Azərbaycan təhsil müəssisələrinin əksəriyyətində imtahan həyəcanı artıq yekunlaşıb.
Tələbələrin qış tətili başlayıb. “Azərbaycan müəllimi” qış imtahan sessiyasının sonuncu günündə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) idi.
Təhsil müəssisəsində dəhlizlər boş, auditoriyalar doludur. Hələ 2 saat 15 dəqiqə belə davam edəcək, çünki imtahan gedir.
İmtahan Qərargahı iş başında
ADPK İmtahan Qərargahının rəhbəri Məsumə Əliyevanın verdiyi məlumata görə, imtahanlar dekabrın 28-dən etibarən başlanıb. Ümumilikdə 86 fənn üzrə 113 qrupda təşkil olunan imtahanlarda 1765 əyani və 22 qiyabi tələbə iştirak edib.
İndiyədək 95 qrupda 566 imtahan keçirilib. Eyni zamanda tədrisi dayandırılmış ixtisaslar üzrə yaradılan qruplarda da 114 tələbə təhsil alır. 9 illik bazadan qəbul olunmuş 444 tələbə üçün 14 fənn üzrə böyük summativ qiymətləndirmə təşkil edilib.
Ümumilikdə tələbələr müxtəlif fənlər üzrə 10 884 imtahanda iştirak ediblər. Onlardan 8946 imtahan uğurla başa çatıb. Lakin tələbələrin 1920 imtahanda akademik borcu yaranıb.
İmtahan prosesində intizam qaydalarına nəzarət də diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə 18 tələbənin qaydaları pozduğu aşkar edilib və onların imtahan nəticələri ləğv olunub.
İmtahan həyəcanı
İmtahan həyəcanı proses başlamadan 1 saat əvvəldən hiss edilir. Üstəlik, həyəcanlanan, sadəcə tələbələr deyil. İmtahan Komissiyasında məsuliyyətdən doğan bir həyəcan var. İmtahan İşçi qrupunun rəhbəri Vüsal Qasımov “Azərbaycan müəllimi”nə bildirib ki, imtahandan əvvəl fənlər üzrə biletləri fənn birləşmələri sədrlərindən alıb yığırlar.
Şöbələrdən daxil olan cədvəllər əsasında biletlər hazırlanır, suallar qovluqlarda imtahan zallarına təhvil verilir. Sualları cavablandırmaq üçün tələbələrin 2 saat 15 dəqiqə vaxtı var. Vaxt bitən kimi biletlər yığışdırılıb emal otağına təhvil verilir.
Emal otağında...
Biletlərin arxasınca emal otağına gedirik. Bu otaqdakı işi Aytən Həsənova idarə edir. O, emal və kodlaşdırma otağının rəhbəridir. İmtahan İşçi qrupunun təhvil verdiyi imtahan kağızlarının məsuliyyəti artıq onların üzərindədir. Əvvəlcə cavab kağızlarında tələbələrin adları kodlaşdırılaraq cavablarından ayrılır. Müəllimlər kodlaşdırılmış cavabları qiymətləndirir.
Şöbədə Humeyra Nadiri tarix fənnindən yoxlama aparır. İmtahan sessiyası başlayandan prosesə qoşulub. Onun yoxladığı işlərdən bir apellyasiya şikayəti olub: “Həmin tələbənin qiyməti apellyasiyada 1 bal qaldırılıb, çünki qız çox gözəl yazmışdı”.
Qiymətləndirmədən sonra kəsilmiş parçalar koda uyğun olaraq yerinə birləşir, yəni tələbə qovluğuna qayıdır. Qovluqda tələbənin həm semestr boyu yığdığı ballar, həm də imtahan nəticəsi var. Rəqəmlər toplanır və ortaya çıxan bal ümumi orta müvəffəqiyyət göstəricisi sayılır.
Apellyasiyada: çatışmayan bir-iki bal
Günay Hümbətova III kurs tələbəsidir. Bütün imtahanlardan uğurla keçsə də, son imtahanında uğura iki balı çatışmayıb. Sosial iş təcrübəsində etik prinsiplər fənnindən kəsilib. İxtisas fənni olduğundan bu kəsir onu narahat edib və apellyasiya şikayəti verib ki, onu anlayışla qarşılayıb 2 bal əlavə etsinlər: “İzah etdilər, mən sualı yanlış anlamışam. Amma indiyədək heç kəsirim olmayıb. Düşünürəm ki, bu kəsir də olmaya bilər”.
Dediyinə görə, semestr balı da aşağıdır: “Xəstələndiyim üçün dərs buraxdım. Bu da semestr balının aşağı olması ilə nəticələndi”.
Aytən Mehdizadə Günay Hümbətovanın apellyasiya şikayətinə baxır. Görünən odur ki, qərar dəyişməyəcək.
Murad Məmmədli Sosial iş fənn birləşmə komissiyasının sədridir. O da Apellyasiya Komissiyasının işində iştirak edir: “Qiyməti ilə razılaşmayanlar burdadır. Biz də onları narahat edən məsələlərə aydınlıq gətirməyə borcluyuq.
Onlar üçün qaranlıq heç nə qalmamalıdır. Müəllimin qiymətinin tələbənin cavabına uyğun olmadığını düşünsək, lazım olan balı tələbəyə veririk. Əks halda, 1 bal belə güzəşt edilmir. Çünki bugünkü tələbələrimiz bizim məzunlarımız, yəni simamızdırlar. Onların balı yox, təhsilinin keyfiyyəti bizim üçün daha önəmlidir. Çalışırıq ki, şəffaflıq təmin olunsun”.
Bu ildən Apellyasiya Komissiyasının sədri Təranə Həmzəbəyovadır. O, kollecdə İncəsənət və fiziki tərbiyə fənn birləşməsinin sədridir: “Apellyasiya Komissiyası yanvarın 7-dən fəaliyyətə başlayıb, 1000-ə yaxın işə baxılıb. 145 iş artıb. Bu il hətta 2 valideyn də müraciət etmişdi komissiyaya. Biz onları da dəvət etdik. Çalışırıq ki, tələbə narazı qalmasın”.
İmtahan zallarında...
420-450 nəfərlik zalda imtahan gedir. Yazılı imtahanların aparıldığı zalda ayrı-ayrı ixtisaslar üzrə 6 qrup imtahan verir.
Zaldan çıxan tələbələrin vəziyyəti ilə maraqlanırıq. Düz keçənlərin danışmağa “üzü” olmayanlar, uğursuz nəticə göstərənlər olduğunu düşünürük. Amma bir ürəklisi çıxır. Aysun Bəhrəmli “İnklüziv təhsil” ixtisası üzrə II kursda oxuyur. İxtisasını özü seçən Aysun gələcəyi ilə bağlı qərarını da verib:
“Universitetdə təhsilimi davam etdirəcəyəm. İnklüziv təhsil sahəsində yaxşı mütəxəssislərdən biri olacağam”.
Yaxşı mütəxəssis olmaq üçün öncə imtahanda uğur qazanmaq lazımdır, axı: “İnformasiya texnologiyalarından imtahan verdim. Mən yaxşı yazdım, düzgün qiymətləndiriləcəyinə də əminəm”.
Bu imtahan zalında həyəcan, bəzilərində sənət, yaradıcılıq eşqi daha yüksəkdir. Gərginlikdən qaçıb sənətin, yaradıcılığın rənglərin dili ilə danışdığı otaqlara keçirik.
ADPK-da imtahanlar şifahi-praktik, praktik və yazılı aparılır. Daxil olduğumuz imtahan zalında şifahi-praktik imtahan gedir. İmtahan nəzarətçiləri olan Arzu Sadıyeva və Aynur Seyfullayeva təsviri incəsənət və rəsmxət müəllimləridir. Şifahi-praktik imtahanda “Rəngkarlıq” ixtisası üzrə II kurs tələbələridir, kompozisiya fənnindən imtahan verirlər. 29 tələbə prosesdə iştirak edir.
Arzu Sadıyeva deyir: “Rəsm, rəngkarlıq imtahanlarında natürmort qurulur, I kurs tələbələri baxıb çəkirlər. Amma kompozisiya, dekor rəngkarlıqda sərbəstlik verilir, mövzunu onlar özləri seçirlər. 3-3 saat yarım ərzində götürdükləri mövzunu işləyib təhvil verirlər”.
29 nəfərdən biri Fidan İsmayılova “Rəngkarlıq” ixtisasını da özü seçib, bu gün imtahanda işlədiyi mənzərə rəsmini də:
“Rəsmlə VII sinifdən məşğul oluram. Nənəmlə babam da rəsm müəllimidir. Rəsmə sevgim ailədən keçib. Kolleci bitirib ali təhsil də almaq istəyirəm. Rəngkarlıq üzrə davam edəcəyəm. “Rəsm müəllimliyi” də mənim üçün arzuolunan ixtisasdır”.
Onun tələbə yoldaşı Əhməd İbrahimli də ixtisasını ali məktəbdə davam etdirəcək. Portret janrında işləyir. Portretini çəkdiyi rəsm kollecin müəlliminə aiddir: “Rəsmini çəkdiyim Təranə müəllimdir. Bu gün onun doğum günüdür, rəsmini ona hədiyyə edəcəyik”.
Əhməd Masallıda İncəsənət Mərkəzində rəssamlıqla xüsusi məşğul olub, hətta sərgilərdə əl işləri nümayiş olunub. Masallıda Tarixşünaslıq muzeyində, Bakıda sərgilənib: “Kolleci bitirib öz işimi quracağam. Rəngkarlıq üzrə bir xidmət sahəsi yaratmağı planlaşdırıram. Sifariş götürüb pul qazanacağam”.
Animasiya janrında işləyən Ruqəyya Cəbrayılova isə deyir ki, VIII sinifdən peşəkar rəssamlıqla məşğul olur.
Onları gözləyən var
Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin gözləyəni çoxdur. O gün də binanın məşhur dəhlizində qələbəlik idi.
Gülbuta Hacıyeva “Rəngkarlıq” ixtisası üzrə təhsil alan 16 yaşlı Yasəmənin anasıdır. Sadəcə, ilk övladı olduğu üçün yox, həm də kollecə IX sinifdən qəbul olunduğu üçün qızına qarşı daha diqqətlidir. II kurs tələbəsi Kompozisiyadan imtahan verir: “Biz Neftçala rayonundan gəlmişik. Qış imtahan sessiyası başlayandan rayonda idik. Bu gün imtahana mən də onunla birlikdə gəldim. İmtahandan çıxanda da birlikdə rayona qayıdacağıq”.
Övladı ilə “imtahan verən”lərdən biri də Yeganə Alagözovadır. O da qızını gözləyir. Neftçalada yox, “Neftçilər”də yaşamağına baxmayaraq, qızı Gülsarə Qədirlini tək qoymayıb. İmtahanlarında onu tək qoymadığını deyir: “Qızı nəzarətsiz qoymuram. Gözüm həmişə üstündədir”.
Bir az əvvəl imtahandan çıxanda qarşılaşdımız Aysun Bəhrəmlinin anası Gülgəz Mahmudova da gözləyənlər arasındadır: “Mən onu tək böyüdürəm. İki qızım var, ikisini də özüm aparıb-gətirirəm. Hər zaman qızlarıma həssas yanaşıram, onları nəzarətsiz qoymaq olmaz”.
Qızını gözləyən ata Yavər Həsənov I Qarabağ müharibəsinin qazisidir. “Hamı niyə qızını gözləyir?” – sualımıza sualla cavab verir: “Oğlanı niyə gözləyək?”
I kurs tələbəsi Nigar Həsənli “İnklüziv təhsil” iztisası üzrə təhsil alır: “Hər gün gəlmirəm, sadəcə, imtahana gətirmişəm. Qızımın nəzarətə ehtiyacı yoxdur. Nəzarət özünü apara bilməyənə lazım ola bilər. Ailəmizdə ilk müəllim Nigar olmayacaq. Anası da ibtidai sinif müəllimidir, sertifikatlaşdırmada 50-dən çox bal toplayıb”.
Burada həyat yoldaşını gözləyən də var. Təbriz Zeynalov 5 ildir ailəli olduğu, ADPK-nın “Texnologiya” ixtisası üzrə III kurs tələbəsi Xədicə Zeynalovanı gözləyir: “Hər gün yoldaşımı gətirirəm, o, dərsini bitirənə qədər gözləyirəm, sonra da evə birlikdə gedirik. İşim olanda anam, bacım gəlir. İki qızımız var”.
Deyir Xədicəyə etibar etmədiyi üçün yox, ona diqqətli olduğunu göstərmək üçün belə edir.
ADPK hər yerdə seçilən məzunları ilə öyünür
Daha bir imtahan sessiyası arxada qaldı. ADPK tədris ilinin ikinci yarısına hazırlaşır. Hədəfində böyük layihələr, planında inkişafedici təlimlər var. Onlar qərarlıdır: keyfiyyətli tədris, şəffaf imtahan prosesi, ədalətli qiymətləndirmə, özgüvənli pedaqoji komanda ilə hər yerdə öz duruşu, dəst-xətti ilə seçilən məzunları ilə öyünəcəklər.
1 /13
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)