Bütün xəbərlər
10 mart, 09:53

“Əsas məqsədim dövlətimizin və təhsilimizin gələcəyi naminə faydalı töhfələr verməkdir”

Təhsildə keyfiyyət müəllimdən başlayır. Ölkə müəllimlərinin sıraları ildən-ilə üstün keyfiyyətlərə malik kadrlarla sıxlaşdıqca idarəetmə bacarığı ilə seçilənlər fərqləndirilərək məktəb liderliyinə cəlb edilirlər.

Ucqar kənd məktəbindən paytaxt məktəbinə

Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin tədris işləri üzrə direktor müavini təyin edilən Xoşqədəm Xudiyeva məhz belə müəllimlərdəndir. Hazırda kollecin direktoru vəzifəsini icra edir. Bu il yanvarın 17-də ona həvalə edilən bu vəzifəyə təyin edilməsi ilə işə başlaması bir olub. Belə ki, Bakı şəhərində 23 nömrəli tam orta məktəbin müəllimi işləyərkən birdən-birə ona kollecin idarəetməsi təklif edilib. “Azərbaycan müəllimi”nə açıqlamasında “Niyə siz?”, - sualına belə cavab verib: “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə sonuncu dəfə 2024-cü ildə iştirak edərək  96.25 bal topladım və  Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbə işə qəbul olundum. Təhsil İnstitutunun metodistiyəm. 14 ildən çoxdur ki, pedaqoji fəaliyyətlə məşğulam. Bu müddət ərzində ucqar kənd məktəbindən tutmuş Bakının ən yaxşı məktəblərindən birində, o cümlədən liseydə işləmişəm. Nəinki müəllimlərin, həm də direktorların işə qəbulu müsabiqələrinə qatılmışam və iştirak etdiyim bütün imtahanlarda 70 faizdən yuxarı nəticə göstərmişəm. Öz üzərimdə işləməyi sevirəm, təlim, seminar və konfranslarda iştirak edərək peşəkar inkişafımı təmin edirəm. Hər belə tədbiri, müsabiqə və imtahanları yeni nəsə öyrənmək, özümü sınamaq, inkişaf etdirmək vasitəsi və imkanı kimi dəyərləndirirəm”.

Yenikənddən başlayan müəllimlik yolu

Məlumat üçün qeyd edək ki, 1988-ci ildə doğulan X.Xudiyeva 2005-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirərək Gəncə Dövlət Universitetinə qəbul olub. “İngilis dili” ixtisası üzrə təhsil alıb. 

Müəllim olmasının maraqlı səbəbi var. O, hüquqşünas, həkim, jurnalist və başqa peşələrə yiyələnməklə bağlı ürəyində çoxlu arzular bəsləsə də, axırda müəllimlikdə qərar tutub. Amma bunun müəllim ailəsində böyüməsi ilə heç bir əlaqəsi yoxdur: “Ailəm qız övladına qarşı həssasdır. Ona görə ixtisas olaraq müəllimliyi seçməli oldum, çünki bakalavr təhsilimə ancaq Gəncədə yiyələnə bilərdim. Amma qarşımda daha geniş imkanlar açılması, gələcəkdə təhsil üçün mənə xaricə çıxış imkanı qazandıracaq bir istiqamət seçdim. İngilis dili müəllimi olmağa qərar verdim”.

Müəllimlik ixtisasını seçərkən bir gün xaricə çıxış imkanı qazanmaq planını gözardı etməyib. Hər şey planlaşdırdığı, arzuladığı kimi davam edib. Universitetə qəbul olub təhsil alması özünüinkişaf istiqamətində yolunda yaşıl işıq yandırıb. Beləcə, oxuya-oxuya həm ailə qurub, həm də ailəsini genişləndirib: “Sonradan ailə qurdum və yoldaşım mənə təhsilimi artırmağım, özümü inkişaf etdirməyim üçün çox dəstək oldu. Bakıda 2 il təhsil ala bildim. Həm ailə, həm də karyera istiqamətində çalışmaq imkanım ailəmin sayəsində reallaşdı”.

Bir yerdə dayanmayıb və dayanan insanları da anlamaqda çətinlik çəkdiyini deyir: “Öz üzərimdə daim işləməyi sevirəm, özümü inkişaf etdirmək üçün əlimdən gələn bütün imkanlardan yararlanıram”. 

2010-cu ildə Yenikənd məktəbindən başlayıb onun müəllimlik yolu. Rayon mərkəzindən uzaqda yerləşən məktəb həvəsləndirmə proqramına daxil idi. Xoşqədəm müəllim həmin kənddə cəmi 1 tədris ili işləsə də, həyatında da, fəaliyyətində də dərin iz buraxıb peşəsindəki ilk ili. Daha sonra yerdəyişmə edərək Samux rayon Ağasıbəyli kəndində 6 il çalışıb. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edib və 60 mümkün baldan 54 bal toplayaraq  Gəncədəki 40 nömrəli tam orta məktəbində işləmək hüququ qazanıb. Daimi əsaslarla işə başlayan Xoşqədəm Xudiyeva 2019-cu ildə Gəncə Fizika-riyaziyyat və informatika təmayüllü lisey açılanda yaxşı müəllimlərdən biri kimi oradan da işə dəvət alıb. 

İkili diplom proqramı bir fürsət oldu 

2022-ci ildə yenidən MİQ imtahanlarına qatılma səbəbi isə başqa idi: “Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikili diplom proqramı çərçivəsində magistraturaya qəbul oldum.  Bu, o demək idi ki, təhsil üçün müvəqqəti Bakı şəhərində yaşamalıydım. Ona görə də müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Bakı şəhərində də iş imkanı qazanmalıydım. Təbii ki, Gəncədəki işimi də əlimdən buraxmadım, üstəgəl, müəllimlərin işə qəbulu müsabiqəsində də uğur qazanaraq 86 nömrəli tam orta məktəbə qəbul oldum və müddətli müqavilə ilə işə başladım”.

Nəticədə 2022-2023-cü tədris ilində Bakı ilə Gəncə arasında qalıb: “Həftəsonu Gəncəyə gedirdim, həftənin birinci günü Gəncədə dərsim vardı, dərsdən dərhal sonra Bakıya qayıdır, axşama Bakıda magistraturada dərsə yetişirdim. Səhəri gün tezdən Bakıda 86 nömrəli tam orta məktəbdə ingilis dili dərsinə girirdim. Həftəsonu yenidən Gəncəyə gedirdim. Bu çətinlikləri görmədən püxtələşə bilməzdim”. 

2024-cü ildə magistratura təhsilini başa vurub, Amerikada buraxılışda iştirak edib: “Təhsilimi bitirib yenidən MİQ-də iştirak etdim və 23 nömrəli tam orta məktəbin daimi əsaslarla müəllimi oldum”.

Kollecə rəhbər təyinatı 

“Təhsilimə yatırım etməkdən nəinki çəkinmirəm, əksinə, bundan zövq alıram”, - deyən X.Xudiyevanın karyera planlarında məktəb rəhbəri olmaq vardı. Özünü idarəetmədə də sınamağa qərar verdiyindən məktəb direktorlarının işə qəbulu müsabiqələrinə də qatılıb. Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların işə qəbulu müsabiqəsində dəfələrlə uğur qazanıb: “Sonuncu dəfə qatıldığım imtahanda 44 bal topladım, amma esse mərhələsinə qatılmadım, çünki kollecə işə təyin olundum”. 

Ümumiyyətlə, iştirak edə biləcəyi bütün imtahanlarda biliyini sınayıb. “İmtahanlara qatılmağı, problem həll etməyi çox sevirəm”, - deyən X.Xudiyevanın sözlərinə görə, kollecə rəhbərlik qərarının arxasında karyera planından çox, vətənpərvərliyi rol oynayıb: “Bakının mərkəzində yaxşı şəraiti olan məktəbdən  regionda inkişaf etməkdə, hələ çox işi olan və kifayət qədər məsuliyyətli kollec direktoru vəzifəsini üzərimə götürmək asan qərar deyildi. Bu məsuliyyəti dərk edərək vəzifəni üzərimə götürmüşəm. Əsas məqsədim dövlətimizin və təhsilimizin gələcəyi naminə faydalı töhfələr verməkdir”.

Müəllimlikdə də istiqamətverici olmaq, çətin vəziyyətlərdə yol göstərmək, problem həll etmək onun üçün missiyadır. Müəllim kimi hər kəsə kömək etməyi, çətinliklərdən çıxış yolu göstərməyi öz üzərinə götürüb: “MİQ və sertifikatlaşdırma imtahanlarına hazırlaşan müəllimlərə kömək edirəm. Könüllü şəkildə müəllimlərə dəstək oluram, bu məqsədlə videolar çəkərək mütəmadi “Youtube”da paylaşıram. Abituriyentlər və tələbələr üçün də videolarım var. Bu platformada 7500-dən çox izləyicim var”.

Müəllim olaraq təklif etdiyi həll yolları başqalarının yoluna işıq olub. Müsabiqə yolu ilə seçilərək metodist fəaliyyəti göstərib. “Müasir metodist” layihəsində də uğur qazanıb. 

İndi isə idarəetmədə addım-addım irəliləməyi qarşısına məqsəd qoyub Xoşqədəm müəllim. Yəqin ki, müəllimlikdə qazandığı uğurların davamı yenə gələcək. Tezliklə təhsil ictimaiyyəti onu təhsil idarəçisi kimi də tanıyacaq. 

1 /1

Şərhlər

Xəbər lenti

10 mart, 16:03

Şirvan məktəblisi beynəlxalq turnirdə qızıl medal qazanıb

10 mart, 15:57

AzMİU-da tələbə gənclər keramika sənətinin incəliklərini öyrənib

10 mart, 15:57

Geomaqnit qasırğası gözlənilir

10 mart, 15:15

Şagirdlərin liderlik bacarıqlarının inkişafı məqsədilə təlimlər başa çatıb

10 mart, 15:07

Universitet və kolleclərə sənəd verə bilməyənlər üçün ŞANS 

10 mart, 15:06

Neftçalanın kənd məktəbinin 6 şagirdi RFO-nun finalçısı olub

10 mart, 15:00

Yeniyetmələrin psixoloji dayanıqlığı: imtahan stresinin idarə olunması

10 mart, 14:09

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub

10 mart, 13:43

Sözün gücü: təhsildə ritorikanın əhəmiyyəti – “Çağdaş təhsildə təşkilatlanma”

10 mart, 13:36

Ekran uşağınızı sizdən alır! - Bütün valideynlər bu yazını OXUSUN

10 mart, 13:01

“Sağlam nəsil-parlaq gələcək” layihəsinə başlanılıb

10 mart, 12:13

“Müasir metodist” layihəsinin iştirakçıları üçün müsahibə mərhələsinə başlanılır

10 mart, 11:57

Kənd məktəbinin 5 finalçısı – İki qardaş müəllimin ortaq əməyi 

10 mart, 11:55

Bakının 30-dan çox təhsil müəssisəsində uşaqlar icbari dispanserizasiyadan keçirilib

10 mart, 11:39

"Təhsildə yeni çağırışlar və müasir həllər" mövzusunda təlim keçirilib

10 mart, 11:35

Ucar rayonu üzrə təhsil sektorunun müdirinə xəbərdarlıq edilib

10 mart, 10:39

Rəqəmsal platformada valideynlərin sayı şagirdlərdən daha çoxdur – REPORTAJ 

10 mart, 10:33

AzMİU-da geomatika elminin müasir problemləri müzakirə edilib

10 mart, 10:26

Vüqar Bayramov: Təqaüdlərin artımı ilə bağlı təkliflər hazırlanır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.