Bütün xəbərlər
18 fevral, 15:43

Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qaydada keçirdiyi imtahanlarda qayda pozuntularına yol verilməməsi üçün nəzarət tədbirləri görülsə də, bəzən onları pozmaq istəyənlər də olur. 

Sonuncu belə hal fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanında (1-ci cəhd) qeydə alınıb. Həmin imtahanda 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan minikameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. İmtahandan xaric edilmiş həmin bakalavrların yol verdiyi qayda pozuntuları ilə bağlı hazırda araşdırma aparılır.

“Qeyri-leqal əşyalardan istifadə etmək istəyən bakalavr digər namizədlərin hüququnu pozur”

Təhsil eksperti Ramin Nurəliyev “Azərbaycan müəllimi”nə bildirib ki, abituriyentlərin istifadəsi qadağan edilmiş cihazlardan faydalanmaq istəyini yaşlarının az olması ilə əlaqələndirmək olsa da, həyat təcrübəsi nisbətən çox olan bakalavrların bu cür cəhdinə heç cür haqq qazandırmaq mümkün deyil: “Bəziləri bunu imtahanların çətin olması ilə əlaqələndirir. Amma bütün hallarda bu əməlləri qanunsuz hesab edirəm. Hər bir namizəd öz biliyini ortaya qoymalıdır. Hər hansı qeyri-leqal əşyaların imtahan binasına keçirilməsi, elektron cihazlardan istifadə yolverilməzdir. Çünki bu halda bakalavr digər namizədlərin hüququnu pozur. İlk növbədə imtahana müdaxilə edə biləcək elektron cihazların, qeyri-leqal ləvazimatların imtahan zalına buraxılmasına abituriyentlər, bakalavrlar cəhd etməməlidirlər. Bu, təhsilli olmaq istəyən gəncimizə yaraşan xüsusiyyət deyil. Bu kimi halların qarşısını almaq üçün DİM müvafiq tədbirlər görməlidir. Düzdür, imtahan binalarının girişində yoxlama proseduru həyata keçirilir. Bəzən DİM bu yoxlama prosesinə görə qınaq obyektinə də çevrilir. Ötən il bəzi valideynlər qızların imtahana giriş əsnasında əl ilə yoxlanılmasının yaxşı hal olmadığını bildiriblər. Valideynlər qızların bu formada yoxlanılmasına qarşı çıxıblar. Təbii ki, belə halların aradan qaldırılması üçün böyük ticarət mərkəzlərinin girişində yerləşdirilən elektron yoxlama avadanlıqlarından istifadə edə bilərlər”. 

Onun sözlərinə görə, hər hansı imtahan nəticəsi qayda pozuntusuna görə ləğv edilirsə, o bakalavrın həmin və sonrakı mərhələdəki nəticələrinə mənfi təsir göstərir: “Belə bakalavrlar ümumi qəbul prosesindən kənarlaşdırılmamalıdırlar. Bakalavr qayda pozuntusuna cəhd göstərirsə, bunun nəticəsi yalnız həmin imtahan üçün nəzərdə tutulmalı, digər imtahanlara şamil olunmamalıdır. Düzdür, köçürmə və ya köçürməyə cəhd doğru addım deyil. Elektron cihazların imtahana keçirilməsi qətiyyən yolverilməzdir. Bunu, təbii ki, birmənalı olaraq pisləyirik. İstər bakalavr, istərsə də abituriyent birinci dəfə bu addımı atıbsa, onun növbəti dəfə belə bir cəhd edəcəyini düşünmürəm. Niyə namizədin növbəti imtahanda iştirakına müdaxilə edək və yaxud magistratura prosesindən kənarlaşdıraq?” 

Ekspert belə halların baş verməsinin imtahanın çətinliyi ilə əlaqədar olmadığını hesab edir: “Bəli, imtahan əvvəlki illərlə müqayisədə çətindir. İmtahanda iştirak edən bakalavrların da fikirləri bu istiqamətdədir. Məlumdur ki, DİM qəbul imtahanlarını 2 cəhd üzrə keçirir. I cəhd çox vaxt çətin, II cəhd isə ona nisbətdə bir az asan olur. İmtahanı qəlizləşdirən sualların çətinliyi deyil, cavabın tapılması üçün daha çox zamanın tələb edilməsidir. İstər-istəməz hər hansı sualda daha çox vaxt itkisinə məruz qalanda yekun etibarilə imtahanı təyin olunan vaxtda yekunlaşdırmaq mümkün olmur və bu da nəticəyə mənfi təsir göstərir”.

“İmtahan prosesini sadə etməliyik”

Təhsil eksperti Kamran Əsədov isə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bəzi gənclər qayda pozuntusuna yol verərək minikamera, qulaqlıq və digər ötürücü vasitələrdən istifadəyə cəhd etsələr də, bu, kütləvi hal almayıb: 

“DİM belə halların qarşısını almaq üçün xüsusi aparatlardan istifadə edir. Həmin aparatlar bəzən belə halları müəyyənləşdirə bilir, bəzən isə bilmir. İmtahanlarda istifadəsi qadağan olunmuş alətləri texnoloji avadanlıqlarla aşkarlamağı çıxış yolu kimi görə bilmərik”. 

K.Əsədov hesab edir ki, çətin imtahanlar namizədləri alternativ, qadağan olunmuş yollardan istifadəyə meyil etməsinə səbəb olur. Bunun qarşısını almaq üçün imtahan prosesi sadələşdirilməlidir: 

“Elə etməliyik ki, namizədlər imtahandan qorxmasınlar. İmtahanda yetərli nəticə göstərə bilməyəcəklərindən narahat olmasınlar. Təbii ki, bu gün imtahanları əlçatan etmişik, amma keyfiyyətdən daha çox digər bacarıqları yoxlayırıq”. 

İmtahanlarla bağlı çətin hesab etdiyi məqamları açıqlayan K.Əsədov xatırladıb ki, magistraturaya qəbul imtahanında bakalavrların məntiqi-riyazi təfəkkür, xarici dil, informatika üzrə bacarıqları yoxlanılır. Amma universitetlərdə mövzular DİM-in tərtib etdiyi suallara uyğun tədris edilmir: 

“Magistraturaya qəbul zamanı riyazi-məntiqi təfəkkür yoxlanılır. Amma Azərbaycanın 51 universitetinin heç birində o formada riyazi-məntiq keçirilmir. Suallar texniki və təbiət fənlərindən məzun olan bakalavrlar üçün daha uyğundur. İnformatika suallarına gəldikdə, ola bilər ki, bununla müasir dövr üçün lazım olan bacarıqlar yoxlanılır. Amma imtahan bacarıq formalaşdırmır. Xarici dil imtahanından C1 səviyyəsində xarici dil biliyi tələb olunur. Belə səviyyədə xarici dil bilən burada yox, xaricdə də təhsil ala bilər. Xarici dil ali məktəblərdə maksimum 2 semestr tədris olunur, o da I kursda keçirilir. Hazırki imtahanlar bakalavrların universitetlərdə əldə etdiyi bilikləri ölçmür. Magistratura imtahanında verilən suallar 4 il ərzində ali məktəblərdə keçirilməyən, tamamilə fərqli mövzulara aiddir. Yalnız ixtisas biliklərinin yoxlanılması yetərlidir. İmtahan iştirakçıları bu imtahanda uğur qazanmaqdan ötəri öz vəsaitləri hesabına müxtəlif kurslarda repetitor yanına getməyə məcbur olurlar. Gələcəkdə elmi-tədqiqatla məşğul olan adama nə məntiq, nə də bu səviyyədə informatika sualları lazımdır”. 

Ekspertin sözlərinə görə, orta təhsildən sonra təhsilini davam etdirən insanların sayının çoxalması dövlətin əsas məqsədlərindəndir. Bu gün Azərbaycanda tələbələrin, o cümlədən magistrlərin sayı dünyada qəbul olunmuş normadan aşağıdır: 

“Yüksəkixtisaslı mütəxəssislərin, magistrlərin sayını çoxaltmalıyıq. Ali məktəblərin bakalavriat səviyyəsini bitirmiş şəxslər məhz oxuduqları müddət ərzində əldə etdikləri biliklər nəticəsində magistraturaya daxil olmalıdırlar. Belə ki, onlar hər hansı bir imtahan vermir və universitetlərdə magistratura səviyyəsini ödənişli əsaslarla oxuyurlar. Hesab edirəm ki, magistraturaya qəbul ödənişli olarsa, namizədlər bu kimi köməkçi vasitələrə əl atmazlar. Məhz çətin imtahanlar gənclərimizi istifadəsi qadağan edilmiş vasitələrdən istifadəyə yönəldir. Bu, yaxşı hal deyil. Digər tərəfdən, gənclərimizə bundan sonra bir dəfə də şansları olduqlarını, aprel-may ayında bu imkanın yenidən yaradılacağını izah etməliyik. Eləcə də magistraturaya plan yerləri artırmalı, hər kəs üçün qəbul imkanlarını genişləndirməliyik. O zaman onlar da bu yollara əl atmayacaqlar”.

Şərhlər

Xəbər lenti

2 aprel, 20:00

Gələcəyə fokuslanmış riyaziyyat kurikulumları: 21-ci əsr üçün şagirdlərin gücləndirilməsi

2 aprel, 19:00

Avropada erkən uşaqlıq təhsili: 2025-ci il üçün əsas göstəricilər

2 aprel, 18:00

Məktəbəqədər yaşlı uşaqlarda oyunlar vasitəsilə riyazi bacarıqların inkişafı

2 aprel, 17:44

İngiliscə danışır, mükəmməl fiqurlar düzəldir – Autizmli Nurlan bunlara necə nail olub?

2 aprel, 17:30

Çin süni intellektdə zirvəyə necə yüksəldi?

2 aprel, 17:19

“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

2 aprel, 17:11

Avropanın üç nüfuzlu universitetinə qəbul oldu

2 aprel, 17:10

Ali təhsilin maliyyələşməsi: problemlər və həll yolları

2 aprel, 17:07

SABAH tələbələri Rumıniyada beynəlxalq mübadilə proqramında iştirak ediblər

2 aprel, 16:57

Bakı məktəblisi beynəlxalq marafonda I yerə layiq görülüb

2 aprel, 16:42

Tələbələrin əmək bazarına inteqrasiyası asanlaşdırılır

2 aprel, 16:39

RFO-nun final mərhələsinin tarixləri açıqlanıb

2 aprel, 16:33

Prezident Azərbaycan və Somali arasında təhsil sahəsindəki əməkdaşlıq sazişini təsdiqləyib

2 aprel, 16:32

ADMİU-nun tələbələri Moda həftəsində maraqlı kolleksiya ilə çıxış ediblər

2 aprel, 16:09

ADA Məktəbi 10-cu sinfə sənəd qəbulu elan edir

2 aprel, 16:05

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar təsdiq edilib

2 aprel, 16:03

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq üçün sənəd qəbulu aparılır

2 aprel, 16:00

AzMİU ilə Beynəlxalq Final Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

2 aprel, 15:15

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

2 aprel, 14:33

IDEA və ICESCO birgə beynəlxalq təcrübə proqramı elan edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.