Bütün xəbərlər
6 oktyabr, 15:32

Redaksiyamıza bölgələrdən daxil olan məlumatlarda bildirilir ki, bəzi ümumi təhsil müəssisələrində komplektasiya tam olmadığı üçün siniflərin birləşdirilməsi halları müşahidə olunur. Məlumata görə, bəzi regionlarda ibtidai siniflər, məsələn, 1 və 2-ci, yaxud 1 və 4-cü siniflər eyni qrupda dərs keçirlər.

Bu isə haqlı suallar doğurur: müəllim eyni zamanda həm 1-ci, həm də 4-cü sinif şagirdlərinə dərsi necə təşkil edir? Müxtəlif yaş qruplarının və fərqli tədris səviyyələrinin birləşdirilmiş formada öyrədilməsi hansı pedaqoji mexanizmlərlə həyata keçirilir?

Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın 4-cü bəndinə əsasən, ibtidai təhsil səviyyəsində bir sinifdə şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif eyni səviyyənin digər, şagird sayı 10 nəfərdən az olan sinfi ilə birləşdirilərək komplekt sinif təşkil edilir. Komplekt siniflərdə şagird sayı 18 nəfərdən çox olmamalıdır.

Sorğuya cavabda həmçinin qeyd olunub ki, bu proses zamanı sinif müəllimlərinə aidiyyəti üzrə metodiki dəstək göstərilir. İbtidai təhsil səviyyəsində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə hər il ölkə üzrə IV siniflərdə tədris dili və riyaziyyat fənləri üzrə monitorinqlər həyata keçirilir.

Bəs bir sinifdə müxtəlif yaş və tədris pilləsində olan şagirdlərin birləşdirilməsi pedaqoji baxımdan hansı əsaslara söykənir?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Fidan Sarıbəyli də bir müddət çoxsəviyyəli sinifdə dərs keçib. O bildirir ki, bu qərar bir tərəfdən resursların, yəni müəllim potensialının, sinif otaqlarının və tədris avadanlıqlarının səmərəli istifadəsinə, digər tərəfdən isə ucqar bölgələrdə yaşayan azsaylı şagirdlərin təhsildən kənarda qalmamasına xidmət edir.

Fidan Sarıbəylinin sözlərinə görə, pedaqoji baxımdan bu yanaşma “multigrade classroom” (çoxsəviyyəli sinif) modeli kimi tanınır və dünyanın bir çox ölkəsində tətbiq olunur. Belə siniflərdə fərqli yaş və bacarığa malik şagirdlərin eyni məkanda öyrənməsi sosial və emosional baxımdan olduqca faydalı hesab edilir. Bu siniflərdə şagirdlər bir-birindən öyrənmə, əməkdaşlıq, məsuliyyət, empatiya və dözümlülük kimi sosial bacarıqları təcrübə yolu ilə mənimsəyirlər.

“Aparılan beynəlxalq tədqiqatlar göstərir ki, çoxsəviyyəli siniflərdə təhsil alan şagirdlər akademik nəticələr baxımından təksəviyyəli siniflərdəki yaşıdlarından geri qalmır. Əksinə, sosial uyğunlaşma, özünəinam, əməkdaşlıq və müstəqil öyrənmə bacarıqları daha yüksək olur. Bu model bir çox ölkələrdə yalnız zərurətdən yaranmış deyil, eyni zamanda alternativ pedaqoji yanaşma kimi də qəbul edilir”, – deyə Fidan Sarıbəyli vurğulayıb.

Tədris prosesi və metodoloji yanaşmalar

Onun sözlərinə görə, çoxsəviyyəli siniflərdə dərsin təşkili üçün xüsusi metodoloji və təlim mexanizmləri formalaşdırılıb. Belə siniflərdə müəllim eyni anda müxtəlif yaş qruplarına və fərqli kurikulum səviyyələrinə dərs keçdiyi üçün planlaşdırma inteqrativ və çevik struktur əsasında qurulur. Dərs zamanı müəllim əsasən qruplar üzrə iş təşkil edir: bir qrup yeni mövzu ilə tanış olarkən, digər qrup tapşırıqlar üzərində işləyir. Bu yanaşma müəllimin dərs yükünü balanslaşdırır, eyni zamanda şagirdlərdə müstəqil öyrənmə bacarığı formalaşdırır.

“Müəllimin hər bir qrupun fəaliyyətini eyni vaxtda izləməsi praktik olaraq mümkün olmadığından, sinifdə özünüidarəetmə mexanizmi yaradılmalıdır. Bunun üçün şagirdlərə dərs zamanı fəaliyyət ardıcıllığı və qaydalar aydın izah edilməli, qaydaların formalaşmasında onların iştirakı təmin olunmalıdır. Beləliklə, sinifdə nizam-intizam təbii şəkildə formalaşır, müəllim müdaxiləsi minimuma enir. Həmçinin çoxsəviyyəli siniflərdə aktiv öyrənmə, layihə əsaslı təlim, oyun və tədqiqat tapşırıqları kimi interaktiv metodlardan istifadə edilir”, – deyə o əlavə edib.

“Ali təhsil müəssisələrinin proqramlarına çoxsəviyyəli siniflərin tədrisi ilə bağlı fənlərin daxil edilməsi zəruridir”

Fidan Sarıbəyli xüsusi olaraq qeyd edib ki, çoxsəviyyəli siniflərdə dərs deyən müəllimlər üçün xüsusi peşəkar inkişaf proqramlarının və metodik vəsaitlərin hazırlanması zəruridir. Tədris prosesinin çətinliklərini azaltmaq məqsədilə bu siniflər üçün dərs planları, qiymətləndirmə nümunələri və resurslar hazırlanmalıdır:

“Bundan başqa, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin proqramlarına çoxsəviyyəli siniflərin tədrisi ilə bağlı fənlərin daxil edilməsi zəruridir”.

Fidan Sarıbəyli bildirib ki, beynəlxalq tədqiqatlar çoxsəviyyəli siniflərdə təhsil alan şagirdlərin akademik nailiyyətlərinin təksəviyyəli siniflərdəki həmyaşıdlarının nəticələri ilə statistik cəhətdən əhəmiyyətli fərq göstərmədiyini sübut edir. Yəni bu model tədris keyfiyyətinə mənfi təsir göstərmir, əksinə, sosial-emosional inkişaf baxımından üstün nəticələr verir.

Onun sözləribə görə, fərqli yaş və səviyyədəki şagirdlərin bir sinifdə birlikdə təhsil alması əməkdaşlıq, qarşılıqlı hörmət, məsuliyyət, empatiya və liderlik bacarıqlarının formalaşmasına şərait yaradır. Bu isə şəxsiyyətin bütöv inkişafını dəstəkləyir: “Beləliklə, çoxsəviyyəli siniflərdə təlimin keyfiyyəti daha çox prosesyönümlü və inkişafyönümlü xarakter daşıyır. Əsas məqsəd fərqli səviyyələrdə öyrənən uşaqların bir-birindən öyrənməsi və kollektiv şəkildə irəliləməsidir”.

Beynəlxalq təcrübə

Beynəlxalq təcrübədən sitat gətirən həmsöhbətimiz əlavə edib ki, 1990-cı illərdə ABŞ-da müəllim çatışmazlığı və şagird sayının qeyri-bərabər bölgüsü səbəbindən tətbiq olunan bu yanaşma “multigrade classrooms” adını alıb. Hazırda bu model təkcə ABŞ-da deyil, Peru, Hindistan, Şri-Lanka, Vyetnam, Kolumbiya, İngiltərə, Norveç, Kanada, Avstraliya, Yeni Zelandiya və Fransada da geniş tətbiq olunur. İnkişaf etməkdə olan ölkələrdə çoxsəviyyəli siniflər adətən müəllim çatışmazlığı, az şagird sayı və məhdud resurslar səbəbindən yaranırsa, inkişaf etmiş ölkələrdə bu model səmərəli və sosial baxımdan üstün tədris forması kimi qiymətləndirilir.

“Bu prosesdə müəllim yüksək peşəkarlıq nümayiş etdirməlidir”

Təhsil İnstitutunun metodisti Səidə Dünyamalıyeva bildirib ki, bu tip siniflərdə dərslər eyni otaqda təşkil olunsa da, hər sinif üçün ayrı jurnal ayrılır. Onun sözlərinə görə, bir qrupa dərs izah edilərkən, digər qrupa müstəqil tapşırıq verilir.

“Bu prosesdə müəllim yüksək peşəkarlıq nümayiş etdirməlidir. Təlim nəticələrinin ierarxiyasını nəzərə alaraq planlamanı düzgün qurmaq vacibdir. Elə şərait yaradılmalıdır ki, hər iki sinif üçün nəzərdə tutulan təlim nəticələri reallaşsın, öyrənmə mühiti tam təmin edilsin”, – deyə Səidə Dünyamalıyeva vurğulayıb.

Metodist əlavə edib ki, siniflərin komplektləşdirilməsi prosesi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu, Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi və Nazirlər Kabinetinin müvafiq qərarları əsasında həyata keçirilir.

“Əsas məqsəd hər bir şagirdin təlim hüququnu qorumaq, optimal tədris şəraiti yaratmaq və keyfiyyətli təhsili təmin etməkdir. Sinif komplektləşməsi zamanı dərs elə qurulmalıdır ki, hər bir şagirdin potensialı üzə çıxsın, təlimdə bərabərlik və keyfiyyət prinsipləri qorunsun”, – deyə o əlavə edib.

Şərhlər

Xəbər lenti

6 oktyabr, 17:47

Təhsil işçilərinə təltiflər təqdim edilib

6 oktyabr, 17:34

MDB Oyunlarının qızıl medalçısı: Daha gözəl nəticələr əldə etmək istəyirəm

6 oktyabr, 17:21

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda təlim keçirilib

6 oktyabr, 17:20

Müəllimlər üçün tibbi müayinələr təşkil olunub

6 oktyabr, 17:07

NDU-nun İnnovasiya Mərkəzində İstanbul Universitetinin dosenti təlim keçib

6 oktyabr, 16:57

İstedadlı şagird: Məktəbi bir il tez bitirəcəyim üçün qürur duyuram

6 oktyabr, 16:57

Daha 9 nəfərin saxta yolla şəhadətnamə aldığı aşkarlanıb

6 oktyabr, 16:52

Nazir müavini Firudin Qurbanov Qubada təhsil müəssisələrində olub

6 oktyabr, 16:26

Bu ilin sonunadək 3,5 milyon manat təhsil krediti geri ödəniləcək

6 oktyabr, 16:18

Bankı deyil, məktəbi seçdi 

6 oktyabr, 16:14

BMU-İNHA İDP tələbələrinin layihəsi II yerə layiq görülüb

6 oktyabr, 16:02

Britaniyada hər 10 məktəbdən 6-sı kiberhücuma məruz qalır

6 oktyabr, 15:56

"Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının açılışı keçirilib

6 oktyabr, 15:51

İdman Akademiyasının tələbəsi III MDB Oyunlarında hakim kimi iştirak edir

6 oktyabr, 15:28

Azərbaycan millisinin ilk qızıl medalını Masallı boksçusu qazandı

6 oktyabr, 15:14

İndoneziyada məktəbin çökməsi nəticəsində ölənlərin sayı artır

6 oktyabr, 14:37

Biologiya üzrə beynəlxalq olimpiadaya seçmə imtahanı keçirilib

6 oktyabr, 14:26

Əməkdaşlıq müəllimlər üçün nə deməkdir?

6 oktyabr, 13:53

Fiziologiya və tibb üzrə Nobel laureatlarının adları elan olundu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.