
“Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə səviyyələri vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə isə X sinif şagirdlərinə şamil olunur. Bu təcrübə istedadlı şagirdlərin aşkara çıxarılması və onların təhsil nailiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Bu gün “Azərbaycan müəllimi” qəzeti sizləri belə şagirdlərdən biri – Biləsuvar şəhəri Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Gülü Məhərrəmli ilə tanış edir.
Gülü 2019-cu ildə - 3-cü sinifdə təhsil alarkən eksternat imtahanda uğur qazanaraq 4-cü sinfi oxumadan birbaşa 5-ci sinfə keçib. O, bu qərarın arxasında müəllimlərinin və məktəb rəhbərliyinin böyük dəstəyinin dayandığını bildirir:
"3-cü sinifdə oxuyanda dərslər mənə daha asan gəlirdi, 4-cü sinfin proqramını mənimsəməyə başladım. Həmin il pandemiya dövrü olduğundan kifayət qədər vaxtım oldu ki, özüm də bu proqram üzərində çalışım və biliklərimi genişləndirim. Evdə valideynlərim, məktəbdə isə müəllimlərimin köməyindən istifadə edərək mövzular üzərində işlədim. Qeyd edim ki, imtahan verməmişdən əvvəl də mən artıq 4-cü sinfin materialları ilə tanış idim. Ona görə də bu məsələ mənim üçün problem olmadı. Müəllimlərim mənə inandılar və imtahanlarda iştirakımı təmin etdilər. Suallar mənim üçün çətin deyildi, çünki artıq bu səviyyədə mövzularla tanış idim. 5-ci sinfə keçdikdən sonra pandemiya səbəbindən müəyyən qədər adaptasiya çətinliklərim olsa da, müəllimlərimin fərdi yanaşması sayəsində onun da öhdəsindən gəldim”.
Gülünün hədəfi həkim olmaqdır, bu məqsədə çatmaq üçün çox çalışır:
"Olimpiadalarda uğur qazanmaq, məktəbimin və müəllimlərimin adını ucaldan bir tələbə olmaq istəyirəm. Həkimlik uşaqlıqdan ən böyük arzumdur. Düşünürəm ki, istedadlı uşaqlara yalnız dərs yox, psixoloji dəstək də vacibdir. Valideyn və müəllimlərin bu məsələdə həssas yanaşması çox önəmlidir”.
Məktəbi yaşıdlarından bir il tez bitirəcək şagird bu barədə fikirlərini belə ifadə edir:
“Yaşıdlarımla eyni tempdə oxumaq bəzən çətin olurdu, amma sinfi adlamaq mənim üçün həm qürur, həm də motivasiya mənbəyidir. Bəzən məni digər şagirdlərə nümunə göstərirlər, bu isə məsuliyyətimi daha da artırır. Məktəbi bir il tez bitirib arzuladığım ixtisas üzrə təhsil almaq fikri məni daha da ruhlandırır”.
Gülünün atası Həsən Məhərrəmli də övladının uğurları ilə fəxr etdiyini bildirir:
"Hər zaman onun təhsilinə diqqət yetirmişik. Sinif adlayanda da çətinlik çəkmədi. İndi də onun uğurlarını gördükcə qürur duyuruq”.

Məktəbin direktoru Elşən Ağazadə isə bildirir ki, Gülü hazırda texniki təmayüllü 10-cu sinifdə təhsil alır və nəticələri yüksəkdir:
"O, təmayül sinfinə yüksək göstəricilərlə qəbul olub. Dərsləri mükəmməl mənimsəyir və sinif yoldaşları ilə sağlam rəqabət aparır”.
Biz də öz növbəmizdə Gülü Məhərrəmliyə təhsil yolunda uğurlar arzulayır və inanırıq ki, növbəti tədris ilinin sonunda onun arzusuna çatdığı xəbərini oxucularımızla paylaşacağıq.
Qeyd edək ki, Gülü Məhərrəmli son 7 ildə Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi şəhər və rayonlar üzrə sinif adlayan yeganə şagirddir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər