Bütün xəbərlər
7 yanvar, 11:33

Samir Sadıxovun adı avtomobil həvəskarlarına yaxşı tanışdır. Dizayneri olduğu “Genesis” şirkətinin onun dizaynı ilə hazırladığı yeni model yarış avtomobilinin yarım ölçülü maketi də bu yaxınlarda Dubayda keçirilmiş yarışda böyük maraqla qarşılandı. Sosial şəbəkədə "Uşaqlıq arzum gerçəkləşdi və mən yarış avtomobili dizayn etmək şansına sahib oldum” paylaşımı edən Samirin əslində, kiçik yaşlarından əsas hədəfi bu sahədə uğur qazanmaq olub. Ailə dəstəyi Samir üçün hər zaman motivasiya və güc mənbəyi olub. Valideynləri uşaqlıqdan onun maraqlarını dəstəkləyib, potensialını reallaşdırmaq üçün lazım olan mühiti yaradıb.  

“Azərbaycan müəllimi” Samir Sadıxovun uğur yolunun sirlərinə bələd olmaq üçün onunla söhbətləşib.

- Azərbaycanı beynəlxalq arenada təmsil etmək necə hissdir?

- Mən ölkəmizi avtomobil dizaynı sahəsindəki işlərimlə təmsil edirəm. Gəncliyimdən qarşıma qoyduğum əsas məqsəd dünya avtomobil dizaynı sahəsində iz qoymaq və eyni zamanda Azərbaycanın adını beynəlxalq platformalarda ucaldaraq ölkəmizi tanıtmaq olub. Hər bir layihəmdə Azərbaycan mədəniyyətinin, milli dəyərlərimizin ruhunu qoruyub saxlayıram və bunu dünya səhnəsinə daşıyıram. Bu, mənim üçün böyük qürurdur.

Uşaqlıqdan avtomobilləri oyuncaq vasitələrindən sənət əsərinə çevirmək marağı onu İtaliyanın Turin şəhərinə - Avropa Dizayn İnstitutuna, ardınca Almaniyanın Pforzheim Universitetinə aparıb. Beynəlxalq təhsil mühiti ona dizaynın incəliklərini qlobal prizmadan görmək imkanı verib.

- Avtomobil dizayneri olmaq arzusu necə yarandı?

- Uşaq yaşlarımdan avtomobillərə böyük maraq göstərirdim. Oyuncaqları söküb, yenidən yığaraq onların formasını anlamağa çalışırdım. Avtomobili sadəcə, nəqliyyat vasitəsi kimi yox, incəsənət əsəri kimi də görmək o vaxtdan içimdə idi. Azərbaycanda bu sahə geniş tanınmasa da, mən arzularımın ardınca getdim. Risklər, anlaşılmazlıqlar oldu, amma  bunlar məni daha da gücləndirdi.

Onun dizayn etdiyi işlər – “Ferrari Xəzri”, “DBC Aston Martin”, “Rezvani Beast”, “Genesis X Convertible” kimi layihələr dünyada maraqla qarşılanıb. Məsələn, 2011-ci ildə “Ferrari Xəzri” layihəsi ilə “Ferrari Dünya Dizayn” müsabiqəsində ikinci yeri tutması Samirin beynəlxalq aləmdə tanınmasına güclü təkan verdi. Bu uğur onun “Lamborghini”, “Aston Martin”, “Ford”, “Rezvani Motors” və “Hyundai Group” kimi lüks markalarla işləməsinə yol açdı.

- Karyeranın qurulmasında təhsil amili nə dərəcədə rol oynayır?

- Təhsil hər bir sahədə karyera qurmağın təməl daşıdır. Peşəkar olmaq üçün bilikli olmaq şərtlərdən biridir. Təhsil əsas bilik bazası qazandırmaqla kifayətlənməz, eyni zamanda düşünmə, analiz etmə və yaradıcılıq bacarıqlarını inkşaf etdirir. İnsan təhsilini düzgün istiqamət üzrə davam etdirərsə, öz potensialını tam aça bilər.

Böyük dizayn evlərində çalışmağın çətinlikləri, rəqabət mühiti və gərgin iş rejimi onun üçün normal hala çevrilib. 2018-ci ildə “Automobile Magazine” tərəfindən “İlin ən yaxşı konsept avtomobili” mükafatına layiq görülməsi onun növbəti uğuru olub. 

- Uğur qazanmaqda şansın rolu varmı?
- Şans önəmli bir amil ola bilər, amma şans həmişə hazır olanları seçir. Uğur qazanan insanlar şansı gözləmir, onu yaratmağın yollarını axtarırlar. Çox çalışmaq, düzgün vaxt, düzgün yer və fürsətləri dəyərləndirmək – bunlar şansı öz lehinə çevirən əsas amillərdir. Böyük nailiyyətlərin arxasında zəhmət, səbir və iradə dayanır.

Samir gəncləri həqiqi maraqlarını müəyyənləşdirməyə, hədəfli şəkildə oxumağa, dünya səhnəsində iz qoymağa səsləyir.

Diplom xatirinə oxuyan gənclər nəyi itirib, nəyi qazanırlar?

- Məqsədsiz təhsil almaq insan üçün vaxt və enerji itkisi ola bilər. Sadəcə diplom almaq məqsədilə universitetə daxil olan gənclər çox vaxt öz bacarıqlarını inkişaf etdirə və həqiqi maraqlarını təyin edə bilmirlər. Bu zaman onlar potensiallarını tam aça bilmir və böyük imkanları itirirlər. Digər tərəfdən, düzgün istiqamət və həvəs ilə oxuyanlar həmişə qalibdirlər.

Məqsədə çatmağın asan yolu varmı?
- Həyatda məqsədə çatmağın asan yolu yoxdur. Hər uğur, hər böyük nailiyyət çox çalışmaq, vaxtı düzgün idarə etmək və özünəinam yaratmaqdan keçir. Sürətdən çox istiqamətin düzgünlüyü vacibdir.

- İndiyədək qazandığınız ən böyük və çətin uğur hansıdır?
- Karyeram boyunca uğurlarımı çox çətinliklərlə qazanmışam. Lakin “Ferrari Dünya Dizayn” müsabiqəsində 2-ci qələbəm mənim üçün böyük bir dönüş nöqtəsi oldu. Bu qalibiyyət mənə beynəlxalq səviyyədə tanınma imkanı verdi və avtomobil dizaynı sahəsində peşəkar karyeramı davam etdirmək üçün böyük məqsədlərə aparan bir yol açdı. Çətinliyi onda idi ki, beynəlxalq səviyyədə tanınan çox istedadlı dizaynerlərlə rəqabət aparırdım, amma bu, məni gücləndirirdi.

- Bundan sonrakı hədəfiniz nədir?
- Hədəfim avtomobil dizaynı sahəsində daha böyük və diqqətçəkən layihələrə imza atmaq, Azərbaycanı avtomobil dünyasında daha böyük nüfuz sahibi etməkdir. Eyni zamanda gələcək nəsillərə təcrübəmi ötürəcək platformalar yaratmağı planlaşdırıram.

Samir Sadıxovun uğur hekayəsi yalnız onun karyera yüksəlişindən ibarət deyil, bu, həm də gənclərə bir mesajdır: hədəfləriniz aydın, inamınız möhkəm olarsa, “Azərbaycan” imzası ilə qlobal uğur yaratmaq sizin üçün heç də əlçatmaz olmaz.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.