
Məzun olmağa hazırlaşan 11-ci sinif şagirdlərininin buraxılış imtahanlarının başlamasına olduqca az vaxt qalıb. Ancaq imtahan vaxtı yaxınlaşdıqca şagirdlər də həyəcanlanır. Təbii ki, bu imtahanlar onların gələcək həyatı üçün əhəmiyyət kəsb edir. İmtahan ərəfəsində və imtahan zamanı stres yaşama onların psixi sağlamlığına da müəyyən qədər mənfi təsir göstərə bilər. Bəs imtahan stresinin yaranmasının qarşısını almaq üçün nələr edilməlidir?
Stres yaradan amillər
Bakı şəhəri 124 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Sultanova “Azərbaycan müəllimi”nə bildirib ki, imtahandan əvvəl yaranan stresin sosial amilləri ən çox diqqət yetirilməli məsələlərdəndir. Ailənin akademik uğur, gələcək karyera, peşə seçimi ilə bağlı yüksək gözləntiləri, məktəbin ümumi təhsil mühitinin və şagirdlərə göstərilən dəstəyin səviyyəsi, şəxsi və sosial münasibətlərdə özünüqiymətləndirmə səviyyəsinin aşağı olması səbəbindən müxtəlif psixoloji təzyiqlərə məruz qalma, sosial media vasitələrinin şagirdlərdə yaratdığı mənfi emosiyalar dövrümüzün əsas stres qaynaqları kimi qiymətləndirilə bilər:

“Bəzən fərqinə varmasaq belə, stres gündəlik fəaliyyətlərimizə, münasibətlərimizə birbaşa və ya dolayı yolla mənfi təsir göstərir. İnsanın narahatlığını daha da gücləndirən stres öz-özlüyündə yaranmır. Burada mütləq şəkildə bəzi faktorlar rol oynayır. Şagirdlərdə isə stresin yaranmasına bir neçə faktor təsir edir. Bunlar fiziki, psixoloji və sosial amillərdən asılı olaraq dəyişə bilər. Fiziki amillərə yeniyetməlik yaş dövrünün səbəb olduğu hormonal dəyişikliklər, fiziki inkişafla bağlı çətinliklər və s.-dir. Psixoloji amillər fiziki amillərlə əlaqəli şəkildə yaranan psixoloji narahatlıqlar, psixi xəstəliklər ola bilər”.
“Şagirdlərə düzgün yanaşma üçün xüsusi təlimlər keçirilməlidir”
Mütəxəssis vurğulayıb ki, şagirdlərdə stresin idarə olunması üçün məktəbdən, xüsusilə müəllimlərdən dəstək və fərqli yanaşma tərzləri tələb olunur:
“Məsələn, ilk olaraq, tədrisi sağlam psixoloji mühit əsasında formalaşdırmaq lazımdır. Məktəblər şagirdlərin özlərini rahat və güvənli hiss edəcəkləri bir mühit yaratmalıdır. Bu mühit stresin qarşısını almağa və şagirdlərin potensiallarını tam şəkildə göstərmələrinə kömək edəcək. Müəllimlər sinif daxilində elə münbit şərait yaratmalıdılar ki, şagirdlər narahatlıqlarını və problemlərini asanlıqla bölüşə bilsilər. Digər vacib məqam şagirdlərin xüsusi ehtiyaclarının nəzərə alınmasıdır.

Bəzi şagirdlər özünəməxsus psixoloji xüsusiyyətlərə sahib ola bilərlər. Məktəb rəhbərliyi və müəllimlər bunları nəzərə almalı və onlara uyğun davranmalıdır. Növbəti addım məktəb heyətinin maarifləndirilməsidir. Məktəb rəhbərliyi və müəllimlər şagirdlərin narahatlıqlarının aydınlaşdırılması, onlara düzgün yanaşması üçün xüsusi təlimlər keçməlidirlər. Bu sahədə yetərli psixoloji və pedaqoji biliklərə yiyələnməklə problemin öhdəsindən gəlmək üçün şagirdlərə dəstək göstərməlidirlər. Son üsul kimi isə şagirdlərlə lazımi əks-əlaqənin və düzgün fərdi qiymətləndirmələrin aparılmasını qeyd edə bilərəm. Təlim mühiti şagirdlərə dərslərdə fəal şəkildə iştiraka təşviq etməli və onları müsbət nəticələr əldə etməyə həvəsləndirməlidir”.

Oxumağı imtahana 2-3 gün qalmış dayandırmaq lazımdır
Zülfiyyə Sultanova imtahan stresinin azaldılması üçün bir çox üsulların olduğunu qeyd edib: “Birincisi, mənfi düşüncəni müsbət düşüncə ilə əvəz etmək lazımdır. İmtahan stresinin formalaşmasına imtahanla bağlı beyində yaradılmış düşüncələr, imtahandan sonra əldə ediləcək nailiyyətlərə verilən önəm təsirli rol oynayır. Bu baxımdan beynimizdəki düşüncə və inanclar mühüm əhəmiyyət kəsb edir. ”Məndə alınmayacaq”, “Alınmasa, ailəmə nə deyəcəyəm?”, ”Yetərincə hazırlaşmamışam” kimi mənfi düşüncələri “Mən bunu bacaracağam, çünki əvvəllər də uğur qazanmışam”, “Ailəm uğur qazansam və ya qazanmasam da məni sevəcək”, “Əlimdən gələn qədər çalışmışam və bu imtahana yetərli qədər hazıram” kimi düşüncələr ilə əvəz etmək lazımdır.
İkincisi, imtahana planlı şəkildə hazırlaşmaq lazımdır. Düzgün planlanlaşdırılmış çalışma tərzi insana daim rahatlıq verir. Lakin bəzən son ana qədər çalışmaq beyində çaşqınlıq yarada bildiyindən oxumağı imtahana 2-3 gün qalmış dayandırmaq lazımdır. Üçüncüsü, düzgün qidalanma və yuxu rejimi olmalıdır. Xüsusilə imtahana bir neçə gün qalmış rejim formalaşdırmaq həm fiziki, həm də psixoloji sağlamlığımız üçün çox vacibdir. Necə deyərlər, “Sağlam bədəndə sağlam ruh olar”. Dördüncüsü, rahatlama məşqləri yerinə yetirilməlidir. Düzgün nəfəs məşqləri əzələ gərginliyinin azalmasına və stesin qarşısının alınmasına müsbət təsir göstərir. İmtahandan əvvəl və imtahan müddətində edilən nəfəs məşqləri stresi azaldaraq rahatlanmaya səbəb olacaq”.

Psixoloq valideynlərin imtahan stresi yaşayan övladlarına düzgün yanaşmasının da onların emosional vəziyyətlərini yaxşılaşdırmağa və streslə mübarizəyə kömək edəcəyini dilə gətirib:
“Valideynlərin üzərinə düşən əsas məsələ övladlarına “şərtsiz sevgi” anlayışını aşılamalıdırlar. Nəticə nə olursa-olsun, onlar üçün əsas məsələ övladlarının fiziki və psixoloji sağlamlığının normal olmasıdır. Bu dövrdə valideyn şəxsi gözləntilərini nə qədər arxa plana atarsa, bir o qədər övladının nailiyyətinə müsbət təsir göstərər. Bu isə onların gələcəkdə özgüvənli şəxsiyyət kimi formalaşmalarında müstəsna rol oynayacaq. Unutmayaq ki, həyatda imtahanlarımız daha çox olacaq və vacib olan o imtahanlardan üzüağ formada çıxmağımızdır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər