Bütün xəbərlər
24 yanvar, 14:43

Zaman dəyişir və dəyişikliklər bütün sahələrdə, o cümlədən təhsilimizdə də özünü göstərir. Yaşadığımız müasir dövrdə təhsilimiz inkişaf edir. Elə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da təhsilverəndən təhsilalanadək, valideyndən təhsili idarəedənədək, infrastrukturdan maliyyə mexanizminədək cəmiyyətin bütün təbəqələrini və fəaliyyət sahəsini əhatə edir. Bu əhatə çevrəsi həm də Azərbaycanın gələcək inkişafının davamlı olması üçün peşəkar bilik və bacarıqlara yiyələnən, rəqabətəqabil kadrların yetişdirilməsi missiyasına xidmət edir. 

“Azərbaycan müəllimi”nin qonağı olan pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasovla da Azərbaycan təhsilinin inkişafından, müasir dövrün pedaqoji problemlərindən danışdıq.

– Ənvər müəllim, təhsilimizdəki vəziyyəti necə dəyərləndirirsiniz? Sizcə, aparılan islahatlar səmərəsini verir?

– Təcrübələr göstərir ki, təhsildə islahatlar asan olmur. İlk növbədə, onu öyrənmək, sonra lazım olan səviyyədə fəaliyyətə keçmək lazımdır. Ölkəmizdə bu baxımdan planlı və ardıcıl şəkildə tədbirlərin həyata keçirildiyi hər kəsə məlumdur. Bu tədbirlərin nəticəyönümlülüyü əsas istiqamət olub. İstər təhsilin məzmununda, istər təhsil texnologiyalarında, istərsə də qiymətləndirmə və idarəetmədə zəruri olanları nəticələrə gətirməklə yeni məzmun yaradılıb. Bu gün həmin məzmun və texnologiyalar qəbul olunmuş dövlət strategiyalar çərçivəsində inkişaf etdirilir. 

Ölkəmizdə nəticəyönümlü məzmunun yaradılması, başqa sözlə, standart əsaslı yeni məzmunun formalaşdırılması müasir qiymətləndirmə sisteminin yaradılmasını zəruri edib. Bu gün bütövlükdə təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərindən istifadə olunur. 

Nəticəyönümlülük həm də təhsilin bütün pillə və səviyyələrində münasibətlərin dəyişməsinə təsir göstərib, yeni metodologiya formalaşdırıb. Bu metodologiya müəllim və təhsilalanları üzərində iş apardıqları materiallara standartların tələbi baxımından yaradıcı yanaşmağa təşviq edir. Həmçinin onları öz fəaliyyətlərini tədqiqat əsaslı strategiyalardan istifadə etməyə istiqamətləndirir. Bütün bunlar isə təhsilin dövlət prinsiplərindən olan humanistlik və demokratikliyin tələblərinə cavab verdiyini göstərir.

Bu gün təhsil sahəsində islahatçılıq fəaliyyəti başa çatmayıb. Bu fəaliyyətin ən önəmli cəhəti odur ki, o, öyrənmə və inkişaf müstəvisində qurulmaqla davam etdirilir. Həmçinin cəmiyyət, öz növbəsində, yeni yaranan təhsil sisteminə uğurla adaptasiya olunur. Müəllimlərin, valideynlərin və təhsilalanların bu sistemə uyğunlaşması prosesi davam edir.  

“İşə götürülmə üçün müəllimlərin seçilməsi çox vacibdir”

-  Artıq neçə illərdir ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Digər yenilik təhsilverənlərin sertifikatlaşdırılması prosesinin həyata keçirilməsidir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

-  Kadrların işə götürülməsi bütün sahələrdə məsuliyyət yaradır. Xüsusilə bu, təhsil sahəsində daha kəskin hiss olunur. Cəmiyyət üçün vətəndaşların yetişdirilməsində müəllimin rolu və əməyi misilsizdir. Bu baxımdan müəllimlərin işə götürülməsi üçün onların seçilməsinə önəm vermək çox vacibdir. Əminliklə deyə bilərəm ki, bununla bağlı ölkəmizdə atılan addımlar çox düzgündür. Bunun üçün xüsusi prosedur qaydalarının müəyyənləşdirilməsi və həmin qaydalara uyğun olaraq müəllimlərin işə qəbulunun aparılması məntiqə uyğun hesab edilməlidir.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqələrin keçirilməsi cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu, özünü şəffaf bir sistem kimi doğruldub.

Müəllimlərin seçilməsi prosesində başlıca olaraq testlərdən istifadə olunur. Əsasən, müəllimlərin ixtisas fənləri üzrə, eləcə də pedaqoji, psixoloji biliklərinin müəyyənləşdirilməsinə diqqət yetirilir. Müsahibə prosesində isə onlarla şifahi söhbətlər aparılır. Heç şübhəsiz, bu yanaşma müəllimlərin seçimində şəffaflığa və obyektivliyə imkan yaradır, daha yüksək ixtisas biliklərinə malik olanların fərqləndirilməsi mümkün olur. Bu, ölkəmizdə müəllim kadrlarının seçiminin şəffaf şəkildə qurulmasına təminat verir.

2020-ci ildən müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. Bu siyasətin də zəruri bir tələb olaraq meydana çıxdığı  cəmiyyətimiz tərəfindən qəbul olunur. Müəllimlər öz potensialı müqabilində dəyərləndirilir və onlar müəyyən dövr üçün dərs demək hüququ qazanırlar. Tələblərə cavab verməyənlər isə müvafiq qaydada hazırlığını artırmağa təşviq olunur. Bu, əslində hər kəsin aydın gördüyü və başa düşdüyü bir prosesdir.

Müəllimlərin sertifikatlaşdırılması bu gün dünyanın pedaqoji aləmində diqqət mərkəzində dayanan ciddi bir məsələdir. Təhsil sistemlərində inkişafa nail olmaq, yaranmış pedaqoji problemləri peşəkarlıqla həll etmək üçün yüksək bilik və kompetensiyalara malik kadrlardan istifadə edirlər. Bunun üçün də məhz həmin kadrların dövrü olaraq sertifikatlaşdırılmasına önəm verilir.

Fikrimcə, biz sertifikatlaşdırma işini müasir təhsil innovasiyalarının fonunda daha da təkmilləşdirməli, onu müəllim inkişafının əsasına gətirərək Azərbaycan təhsilində inkişaf etdirməliyik.

- Sizcə, müasir Azərbaycan məktəbi, müəllimi hansı xüsusiyyətləri ilə seçilir?

- Artıq milli təhsil siyasətimizə uyğun olaraq hazırlanmış təhsil standartlarının və kurikulumların tətbiq olunmasında xeyli təcrübələr toplanıb. Bu gün dünyəvi olmaq üçün vacib sayılan milli şüuru, düşüncə tərzini inkişaf etdirmək məktəblərimizin prioritet istiqamətlərindəndir. Hər bir gəncimizin vətən torpağına, kəndinə, şəhərinə olan sevgisi onun dəyərinə, gücünə çevrilib. Bu güclə onlar həm də yenilməz bir qəhrəman kimi işğal olunmuş  torpaqlarımızın azad olunması uğrunda son ana qədər vuruşdular. Vətənini canından artıq sevən qəhrəman igidlərimiz ana torpağın bir qarışı belə düşməndə qalmasın deyə ölümün gözünə dik baxıb şəhadətə yüksəldilər. Bizim məktəblərdə formalaşan gənclər, eyni zamanda, onlara təlim-tərbiyə verən müəllimlərimiz olduqca vətənpərvərdirlər.

“Müəllimlərimiz öyrəndiklərini yaradıcı şəkildə istifadə etməyə səy göstərirlər”

- İndiki müəllimlərdən daha innovativ olmaq tələb olunur. Təhsilverənlərimiz təhsillə bağlı həm yerli, həm də beynəlxalq layihələrdə, təlimlərdə iştirak edir, dünyanın müsbət təcrübələrini öyrənirlər. Sizcə, onlar öyrəndiklərini dərslərində tətbiq edə bilirlər?

- Müəllimlərimiz özlərində öyrənməyə tələbat hiss edirlər. Təhsilverənlərimiz müxtəlif təlim kurslarına gedir və yaxud müxtəlif  onlayn təlimlərə qoşulur, beynəlxalq proqramlara qatılmaqla, seminarlarda, bir sözlə, müxtəlif öyrədici tədbirlərdə iştirak edərək sertifikata layiq görülürlər. Müasir dövrün müəllimlərinin inkişaf yönümlü tədbirlərə bu qədər maraq göstərməsi və onların sayının getdikcə artması təqdirəlayiqdir.    

İlkin araşdırmalar onu göstərir ki, müəllimlərdə belə öyrənmə ehtiyacının yaranması təsadüfi deyil. Bunun baş verməsini iki halla izah etmək olar. Onlardan birincisi, müəllimlərin unikal bir peşə adamı kimi inkişaf edərək öz daxili tələbatlarını hiss edə bilməsidir. Bu cür müəllimlər artıq özlərinə tələbkarlıqla yanaşmağa başlayılar. Onlar pedaqoji fəaliyyətlərində nəyin zəruri olduğunu, iş prosesini daha səmərəli qurmağa kömək edəcəyini və keyfiyyət təminatında rol oynayacağını artıq bilirlər. İkincisi, bunu pedaqoji prosesin təkmilləşməsi, tələbkar bir iş mühitinə çevrilməsi ilə izah etmək olar. Belə şəraitdə təlim prosesi müəllimin bilavasitə peşəkarlığının üstün olmasına daha çox önəm verir. Ondan müasir texnologiyalarla işləmə, keyfiyyətli nəticələr əldə etmə tələb olunur. Eyni zamanda, pedaqoji prosesin motivasiya əsaslı yaradıcı mühitə çevrilməsi ilə nəticələnir.

Müəllimlər nə qədər peşəkar olsalar da, hər il yeni təlimlərdə yeni texnologiyaları mənimsəməklə özlərini inkişaf etdirirlər. Təcrübələr göstərir ki, son dövrlərdə inkişaf həddindən artıq sürətlə gedir. Bu, təlimin məzmun komponentinin, eləcə də müəllimlərin yanaşma tərzinin, istifadə olunacaq strategiyaların genişlənməsini zəruri edir. Müəllimlər təlim prosesini maraqlı və effektiv etmək üçün özlərini təkmilləşdirir, istifadə etdikləri tədris texnologiyalarını yeniləşdirməli olurlar. 

Bu gün təhsil sistemində şagirdlərin təlim marağına cavab verən müxtəlif məzmunlu dərs modelindən istifadə olunur. Nəticələr həmin təcrübələrin daha da unikal formaya salınması və inkişaf etdirilməsindən xəbər verir. 

Yeri gəlmişkən, bəzi hallarda inkişaf etmiş xarici ölkələrdə qabaqcıl hesab edilən təhsil texnologiyalarının öyrənilib tətbiq olunmasından danışılır. Əlbəttə, bu fikrə daha produktiv yanaşmaq lazımdır. Çünki təcrübələr mütləq mənada öyrənilərək eyni ilə tətbiq olunmur. Hökmən öyrənilən təcrübəyə rəğmən Azərbaycan mühitinin imkanlarına uyğun yeni bir mexanizm yaradılır ki, ondan məqsədəuyğun şəkildə istifadə etmək mümkün olsun.

Müşahidələrimiz onu göstərir ki, müasir təhsil təcrübələrimizdə müəllimlərimiz öyrəndiklərini yaradıcı şəkildə istifadə etməyə səy göstərirlər. Bu, həm təlimin məzmununun hazırlanmasında, həm də təlim prosesinin qurulmasında özünü aydın şəkildə biruzə verir.

“Sinqapurun təhsil təcrübəsinin Azərbaycanda tətbiqi imkanları araşdırılır”

- Ənvər müəllim, digər məsələ, sizin qeyd etdiyiniz kimi, əldə olunan təcrübənin Azərbaycan reallığına uyğunlaşdırılması ilə bağlıdır. Müəllimlər öyrəndiklərini dərslərində nə dərəcədə tətbiq edə bilirlər? Onlar bununla bağlı hansı çətinliklər yaşayırlar?

- Dünyada müəllim təcrübəsinin arenası çox geniş və zəngindir. Bu xüsusiyyətlər onun diqqətlə öyrənilib ümumiləşdirilməsini və təhlilini tələb edir. Biz hansısa ölkənin təhsil təcrübəsinə fokuslanmaqla, konkret onu öyrənib tətbiq etməməliyik. Bu işin fəlsəfəsi ondan ibarətdir ki, ehtiyaclarımız baxımından intensiv və ekstensiv innovasiyaları araşdırırıq. Yüksək nəticələri olan, cəmiyyətdə status qazanan və proqressiv təhsil texnologiyalarına hədəflənirik. Təbii, bu, bir və ya bir necə ölkədə də ola bilər. Ancaq onların müəyyənləşdirilməsi və xarakterik nümunələr kimi ümumiləşdirilməsi xüsusi texnologiya ilə olmalıdır.

Belə bir vəziyyət təkcə təhsil müəssisələri səviyyəsində deyil, müəllimlərin təcrübəsində də baş verə bilir. Onların da innovativ yanaşmaları elmi-pedaqoji əsasda müəyyən olunmalı və seçimlər edilməlidir.

Azərbaycanda müəllimlərin təcrübələrinin diapazonu inkişaf etmiş dünya ölkələrinin təhsil təcrübələri civarındadır desək, səhv etmərik. İslahat dövründə nəticəyönümlü yeni məzmunun, o cümlədən müasir standart və kurikulumların yaradılması məqsədilə ABŞ, Niderland, Finlandiya, Türkiyə, Avstraliya, Braziliya, Kanada və başqa ölkələrin təhsil təcrübələri öyrənilib. Bu gün Sinqapurun təhsil təcrübəsi öyrənilib təhlil olunur. Onların Azərbaycan mühitinə uyğunlaşdırılaraq tətbiqi imkanları araşdırılır. Ən başlıcası, hazırlanmış standart və texnologiyaların sınaqdan keçirilməsi vacib hesab edilir. Bu zaman birmənalı olaraq müəllimlərin yeni məzmun və texnologiyalarla işləyə bilməsində çətinliklər meydana çıxır. Bu çətinliklər isə, öz növbəsində, ümumilikdə inkişafın ləngiməsinə səbəb ola bilir.

Belə olduğu təqdirdə vacib olan odur ki, təhsil üzrə məzmun və texnologiyaların yeniləşməsinə rəğmən müəllim hazırlığında və peşəkarlığın yüksəldilməsində mobillik artırılsın. Bütün bunlar müəllimin yaradıcı fəaliyyəti fonunda təmin olunsun.

“Elə ailələr var ki, onlara uşaqların tərbiyəsində yardım göstərilməlidir”

- Bəzən məktəblərimizdə arzuolmaz hallar baş verir. Bu zaman həmin hallara görə ilk növbədə təhsil müəssisəsi, təhsilverənlər günahlandırılır. Belə  halların olmaması üçün məktəb və müəllimlər nələrə diqqət yetirməlidir?

Məktəb həyatı tamamilə təcrid olunmuş mühit deyil. O, bütövlükdə cəmiyyət həyatının ayrılmaz bir parçasıdır. Cəmiyyətin bütün sosial bağları bilavasitə məktəblə əlaqəlidir. Bu mənada cəmiyyyətdə olan dəyişikliklər, təbii ki, məktəbə öz təsirini göstərir. Amma məktəb şagirdlərin formalaşması və inkişafına hər zaman diqqət yetirməlidir. 

Doğrudur, bəzən məktəblərdə ara-sıra xoşagəlməz hadisələr yaşanır, şagirdlər tərəfindən davranış qaydalarının pozulması hallarına rast gəlinir. Bunlar bizi düşündürür, hər hansı strateji addımın atılmasına sövq edir.

İnsan əməyini yüngülləşdirən texnologiyalar inkişaf edir, cəmiyyət gözlərimizin qarşısında dəyişir. Bütün bunların fonunda insanların maraq dünyasında da müxtəlifliklər əmələ gəlir. Bütün hadisələr də bu maraq və münaqişələrə görə baş verir. Övladlarımızın hərəkətlərindəki catışmazlıqlar, əxlaqa uyğun olmayan xoşagəlməzliklər məhz bu əsasdan qaynaqlanır. Belə hadisələr niyə baş verir? Kimdir müqəssir? Ailəmi? Məktəbmi? Bütövlükdə cəmiyyətmi?  Söz yox ki, burada hər kəsin payı var. Bəs, onda bu əxlaqa zidd missiya haradan qaynaqlanır? Onun mənbəyi haradır? 

Hec şübhəsiz, ailə, onun yaratdığı mühit bəzən bu mənfiliklərin başlanğıcında dayanır və ona rəvac verir. Biz bu realliği qəbul etməli, fəaliyyətlərimizi ona doğru yönəltməliyik.

Fikrimcə, ailələrdə tərbiyənin bütöv bir sistemi var ki, bu, uşaqların inkişaf etdirilməsində həlledici rol oynayır. Qalan ətraf təsirlər ikinci dərəcəli rola malikdir. Əlbəttə, nümunəvi, normal hesab etdiyimiz ailələrimiz coxdur və onlar cəmiyyətimizin bəzəyini təşkil edir. Lakin elə ailələrimiz var ki, onlara əxlaqi-mənəvi cəhətdən, uşaqların tərbiyəsinin inkişaf etdirilməsi baxımından yardım göstərmək, dəstək vermək lazımdır. 

Onu da deyim ki, təcrübələr göstərir ki, təhsilin tarixi boyu belə problemlər   olub və onların gələcəkdə də baş verməsi labüddür.

Məktəbdə xoşagəlməz halların baş verməsi həm də bu hadisədə cavabdehlik daşıyanın, başqa sözlə, günahkarın tapılıb cəzalandırılması ilə yekunlaşmır.

Bir anlıq XIX əsrin sonu XX əsrin əvvəllərinə qədərki mollaxana, mədrəsə tədris mühitini xatırlayaq. Valideyn öz övladını mollaxanaya gətirər və “əti sənin, sümüyü mənim deyə” mollaya müraciət edir, övladını təhvil verib gedir. Göründüyü kimi, valideyn öz övladının təlim-tərbiyəsini, taleyini tamamilə mollaya həvalə edir və gözləntilərdə də mollanın məsuliyyəti aydın görünür.

Bu, doğrudan da, belə olmalıdırmı? Məktəbdə oxuyan hər bir şagirdin bütün fəaliyyətlərinə yalnız məktəb, müəllim məsuliyyət daşımalıdırmı? Yaxud cəmiyyət öz övladlarının tərbiyəsində zəruri tələblərini yalnız məktəbin qarşısında qoymalıdırmı? Yoxsa orada ailənin də məsuliyyəti müəyyən olunmalıdır?

Heç şübhəsiz, cəmiyyətin gələcəyi olan uşaqların ümumi inkişaf istiqamətləri hər kəsə bəlli olmalı və onları düşündürməlidir. Eyni zamanda, həm məktəbin, həm də valideynin üzərinə düşən vəzifələr ayrılıqda və konkret şəkildə müəyyənləşdirilməlidir.

Artıq uşaqların inkişafı prosesində məktəb və ailənin vəzifələri bazasında fəaliyyətlər iki istiqamətdə aparılmalıdır. Birinci, onlar başlıca olaraq bir-birinin fəaliyyət məqsədləri baxımından potensial imkanlarını öyrənib dəyərləndirməli və uşağın təhsili ilə bağlı qətiyyətli addım atmalıdırlar. İkincisi, uşağın təhsili ilə bağlı əldə olunmuş diaqnostik məlumatlara, məktəb və valideynin birgə fəaliyyətinə əsaslanan strategiya müəyyənləşdirilməlidir.

XXI əsr informasiya- kommunikasiyalar, ağıllı texnologiyalar dövrüdür. Belə bir dövrün təhsil sistemi də bu xüsusiyyətləri özündə ehtiva etməsi ilə səciyyələnir. Məktəb valideynlərdən təhsilə daha həssas, diqqətli və çevik, eyni zamanda, müasir zamanın informasiya yükündən xəbərdar olmasını tələb edir.

Aydın görünür ki, müasir məktəbin valideynlərinin innovativ təhsil yanaşmaları və dəyişikliklərlə əlaqədar yenilikləri öyrənməyə ehtiyacları var. 

“Valideynlər övladlarının təlim-tərbiyə prosesinin iştirakçısına çevrilməlidirlər”

- Sizə elə gəlmir ki, bu gün valideynlərin məktəblə əlaqəsi o qədər də qanedici deyil?

- Əslində, məktəbin fəaliyyətində valideyn amili heç də yeni məsələ deyil. Bu təhsilin yarandığı, məktəbin mövcud olduğu gündən bir zərurət kimi meydana gəlib. Hadisələrin gedişi göstərir ki, həmin məsələ hər dövrdə aktualdır. Sadəcə, əvvəllər valideynlər övladlarının oxuduğu məktəblə əlaqə saxlayırdılar. İndi isə bu əlaqə yeni müstəviyə - əməkdaşlığa çevrilməlidir. Valideynlər ümumtəhsil müəssisəsi ilə  əməkdaşlıq etməli, məktəb rəhbərliyi, müəllimlərlə tez-tez ünsiyyətdə olmalı, övladlarının təlim-tərbiyə prosesinin həm də iştirakçısına çevrilməlidirlər. 

“Uğurlu məktəb cəmiyyəti gələcəyin hədəflərinə doğru apara bilməlidir”

- Fikrinizcə, "Uğurlu məktəb" modeli necə olmalıdır?

- Bu sual həm ciddi, həm də obrazlı bir düşüncəni təqdim edir. Təbii ki, bütün hallarda məktəb haqqında düşüncələrimizin mərkəzində uğurlu məqsəd dayanır. Sabaha yol alan bu məktəb əslində elə müasir məktəbdir və onun gələcəyə hədəflənmiş uğurları var.

Nəzərə almalıyıq ki, söhbətlərimizin mərkəzində dövlətimizin təhsil sahəsindəki məqsədlərini həyata keçirən, müəyyən standartlara söykənən məktəblər dayanır. Bu məktəblərin hər birinin az və ya çox dərəcədə uğurları olur. Uğurlu dediyimiz məktəbin mahiyyətində müasirlik olmalıdır. Belə məktəb cəmiyyətin avanqardı olmaqla onu gələcəyin hədəflərinə doğru apara bilməlidir. Bu cür məktəblərin daim inkişafda olan müəssisə kimi xüsusiyyətləri hər zaman bizi düşünməyə vadar edir. Çünki onun bütün zamanlarda cəmiyyətin ehtiyac və təlabatlarına cavab verə bilməsi ciddi pedaqoji problem olaraq düşüncə obyektinə çevrilir. Bəzən məktəbi müəyyən zaman kəsiyində cəmiyyətdən təcrid olunmuş şəkildə təqdim edənlər də tapılır. Onu ayrıca götürülmüş bir obyekt olaraq formalaşdırmaq, inkişaf etdirmək barədə düşünülür. Bu, nə qədər faydalı görünsə də, məktəbin real cəmiyyət müstəvisində olması, daha doğrusu, məktəbin cəmiyyət, onun özü olması fikri ilə tərs mütənasiblik təşkil edir. Ona görə də müasir məktəbə müasir dövrün atributu kimi yanaşmaq, onu daha çox innovasiyaların mərkəzində, cəmiyyətin inkişafının fövqündə, yaxud gələcəyə istiqamətlənmiş fəaliyyətlərin yüksək zirvəsində təsəvvür etmək lazımdır.

Biz bu gün cəmiyyətin mərkəzində dayanmaqla məktəbin böyük bir cəmiyyət hadisəsinə çevrilməsindən danışırıq. Dünyada yeniliklərin artması, informasiyaların çoxalması mürəkkəbliklər yaradır. İnsanlar zaman-zaman onlardan yaxa qurtarmaq, dəf etmək üçün müxtəlif tədbirlər görməyə məcbur olurlar. Bu gün bunun üçün dövrün çağırışlarına nəzər yetirilir. Belə çağırışlarla bəzən bütöv bir əsrin çətinliklərinə aydınlıq gətirmək istəyi yaranır. Bunun üçün şablonlardan qaçmaq, daha yaradıcı olmaq tələb edilir. Məşhur filosof Ken Robinson “Ağlımdan kənar” adlı kitabında yazır ki, dünya nə qədər mürəkkəbləşirsə, onun çağırışlarına cavab vermək üçün bir o qədər yaradıcı olmalıyıq. Əks halda, fəaliyyətimizdə yanılar, problemlərin düzgün həlli yolunu tapa bilmərik. Bu keyfiyyətləri isə yalnız məktəbdə qazanmaqla uğurlara nail ola bilərik. Bu yolda yardımçımız təfəkkür məktəbləri ola bilər. Biz sabahın uğurlu məktəbini yalnız düşüncə, təfəkkür məktəbi kimi təsəvvür edirik.

- Azərbaycan təhsil sisteminin milli ruhda və dünyanın aparıcı ölkələrinin ən yaxşı örnəkləri əsasında məzmun və forma baxımından inkişafı üçün daha hansı yeniliklərin, təkmilləşdirmələrin aparılmasına ehtiyac var?

- XXI əsrin tələblərinə uyğun təhsil sisteminin yaradılması ölkəmizin təhsil prioriteti hesab olunur. Artıq bu istiqamətdə işlərə başlanılıb. Lakin unutmaq olmaz ki, həmin işlərin daha uğurlu olması üçün, ölkəmizin strateji istiqamətlərində göstərildiyi kimi, strateji dövr ərzində kompetensiya sosial vərdişlər və bacarıqların hormoniyada inkişafına əsaslanan ömürboyu təhsilə xüsusi önəm verilməlidir. Bu isə, öz növbəsində, təhsilin bütün pillə və səviyyələrinə ömürboyu təhsil prizmasından yanaşılmasını, gənc nəslin inkişafının rəqəmsal texnologiyalara istinad edilməklə təmin olunmasını tələb edir.

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.