
Məlumdur ki, bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyində ölkəmizin müxtəlif elm sahələrində çalışan və yüksək elmi nailiyyətlərə malik bir qrup alimlə görüş keçirilib. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev elmin müasir çağırışlarından, mövcud problemlərin həllindən və alimlərin bu prosesdəki rolundan bəhs edib.
Görüş iştirakçılarından Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev “Azərbaycan müəllimi”nə müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüb.
Elmdə mövcud olan problemlər açıq şəkildə söylənilməlidir
- Cənab nazir Emin Əmrullayevin görüşdəki çıxışı göstərdi ki, elm sahəsində problemlər ictimaiyyətdən gizli saxlanılmır, açıq şəkildə müzakirə olunur. Cənab nazir elmdə ən vacib məqamlara toxundu, söhbət elmi istiqamətdən gedir. Təbii ki, müəyyən nöqsanlar, çatışmazlıqlar haqqında nazir çox gözəl, dolğun qeydlər etdi və diqqətimizə çatdırdı. Bu, çox təqdirə layiqdir ki, cənab nazir elmdə olan problemləri qeyd edir, eyni zamanda da onların həllinə tərəfdar olduğunu nümayiş etdirir. Və bizi də elmlə məşğul olanları da səfərbər edir ki, fikirlərimizi söyləyək, öz töhfəmizi verək ki, elmi nə dərəcədə inkişaf etdirək, yəni sıçrayış baş versin. Çünki elm və təhsil cəmiyyət üçün həssas bir məsələdir. Elm və təhsil bir-birilə bağlıdırlar, bir-birindən ayrıla bilməz.
Təbii ki, elmdə problemlər var. Əgər problemləri yaradan səbəbləri bilməsək, onları səmimi şəkildə açıq deməsək, göstərməsək, bir-birimizlə ünsiyyət yaranmasa, biz elmi, təhsili irəli apara bilmərik. Bu problemlər göstərilməlidir, aydın şəkildə deyilməlidir.
Çünki problemlər açıq şəkildə söylənilməsə, olduğu kimi qalacaq. İllər keçir, dünənki 35-40 yaşında olan gənc mütəxəssis sayılan alimlər get-gedə yaşlaşırlar, ən azından elm sahəsində bir irəliləyiş olmalıdır. Bir daha təkrar edirəm ki, elmdə mövcud olan problemlər açıq şəkildə söylənilməsə, illərlə bir nöqtədə qalacaq. Ona görə də bu problemlərin cənab nazir tərəfindən açıq-aydın, səmimi şəkildə qeyd edilməsi çox müsbət bir haldır. E.Əmrullayevin bu məsələləri bizimlə birlikdə həll etməyə cəhd göstərməsindən çox məmnun qaldım.
Alimlər gənc kadrların yetişdirilməsində çətinliklərlə üzləşirlər
“Görüşdə hansı məsələləri qaldırdınız?” sualına gəlicə, Q.Babayev qeyd edir ki: “İlk növbədə, alimlərin məqalələrinin elmi jurnallarda çap olunmasına görə mükafatlandırılması ilə bağlı təşəkkür etdim”.
- Məqalələri dünyada tanınmış Q1 və Q2 kvartillərdə olan jurnallarda çap olunan alimlərə mükafatların ayrılması, bir növ stimuldur. Çıxışımda qeyd etdim ki, elmi jurnallarda məqalələr çap etdirmək bir növ hədəfə çevrilir. Çünki alimlər gənc kadrların yetişdirilməsində çətinliklərlə üzləşirlər. Yəni hər hansı alim öz sahəsini gözəl bilir, onun elmini, biliyini heç kim əlindən ala bilməz. Ancaq gənc kadr yetişdirməkdə problemlərlə, süni çətinliklərlə üzləşirlər. Sərbəst elmi tədqiqat aparan alimin biliyini əlindən almaq olmur, ancaq onun doktorantına maneələr yaradılır. Bu, çətin bir məqamdır. Nəticədə müəyyən süni maneələr nəticəsində bu doktorantı yetişdirə bilmirsən, o zaman nüfuzlu jurnallarda məqalə çap etdirmək bir növ hədəfə çevrilir. Ancaq bu da uzun çəkmir, çünki mütləq gənc kadr yetişdirilməlidir. Bu məsələni görüşdə çatdırdım, Alimlərə mükafatların verilməsinin elmlə məşğul olan adamlar üçün çox müsbət qarşılandığını dedim. Çünki biz elm adamlarıyıq, elm isə həmişə ziddiyyətli məsələdir. Lakin hər hansı gözəl mütəxəssisin, möhkəm biliyə malik olan elm adamının biliyini əlindən almaq olmur.
Fürsətdən istifadə edib mən bu görüşə dəvət olunduğuna görə təşəkkürümü bildirmək istəyirəm. Mən çox təşəkkür edirəm ki, nazirlik belə bir gözəl görüşü təşkil etdi və bizi, elm sahəsində müəyyən qədər töhfə vermiş alimləri dəvət etdi. Çox gözəl və səmimi görüş idi, mən bu görüşdən çox məmnun qaldım.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər