
Universitet elmini necə inkişaf etdirmək olar? Elmi universitetlərə necə gətirmək olar? Ali təhsil müəssisələrində elmi tədqiqatları necə təşviq etmək olar? Bütün bu və digər suallara dekabrın 11-də “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda keçirilən tədbirin panel müzakirələrində cavab tapmaq olardı.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Elmi universitetə necə gətirməli?” mövzusunda keçirilən panel müzakirələr ali təhsil və elmi müəssisələrin professor-müəllim heyətini maraqlandıran bir sıra maraqlı məqamlarla yadda qaldı.
Universitetlər maraqyönümlü və tədrisyönümlü tədqiqatla məşğul olmalıdırlar
Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti İctimai Birliyinin sədri, 2007-2015-ci illər Dövlət Proqramının məzunu Bahadur İbrahimov təqdimatında Avstriya tədqiqat modeli əsasında elmi tədqiqatların inkişaf xüsusiyyətlərindən danışdı.
Təqdimatda Avstriya və Azərbaycanın müqayisəli təhlili aparılıb. Qeyd olunub ki, əhalisinin sayı 10.3 milyon olan Azərbaycanda ümumi daxili məhsulun həcmi 75 milyard dollar təşkil edir. Azərbaycan Qlobal İnnovasiya İndeksində 80-ci yerdədir. Əhali sayı 9 milyon olan Avstriyada isə ümumi daxili məhsulun həcmi 522 milyard ABŞ dolları təşkil edir. Qlobal İnnovasiya İndeksində Avstriya 18-ci yerdədir. 2018-2024-cü illərin statistikasına əsasən, Avstriyada 2400 tədqiqat infrastrukturu var. İnstitut və tədqiqat mərkəzlərinin sayı isə 335 mindir. Bunlar 100-dən çox tədqiqat təşkilatlarında birləşib.

Avsriya tədqiqat xərclərinin ÜDM-dəki payına görə Avropanın 3-cü ölkəsidir. Bu xərclərin 30 faizə qədər olan hissəsi dövlət (yerli və mərkəzi) hesabına baş tutur. Qalan hissə isə özəl sektor və xarici investisiya hesabınadır. Avstriyada tədqiqat və inkişaf (R&D) sahəsində çalışanların 70 faizi biznes sektorunda, təxminən 22.7 faizi ali təhsil sektorunda, 6.5 faizi dövlət sektorunda, o cümlədən Avstriya Elmlər Akademiyası (QAW), Avstriya Texnologiya İnstitutu (AİT) və Lüdviq Bolsmann Cəmiyyəti (LBG) kimi təşkilatlarda çalışır.
Avstriyada tədqiqatlara maliyyə dəstəyi göstərən 5 əsas təşkilat var: Avstriya Promotional Bank (AWS), Kristian Doppler Tədqiqat Assosiasiyası (CDG), Avstriya Elm Fondu (FWF), Təhsil və Beynəlmilləşmə Agentliyi (OeAD), Avstriya Tədqiqatları Fond Agentliyi ( FFG). Tədqiqat aparmaq istəyənlər bu 5 qurumdan maliyyə ala bilərlər. Bundan əlavə, ölkədə 309 qeyri-universitet tədqiqat təşkilatı var ki, onlar da sənaye, texnoloji və s. sahələrdə tədqiqatyönümlü fəaliyyətlərə dəstək verir.
Təqdimatda ölkənin tədqiqat institutlarının müqayisəli təhlili aparılıb. Qeyri-universitet və universitet təşkilatlarının xüsusiyyətləri, məqsədi, maliyyələşmə mənbələri, strukturu, tədris rolu, əməkdaşlıq və nəticələri təhlil olunub. Universitetlər əsasən akademik bilik yaradan və təlim verən müəssisələrdir. Onların təhsil büdcəsi qrantlar, sənaye ilə iş birliyi əsasında maliyyələşir. Tədris isə əsas vəzifəsidir.
Avstriya tədqiqat modelinə əsasən, tələb – təklif ümumi strukturu tənzimləyir:
- Universitetlar maraqyönümlü və tədrisyönümlü tədqiqatla məşğul olmalıdırlar (maliyyələşmə);
- Qeyri-universitet institutları tətbiqyönümlü və sair tədqiqatlarla məşğuldur (sifariş və maliyyələşmə);
- Sənaye həm rəqabət və geridönüş üçün, həm də PR üçün tədqiqatçıları maliyyələşdirir.
Dövlət müəssisələri tədqiqatlara istiqamətləndirir, infrastruktur və koordinasiyanı təşkil edir:
- Dövlət proqramları vasitəsilə əlaqələndirir,
- Vergi endirimləri və sair vasitəsilə sənayeni həvəsləndirir,
- Üçillik müqavilələr (Leistungsvertrage) ilə istiqamətləndirir.
Sənaye üçün əməkdaşlıq maraqlıdır:
- Texnoloji həllər əldə edir,
- İstedad cəlb edir,
- Qrantlara çıxış əldə edir və investisiyanın səmərəliliyi təmin olunur.
Qeyd edək ki, B.İbrahimov Türkiyənin Yıldız Texnik Universitetində “Elektonika və telekommunikasiya mühəndisliyi” ixtisası üzrə bakalavr, Avstriyanın Vyana Universitetində “Mühəndislik idarəçiliyi” üzrə magistr təhsilinə yiyələnib. Hazırda Vyana Universitetinin “Robototexnika və idarəetmə qurğuları” ixtisası üzrə doktorantura təhsili alır. Eyni zamanda, Beynəlxalq Nəzarət Sistemləri Federasiyasının komitə sədridir. Yaponiyada Konica Minolta şirkətində 6 aylıq iş təcrübəsi var.
Universitetlər və elmi müəssisələri üçün “dişli çarx” modeli
Universitetlərdə tədqiqat infrastrukturunun yaradılması və tələbələrin tədqiqata cəlb olunması mövzusunda çıxış edən fizika elmləri doktoru, professor Elçin Hüseynov təqdimatında tədqiqat institutları ilə universitetlərin əlaqəsinin təmin edilməsi zəruriliyindən, bu iş birliyinin həmahəng, sıx rejimdə işləməsindən danışıb. O, çıxışında tədqiqat universitetlərinin bir-biri və ali təhsil müəssisələri ilə əlaqəsinin olmamasını qeyd edib: “Bir qurumun digər qurumun hansı işlə məşğul olmasından xəbəri yoxdur və bir-birinə dəstək ola bilmirlər”. Universitet və elmi müəssisələr arasında əlaqənin “dişli çarx” modeli əsasında qurulmasının zəruriliyini qeyd edən E.Hüseynov bu əməkdaşlıq modelinin Avstriya daxil olmaqla Avropanın bir sıra ölkələrində tətbiq olunduğunu deyib. Bu ölkələrdə universitetlər tərkibindəki tədqiqat institutları və digər elmi tədqiqat təşkilatları əlaqəli işləyir.

O hesab edir ki, adıçəkilən qurumlar bir konkret mövzu üzərində çalışıb ümumi hədəfə doğru irəli getməlidir. Bundan əlavə, universitet daxilində mövcud tədqiqat institutlarına diqqət artırılmalı və onlar inkişaf etdirilməlidir. “Təəssüflər olsun ki, bizdə universitetlər daxilində bu cür tədqiqat institutları inkişaf etməyib. Avropada bir çox universitetlər var ki, onların tərkibində olan tədqiqat institutları sırf tədqiqatlarla məşğul olur və dövlət tərəfindən maliyyələşdirilir. Bu tədqiqat institutları öz tədqiqatçılıq fəaliyyətlərindən gəlir əldə etməyə fokuslanıblar. Bəzi universitetlər var ki, məhz gəlir əldə edən tədqiqat institutlarını özlərinə birləşdirir”.
E.Hüseynov universitet və onların tərkibində formalaşan tədqiqat institutlarının fəaliyyətinin müqayisəli təhlilini aparıb. Bildirib ki, ali məktəblər nəzdində formalaşan tədqiqat institutları bu vəzifələri yerinə yetirməlidir:
- tədqiqatyönümlü təhsilin təşviqi,
- sənaye universitet əlaqələrinin inkişafı,
- universitetdə tədqiqat infrastrukturunun yaradılması,
- tələbələrin tədqiqata cəlb olunması.
Universitetlərdə elmi işlərə diqqətin artırılması aşağıdakıları nəzərdə tutur:
- elmi işlərin həvəsləndirmə mexanizmlərinin hazırlanması,
- həvəsləndirmədə azərbaycanlı alimlərin diqqət mərkəzində saxlanılması,
- dövlətin və tədqiqat qurumlarının maraqlarına uyğun mövzular üzrə həvəsləndirmə mexanizminin işlənməsi.
E.Hüseynov hesab edir ki, universitetlər və tədqiqat institutlarında stimullaşdırıcı əməkhaqqı sisteminin tətbiqi mütləqdir: “Universitetlərdə elmi işlərin dayanıqlı inkişafı üçün yerli alimlərin yetişdirilməsinə xüsusi diqqət verilməlidir. Sevindirici haldır ki, artıq bəzi universitetlərdə stimullaşdırıcı tədbirlər nəticəsində iş görən və iş görməyələr arasında fərq aydın görünür”.

Tələbələri elmə gətirmək üçün nə etməliyik?
E.Hüseynov elmin maliyyələşdirilməsinə olan maraqlardan danışarkən qeyd edib ki, bir sıra inkişaf etmiş ölkələrdə universitetlər gəlir gətirən və universitetin elmini inkişaf etdirən institutların fəaliyyətində maraqlıdır. Dövlət isə fundamental və dövlət üçün strateji əhəmiyyət kəsb edən (məsələn: kosmik və s. strateji sahələrdə) institutların fəaliyyətində maraqlıdır.
Tələbələri tədqiqata necə cəlb etməli?
E.Hüseynova görə, ilk növbədə universitetdə interaktiv dərslər çox önəmlidir. Tədris zamanı ənənəvi nəzəri hesablamalar deyil, real təcrübələrə fokuslanmaq tələbələrdə elmə maraq oyadar və onları qismən elmə cəlb edə bilər. Beləliklə, tələbələri elmə gətirmək üçün biz nə etməliyik?
- Öncə ailələrdən başlayaraq elm haqqında ictimai fikrin formalaşdırılması təmin olunmalıdır ki, hər kəs elmə maraq göstərsin.
- Tələbələrə elmi maraqların aşılanması vacibdir.
- Müəllimlərin yetişdirdikləri tələbə nəticəsinə əsasən stimullaşdırılması diqqətdə saxlanılmalıdır. Yəni bir müəllm yetişdirdiyi 10 tələbədən neçəsi elmə gəlir? Bu qiymətləndirməni aparmaq çox da çətin deyil.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi 38 yaşlı Elçin Hüseynov 2007-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bakalavr, 2010-cu ildə isə magistr proqramı üzrə bitirib. ABŞ, Almaniya, İtaliya, Fransa, Çexiya, Avstriya, Sloveniya, Türkiyə, Rusiya və bir çox başqa ölkələrin nüfuzlu mərkəzlərində radiasiya fizikası, nanoelektronika və nanonüvə texnologiyaları ilə əlaqədar tədqiqatlar aparıb. 93 elmi əsərin müəllifidir. Beynəlxalq qiymətləndirmə sistemlərində h-indeksi – 18, i10-indeksi – 23, istinad sayı 500-dən yuxarıdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər