qapılarını açmırıq. Bu kampus ortaq keçmişimizin, müştərək dəyərlərimizin və gələcəyə dair arzularımızın parlaq nümunəsidir”.
Daha sonra Türkiyə milli təhsil naziri Yusuf Tekin çıxış edib. O, iki qardaş ölkə arasında bir çox sahədə əməkdaşlıq həyata keçirildiyini, lakin təhsil sahəsinin xüsusi yer tutduğunu bildirib:
“Təhsil həm dostluq və qardaşlığı möhkəmləndirir, həm də gələcək nəsillərə bu dəyərləri ötürməyə imkan yaradır. Açılışını etdiyimiz bina yalnız tədris mərkəzi deyil, həm də gələcək nəsillər üçün bilik və mənəvi dəyərlər məkanıdır”.
O əlavə edib ki, müasir dövr təhsili dünyada çox fərqli bir mərhələyə gətirib:
“Hər sahədə olduğu kimi, təhsil sahəsində də çox sürətli dəyişikliklər, transformasiyalar baş verir. Bu dəyişiklikləri qaçırmamaq və zamanında uyğunlaşmaq üçün Türkiyə və Azərbaycanın təhsildə əldə etdiyi nailiyyətləri, gəldiyi mərhələni paylaşması olduqca önəmlidir”.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında iki ölkə arasında təhsil əməkdaşlığının nümunəvi səviyyəyə yüksəldiyini qeyd edib:
“1990-cı illərdən bəri minlərlə gəncimizin Türkiyədə təhsil alması ölkəmizin inkişafına mühüm töhfələr verib”.
Nazir ötən il açılışı reallaşan Türkiyə–Azərbaycan Universitetinə də diqqət çəkib:
“Bu ali məktəb Azərbaycan və Türkiyə dövlət başçılarının gənclərimizə böyük bir hədiyyəsidir. Türkiyənin aparıcı üç universitetinin Azərbaycanda fəaliyyətə başlaması və onların diplomlarının verilməsi gənclərimiz üçün misilsiz bir fürsətdir”.
Çıxışlardan sonra məktəbin şagirdlərinin ifasında rəqs nömrələri təqdim edilib.
Mərasim çərçivəsində tədbir iştirakçıları liseyin həyətində ağac əkiblər. Daha sonra məktəbin sinif otaqları və laboratoriyaları ilə tanış olan qonaqlar müəllim və şagirdlərlə söhbət aparıblar.
1 /24
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər