
Sağlamlıq imkanları məhdud uşaqların yaşayış yerlərinə yaxın ərazidə təhsil alma imkanlarının genişləndirilməsi məqsədilə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində xüsusi şərait yaradılır. Beləliklə, bu kateqoriyadan olan uşaqlar tipik inkişaf edən yaşıdları ilə eyni sinifdə və ya eyni məktəbdə təhsilə cəlb olunurlar.
Sağlamlıq imkanları məhdud uşaqlara keyfiyyətli təhsil vermək üçün müəllimlərin xüsusi təhsil sahəsində səriştələrinin artırılması böyük əhəmiyyət daşıyır. Xüsusi təhsilin əhatə dairəsinin genişlənməsi bu istiqamətdə peşəkar inkişaf tədbirlərinə olan tələbatı daha da artırıb.
Bu məqsədlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) sorğusu əsasında - Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 5 günlük (6–10 oktyabr) maarifləndirici seminarlar, Bakı Slavyan Universitetində (BSU) isə 5 günlük (6–10 oktyabr) təlimlər təşkili edilir.

Agentliyin Xüsusi təhsil sektorunun mütəxəssisi Günel Əkbərova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, ilkin mərhələdə bu proqramda Bakı şəhərində fəaliyyət göstərən 15 inteqrasiya təlimli ümumtəhsil məktəbinin xüsusi siniflərində çalışan 30 nəfər pedaqoji heyət iştirak edir:
“Gələcəkdə xüsusi təhsil sahəsində müəllimlərin peşəkar inkişafına daha çox resursların səfərbər olunması istiqamətində ardıcıl işlər həyata keçirilir. Yeni yaradılan xüsusi siniflərdə uşaqların təhsil alması üçün zəruri şərait təmin edilir və bu proses davamlı olaraq genişləndirilir. Məqsədimiz odur ki, hər bir uşaq yaşayış yerindən uzağa getmədən təhsilə əlçatan olsun”.
Günel Əkbərova vurğulayıb ki, hazırda Bakı şəhərində 10 məktəbəqədər təhsil müəssisəsində xüsusi qruplar fəaliyyət göstərir, 41 ümumi təhsil müəssisəsində inklüziv təhsil, 60 məktəbdə isə inteqrasiyalı təhsil həyata keçirilir.
Bakı Slavyan Universitetindən bildirilib ki, MÜTDA-nın sifarişi ilə universitetdə inklüziv və adaptiv təhsilin gücləndirilməsi məqsədilə təlimlərə start verilib. Təlimlər BSU-nun 2022-ci ildən həyata keçirdiyi “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi çərçivəsində təşkil olunur.
Layihə çərçivəsində əsas istiqamətlər müəllimlərin bilik və bacarıqlarının artırılması, fənn proqramlarının adaptivləşdirilməsi və tədris prosesində fərdi yanaşmanın təmin edilməsidir.
Təlimlər Bakı şəhərində inteqrativ məktəblərdə fəaliyyət göstərən və cari tədris ilindən etibarən xüsusi siniflərdə çalışan müəllim və psixoloqlar üçün fərdi tədris planlarının hazırlanması istiqamətində keçirilir.

Təlimləri İnklüziv və adaptiv təhsil kafedrasının müəllimi Fatimə Abıyeva aparır. Proqram dörd moduldan ibarətdir və hər gün müdavimlərə akademik biliklərlə yanaşı, səriştə formalaşdırıcı situativ tapşırıqlar təqdim olunur. İlkin mərhələdə iştirakçılara diaqnostik qiymətləndirmə tətbiq edilib və təlim məzmunu onların ehtiyaclarına uyğunlaşdırılıb.
Təlimlərdə müəllimlər inklüziv siniflərdə dərs prosesinin təşkili, fərdi inkişaf planlarının hazırlanması, adaptiv metodikaların tətbiqi, valideynlərlə əməkdaşlıq və inklüziv mühitin formalaşdırılması kimi mövzular üzrə praktik biliklər əldə edirlər.
Qeyd edək ki, gələcək mərhələdə bu təlimlərin coğrafiyası genişləndiriləcək, regionlarda da analoji proqramların həyata keçirilməsi planlaşdırılır.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər