Bütün xəbərlər
9 aprel, 11:08

Azərbaycanın ali təhsil sistemi uzun illərdir ki, daha keyfiyyətli və əlçatan təhsil imkanlarının yaradılması istiqamətində davamlı islahatlarla müşayiət olunur. Paytaxt Bakıda yerləşən ali təhsil müəssisələri öz inkişaf dinamikasında öncül mövqelərə sahib olsa da, bölgələrdəki universitetlərin inkişafı məsələsi hələ də aktualdır. 

Böyük şəhərlərdə tələbə sıxlığının azaldılması və bölgələrdəki universitetlərin potensialının artırılması məsələsi Milli Məclisin martın 14-də keçirilən plenar iclasında da gündəmə gəlib. Deputat Ceyhun Məmmədov çıxışında bu mövzunun əhəmiyyətinə toxunaraq, bölgə universitetlərinə qəbulun artırılmasının vacibliyini vurğulayıb. Bəs bu məqsədlə hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır? Dövlət səviyyəsində hansı islahatlara ehtiyac var və tələbələr üçün hansı xüsusi təqaüd proqramları tətbiq edilməlidir? "Azərbaycan müəllimi" bu mövzu üzrə apardığı araşdırmanı təqdim edir.

“Bakı və bölgə universitetləri arasında təhsil haqlarında fərq olmalıdır” 

Sözügedən təklifin müəllifi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təşəbbüs əsasən bölgə universitetlərinin inkişafına yönəlib:

“Bu gün Bakıda təhsil alanların mütləq əksəriyyəti bölgələrdən gələn insanlardır. Bu da həm universitetlərimiz, həm də tələbələr üçün müəyyən çətinliklər yaradır. Tələbələr təhsil və kirayə haqları baxımından yüksək xərclərlə üzləşirlər”.

Millət vəkili qeyd edib ki, zamanla bölgələrdəki universitetlərə tələbə qəbulu artırılmalıdır. Bunun üçün ali məktəblərdə infrastrukturun yaxşılaşdırılması vacibdir:

“Bakı və bölgə universitetləri arasında təhsil haqlarında fərq olmalıdır. Bütün hallarda bilirik ki, bölgələrdəki ali təhsil müəssisələrinə maraq paytaxtla eyni deyil. Ən vacib məsələlərdən biri də infrastrukturun yenidən qurulmasıdır. Bəzi bölgə universitetlərinin infrastrukturu çox bərbad vəziyyətdədir. Digər vacib məsələ isə kadr potensialının artırılmasıdır. Pedaqoji heyət daha hazırlıqlı olmalıdır. Bəzi bölgələrdə yeni universitetlərin yaradılmasına da ehtiyac var. Bütün bu məsələlərin həlli üçün proqram hazırlanmalıdır”.

Statistika nə deyir?

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsindən verilən məlumata görə, hazırda Azərbaycanın bölgələrində 8 universitet və 7 universitetin filialı fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində bakalavriat səviyyəsində 53 687, magistratura səviyyəsində isə 3 413 tələbə təhsil alır.

2024/2025-ci tədris ili üzrə Bakı şəhərində yerləşən dövlət (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla), özəl və xarici dövlətlərin filialı olan universitetlərdə isə bakalavriat səviyyəsində 163 670, magistratura səviyyəsində 24 081 tələbə təhsil alır (01.10.2024 tarixinə olan göstərici).

Bu rəqəmlər göstərir ki, xüsusilə magistratura səviyyəsində tələbələrin böyük əksəriyyəti Bakıda cəmləşib. Bu da bölgələrdə magistr təhsilinin məhdud olduğunu və ya keyfiyyətli təhsil imkanlarının əsasən paytaxtda əlçatanlığını göstərir. Bakıdakı bakalavr tələbələrinin sayı bölgələrdəkindən təxminən 3 dəfə, magistratura səviyyəsində isə təxminən 7 dəfə çoxdur. Ümumilikdə, təhsil imkanlarının böyük hissəsi Bakıda toplanıb.

Bölgə universitetlərinin rəqabət problemi

Bölgələrdə elm və təhsil sahəsində yüksək nailiyyətlər əldə etməyin paytaxtdakı ali təhsil müəssisələri ilə rəqabətdə asan olmadığını deyən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nurali Çələbiyev bildirib ki, bu rəqabətə davam gətirmək bölgə ali məktəbləri üçün çətindir:

“Elmi potensial, elmi mərkəzlər, kitabxanalar – hamısı Bakıda cəmləşib. Yüksək bal toplayan abituriyentlər adətən Bakıdakı universitetləri seçirlər. Çünki paytaxtda mədəni və sosial mühit daha rəngarəngdir. Bölgələrdə isə bu şərait arzuolunan səviyyədə deyil”.

Onun sözlərinə görə, ADPU-nun Şəki filialına əsasən Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarından olan tələbələr qəbul olunur. Digər regionlardan tələbə cəlb etmək isə çətindir:

“Bakıdakı ali məktəblərdə 100-150 fəlsəfə doktoru, 60-70 elmlər doktoru çalışır. Bölgə universitetlərində bu göstəricilər daha aşağıdır. Hazırda filialımızda elmlər və fəlsəfə doktorları da daxil olmaqla cəmi 21 əməkdaş çalışır. Magistratura səviyyəsində təhsil alanlarımızın sayı çoxdur və onların əksəriyyəti məhz bizim məzunlarımızdır. Onlar da hazırda bizimlə birlikdə çalışırlar. Bu, sevindirici haldır”.

Yeni ixtisaslar və əmək bazarına uyğunlaşma

N.Çələbiyev bölgənin potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq yeni ixtisasların açılmasının vacibliyini də vurğulayıb:
“Bu bölgə turizm bölgəsidir. Ona görə burada “Turizm təhsili” və “Turizm üzrə pedaqoji kadr hazırlığı” ixtisaslarının açılması mümkündür. Lakin bu ideyalar yalnız arzu səviyyəsində qalmamalıdır. Onların reallaşdırılması üçün müvafiq resurslar, infrastruktur və əlavə şərtlər tələb olunur”.

Müsahibimiz əlavə edib ki, çox zaman regionda fəaliyyət göstərən təhsil müəssisələrinə “region universitetləri” kimi yanaşılır, lakin region universiteti və hansısa universitetin regiondakı filialı arasında fərq var:

“Əgər bu müəssisələr müstəqillik əldə etsələr, bölgələrdə yaşayan alimlərin və pedaqoji heyətin bu ali məktəblərə cəlb edilməsi ilə elmi potensialı gücləndirilə bilər. Təəssüf ki, hazırda bəzi filiallara “ikinci dərəcəli ali məktəb” kimi yanaşılır. Bu isə həm marağa, həm də qəbul göstəricilərinə mənfi təsir göstərir”.

O, region universitetlərinin tanıdılmasının vacibliyini vurğulayıb:

“Keçən tədris ilində filialımıza 10 ixtisas üzrə tələbə qəbulu həyata keçirildi və hazırda 1056 tələbə təhsil alır. Lakin bəzi ixtisaslar üzrə ayrılmış yerlər boş qaldı ki, bu da maliyyə çətinliklərinə səbəb oldu. Bunun qarşısını almaq üçün “Açıq qapı” günləri keçirilməlidir. Ali məktəblər qonşu rayonlar və şəhərdəki ümumtəhsil məktəbləri ilə əlaqələr qurmalı, orta məktəb şagirdlərinin ali məktəblərlə daha yaxından tanış olması üçün şərait yaradılmalıdır. Bu məqsədlə “təhsil həyatı” kimi tədbirlər də təşkil oluna bilər”.

Müsahiblərimizin fikirləri, Elm və Təhsil Nazirliyindən təqdim olunan statistika da göstərir ki, hazırda ali təhsil imkanlarının böyük bir hissəsi paytaxtda cəmləşib. Bu isə bölgə universitetlərinin inkişafı, kadr potensialının gücləndirilməsi, tədris infrastrukturunun yenilənməsi və təhsilalanlar üçün cəlbedici mühitin yaradılması məsələsini daha da aktuallaşdırır. Regionlardakı ali təhsil müəssisələrinin potensialından daha səmərəli istifadə olunması, onların maddi-texniki və elmi bazasının gücləndirilməsi, yeni ixtisasların açılması və təbliğatın genişləndirilməsi, bölgə gənclərinin təhsilə əlçatanlığını artırmaqla yanaşı, ölkə üzrə ali təhsilin balanslı inkişafına da şərait yarada bilər.

Sonda hazırda fəaliyyət göstərən bölgə universitetləri və filiallarının siyahısının təqdim edirik. 
Qarabağ Universiteti;
Naxçıvan Müəllimlər İnstitutu;
Azərbaycan Texnologiya Universiteti;
Gəncə Dövlət Universiteti;
Naxçıvan Dövlət Universiteti;
Mingəçevir Dövlət Universiteti;
Lənkəran Dövlət Universiteti;
Azərbaycan Dövlət Aqrar Universiteti;
ADPU-nun Şəki, Quba, Şamaxı, Ağcabədi, Cəlilabad filialları;
ADİU Zaqatala filialı;
BDU Qazax filialı.

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.