
Sertifikatlaşdırmada 59 bal toplayan Rahim Cəbiyevin müəllimlik yolu
Dünən məktəbin əsas iştirakçısı olan müəllimlər öz peşə bayramlarını qeyd ediblər. Sertifikatlaşdırma prosesinin uğurlularından biri 149 nömrəli tam orta məktəbin informatika müəllimi Rahim Cəbiyev “Azərbaycan müəllimi”nə bildirib ki, şagirdləri həmin günü onlar üçün əsl bayrama çevirə bilirlər.
Müəllimə şagirdlərindən özəl hədiyyə
Şagirdləri elə hədiyyə seçiblər ki, həm özünəməxsus olur, həm də onun üzünü güldürür: “Məsələn, tort hazırlatdırıb üzərinə ən çox istifadə etdiyim sözləri yazdırırlar, buna çox gülürəm. Məsələn, diqqət çəkmək üçün deyirəm “Bura bax, bura bax”, əzizləyəndə “Ay allah”, fikirləri dağılanda “Niyə yatmısız?”, “Mənə qulaq asan var?”, “Oynayırsan balaaa”, - kimi sözlərdən çox istifadə edirəm. Onların da diqqətini çəkib və mənim üçün hazırlatdırdıqları tortların üstünə yazdırırlar”.
.jpeg)
Müəllimliyi oxuyub bankda işlədi, ancaq…
Rahim Cəbiyev Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və Kibernetika (hazırkı Kompüter elmləri) fakültəsini bitirib. Bir müddət bankda çalışıb: “Tələbəlik dövründə bir müddət bankda çalışmışam. 3 il bu işdə çalışdıqdan sonra öz ixtisasıma qayıtmağa qərar verdim. Çünki hiss edirdim ki, mən müəllim olmaq, təhsil sahəsində fəaliyyət göstərmək istəyirəm. Yolum budur, burada getməliyəm”.
Artıq 10 ildir bu yolda qətiyyətlə yürüyən müəllim işləyə-işləyə Milli Aviasiya Akademiyasının Kompüter mühəndisliyi fakültəsində magistratura təhsili alıb.
Sevimli müəllim olmaq üçün
10 illik müəllimlik fəaliyyəti dövründə şagirdlərinin sevimlisinə çevrilən Rahim müəllim deyir, buna nail olmaq üçün çox çalışıb: “2016-cı ilin sentyabrından müəlliməm. Mütəmadi olaraq öz üzərimdə işləyirəm. Hər il müəllimlərin işə qəbulu imtahanlarında iştirak edirəm. Bu il də iştirak edib 82.5 bal toplamışam”.
Sertifikatlaşdırmada da 59 bal toplayan Rahim müəllim deyir ki, hər gün öyrənir, özünü inkişaf etdirir: “Bu tədris ilinə də hər zamankı kimi başlamışam.
.jpeg)
Dərsdən sonra kompüter arxasına keçərək layihələr hazırlayır, işlərimi planlaşdırıram. Şagirdlərimin qarşısına əlidolu çıxmaq üçün əlimdən gələni edirəm. Çünki bilirəm ki, yenilənən dünyada şagirdlərin gözləntiləri və istəkləri çoxdur, bu istəkləri qarşılaya bilmək üçün də müəllimin yerində sayması mümkün deyil. Əks halda, zamanın nəbzini tuta bilməz, sürəti ilə ayaqlaşa bilməz. Odur ki, öz biliyimi artıraraq yeniliklərdən vaxtında xəbər tutmağa çalışıram. Dünyagörüşümü artıraraq şagirdlərimin gözləntilərini doğrultmağın məsuliyyətini hiss edirəm”.
Rahim müəllim deyir ki, maraqlı tədris prosesi təşkil edib, daha çox şagirdi cəlb etməyə, hər bir iştirakçı üçün öyrənmə mühiti yaratmağa çalışır: “Dərslərimdə interaktivliyə diqqət edirəm. Şagirdlərimin yaxşı öyrənməsi üçün onları həvəsləndirməyə çalışıram. Dərsdə əsas məqsədim odur ki, xüsusi metodlarla daha çox şagirdimi dərs prosesinə cəlb edib və onların öyrənməsini təmin edim”.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər