
“PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində dövlət qurumları, özəl sektor təmsilçiləri ilə yanaşı, yeni yaranan startap layihələri də təmsil olunurdu. Sammitdə diqqətçəkən təşəbbüslərdən biri də məktəbəqədər təhsil üçün innovativ həllər üzərində qurulan “Lilitopia” startapı idi.
“Azərbaycan müəllimi” startapın təsisçiləri Cəmil İslamayılov və Azərin Vuranok ilə həmsöhbət olub. Onların əsas məqsədi 0–8 yaşlı uşaqlar üçün əyləncəli və maarifləndirici məzmun yaratmaqdır.

Cəmil İslamayılov qeyd edib ki, Azərbaycanda bu sahədə boşluq var:
“Məsələn, “Ağıllı kukla” mahnısı hər kəsə tanışdır, amma o mahnılar da 30 il əvvəl yazılıb. Hazırda peşəkar şəkildə müasir uşaq məzmunu hazırlanmır”.
Bu ehtiyacı qarşılamaq üçün komanda cizgi filmləri, musiqi albomları, elektron və audiokitablar, oyunlar və mobil tətbiq hazırlayır. Onların sözlərinə görə, tətbiq oktyabr ayında “Android” və “iOS” platformalarında istifadəyə veriləcək. Burada valideynlər övladlarının hansı bölmədə nə qədər vaxt keçirdiyini izləyə biləcəklər.

Azərin Vuranok isə vurğulayıb ki, məhsullar yalnız əyləncə üçün deyil, pedaqoji yanaşmaya əsaslanan oyunlaşdırılmış təhsil metodologiyası üzərində qurulub:
“Uşaqlar “YouTube” kanalımızda yerləşdirilən, əlifbanın öyrənilməsinə kömək edən videolar vasitəsilə çox erkən yaşlarda hərfləri öyrənə bilirlər. Tətbiqdə ekran vaxtına limit qoymaq da mümkündür”.
Məktəbəqədər təhsil sahəsində lokal və müasir məzmunun yaradılması artıq sadəcə bir ideya deyil, real layihədir. Komandanın hədəfi isə Azərbaycan uşaqlarına yeni nəsil öyrənmə təcrübəsi qazandırmaqdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər