
“Təhsil krediti ilə oxuyan məzunların 65 faizinin geri ödəməsi başlayıb. 35 faiz şəxsin geri ödəmə dövrü başlasa da, ödənişlərdə gecikmələr var”.
Bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov 30-a yaxın dövlət və özəl sektorda təmsil olunan mütəxəssislərin iştirakı ilə “Karyera imkanları və işəgötürənlərlə əməkdaşlıq” mövzusunda keçirdikləri tədbirdə deyib.
Onun sözlərinə görə, təhsil krediti ilə oxuyan məzunların 5890 nəfəri, yəni 44.16 faizi işləyir. 7447 nəfəri, başqa sözlə 55.84 faizi işsizdir. İşsizlərin arasında 2023/2024-cü və 2024\2025-ci tədris ilinin məzunları da var və onların 2 il güzəşt dövrü davam edir.

“Məqsəd geri ödənişlərə nail olmaq, bu mexanizmin daha işlək olmasına töhfə verməkdir”
B.Əzimov tədbirin məqsədindən danışarkən deyib ki, geri ödənişində problemlər müşahidə olunan şəxslər arasında işsizlər var: “Bizim də prioritetimiz onlardır: geri ödəmə dövrü başlayan və ödəniş etmək iqtidarında olmayanlar. Bizi maraqlandıran odur ki, onların hansı problemləri var, əmək bazarına niyə inteqrasiya olunmurlar. Təbii ki, burada bir çox öhdəliklər var. Məqsədimiz tələbələrin bilik və bacarıqlarının artırılması, rəqabətqabiliyyətli, əmək bazarının çağırışlarına uyğun olaraq yumşaq və texniki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində əməkdaşlıqlar qurmaq, ən əsası, geri ödənişlərə nail olmaq, bu mexanizmin daha işlək olmasına töhfə verməkdir. İşəgötürənlərin burada rolu böyükdür”.
“400-dən çox tələbənin işlə təmin olunmasında körpü rolunu oynamışıq”
Fond rəhbəri bu istiqamətdə həyata keçirdikləri əməli fəaliyyətə də diqqət çəkib: “Öz imkanlarımızdan istifadə edərək həmin şəxslərin CV-lərini toplayır, həm özümüz, həm də əməkdaşlıq etdiyimiz qurumlarla birlikdə onların bilik və bacarıqlarını artırmaq üçün təlimlər keçir, təcrübələrə cəlb edirik. Bu günə qədər 1400-dən çox təcrübə və təlim həyata keçirmişik. 400-dən çox tələbənin işlə təmin olunmasında körpü rolunu oynamışıq”.

Əmək bazarına adaptasiya məktəb yaşından başlamalıdır
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının sədri Seymur Bayramov bildirib ki, özəl şirkətlər daha çox tələbəni əmək bazarına cəlb edir. Onun fikrincə, Avropada əmək bazarına adaptasiya məktəbdən başlayır.
Konfederasiya sədri təklif edib ki, TTKF mobil tətbiq yaratsın. Universitet və özəl şirkətləri birləşdirən həmin tətbiq vasitəsilə təcrübə proqramları barədə məlumat əldə etmək mümkün olsun.

Tələbələr həvəssizdir, yoxsa işəgötürən təcrübəsiz?
“Kapital Bank”ın şöbə müdiri qeyd edib ki, hər il 1200-ə yaxın tələbəni təcrübə proqramına cəlb edirlər.
O, ixtisası bank sektoruna uyğun olan tələbələrə bu ilin sonuna yaxın bir təlimin keçilməsi, təcrübə proqramına cəlb edilməsi ilə bağlı təşəbbüs göstərib. Lakin tələbələrin motivasiyasının aşağı olduğunu, pulsuz təcrübə proqramlarına maraq göstərmədiklərini vurğulayıb: “Tələbələr də həvəsli olmalıdırlar. Karyeraya gedən yolda 1-2 ay ödənişsiz çalışmaqdan qorxmamalıdırlar. Çünki bu onların gələcək karyeraları üçün faydalı olar”.
“Azera Holding”in insan resursları üzrə baş mütəxəssisi Fidan Cabbarlı isə işəgötürənlərin öz fəaliyyətinə, gənclərlə iş metodlarına yenilik etməli olduqlarını deyib: “Düşünürəm ki, işəgötürənlər “Z” nəsli ilə işləmə bacarıqlarına yiyələnsələr, məzunlarla ünsiyyət qurmaq, əməkdaşlıq etmək daha rahat olar. İşəgötürənlər yeni nəsil ilə işləməyi öyrənməli, bunun üçün təlimlərdə iştirak etməlidirlər”.

Tələbələrə əmək bazarının reallıqlarını öyrətmək lazımdır
Bakı Dizayn Akademiyasının təsisçisi Aysel Gülməmmədova yönləndirilən tələbələrə endirimlər edə biləcəklərini deyib: “Məzunları akademiyaya yönləndirin, işlə təmin olunsunlar. Sizin kreditinizi qaytara bilsinlər. Mən sizə daha sıx əməkdaşlıq təklif edirəm”.
“Kaspi” liseyinin departament müdiri Sveta Kərimova tələbələrin məlumatsız olduğunu bildirib: “Biz müəllimləri işə götürdüyümüzə görə texniki bacarıqlara önəm veririk, amma yumşaq bacarıqlar da önəmlidir. Müşahidələrimiz göstərir ki, tələbələr məlumatsızdırlar. Onlara nəzəri biliklərdən əlavə əmək bazarının reallıqlarını da öyrətmək lazımdır”.
İnteraktiv şəraitdə keçirilən müzakirələrdə təkliflər səsləndirilib, təşəbbüslər irəli sürülüb. Qeyd edilib ki, belə görüşlər intensivləşdirilsin.

İşəgötürənlər: “Biz robotlarla deyil, insanlarla işləyirik”
Tədbirdə tələbələrin mövqeyini müdafiə edən “Azera Holding”in insan resursları üzrə baş mütəxəssisi Fidan Cabbarlı "Azərbaycan müəllimi”nə bu mövqeyini belə açıqlayıb: “Yaşadığım bir nüansı qeyd edim. Mən elə rəhbərlərlə işlədim ki, onlar mənə daha çox motivasiya verdilər və mən öz potensialımın harada olduğunu gördüm. Biz robotlarla deyil, insanlarla işləyirik. Ona görə də emosional zəkalarına da baxmaq lazımdır”.
O əlavə edib ki, təmsil etdiyi müəssisədə təcrübəçilər sonradan işlə təmin edilirlər: "Şirkətimizdə mütəmadi olaraq tələbələr üçün təcrübə proqramları həyata keçirilir. Təcrübə dövründə onları birbaşa istehsalatla, departamentlərimizlə tanış edirik. Orta müvəffəqiyyət göstəricisi müəyyən səviyyədən yuxarı olan, təcrübə müddətini uğurla bitirən şəxsləri işlə təmin edirik”.

Karyera və işə hazırlıq mərkəzinin təsisçisi Şahin Sərdarov “Azərbaycan müəllimi”nə bildirib ki, TTKF ilə əməkdaşlıqları memoranduma əsaslanır: “Kreditdən yararlanmış bir neçə nəfəri hər ay təmənnasız olaraq əmək bazarının tələblərinə uyğun yetişdiririk. Tələbələrin gözləntisi odur ki, proqramı bitirən kimi işə başlasınlar. Bizim gözləntimiz isə təcrübəçilərin davamiyyət və subordinasiya qaydalarına riayət etmələridir. Bu kriteriyalara cavab verən xeyli iştirakçımız var”.
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının şöbə müdiri Ədalət Səmidov isə deyib ki, əmək bazarının ən aktual peşələrini öyrətməyə çalışırlar: “Əmək yarmarkaları təşkil edir, universitetlərin karyera mərkəzləri ilə əməkdaşlıq edirik. Əgər işəgötürənlər əmək yarmarkasına real vakansiyalarla gəlsələr, bir neçə saat ayırıb məzunlarla görüşmək istəsələr, gənclərin gələcək prespektivi orada müzakirə oluna bilər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər