
Çikaqo Universitetinin Harris İctimai Siyasət Məktəbi tərəfindən hazırlanmış və Beker Friedman İnstitutu tərəfindən cari ayda “Chat2Learn: Valideyn–Uşaq kommunikasiyasını təkmilləşdirmək və erkən uşaqlıq dövründə dil inkişafını təşviq etmək üçün alət” adlı tədqiqat yayımlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, məqalə tərcümə edilərək Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalının sentyabr bülleteninə daxil edilib.
Tədqiqat ailədaxili dil mühitini yaxşılaşdırmaq üçün texnologiya əsaslı yeni yanaşmanı təqdim edir. Müəlliflər aparılan tədqiqatla valideyn-uşaq dialoqunun yalnız ailədaxili məsuliyyət deyil, həm də sosial-iqtisadi inkişafın əsas dayaq nöqtələrindən biri olduğunu sübut etməyə səy göstəriblər.
Tədqiqatın məqsədi valideynlərin övladları ilə qurduğu dil əlaqəsi uşağın gələcək akademik və sosial nailiyyətlərini formalaşdırır. Bu təkcə təhsil sahəsinin yox, ümumilikdə insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Beynəlxalq elmi araşdırmalara görə, uşağın qarşılaşdığı söz sayı və dilin keyfiyyəti onun savadlılıq səviyyəsinə, nitq bacarıqlarına, məntiqi təfəkkürünə, hətta əmək bazarındakı uğuruna ciddi təsir edir. Qeyd olunur ki, ənənəvi müdaxilə modelləri valideynlərə “niyə danışmaq vacibdir” və “necə danışmalı” olduğunu izah etməyə fokuslanırdı. Lakin bu yanaşmalar zaman tələb edən və məhdud əhatəli olduğu üçün geniş miqyasda tətbiqi çətin olmuşdur. Bu baxımdan tədqiqatda yer alan “Chat2Learn” adlı proqram valideynlə uşaq arasında daha keyfiyyətli və inkişafetdirici dil ünsiyyəti qurmaq üçün hazırlanmış aşağı maliyyəli, texnologiya əsaslı bir proqramdır. Bu proqramın əsas məqsədi xüsusilə azgəlirli və ya resursları məhdud olan ailələrdə böyüyən uşaqlar üçün daha zəngin dil mühiti yaratmaq və erkən yaşlarda dil bacarıqlarının inkişafına töhfə verməkdir. Proqram “Zehni yüklənmə nəzəriyyəsi” (Cognitive Load Theory) əsasında dizayn edilib. Bu nəzəriyyəyə görə valideynlərin gündəlik stres və yorğunluğu onların övladları ilə məhsuldar və yaradıcı söhbətlər aparmasına mane olur. “Chat2Learn” bu zehni yükü azaltmaq üçün konkret mövzular və vizual dəstək təqdim edir, yəni valideynin “nə danışım?” sualına hazır cavab verir. Belə ki, proqram valideynlərə telefon və planşet vasitəsilə qeyri-real, yaradıcı, açıq suallar və vizual dəstəkli illüstrasiyalar təqdim edir. Nəticədə valideynlər fikirləşməyə, planlamağa, vaxt itirmədən dərhal övladları ilə mənalı söhbətə başlaya bilirlər.
Tədqiqat Çikaqoda azgəlirli ailələrin iştirak etdiyi məktəbəqədər təhsil proqramlarından seçilən 63 valideyn-uşaq qrupu (uşaqların 65%-i qızlar, yaş aralığı: 3–6 yaş, 82% ana) üzərində aparılmışdır. Ailələrin təhsil və etnik mənsubiyyəti dəyişkən idi: valideynlərin 45.1%-i yalnız orta məktəb təhsili, 31.7%-i kollec və ya peşə təhsili, 15.8%-i isə bakalavr və ya daha yüksək dərəcəyə sahib olub. Etnik baxımından 65.1%-i ispan/latın amerikalı, 19%-i afroamerikalı, 4,8%-i isə digər etnik qruplara mənsub olmuşdur. İştirakçıların təxminən yarısı evdə ispan (53%), digər yarısı isə ingilis dilində (47%) danışırdı.
Respondentlər təsadüfi seçmə yolu ilə eksperimental qrup ("Chat2Learn" istifadəçiləri) və nəzarət qrupu (standart vəziyyət) olmaqla qruplaşdırılıblar.
Proqramla valideynlərə 8 fərqli açıq sual tədim edilmişdir. Hər bir sual multimedia öyrənmə prinsiplərinə əsasən şəkil (illüstrasiya) ilə birlikdə verilir ki, bu da uşağın marağını artırır və söhbətə vizual kontekst verir. Tədqiatın gedişatında ailələrə sərbəst vaxt verilib, bu müddət ərzində söhbət davranışları gizli şəkildə video vasitəsilə müşahidə olunub və nəticələr təhlil edilib.
“Chat2Learn” tədqiqatının nəticələri göstərdi ki, valideyn-uşaq qarşılıqlı münasibətinin keyfiyyətini yüksəltmək üçün genişmiqyaslı, aşağı maliyyəli və sadə texnologiya əsaslı yanaşmalar təsirli ola bilər. Belə ki, “Chat2Learn” alətindən istifadə edən valideynlər, nəzarət qrupundakı həmkarları ilə müqayisədə 14% daha çox vaxtını övladları ilə birgə məşğuliyyətə (joint engagement) sərf ediblər (exsperiment qrup-92%, nəzarət qrup78%). Beləliklə, əhəmiyyətli dərəcədə daha az passiv davranış (telefonla məşğul olmaq, susmaq və s.) nümayiş etdirilib-yəni eksperimental qrupda cəmi 2%, nəzarət qrupunda isə 9% passiv davranış müşahidə olunub. Daha uzun cümlələr (MLU: eksperiment qrup 4.5, nəzarət qrup 3.5), daha çox unikal sözlər (eksperiment qrup 191, nəzarət qrup 179) və dialoq zamanı təxminən iki dəfə daha çox açıq sual formasından (eksperiment qrup 37, nəzarət qrup 19) istifadə ediblər (p < 0.05). “Chat2Learn” valideynlərin uşaqla əlaqəsini gücləndirməyə yardımçı olur, onları passiv davranışdan aktiv dinləyici və iştirakçıya çevirib.
Bu göstəricilər valideynlərin yalnız texniki alətə çıxışla deyil, dil bilgisinin keyfiyyətində real dəyişikliklər etdiklərini göstərir. Müəlliflər qeyd edir ki, sadə və konkret dəstək valideynlərin daha çox danışmasına və daha yaradıcı interaksiyalar qurmasına səbəb olub. Məsələn, “Əgər sənin 8 qolun olsaydı, nə edərdin?” sualına uşağın “çoxlu dondurma yeyərdim” cavabı valideyni əlavə suallar verməyə və mövzunu inkişaf etdirməyə təşviq edib. Bu baxımdan müəlliflər “Chat2Learn”in yalnız gündəlik söhbətləri artırmaqla qalmadığını, bundan əlavə, erkən yaş dövründə uşağın beyin inkişafına dəstək verdiyini qeyd edir. Belə ki, hər iki qrupda olan uşaqların söz və cavab sayı bənzər olub. Bunun səbəbi kimi tədqiqatçılar “dekontextual” (yəni gündəlik həyatla birbaşa əlaqəsi olmayan) mövzuların uşaqlar üçün çətin olması ehtimalını göstərirlər və bu gələcəkdə proqramın valideynlərə daha çox cavabın verilməsi dəstəyi, müəyyən yaş üçün uyğunlaşdırılmış suallar, dinamik cavab mexanizmləri təqdim etməsi ilə həll oluna bilər.
Digər diqqətçəkən bir məqam valideynlərin texnoloji vasitəyə reaksiyası olmuşdur. Belə ki, eksperiment qrupunda olan valideynlərin hər biri “Chat2Learn” alətindən istifadə edib və sorğuların nəticələrinə görə 96%-i proqramı faydalı hesab edib. Bu da təqdim olunan proqramın istifadəçinin dostu olaraq dəyərlər baxımından uyğun və motivasiyaedici olduğunu göstərir. Valideynlər həmçinin tədqim olunan vizualların övladlarının diqqətini cəlb etdiyini və ailədaxili münasibətləri gücləndirdiyini bildiriblər.
Müəlliflər xüsusi vurğulayır ki, bu tip alətlərin istifadəsi genişlənərsə, gələcəkdə müəllim çatışmazlığı, resursların bərabər paylanmaması, sosial-iqtisadi bərabərsizlik yaranar və bu kimi struktur problemlərə qarşı aşağı maliyyəli və yüksək təsirli alternativlər təqdim etmə potensialı artar. Tədqiqatın nəticələri göstərir ki, intensiv təlim proqramları olmadan da sadəcə gündəlik dəstək və nizamlı stimullar vasitəsilə erkən yaşda valideyn-uşaq davranışını dəyişmək mümkündür. Bu məqsədlə tədqiqatda aşağıdakı tövsiyələr yer almaqdadır.
– Sadə və konkret dəstəklər abstrakt təlimlərdən daha səmərəli ola bilər;
– Dil və dəyərlərin uyğunlaşdırılması: eyni texniki model müxtəlif dillərdə və kontekstlərdə lokallaşdırılmalıdır.
– Valideyn üçün əlavə təlimat: hər sual üçün əlavə tövsiyələr, cavablar üzərində işləmə yolları və oyuna çevrilmə imkanları təqdim olunmalıdır.
– Uşaq cavablarını aktivləşdirmək üçün adaptiv mexanizmlər: gələcək versiyalar uşaq cavablarına uyğun ardıcıl suallar və oyunlaşdırılmış funksiyalar əlavə edə bilər.
Mənbə: Lu, L., & Kalil, A. (2025, September). Chat2Learn: A proof-of-concept evaluation of a technology-based tool to enhance parent–child language interaction (Becker Friedman Institute Working Paper No. 2025-119). University of Chicago, Becker Friedman Institute for Economics. https://doi.org/10.2139/ssrn.5133467
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər