
Bir neçə gündür ki, tanınmış tarixçi alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlber Ortaylı Naxçıvan Dövlət Universitetinin fəxri qonağıdır. Qonaq mətbuat nümayəndələri ilə görüşüb və onların suallarını cavablandırıb.
“Azərbaycan müəllimi” tarixçi ilə olan müsahibəni təqdim edir.
– Naxçıvana ilk gəlişinizdir, bir çox yerlərdə olmusunuz, bura sizdə necə təəssürat yaratdı?
– Mən Naxçıvanın bu qədər özünəməxsus olduğunu düşünməmişdim. Bu yerlər orta çağın izlərini daşıyır. Tikilən bağçalı evlər möhtəşəmdir. Biz Ordubada getdik, ora daha çox ənənəvi, gözəl bir məmləkətdir. Geoloji baxımdan çox bərəkətli torpaqlardır. Tarix boyu burada böyük şəxsiyyətlər yetişib. Təbiət insanı heyrətləndirir. Bura “Peri bacaları” kimi yerlərdir. Bunlar vulkanik püskürmələrin nəticəsində yaranmış qaya kütlələridir. Bizdə Anadolu ərazisində Sivrihisarda, Afyon tərəflərində də var, amma buradakı yerlər daha aydın, daha qabarıq görünür. Geoloji baxımdan hamısı göz önündədir, çox bərəkətli vulkanik torpaqlardır. Ona görə də tarix boyu insanlar burada maraqlı portretlər yaradıblar, həm zəngin adamlar, həm dövlət xadimləri, həm də mistik alimlər yetişib. Yaşamağa da çox münasib bir yerdir, Naxçıvana da yaxındır. Bir də Naxçıvanda çox nizam-intizam var. Məni ən çox təsirləndirən musiqi məktəbləri oldu. Kəndlərə qədər hər yerdə var. Universitetdə də iki dənə akedemik səviyyədə musiqi məktəbi var. Musiqi ölkəsi olduğu bəllidir. Hər halda burada vaxt yaxşı və maraqlı keçir.

– Azərbaycan tarixi, Naxçıvan tarixi ilə bağlı kitab yazmağı düşünürsünüzmü?
– Mən burada qalsam, yazaram. Amma burada tarixçilərin özləri yazırlar. Mənə də bir neçə kitab gəldi, baxdım. Burda məhşur ailələr var, məsələn, kəngərlilər, o barədə yazılıb. Biri binalar, körpülər haqqında yazıb ki, bu çox önəmlidir. Çünki bura karvan yoludur.
– İlber bəy, Türkiyədə məktəblərdə ortaq türk tariximiz şagirdlərə öyrədilirmi?
– Bununla bağlı çatışmazlıqlar var. Məlumatsızlıqdan irəli gələn bir çatışmazlıq var. Məsələn, ədəbiyyat dərsində Şah İsmayıl Xətai yoxdur. Sonra 19-cu əsr təcəddüt (yeniləşmə) ədəbiyyatında Azərbaycan şairləri, “Füyuzat” axını yoxdur. Bunlardan bir parça olmalıdır. Tarixdə də əksikliklər var. Məsələn, İran inqilabı deyirlər, amma onu iranlılar yox, Azərbaycan edib. Bunu bilən yoxdur.
– Bəs bununla bağlı işlər görülürmü?
– Görülməlidir, əlbəttə. Nə olduğunu anlamaq və anlatmaq üçün də buranı öyrənmək lazımdır.
– Bir televiziya proqramında süni intellekt sizə sual verdi, amma onun sualı düzgün olmadığı üçün xoşunuza gəlmədi. Sizcə, gələcəkdə süni intellekt təhsil sisteminə təsir edəcəkmi?
– Süni intellekt ordan burdan sənədləri, məlumatları bir yerə toplayır. Özün hazırlamadıqdan sonra nə faydası var ki, onu oxuya bilmirlər. Təhsil sisteminə təsir edər, misal üçün kitabxanaçalıq xidməti edər. Yoxsa məzmunu sən həll etməsən, o nə edəcək ki?

– Azərbaycan ədəbiyyatından hansı kitab və ya şeir Türkiyədə bilinir?
– Biz məmləkətimizdə xalq ədəbiyyatı deyə heç “Hophopnamə”ni oxumadıq. Bu çox önəmlidir və o təcəddüt ədəbiyatında da olmalıdır. Məsələn 19-cu əsrdə kimlər var, demək olar ki, çoxunu bilmirik. Mirzə Fətəli Axundzadə bir parça əsərini səhnədə görmədik. Teatr tarixində müasir teatrın başlanğıcı kimi Şinasinin “Şairin evlənməsi” pyesi ilə kifayətlənmək olmaz. Burda böyük ədəbiyyat var, onların hamısını incələyib öyrənmək lazımdır. Onlar məktəblərdə dərsliklərə salınacaq ki, millət maraqlansın, oxusun. Axundzadəni, Nəcəfzadəni, Vəzirovu heç kim tanımır, haqqında bilmir. Şagirdlərə Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi” povestindən yaxşı şey öyrədilə bilməz. Çox maraqlıdır ki, məktəbin açılmasına etiraz edənlər pulu görən kimi sakitləşirlər.
– Naxçıvan uzun müddət blokada şəraitində qalmasına baxmayaraq, təhsil sistemi inkişaf edib, hər kəs oxuyub, bunu necə dəyərləndirərdiniz?
– Bəli, belə problemli bölgələrdə insanlar daha çox oxuyur və çox iddialı olurlar. Tarix boyu bu belə olub. Burdan insanlar ya savaşçı, ya da alim olaraq çıxır. Çünki belə yerlərdə insanlar çox çalışqan olurlar. Qadınlar da çox yaxşı oxuyar, təhsil alar. Nümunələr fərqlidir.
– Türkiyə təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında oxşarlıqlar varmı?
– Burada təhsil sistemi daha ciddir. Amma eyni problemlərimiz var. Onları birlikdə həll etmək lazımdır.
– NDU ilə bağlı necə təəssüratlarınız yarandı?
– Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq. Görünür, çox gözəl və hərtərəfli universitetdir. Ali təhsil ocağında yaradılan imkanlar məni çox fərəhləndirdi.
– Son olaraq oxuculara, xüsusən də tələbələrə nələr tövsiyyə edərsiniz?
– Mən gəzməyi tövsiyyə edirəm. Çünki həyatı öyrənmək üçün bu lazımdır. Bir daha bu təcrübəni yaşaya bilməzlər. Səyahət bəzi ölkələrdə çətindir deyə gənc ikən bunu etmək lazımdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər