
“Keçmişini bilməyən xalqın uğurlu gələcəyi ola bilməz. Məhz buna görə də Qərbi Azərbaycanla bağlı bütün tarixi məqamları öyrənmək lazımdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Mənim Qərbi Azərbaycanım” kitabının təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov söyləyib.
Nazir müavini bildirib ki, Qərbi Azərbaycanın maddi və qeyri-maddi irsi, ümumi ənənələri haqqında dolğun məlumatları gələcək nəsillərə təqdim etmək çox önəmlidir, çünki bu, gənclərimizdə vətənpərvərlik hisslərini formalaşdırır: “Tarixi bilən insan gələcəkdə baş verən hadisələri düzgün qiymətləndirə bilər. “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına uyğun olaraq, Elm və Təhsil Nazirliyinin bir sıra layihələri həyata keçirilir. Bu istiqamətdə Azərbaycanın ən aparıcı ali məktəblərində Qərbi Azərbaycan mərkəzləri yaradılıb və bu mərkəzlərdə müvafiq araşdırmalar, tədqiqatlar aparılır. Əsas məqsəd də Qərbi Azərbaycanla bağlı tarixi daha dərindən öyrənmək və gənclərə çatdırmaqdır. Bu, ən əsas missiyalardan biridir. Bu mərkəzlərdə aparılan araşdırmalar nəticəsində bir sıra məqalə və kitablar yazılıb və işıq üzü görüb. Həmin layihələrdən biri də bu gün təqdim olunan “Mənim Qərbi Azərbaycanım” kitabıdır. Vaxtilə Qərbi Azərbaycanda yaşayıb fəaliyyət göstərən müəllimlər öz təəssüratlarını, fikirlərini bu kitabda ifadə ediblər. Bu, çox önəmlidir, çünki biz tariximizi, keçmişimizi bilməliyik. Qərbi azərbaycanlılar öz doğma torpaqlarından didərgin düşüblər, zorla öz torpaqlarından qovulublar və məhz buna görə də biz həmin tarixi hadisələri düzgün qiymətləndirməliyik. Biz bundan sonra da suverenliyimizi qorumalı və bunun üçün tariximizi yaxşı bilməliyik ki, gələcəkdə səhvlərə yol verməyək. İstənilən hadisələr, istənilən tarixi dəyişikliklər baş verəndə düzgün qərar qəbul etməyi bacarmalıyıq. Vətənpərvərlik hisslərini formalaşdırmaq üçün gənclər öz vətənlərinin tarixini, ana dilini, milli-mənəvi dəyərlərini, mədəniyyətini dərindən öyrənməlidirlər”.
Firudin Qurbanov qeyd edib ki, məhz bu kitabın – “Mənim Qərbi Azərbaycanım” kitabının əsas məqsədi də şagirdlərin, gənclərin bu ənənələri öyrənməsidir: “Çünki vətəndaşların mədəniyyət kodunun bir hissəsi milli ənənələrlə bağlıdır. Bu milli-mədəni ənənələri qoruyub saxlamaq çox vacibdir və kitabın əsas məqsədlərindən biri də məhz budur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər