
Oktyabrın 5-i bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olundu. Əksər ölkələrdə bu əlamətdar gün müəllim əməyinin qiymətləndirilməsi və müəllimlik peşəsi barədə bir sıra konseptual yanaşmalarla yadda qaldı.
“Azərbaycan müəllimi” bu yazıda 2025-ci ilin Beynəlxalq Müəllimlər Günü ilə bağlı beynəlxalq təşkilatların yanaşmalarını oxucularla bölüşməyə çalışır.
Öncə qeyd edək ki, Beynəlxalq Müəllimlər Günü 1966-cı ildə qəbul edilmiş Müəllimlərin Statusuna dair Tövsiyə və 1997-ci ildə qəbul olunmuş Ali Təhsil Müəssisələrində Müəllim Heyətinin Statusuna dair UNESCO Tövsiyəsinin ildönümünə həsr olunub. Bu sənədlər müəllimlərin hüquq və vəzifələrini müəyyənləşdirir, həmçinin müəllimlərin ən vacib peşəkar, sosial, etik və maddi məsələləri üzrə beynəlxalq standartları ortaya qoyur.
Ötən il BMT Baş Katibinin Müəllimlik Peşəsi üzrə Yüksək Səviyyəli Paneli müəllimlərin təhsilin transformasiyasında rolunu gücləndirmək və Dayanıqlı İnkişaf Məqsədi 4-ün (keyfiyyətli təhsil - SDG 4) inkişaf etdirilməsi məqsədilə bir sıra tövsiyələr dərc edib. Bu tövsiyələrin əsas mesajı, UNESCO-nun “Təhsilin gələcəyi” adlı mühüm hesabatında da əks olunduğu kimi, müəllimlik peşəsinin əməkdaşlıq əsasında qurulmuş bir sahə kimi təşviq edilməsinin və müəllimlərin karyerası boyunca onları dəstəkləyən səmərəli sistemlərin qurulmasının vacibliyini vurğulayır.
Bununla yanaşı, qlobal təhsil çərçivələri müəllimliyin kollektiv və komanda əsaslı mahiyyətini önə çəkərək, keyfiyyətli təhsilin əməkdaşlıq, ortaq məsuliyyət və peşəkar həmrəylik əsasında formalaşdığını bildirir. Bu səbəbdən, 2025-ci il Müəllimlər Gününün mövzusu da təhsilverənlərin peşəkar inkişafı və daha geniş təhsil transformasiyası üçün əməkdaşlığı əsas hərəkətverici qüvvə kimi qabardılır.

Əməkdaşlığın əhəmiyyəti
Müəllimlər təhsil sistemlərində əsas rol oynayır və məktəblərdə, eləcə də cəmiyyətlərdə öyrənməyə, inklüzivliyə (hər kəsin tədrisə cəlb olunması) və innovasiyalara təkan verirlər. Buna baxmayaraq, bir çox müəllim pedaqoji fəaliyyətlərini, peşəkar təşəbbüslərini, ixtisaslarını və rifahlarını gücləndirəcək əməkdaşlıq strukturundan kənarda, təkbaşına yerinə yetirirlər. Bir çox təhsil sistemində müəllimlik peşəsi hələ də peşəkar təcrid, parçalanmış strukturlar və həmkarlar, mentorlar və məktəb rəhbərləri ilə əməkdaşlıq şəbəkələri qurmaq üçün imkanların çatışmazlığı ilə xarakterizə olunur.
Bu cür vəziyyət təhsilin keyfiyyəti və bərabərliyinə, həmçinin müəllimlərin işdən ayrılma səviyyələrinə (məktəbi tərketmə nisbətlərinə) mənfi təsir göstərir.
UNESCO-nun, BMT-nin Müəllim İşçi Qrupunun (TTF) ötən il açıqladığı hesabata əsasən, 2030-cu ilə qədər dövrü əhatə edən təhsil məqsədlərinə çatmaq üçün əlavə 44 milyon müəllimə ehtiyac olacaq. Bu tələb, dünyada müşahidə olunan yüksək işdən ayrılma səviyyəsi ilə daha da ağırlaşır.
Müəllimlik peşəsini əməkdaşlıq tələb edən bir sahə kimi yenidən formalaşdırmaq, yəni qarşılıqlı dəstəyə, ortaq təcrübəyə və ümumi məsuliyyətə dəyər verən siyasətlər, təcrübələr və öyrənmə mühitləri ilə dəstəkləmək, bu problemləri aradan qaldırmaq və təhsil sistemlərini transformasiya etmək üçün vacib addımdır.
Əməkdaşlıq həm tədris və öyrənmə təcrübələrinin, həm də müəllimlərin işi və həyat keyfiyyətinin yaxşılaşdırılmasında əsas amildir, bu, müəllimlərin öz peşələrini ruh yüksəkliyi ilə və güclənmiş şəkildə icra etmələrinə, kollektiv təsir yaratmalarına imkan verir.
Bu yanaşma müəllim hazırlığı mərhələsindən başlayır. Əməkdaşlıq əsaslı peşəkarlıq burada həmkar öyrənməsi, birgə tədris, birgə təhlil və məktəblərlə inteqrasiya olunmuş tərəfdaşlıqlar vasitəsilə nümunə kimi göstərilə bilər. Məsələn, Qanada tədris təcrübəsinə dair islahatlar müəllim hazırlayan qurumlar, mentorlar və məktəb rəhbərləri arasında əməkdaşlığı institusionallaşdırıb və bu, pedaqoji təcrübədə olan müəllim namizədləri üçün daha ardıcıl və dəstəkləyici təcrübə təmin edib. Belə praktikalar ilkin hazırlıq mərhələsinə inteqrasiya olunduqda, izolyasiya (təcrid) deyil, əməkdaşlıq üzərində qurulmuş peşəkar kimliyin təməli qoyulur.
Davamlı peşəkar inkişaf da eyni dərəcədə istər təcrübə icmaları, öyrənmə qrupları, istərsə də digər kollegial öyrənmə formaları vasitəsilə kollektiv araşdırma və birgə problem həllini ön plana çəkməlidir. Çilidə müəllimlərin peşəyə inteqrasiyası proqramı mentorluq, həmkar müşahidəsi və birgə təhlil üçün xüsusi vaxt ayırır, bu isə yeni başlayan müəllimlərə strukturlaşdırılmış və əməkdaşlıq əsaslı inkişaf mühiti təqdim edir. Məktəb rəhbərliyi tərəfindən dəstəklənən və milli çərçivələrlə uyğunlaşdırılan bu və bənzər strategiyalar müəllimlərin motivasiyasını və tədrisin keyfiyyətini gücləndirir.
Rəqəmsal texnologiyalar da xüsusilə əyalətlərdə və fərqli məktəb kontekstlərində. müəllimlər arasında əməkdaşlığın inkişafı üçün güclü vasitə ola bilər. Lakin bu potensial hələ də tam şəkildə həyata keçirilməyib, çünki rəqəmsal infrastruktur, bu sahədə əlçatanlıq və texniki bacarıqlardakı fərqlər davam edir.
Əməkdaşlığın məktəblərdə və erkən uşaq təhsili müəssisələrində tətbiqi və gücləndirilməsi də olduqca vacibdir. Birgə əməkdaşlıq, ümumi liderlik, ümumi məsuliyyət və kollektiv planlaşdırmanı təşviq edən öyrənmə mühitləri daha dayanıqlı və ədalətli olur. Çində, məsələn, məktəb islahatları getdikcə daha çox ümumi liderlik modellərini təşviq edir və müəllimlərə qərar qəbuletmə proseslərində və peşəkar öyrənmə icmalarına rəhbərlik etməkdə iştirak imkanı verir.
Fənn komandaları daxilində deyil, rollar və funksiyalar arasında da əməkdaşlıq (müəllimlər, məktəb direktorları, pedaqoji koordinatorlar və dəstək heyəti arasında) qarşılıqlı etimad və məsuliyyətə əsaslanan peşəkar ekosistemlərin qurulmasına xidmət edir.

Əməkdaşlıqla itaətkarlıq arasında fərq
Müəllimlər üçün əməkdaşlıqla itaətkarlıq arasında fərqi müəyyənləşdirmək olduqca vacibdir, çünki effektiv əməkdaşlıq əmr yolu ilə tətbiq edilmir, əksinə inklüzivlik dialoq və müəllimlərin peşəkarlığının və biliklərinin tanınması yolu ilə formalaşdırılır.
Müəllimlərlə əməkdaşlıq və onların əməkdaşlıqda iştirakı təkcə onların öyrənməsi və məktəb əsaslı strukturlar üçün deyil, təhsil siyasətinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Dövlət siyasətləri peşəkar əməkdaşlığın davamlılığında əsas rol oynayır və bu siyasətlərin formalaşdırılmasında müəllim həmkarlar ittifaqları və peşəkar assosiasiyaların aktiv iştirakı əməkdaşlıq təcrübələrinin möhkəmləndirilməsinə böyük töhfə verir.
Müəllimlərin səsinin təhsil qərarlarının qəbulunda daha güclü şəkildə təmsil olunması (istər məsləhətləşmələr, istər birgə dizayn, istərsə də strukturlaşdırılmış sosial dialoq vasitəsilə) peşəkar təşəbbüskarlığı və legitimliyi gücləndirmək üçün həyati əhəmiyyət daşıyır. Bu, həmçinin təhsil sahəsində siyasətlərin real sinif reallıqlarına əsaslanmasını və onları həyata keçirəcək müəllimlər tərəfindən dəstəklənməsini təmin edir.
Müəllimlərin əməkdaşlığının menecerial (idarəedici) vasitə deyil, peşəkar norma kimi dəyərləndirildiyi mühitlərin yaradılması, onların ekspertizasını düzgün qiymətləndirməyə və beləliklə, təhsil siyasətlərinin effektivliyini və təsirini artırmağa kömək edir.
Nəticə etibarilə, əməkdaşlığın müəllim hazırlığına, məktəblərə və təhsil siyasətinə inteqrasiyası (müəllimlərin kollektiv öyrənməsi üçün kifayət qədər zaman, məkan və resurs təmin olunmaqla) dayanıqlı və ədalətli təhsil sistemləri qurur, eyni zamanda müəllimlər arasında məxsusluq və məqsəd hissini gücləndirir.
Bu prioritetlər təhsilin uzunmüddətli investisiya kimi dəyərləndirilməsi və müəllimlərin inklüziv və dayanıqlı sistemlərin təməli kimi önə çəkilməsi zərurətini vurğulayan son beynəlxalq çağırışlarla da üst-üstə düşür.
Əməkdaşlıq təhsildə transformasiyanın açarı kimi
Bu baxımdan 2025-ci ilin Müəllimlər Günü müəllimliyi əməkdaşlıq əsaslı bir peşə kimi qeyd edir, bu peşə öz gücünü insani əlaqələrdən, ortaq məsuliyyətlərdən və davamlı peşəkar kimliklərdən alır.
Builki təqvim əməkdaşlığın qlobal aktuallığını və kollektiv səylərin transformasiyaedici potensialını ön plana çıxarır. Qlobal dialoq, ölkə təcrübələri və müəllimlərin səsləri vasitəsilə bu tədbir müəllimlərin əvəzolunmaz rolunu bir daha təsdiq edir və təhsilin mərkəzində etimadın, həmrəylik və peşəkar təşəbbüskarlığın yenidən möhkəmləndirilməsinin vacibliyini vurğulayır.
Əlavə edək ki, Bakı Slavyan Universitetində keçirilən Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda çıxş edən OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer də müəllimlər arasında əməkdaşlığın dəyişdirici rolundan danışıb. Andreas Şleyxer qeyd edib ki, məktəbdə kollektiv agentlik – yəni birlikdə qərar vermək və məsuliyyət daşımaq mədəniyyəti – təhsilin keyfiyyətini yüksəldən əsas faktorlardandır.
Beləliklə, müəllimlər arasında əməkdaşlığın gücləndirilməsi müasir mərhələdə təhsilin transformasiyasının açarı, təhsil sistemini gücləndirməyin prioritet hədəfi hesab olunur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər