![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/d6fbe828-d72f-4f68-92d6-74801ac2cc37_fg4h390gio34bngl4olg.jpg)
“Azərbaycan müəllimi” “Elm ocaqlarında” rubrikası çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Baş direktoru akademik Dilqəm Tağıyevin müsahibəsinin növbəti hissəsini təqdim edir:
Gənclərə hər dəfə deyirik ki, kimsə onların əvəzinə məqalə yazası deyil…
– İnstitutda yeni elmi qüvvələrin tədqiqatlara cəlb olunması istiqamətində hansı işlər görülür?
– Biz gənclərə hər cür dəstək olmağa çalışırıq. Gənclərə hər dəfə deyirik, heç kəs o cavan alimin əvəzinə laboratoriyada işləyəsi, onun əvəzinə məqalə yazası deyil. Bizim cavanlarımız mobillik qrantlardan istifadə edirlər, xarici ölkələrə getmək üçün o qrantları udurlar. Keçən il bizdə bir nəfər 1000 avroluq bir mobillik qrantı udub İtaliyaya getmişdi, digəri 500 funt-sterlinq mobillik qrantı udub İngiltərəyə getmişdi. Bu il, məsələn, bir gəncimiz qrant udub və bir aylıq Pakistana gedir. Yəni belə hallardan istifadə edirlər və hər dəfə də biz cavanlara deyirik ki, siyahını vermişik, baxın hansı ölkələrdə qrant proqramları var. Amerikadan tutmuş İndoneziyaya qədər, yəni bu imkanlardan istifadə etmək, çalışmaq lazımdır. Ataların yaxşı bir misalı var: “Gəzən ayağa daş dəyər”. Ruhdan düşmək lazım deyil, ola bilər qrant bir dəfə keçməsin, iki dəfə keçməsin, amma hər dəfə adamın təcrübəsi artır, layihəni necə yazmaq, necə təqdim etməyi öyrənir.
Bizdə də gənc tədqiqatçılar üçün elmi qrantlar keçirilir. Mən hesab edirəm ki, daxildə qrantların keçirilməsində tam şəffaflıq olmalıdır. Yəni burada lap əvvəldən axıra qədər bilinməlidir ki, kim layihə verir, nə qədər layihə verən var, hansı layihə qalib gəldi, layihənin rəhbəri kimdir? Yəni hesabatlarda müsabiqənin keçməsi şəffaf olmalıdır. Bir də görürsünüz, mən konkret deyə bilmərəm, amma fikirləşirəm, yəqin belə hallar ola bilər, yaxşı gurultulu alınan bir qrant layihəsi verilir, qalib olur, onun axırı nə olur? Yəni o hesabatı kim, necə dəyərləndirir? Bu məsələlərdə bir mexanizm işləmək lazımdır. Söhbət təkcə qrant almaqdan getmir. Onu axıra çatdırmaq lazımdır. Mənim bir aspirantım vardı, Tahir Tahirov, indi Amerikada işləyir. O deyir ki, ABŞ-də bir neçə yüz min dollar həcmində yüksək qrantlar verilir. Qrantın hesabatını o qədər ciddi tələb edirlər ki, əgər hesabat təmin eləməsə, ikinci dəfə o adamlara qrant vermirlər. Təkcə qrant almaq azdır, həm də onun lazımı şəkildə hesabatını vermək lazımdır ki, onu dəyərləndirmək mümkün olsun.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/e1e3242b-80b6-44bc-8370-b29843b88ad3_WhatsApp%20Image%202025-02-10%20at%2016.03.24.jpeg)
– Dilqəm müəllim, sizcə gənc alimlərdən nə kimi keyfiyyətlər tələb olunur? İstedad daha önəmlidir, yoxsa yüksək iş qabiliyyəti?
– Hər ikisi. Azad Mirzəcanzadənin bir sözü vardı. Deyirdi ki, müvəffəqiyyətin çox böyük hissəsi, haradasa üçdə ikisi, bəlkə də 80 faizi işləmək, qalanı susmaq qabiliyyətidir. Yəni adam var ki, hələ işi axıra çatdırmamış reklama gedir, hay-küy salır, ancaq hələ son nəticə yoxdur. Yəni susmaq bacarığı işləmir. Doğrudan da işləmək qabiliyyəti çox vacib məsələdir. İstedadlı bir gündə 12 saat işləyir. Məsələn, başqasının 3 günə gördüyü işi görür, qalan 4-5 günü istirahət edir, nisbətən az istedadı olan 3-4 gün işləyir, gəlib ona çatır. Yəni istedad özünü göstərmir, amma istedadlı adam onun kimi 1 gün yox, 4-5 gün işləsə, əlbəttə, onun nəticəsi artıq gözə çarpar.
Uşaqlara bəzən elə çətin tapşırıqlar verirlər ki…
– Məktəblərdə kimyanın tədrisi məsələsinə toxunmaq istərdim. Kimyadan dərslik vəsaitləri dövrün tələblərinə cavab verirmi?
– Burada fikir ayrılığı var. Konkret cavab verir demək çətindir. Çünki istənilən dərsliyi yazan müəllif çalışır ki, əvvəlkilərindən bir qədər yaxşı olsun. Bir qədər çox məlumat verilsin. Amma kəmiyyətə qaçmaq bəzən lazım olan effekti vermir. Çünki şagirdin beyni o qədər geniş həcmdə böyüməyib ki, onların hamısını mənimsəyib yadda saxlaya bilsin. Əzbərləyir, üç aydan sonra yaddan çıxır. Yəni vacib olan məsələlərin üstündə dayanmaq daha vacibdir, nəinki çox geniş məlumat vermək və onları tələb etmək. Bu mənim fikrimdir. Mən orta məktəbdə dərs deməmişəm. Amma görürəm ki, uşaqlara bəzən elə çətin tapşırıqlar verirlər ki, nəinki uşaq, heç ali təhsilli valideyn həll edə bilmir. Bu məsələləri nəzərə almaq lazımdır. Düzdür, zəmanə dinamik inkişafdadır, sürətlə inkişaf edir, məlumat çoxdur. İndi əsas məsələ o məlumatı seçib, lazımlı olanları götürməkdir, yoxsa təzə çıxan bütün məlumatları vermək mümkün deyil.
Məsələn, kimya sahəsində hesablayıblar ki, hər 11 ildən bir elmi informasiyanın həcmi iki dəfə artır. Əvvəllər informasiya aclığı idi, indi isə informasiya bolluğudur. O qədər informasiyanı izləsən, onda iş görməyə vaxt olmaz. Burada optimal həll yolu lazımdır ki, elmi işin aparılmasına mane olmasın. Həm informasiya ilə məşğul olmağa, həm elmi iş aparmağa, həm də fikirləşməyə vaxt qalsın. Hər halda insan robotdan fərqlənməlidir.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/d9f555fb-25cb-40ae-b1a5-2dce1f1d2f6b_WhatsApp%20Image%202025-02-10%20at%2016.03.24%20(8).jpeg)
Məktəblərimizdə elə yaxşı, savadlı uşaqlar var ki…
– Biz bunu ona görə deyirik ki, uşaqları məktəbdən elmə marağını artırmaq üçün dərsliklərin maraqlı yazılmasını istəyirik…
– Bilirsiniz, orta məktəb şagirdləri arasında yaxşı, savadlı uşaqlar kifayət qədər çoxdur. Mən bir neçə dəfə “Sabahın alimləri” müsabiqəsində iştirak eləmişəm, çıxış da etmişəm. Elə yaxşı, savadlı uşaqlar var ki, ancaq universitetlərdə bakalavr olanda onların sayı xeyli azalır. Niyə, hara gedirlər onlar? Həvəsdənmi düşürlər, əvvəlki həvəslərimi qalmır? Bu, böyük problemdir. Amma IX, X, XI sinif uşaqları arasında elə həvəsli, gördüyü işlə, necə deyərlər, nəfəs alan, onunla yaşayan uşaqlar olur ki, baxırsan adama ləzzət edir.
Əslində o həvəsi saxlamaq lazımdır. Ali məktəblərdə də təhsil elə olmalıdır ki, tələbə təhsildən bezməsin, elmlə maraqlansın. O məşəli yandırmaq, o potensialı, həvəsi yaşatmaq lazımdır. Müəllimlərdən də çox şey asılıdır. Çox vaxt deyirlər ki, uşağı öyrətmək lazımdır. Bəs müəllimi kim öyrətməlidir? Əgər müəllim özü həm elmi tərəfdən, həm pedaqoji tərəfdən tam hazırlıqlı olmasa uşağa nə öyrədəcək? Uşaq onun dərsinə hansı həvəslə gedəcək?
Elmin ən böyük problemi…
– Dünyada elm inkişaf edir, elmimizi müəyyən qədər dünya elmi ilə müqayisə edə bilərikmi?
– Deyirlər ki, elmin vətəni yoxdur, amma alimin vətəni var. Yəni elmi milliləşdirmək, ictimai-humanitar sahədə bəlkə də ola bilər. Azərbaycan tarixini, fəlsəfi fikrini öyrənmək vacibdir. Amma təbiət elmləri dünya elminə yaxın olmalıdır. Dünyada nə öyrənilirsə, deyək ki, biz də onların hamısını öyrənək, bunun effekti olmayacaq. Ancaq ölkəmizin mənafeyi baxımından, onlardan ölkənin xeyrinə istifadə edə biliriksə, onun xeyri olacaq və buna da çalışmaq lazımdır. Yəni sadəcə məqalə xatirinə iş görməklə çox uzağa getmək olmayacaq. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində beş əsas istiqamət var və onlardan ikisi elmlə əlaqədardır. Elə sahələrdə çalışmaq lazımdır ki, orada həm fundamental iş aparılsın, həm də bir hədəf olsun. Mən demirəm ki, bu gün elmi işlə məşğul olub, sabah bunu zavod tikib tətbiq edəcəyik, mümkün deyil. Amma ki, hansı hədəf üçün çalışırıq, ola bilər, müəyyən vaxtdan sonra onun sifarişçisi olsun. İndi elmin ən böyük problemi nədir, bilirsiniz? O, elmi işlərin səviyyəsinin aşağı olması deyil. Onlar kifayət qədərdir, məsələn, bizim bazalarda çıxan məqalələrimiz kifayət qədər yüksək səviyyədədir, söhbət onlara sifarişin olmamağıdır. Bax, bizdə özəl sektor elmi işlə maraqlanmır. Halbuki ümumi daxili məhsulun 80 faizi özəl sektorun payına düşür. Yəni onları maraqlandıran odur ki, gəlir gətirən iş olsun. Ancaq gəlir birdən-birə olmur axı... Yəni nə elmi ideya, nə laboratoriya təcrübəsi birbaşa, avtomatik olaraq bazara bağlanmır, 7-9 mərhələ keçmək lazımdır. İndi tələb olunur ki, alim həm laborator işi aparmalıdır, həm bu 7-9 mərhələni keçməlidir, həm də məhsulu bazara çıxartmalıdır. Onda sifariş olacaq. Əlbəttə, bu çətindir, yəni aralıq körpülər ki var, bax, o körpüləri gücləndirmək lazımdır.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/9e36e31e-47a5-4ef8-8ba3-c5bed3caa76d_WhatsApp%20Image%202025-02-10%20at%2016.03.28%20(1).jpeg)
– Siz Yaponiya təcrübəsi dediniz, orada həm də iri sənaye şirkətlərinin nəzdində də elmi müəssisələr var…
– Təbii ki. Bunu yaxşı dediniz, bir misal gətirim. Cənubi Koreyanın “Samsung” şirkətinə ayrılan maliyyə vəsaiti bütün müsəlman ölkələrində elmə ayrılan vəsaitdən çoxdur. Təsəvvür edirsiniz, bütün müsəlman ölkələri və bir şirkətə ayrılan vəsait. Ona görə də, əlbəttə, “Samsung”da irəliləyiş də çox olacaq.
– Sənaye sahələrini elmi-tədqiqatlara necə cəlb etmək olar?
– Məsələ orasındadır ki, sənaye müəssisələrinə, özəl sektora konkret tapşırıq qoyulmalıdır ki, onlara nə lazımdır? Yoxsa alim özü otursun, fikirləşsin ki, sənayeyə nə lazımdır, o işi görsün, axıra çatdırsın, sonra ona desinlər ki, mənə lazım deyil. O da ola bilər. Yəni bir tapşırıq, sifariş olmalıdır. Elə sifarişlər var ki, dövlət səviyyəsindədir, onları yerinə yetirmək üçün bir institutun gücü çatmaz. Sifariş olmalıdır, burada bir neçə klaster tipli mərkəzlər yaratmaq lazımdır.
Qarabağ Universiteti ilə birgə işlər aparılması da mümkündür
– İndi Qarabağda yenidənqurma-abadlıq dövrü başlayıb, yeni universitet fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji, yaşıl elm sahəsində maraqlı tədqiqatlar aparıla bilər.
– Bunlar maraqlı sahələrdir. Energetika Nazirliyi nəzdində bir İşçi Qrup yaradılıb, mən də bu qrupun üzvüyəm. Təxminən 8 dəfə yığışaraq müzakirə aparmışıq. Bu, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” məsələləridir, enerji səmərəliliyinin artırılmasıdır… Orada xeyli işlər görülür. Yaşıllığın, meşələrin bərpası, boyböyüdücü maddələr sahəsində müəyyən işlər aparılır. Təxminən 11-12 SES-də korroziya məsələləri var, onları daim nəzarətdə saxlamaq lazımdır. Xammal demirəm, Qarabağın təbii sərvətlərini deyirəm. 2017-ci ildə Moskvada “Военный промышленный курер” adlı jurnalda bir rus iqtisadçısının məqaləsi dərc olunmuşdu: “Qarabağın sərvətləri kimlərə rahatlıq vermir?” O zaman hələ torpaqlarımız işğaldan azad olunmamışdı. O Qarabağda yerin altında və üstündə nələr olduğunu sadalayırdı. Yəni bunların hamısı gələcəyin hədəfləridir. Xankəndidə AMEA-nın bir bölməsi olaraq Qarabağın təbii sərvətləri ilə məşğul olan elmi mərkəzin yaradılması barədə müzakirələr gedir. Bu təklif reallaşsa, Qarabağın təbii sərvətləri ilə bağlı işlər üçün imkanlar çox olacaq. Qarabağ Universiteti ilə birgə işlər aparılması da mümkündür. Hələlik minatəmizləmə başa çatmadığından o işləri aparmaq bir az çətindir. Ancaq həmişə belə qalmayacaq ki…
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/a2b35bb8-f85b-4f9b-8e08-1cf40d536bb3_WhatsApp%20Image%202025-02-10%20at%2016.03.29%20(1).jpeg)
Cavanlara deyirəm, kim 29 yaşına kimi müdafiə etsə, onu mükafatlandıracağam
– Gənclərə nə kimi tövsiyələriniz olardı?
– Hər nəsil dəyişəndə gənclərdə yeni fikirlər, yeni psixologiya ortaya çıxır. Açıq danışaq, tarix boyu həmişə atalar övladlarından bir az narazı olublar. Aristotelin “Etika” əsəri var. 2 min il bundan əvvəl yazılmış bir əsərdir, məhz ata və oğul münasibətinə həsr olunmuş kitabdır. Hamımız deyirik ki, biz gənc olanda belə edirdik, elə edirdik. İndiki nəsil onu eləmək istəmir axı. Bununla hesablaşmaq lazımdır. Biz 22-23 yaşımız olanda deyirdik ki, universiteti bitirdim və 5 ilə, daha doğrusu 3-4 ilə 26-28 yaşımda namizədlik müdafiə edəcəyəm sonra 10 ilə doktorluq müdafiə edəcəyəm. Ondan sonra da həyatım təmin olunacaq. Bir az arxayın olacağam ki, ailəmi saxlaya biləcəyəm. İndi ona ümid eləmək çətindir. Mən həmişə ümumi iclaslarda deyirəm, bu ikimərhələli müdafiə sistemini yığışdırmaq lazımdır, bir dəfə fəlsəfə doktoru oldu, bu, kifayətdir. Kağız yaradıcılığından uzaqlaşıb elmlə məşğul olmaq lazımdır. Elmlər doktorundan nə tələb olunursa, professordan da təxminən o tələb olunur. Elmlər doktorundan təkcə dissertasiya yazmaq tələb olunur? Dissertasiya yaz, hərfləri, ədəbiyyatı say, vaxtın getsin sonra rəyçi, ressensiya tap, opponent tap. Professordan tələb olunur ki, xaricdə monoqrafiyası çıxsın. Elə dissertasiya yazmağa sərf elədiyi vaxtda monoqrafiyasını yazar, elmi işlərini də görər, birbaşa professor ola bilər. Heç doktor olmağa ehtiyac qalmır. Doktor olmaq arzusunda olanların sayı çox azdır. Düzdür, cavanlar arasında var, məsələn, bizim kimyaçılardan 2 nəfər 35 yaşında müdafiə edib. İndi mən cavanlara deyirəm, kim 29 yaşına kimi müdafiə eləsə, təsdiqini alsa, mən institutun hesabına onu mükafatlandıracağam.
Sinqapurda elmi dərəcə almaq dalınca gedən yoxdur. Orada əsasən çalışırlar ki, sevdikləri bir işləri olsun, gecə-gündüz işləsinlər, əlbəttə ki, maaşları da yaxşı olsun. Sinqapur 5 milyon əhalisi olan şəhər dövlətdir, nefti, qazı yox, heç içməli suyu da yoxdur. Amma görün, inkişaf səviyyəsi hara gəlib, beyin var. Ancaq cavanların da arzularını nəzərə almaq lazımdır. Məsələn, biz oxuyan vaxtlarda semestrlərdə neçə imtahan verirdik? 2 və ya uzağı 4. İndi neçə imtahan verirlər? 7-8 imtahan. Bütün zaçotları hesablasaq, gəlib çatardı 7-yə. Bu 7-8 imtahanı tələbə necə versin, hansını öyrənsin?
Amma gəncləri çox boş buraxmaq da olmaz. Bütün günü getsin telefonda sosial şəbəklərə baxsın. Aşağı sinif uşaqlarından tutmuş böyüklərə qədər hamının əlində telefon, yolda gedəndə, küçəni keçəndə də əllərindən yerə qoymurlar. Bu, bir bəladır. Nəsə optimal həll tapmaq lazımdır. Necə bir həll, burada fikir söyləmək çətindir, hərənin bir fikri ola bilər.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/b4b93817-7ad6-454d-be81-c0acd5ea0347_WhatsApp%20Image%202025-02-10%20at%2016.03.24%20(9).jpeg)
Alim sözünü üzərinə götürmək müəyyən risk tələb edir
– Alim və yaradıcı insan arasında bərabərlik işarəsi qoymaq olarmı?
– Yox. Yaradıcı insan heykəltaraş, rəssam, şair də ola bilər. Alim isə… Rəhmətlik Xudu müəllimin bir sözü vardı. Deyirdi ki, mən alim deyiləm, elmlə məşğul olan adamam. O, alim sözünü üstünə götürmürdü. Alim sözünü üzərinə götürmək müəyyən risk tələb edir. Bəzən televiziyada da çıxış edirlər, elmin məsələsi müzakirə olunur, akademiyadan bir adam yoxdur. “Biz alimlər belə gəldik, belə getdik…”, - deyirlər. Bu alim sözünü az işlədin də... Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Moskvada mənim elmi rəhbərim olmuş akademik Həbib Minaçov kimi əsl alimlər olub. Məsələn, Nikolay Emanuel, Vladimir Kazanski kimi adamların yanında adam özünə alim deməyə utanır. Düzdür, indi çalışırlar, müəyyən tədqiqatlar aparırlar. Amma yaradıcı adama baxanda, elmin incəsənətlə, musiqi ilə əlaqəsi böyükdür. Kimyanın incəsənətlə əlaqəsi çox sıxdır. Bu o demək deyil ki, yaradıcı adam hökmən alim olmalıdır. Yaradıcı alim ümumi, geniş anlayışdır. Şairin də, bəstəkarın da yaradıcılığı olur. Alimin də yaradıcılığı olur. Ümumiyyətlə, deyirlər ki, hər insan özü bir sahədə dahidir. Eləsi var o sahəni tapa bilir, çoxusu tapa bilmir. Bəlkə də başqa sahələrə getsə orada çox uğurlar qazana bilər. Arkadi Raykinin bir maraqlı sözü var idi: Rəssam kimdir? Deyirdi ki, rəssam gərəkli olan boyanı gərəkli yerdə yaxmağı bacaran adamdır. Yaradıcılıq hər sahədə olur. Hər sahədə yaxşı heykəltaraş olmur. Hər sahədə yaxşı şair olmur. Elmdə də hamı yaxşı alim olmur.
Antuan de Sent-Ekzüperinin “Dualar” əsəri var. Əsərdə qeyd olunur ki, adam fikirləşəndə ki, bu dünyada onun kimiləri çoxdur, onda təsəlli tapır. Hamı istedadlı olsaydı, onda istedad sözünün mənası olmazdı. Yaradıcılar da həyatda öz rolunu oynayır. Ona görə də həyatda hər kəsin öz funksiyası, öz yeri, öz işi var. Əsas odur ki, istəyinə, bacarığına uyğun istiqamətdə özünə yer tapa biləsən.
Cavanlara da arzum odur ki, həvəslərinə, qabiliyyətlərinə, işlərinə uyğun elə yer tapsınlar ki, o sahədə inkişaf edə bilsinlər.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/11%20February%202025/5bb665c8-8b0a-49e6-9f05-5f20d6ce925d_f2b98be9-572a-4b93-b3ee-1207deaaa729.jpg)
Kimyadan təbabətə
– Qarşıda nə kimi hədəflər var?
– Əsas hədəflər “yaşıl enerji”, qeyri-üzvi materialşünaslıq üçün yeni funksional materialların alınması ilə bağlı işlərdir. Materialşünaslıq, ümumiyyətlə, dünya elmində prioritet sahələrdən biri sayılır. Sonra, məsələn, çirkab sularından, məişət tullantılarından bizim əməkdaşlar kompleks gübrə alıblar və pambıqçılıqda çox yaxşı effekt verir. Dünya miqyasında götürəndə bu süni gübrələrin qiyməti xeyli artıb. Sonra su elektrik stansiyalarında olan hidrotexniki qurğular var, su mühitində işlədiyindən korroziyaya məruz qalır. Korroziyadan dəyən ziyan 100 milyardlarla ölçülür. Bizim işçilər neçə illərdir ki, Taxta körpüdə, Yenikənddə, Şəmkirdə, Tərtər çayı üzərində olan hidrotexniki qurğuların vəziyyətini öyrənir, bu sahədə işlər aparırlar. İndi bu işlər bilavasitə gəlir gətirmir. Amma gələcəkdə iqtisadiyyat üçün lazım olan məsələdir. Yəni alimin işi təkcə zavod tikmək, bazara nəsə buraxmaqla qurtarmır. Bu ideyaların özündən belə istifadə eləsinlər. Məsələn, adını demək istəmirəm, xarici şirkətlərin birinə belə bir məsələ ilə müraciət ediblər. Külli miqdarda pul istəyiblər. Halbuki bizim işçilər çox az məbləğlə o işi görürlər, özləri maşınla gedir, orada işləyir, nəticələri çıxarırlar. Sonra neftin 30-35 faizi çıxarılır, qalan ağır neftdir. Bizim texnoloqlar orta ağır neftin xassələrini, reoloji xassələrini öyrənirlər. Neft məhsulları nəql olunan borularda çöküntülər əmələ gəlir, parafinlərdə, asfaltenlərdə, qətranlarda o çöküntülər boruları tutur. İndi onun qabağını almaq üçün nə etmək lazımdır? Əməkdaşlarımız bütün o işlərlə məşğuldurlar. O modelləri verirlər, tənliklər çıxardırlar. Bu ümumi tənlikləri həll edirlər, hansı həll daha yaxşıdır.
Ondan sonra, məsələn, tullantı sularında müxtəlif ağır metallar, toksik metallar var. Onları oradan çıxartmaq üçün təbii xammal əsasında xüsusi absorbentlər hazırlayırlar. Bir az dərinə getsək, məsələn, ağıllı, smart polimerlər alırlar ki, onlar xarici parametrlərin təsirindən öz xassələrini dəyişə bilirlər. Onlara dərman maddələrini emobilizasiya edirlər, sonra orqanizmə verirlər. Çünki elə dərman maddəsi var ki, xəstə toxuma ilə yanaşı, 10 dənə də sağlam toxumaya təsir göstərir. Çünki doza çoxdur. O polimerləri alırlar, onları emobilizasiya edirlər. Bunlar təbabət üçün lazım olan məsələlərdir. Məsələn, orqanizmdə çox ağır metallar var ki, onların artıq miqdarı müxtəlif xəstəliklərə səbəb olur. Onlar üçün xüsusi absorbentlər düzəldirlər, bu işlər hələ başlanğıc səviyyədədir, bizimkilər də bu sahədə işləyirlər. Əlbəttə, bunlar maraqlı məsələlərdir.
Müsahibənin I hissəsi ilə BURADAN tanış ola bilərsiniz!
Foto: Kənan Qafarov
1 /15
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
![Bookmark](/_next/image?url=%2Fassets%2Fimages%2Fbookmark.png&w=256&q=75)
![Programmer](/_next/image?url=%2Fassets%2Fimages%2Fprogrammer.png&w=640&q=75)
![Mail box](/_next/image?url=%2Fassets%2Fimages%2Fmailbox.png&w=640&q=75)
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
![Azərbaycan müəllimi logo white](/_next/image?url=%2Fassets%2Flogo%2Fmain-logo-white.png&w=640&q=75)
Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər