
Bu il Biləsuvar rayonunda ilk eksperimental sinfin yaradılmasından (6 yaşlıların 1-ci sinfə qəbulu) 40 il ötür.
“Azərbaycan müəllimi” bu maraqlı təhsil yeniliyi barədə araşdırma aparıb.
Belə ki, 1985-ci ildə indiki Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə uşaqlar birinci sinfə (cəmi 1 sinif) 7 yaşından deyil, 6 yaşından qəbul edilib. Bununla da Biləsuvar rayonunda 11 illik təhsil sistemi üzrə ilk eksperimental sinfin əsası qoyulur. Sözügedən sinfin sinif rəhbəri olmuş Xanımgül Abıyevanın sözlərinə görə, 1981-ci ildən Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanlı Xanımgül müəllim 1999-2004-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2004-ci ildən isə direktor kimi çalışır.

Xanımgül müəllim həmin illəri belə xatırlayır:
"İlk eksperimental sinif - 6 yaşlıların məktəbə qəbulu bağçada yaradıldı. Həmin uşaqlarla məktəbdə çalışan ibtidai sinif müəllimi məşğul olurdu. O vaxta qədər məktəbə 7 yaşından I sinfə qəbul olurdu. 1985-ci ildə isə 6 yaşından belə qruplar yaradıldı. Həmin sinifdə oxuyan uşaqlar məktəbdə daha hazırlıqlı olurdular. Onlar müəllim, məktəb, məktəbdə necə olmaq lazımdır, - bütün bunları bilirdilər. Bizim məktəbdə də belə eksperimental sinif yaradıldı. İlk müəllim də Nailə Vəliyeva idi. N.Vəliyeva I-IV siniflərdə ibtidai şagirdlərin təlim-tərbiyəsi ilə məşğul oldu. V-XI siniflərdə isə onların sinif rəhbəri mən oldum, həm də Azərbaycan dili və ədəbiyyat müəllimi. Onlarla işləmək mənim üçün çox xoş idi. Həm çalışqan, həm də ictimai işlərdə çox fəal, mehriban idilər. Xatirələr o qədərdir ki, hansını deyim... Bütün tədbirlərə necə ürəklə hazırlaşmağımızımı, imtahanlara hazırlıq həyəcanınımı, sinifdə olan doğma, pak, təmiz uşaq xəyallarını mənimlə bölüşdüklərinimi? Hansını deyim? Bu ilin əvvəlində məktəbə gəlmələrinin 40 illiyini qeyd etdi mənim balalarım. Həmin fidanlar necə də böyümüşdülər, hətta saçlarına dən düşənləri də var idi, məni çox kövrəltdilər. Ötən günləri yada salıb, o illərə səyahət etdik. Necə də gözəl günlər imiş, sən demə! O dövrün uşaqları daha məsuliyyətli idilər.
Müəllimləri qorumaq lazımdır. Niyə? Çünki gələcəyimiz olan şagirdlərin - uşaqlarımızın təhsili onların əllərindədir. 45 illik müəllimlik dövründə heç vaxt günahı uşaqda görməmişəm. Günahkar valideyn və müəllimlərdir. Günahın 70%-i valideynin, 30%-i müəllimin üzərinə düşür. Çünki uşağa ilk tərbiyəni verən, dərs saatlarından sonra ona nəzarət edən, məktəbə göndərən valideyndir. Təəssüf ki, bəzi valideynlər öz valideynlik vəzifələrini dərindən dərk etmirlər. Bugünkü bəzi xoşagəlməz hadisələrin baş verməsi də məhz bununla bağlıdır. Mən şagirdlərimi çox sevmişəm, indi də çox sevirəm. Ancaq bu sevgidə tələbkarlıq da var.

Sinfin məzunlarından biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-yazıçı, publisist Müşfiq Malik Muğanlının sözlərinə görə, sinif eksperimental olduğu üçün işini bilən, savadlı və məsuliyyətli bir müəllim lazım idi. Bütün göstəricilərə bir müəllim Nailə Vəliyeva cavab verirdi:
"Nailə müəllim bizə həm müəllim, həm də ana oldu. Təkcə yazmağı, oxumağı, hesablamağı öyrətmədi, həm də qayğımızı çəkdi. Sevdi, əzizlədi, Vətənimizi, torpağımızı, tariximizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, milli kimliyimizi, dahi şəxsiyyətlərimizi sevməyi, dəyərlərə hörmət etməyi, vicdanlı, dürüst olmağı öyrətdi. Bütün bunları ruhunun dərinliyindən gələn böyük bir sevgi ilə bacardı. Öyrətməyə, tərbiyə etməyə, yetişdirməyə olan sevgisi ilə nail oldu buna. Üstündən uzun illər keçəndən sonra anladıq bu həqiqəti...

V sinifdən başlayaraq sinfimizin rəhbəri Xanımgül Abıyeva oldu. Çox uğurlu estafet oldu bizim üçün. Onun spesifik tələbkarlığı bu keçid mərhələsində səhlənkarlığa yol verməməyimiz, keçid mərhələsindən irəli gələn axsamalara məruz qalmamağımız üçün çox zəruri faktor oldu. 6-7-ci siniflərdən sonra şagirdlərin bəzisi təhsillərini digər məktəblərdə davam etdirdi. Daha sonra məktəbimizin hörmətli müəllimlərindən olan Dilarə Əzizovanın şagirdləri eksperimental sinfə birləşdi. Bu, çox uğurlu oldu. Dilarə müəllim çox gözəl şagirdlər yetişdirmişdi. Eksperimental sinif həmin şagirdlərlə davam etdi. Sinfimizin şagirdlərinin böyük əksəriyyəti məktəbi bitirdikdən sonra qabaqcıl ali təhsil ocaqlarına qəbul oldu. Hazırda onların hər biri müxtəlif sahələrdə fəaliyyət göstərir və uğurlu nailiyyətləri var”.
Qeyd edək ki, bu yaxınlarda Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə bu sinfin fəaliyyətə başlamasının 40 illiyi qeyd olunub. Görüşdə məzunlar, eləcə də vaxtilə sinif rəhbərləri olmuş Xanımgül Abıyeva, Nailə Vəliyeva və Dilarə Əzizova da iştirak ediblər.

Tədbir zamanı müəllimlər və şagirdlər unudulmaz məktəb illərini yada salaraq xatirələrini bölüşüblər.
Əlavə edək ki, 1985-ci ildə bu tipli siniflər indiki Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi Biləsuvar rayonu ilə yanaşı, Şirvan şəhəri və Salyan rayonunda da təşkil olunub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər