
Bu gün Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, mərkəz NDU və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşəbbüsü ilə yaradılıb.
Tədbirdə rəsmi qurumların, ölkə ali təhsil müəssisələrinin, Türkiyə universitetlərinin rəhbər heyəti və nümayəndələr, ziyalılar, universitetin müəllim-tələbə heyəti və digər dəvətlilər iştirak ediblər.
NDU-nun rektoru Elbrus İsayev Naxçıvan İnnovasiya Mərkəzini təhsilalanların yenilikçi ideyalarının reallaşdırılmasında müasir texnologiyaların və tədris metodlarının tətbiqi baxımından dövrün tələbi, inkişaf meyarı olaraq dəyərləndirib. Eləcə də mərkəzin yalnız NDU üçün deyil, ümumilikdə region üçün innovativ yanaşma potensialına təkan verəcəyini əlavə edib. Rektor son dörd il ərzində ali təhsil ocağının startap uğurlarını xatırladıb: “2021-ci ildə I Startap müsabiqəsi, 2022-ci ildə “İdeyadan biznesə”, 2023-cü ildə “ASAN xidmət” “Ekoloji Hakaton”, “Robotex International”, Enactus Milli Çempionatı, “StartupFest” Naxçıvan, 2024-cü ildə “AgroChat” startapı “INMerge Innovation Summit”də iştirak, IDDA Awards-da “İlin kəşfi” nominasiyası, 2025-ci ildə Innostart Grand Final (Bakı), İstanbul Bilişim Vadisi və digər bir çox layihələrdə, proqramlarda iştirak, ardıcıl qazanılan qalibliklər regional ekosistemdə NDU-nun rolunu gücləndirib”, – deyə E.İsayev vurğulayıb.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında ekosistemi sürətlə inkişaf edən ölkələrdə innovasiya məkanlarının aparıcı rol oynadığını ifadə edib. Bildirib ki, “Azərbaycanın rəqəmsal gələcəyini qururuq” devizi ilə fəaliyyətimiz çərçivəsində bu gün ölkədə artıq üçüncü innovasiya mərkəzinin açılışını etdiyimiz Naxçıvan İnnovasiya Mərkəzi genişlənən innovasiya şəbəkəsinin növbəti mərhələsidir. Bu mərkəz həm də Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfədir ki, Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayıb. O, həmçinin bildirib ki, bu mərkəzlər təkcə binalar və laboratoriyalar deyil, ideyaların yarandığı, biliklərin paylaşıldığı və innovasiya mədəniyyətinin formalaşdığı məkanlardır: “Əməkdaşlıq bu mərkəzin əsas istiqamətlərindən biri olacaq. Universitetlərlə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEAM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzin fəaliyyətinin tərkib hissəsində yer alacaq”- deyə qeyd edib.
Açılış mərasimində çıxış edən Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov vurğulayıb ki, Naxçıvan İnnovasiya Mərkəzi dövlətimiz tərəfindən ölkəmizdə innovativ yeniliklərin tətbiqi yönündə uğurlu fəaliyyətlərin davamıdır və bura müxtəlif innovasiyayönümlü layihələr həyata keçirilməsində texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq.
Sonra Ərzurum Texnik Universitetinin prorektoru Ceren Sultan Elmalı, Bakı Mühəndislik Universitetinin prorektoru Ağası Məlikov, İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev, İstanbul Cerrahpaşa Universitetinin professoru Aysel Ersoy, NDU-nun İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli, Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyasının (AABP) sədri İlhamə Cəfərli çıxış ediblər. Natiqlər innovasiya məkanlarının yaradılmasının innovativ təfəkkürlü yeni nəsil yetişdirmək yönündə mühüm və özünəməxsus önəm daşıdığını qeyd ediblər.
Çıxışlar dinlənildikdən sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb, sonda xatirə fotosu çəkdirilib.
Mərkəzin açılış mərasimindən sonra 1-2 oktyabr tarixlərini əhatə edəcək “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda I beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Qeyd edək ki, konfrans 6 bölmədə 28 panel olaraq işini davam etdirəcək. Konfransa 500-dən çox müraciət daxil olub, 413 iştirakçının tezisi şifahi təqdimat üçün qəbul olunub ki, beləliklə 11-i xarici olmaqla 71 müəssisədən məruzəçi konfransda çıxış edəcək. Bölmə iclaslarında Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən 61 müəssisədən məruzəçilər dinləniləcək. İki gün davam edəcək konfransın sonunda iştirakçılara sertifikatlar veriləcək.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər