
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti (GPS) keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Bildirilib ki, tədbir 30 oktyabr 2025-ci il tarixində Naxçıvan şəhərində “Gələcəyə tərəf” devizi altında təşkil olunacaq.
Sammitin məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlıqlarını dəstəkləməkdir.
GPS işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma yaratmağı nəzərdə tutur. Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, hədəf qrup olan peşəkarların daha çevik, innovativ və rəqabətədavamlı karyera həlləri ilə təmin olunmasına şərait yaradılmasıdır.
Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkil olunacaq. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və gələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşə və bacarıqlarında gözlənilən yeniliklər və bu yeniliklərə adaptasiya yolları, gələcək əmək bazarına hazırlıq və bu çərçivədə Naxçıvan Muxtar Respublikasının qarşısında duran çağırışlar müzakirə ediləcək.
Sammitdə yerli və xarici karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, sahibkarlar, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları iştirak edəcəklər.
Tədbirə iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata başlanacaq və qeydiyyat proseduru barədə Dövlət Məşğulluq Agentliyinin rəsmi saytı və sosial media səhifələrində məlumat paylaşılacaq. Sammit barədə daha ətraflı məlumatı www.geleceyinpesheleri.az saytından əldə edə bilərsiniz.
Gələn ay Gələcəyin Peşələri Sammitinin Bakı şəhərində də keçirilməsi nəzərdə tutulub.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər