
İlk təəssürat çox şeyi dəyişir və bu, sadəcə psixoloji bir təsbit deyil, gündəlik həyatımızda davamlı qarşılaşdığımız bir həqiqətdir. Xüsusilə müəllimlər üçün bu təəssürat hörmətin, nüfuzun və etibarın başlanğıcıdır. Bir müəllimin geyimi onun öz işinə necə yanaşdığını, peşəsinə verdiyi dəyəri və şagirdlərinə göstərdiyi münasibəti birbaşa əks etdirə bilər. Müəllimlərin geyimi həm peşəkarlıq, həm nüfuz, həm də təhsil müəssisəsinin ictimai siması baxımından mühüm əhəmiyyət daşıyır.
Sinif otağına ilk dəfə daxil olan bir müəllimi şagirdlər əvvəlcə hansı xüsusiyyətinə görə tanıyır? Onun danışıq tərzinəmi, baxışınamı, yoxsa geyiminəmi diqqət yetirirlər? Bəzən bir müəllimin dərsə necə geyindiyi onun haqqında söz söyləmədən öncə çox şey “danışır”. Geyim müəllimin yalnız estetik görünüşü deyil, eyni zamanda şagirdlərinə və cəmiyyətə verdiyi mesajın da bir göstəricisidir.
Müəllimin geyimi təkcə şəxsi seçim deyil, həm də ictimai məsuliyyətdir. Çünki müəllim bir millətin gələcəyini formalaşdıran şəxs, nümunə göstərilən model, gənc zehinlər üçün ilkin identifikasiya obyektidir.
O zaman müəyyən suallar meydana çıxır: Müəllimin geyimi hansı sərhədlərdə olmalıdır? Sərbəstlikmi, ciddilikmi, yoxsa hər ikisinin vəhdətimi? Bəs bu gün müəllimlər necə geyinirlər? Geyimləri cəmiyyətin və fəaliyyət göstərdikləri təhsil müəssisələrinin gözləntilərinə cavab verirmi? Müəllim üslubu dedikdə konkret nə başa düşülür və bu sahədə beynəlxalq təcrübə necədir? Onun geyimində müəllimliyi əks etdirən hansısa bir nişan olmalıdırmı?
Müəllimin geyimi də bu statusu ifadə etməli, sadə, səliqəli və müasir tələblərə uyğun olmalıdır
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyir ki, son dövrlər müəllim obrazı və fəaliyyəti tez-tez müzakirə mövzusuna çevrilir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Əslində, “Müəllimlərin peşə standartları” adlı çərçivə sənədi, ilk növbədə, bizim müəllimdən nə gözlədiyimizi müəyyənləşdirməlidir. Müəllim obrazı, daşıdığı dəyərlər və peşə nüfuzu bu sənəddə öz əksini tapmalı, müəllim hazırlığında nəzərə alınmalıdır. Hətta sertifikasiyanın növbəti mərhələlərində bu kriteriya da qiymətləndirmə meyarları sırasına daxil edilməlidir. Çünki müəllimlik yalnız peşə bacarıqları ilə ölçülmür. Etik davranış, geyim və ümumi mədəniyyət də bu peşənin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan “Müəllimin etik davranış qaydaları” mühüm əhəmiyyət daşıyır, lakin tam kifayət etmir.

Ümumiyyətlə, iş mühitində dress-kod (müəyyən bir məkan, tədbir, peşə və sosial vəziyyət üçün uyğun və gözlənilən geyim tərzi) bütün sahələrdə olduğu kimi müəllimlikdə də önəmli məsələdir. Bu, işəgötürən və işçi arasında qarşılıqlı anlaşma və qaydalarla tənzimlənir.
Millət vəkilinin fikrincə, geyim yalnız zahiri görünüş deyil, həm də insanın zövqü, peşəsi, dünyagörüşü və münasibəti haqqında məlumat verir. Müəllim cəmiyyətdə nüfuzlu, örnək şəxs kimi qəbul edilir. Onun geyimi də bu statusu ifadə etməli, sadə, səliqəli və müasir tələblərə uyğun olmalıdır. Bahalı və dəbdəbəli geyimdən daha çox, klassik üslub, rahatlıq və zövqlü sadəlik əsas meyar olmalıdır: “Məktəblərdə və universitetlərdə müəllimlərin geyimi ümumilikdə qənaətbəxşdir. Lakin bəzi hallarda həddindən artıq sərbəstlik və klassik üslubdan uzaqlaşma müşahidə olunur. Bu isə müəllimin pedaqoji nüfuzuna mənfi təsir göstərə, tələbə və şagirdlərdə arzuolunmaz təəssürat yarada bilər. Müəllim auditoriyada həm davranışı, həm də geyimi ilə örnək olmalıdır”.
Dünya ölkələrində müəllim geyiminə müxtəlif yanaşmalar mövcuddur
Dünya ölkələrində müəllim geyiminə müxtəlif yanaşmaların olduğunu söyləyən Mehriban Vəliyeva Avropada müəllimlərin əsasən sərbəst, lakin səliqəli geyim tərzini seçildiklərini diqqətə çatdırır: “Rənglər neytral, üslub isə sadə olur. Orada da fərqli mənzərələr müşahidə oluna bilir. Məsələn, Asiya ölkələrində (xüsusilə Yaponiya və Cənubi Koreya) klassik geyim tərzi intizam və hörmətin göstəricisi kimi qəbul edilir. Bəzi ölkələrdə isə müəllimlər üçün vahid geyim forması və ya müəyyən məhdudiyyətlər tətbiq olunur ki, bu da intizamı möhkəmləndirməklə yanaşı, müəllimin vizual olaraq fərqlənməsini təmin edir.
Müəllimlər üçün vahid formanın tərəfində deyiləm, lakin…
Millət vəkili deyir ki, müəllim geyimində xüsusi nişan və işarələrin, vahid formanın olması müzakirəyə açıq məsələdir. Əslində, müəllimi daha çox onun davranışı və peşəkarlığı fərqləndirməlidir. Bununla belə, bəzi ölkələrdə məktəb loqosu olan sadə bədclər və ya nişanlar tətbiq olunur. Bu, müəllimin statusunu vurğulaya bilər, lakin mütləq şərt deyil: “Müəllimlər üçün vahid formanın tərəfində deyiləm, lakin vahid qayda və məhdudiyyətin tərəfindəyəm. Əsas olan geyimdə sadəlik, səliqə və peşəkarlığın görünməsidir”.
Müsahibimizin sözlərinə görə, müəllim geyimi onun peşəsinə olan münasibətini göstərən ən mühüm göstəricilərdən biridir. Müəllim hər zaman geyimi ilə də nümunə olmalı, hörmət və inam hissi yaratmalıdır. Müəllim obrazı cəmiyyətdə daim diqqət mərkəzindədir. Onun davranışı, danışığı və geyimi həm şagirdlər, həm də valideynlər üçün nümunə rolunu oynayır. Bu baxımdan müəllim geyimi sadəcə şəxsi seçim deyil, həm də peşə nüfuzunu əks etdirən göstəricidir: “Təcrübə də göstərir ki, burada əsas meyar dəbdəbə deyil, sadəlik, səliqə və rahatlıqdır. Müəllimlik statusunu xüsusi nişanla göstərməyə ehtiyac olmasa da, vahid standartların müəyyənləşdirilməsi və etik çərçivədə intizamın yaradılması məqsədəuyğundur.Təcrübə də sübut edir ki, müəllim üçün ən uyğun dress-kod sadəlik, səliqə və nüfuzdur”.
Geyim tərbiyəvi təsir gücünə malikdir
Digər müsahibimiz Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə isə geyimin insanın mədəniyyətini təzahür etdirdiyini qeyd edir: “İnsanlar əsrlər boyu geyim məsələsinə bu istiqamətdən yanaşmışlar və bu yolla öz mədəni səviyyələrini göstərməyə çalışmışlar. Hətta geyim mədəniyyəti anlayışı da formalaşmışdır. İnsanlar müxtəlif fəaliyyətlərində geyimlərini fərqləndirmişlər. Belə ki, onlar fəaliyyətlərindən asılı olaraq, geyimlərini ev, iş, əyləncə, ziyafət, teatr, iclas və s. yerlərə uyğun yarada bilmişlər. Bu, maraqlı yanaşmadır və insanlar həmin geyimlərlə öz fəaliyyətlərinin müxtəlifliyi üçün daha münasib forma tapmışlar. Daha dəqiq ifadə etsək, insanlar geyimləri ilə öz fəaliyyətləri arasında müəyyən bağlılığın olduğunu görmüş və bunu təzahür etdirmişlər”.
.jpeg)
Hikmət müəllim bildirir ki, hətta müəyyən dövrlərdə təhsil sahəsində müəllim və tələbə (şagird) geyimləri də təcrübəyə tətbiq edilib: "Biz “O olmasın, bu olsun”, “Dəli Kür” və s. tarixi hadisələri əks etdirən milli, eləcə də xarici ölkələrin istehsal etdiyi filmlərdə bu reallığın şahidi oluruq. Həmin geyimlərdə həm müəllimi, həm də şagirdi çoxlu insan arasından fərqləndirmək, onları cəmiyyətdə hansı fəaliyyətlə məşğul olduqlarını ayırd etmək olur.
Geyim mədəniyyətlə bərabər, həm də insanın özünənəzarət funksiyasını daşıyır. Məsələn, insan cəmiyyətdə, digər insanlar arasında özünü necə aparır? Məsələyə psixoloji baxımdan yanaşsaq, insanın öz davranışını tənzimləməsində geyimin özünəməxsus rola malik olduğunu görə bilərik. Görünür insanlar geyim forması vasitəsilə həm də insanın özünənəzarətini artırmağa çalışıblar".
Bu ənənələr indi də davam edir. Son dövrlərdə geyimlər həmçinin insanın peşə fəaliyyətinin təzahür formasına çevrilib.
Şura sədri bunun hüquq-mühafizə orqanlarının fəaliyyətində daha qabarıq şəkildə öz əksini tapdığını söyləyir: “Onlar cəmiyyətdə həmin geyimdə özlərini peşə fəaliyyətinin tələbləri müstəvisində aparırlar. Bu müsbət haldır. Geyim mədəniyyəti həkimlik fəaliyyətində də öz təsbitini tapmışdır. Ağ xalatlı görəndə hər bir insan təbii ki, onun həkim olduğunu fikirləşir.
Son dövrlərdə məktəblilərin də geyim forması ilə bağlı müzakirələr aparılırdı və nəhayət onların vahid geyim formasında məktəbə gəlməsi qərara alındı. Mən bunu təqdir edirəm. Hətta fikrimcə, məktəbli formasının üzərində orta ümumtəhsil müəssisəsinin nömrəsi yazılmaqla yanaşı, şagirdin ad və soyadının yazılması da yaxşı olardı”.
“Bəzən müəllimin təmtəraqlı geyimlə məktəbə gəldiyinin də şahidi oluruq”
Hikmət Əlizadə deyir ki, bəzən müəllimlər üçün də belə formanın olması haqqında danışılır: “Əslində, bu fikrə biz müsbət münasibət bəsləyirik. Müəllim sinfə özünəməxsus formada daxil olmalıdır. Onsuz da müəllimlər, daha doğrusu, özünü əsl müəllim hesab edənlər məktəbə gedərkən akademik mühitin tələblərinə uyğun geyinirlər. Amma bəzən müəllimin təmtəraqlı geyimlə məktəbə gəldiyinin də şahidi oluruq. Artıq bər-bəzək sinifdə şagirdlərin diqqətinin yayınmasına səbəb olur. Hesab edirik ki, müəllimlər üçün xüsusi formanın nəzərdə tutulmasındansa, onun özünün akademik geyimdə məktəbə getməsinə üstünlük verməsi daha yaxşı olardı. Unutmaq olmaz ki, geyim həm də tərbiyəvi təsir gücünə malikdir”.
Səssiz dərs…
Bəli, göründüyü kimi, müəllimin geyimi zahiri görünüşdən daha artıq bir mənaya malikdir. Səliqəli və zövqlü geyim müəllimin verdiyi dərslə ahəng təşkil etməli, onun şəxsiyyətini tamamlamalıdır. Zamanla cəmiyyətin geyimə olan baxışı dəyişsə də, müəllimlərin üzərinə düşən mənəvi məsuliyyət dəyişməz qalır. Onlar özləri bu məsuliyyətin daşıyıcısı olmalı, xarici görünüşləri ilə şagirdlərinə və ətraf mühitə “hörmət”, “nizam”, “mədəniyyət” və “təhsil” kimi anlayışları aşılamalıdırlar.
Bu səbəbdən də müəllim geyimi barədə mübahisələr inzibati çərçivələrdə deyil, mədəni və pedaqoji kontekstdə aparılmalıdır. Məqsəd məhdudlaşdırmaq yox, təşviq etməkdir. Qaydalar qoymaqdan öncə nümunə göstərməkdir.
Çünki müəllim, sözün əsl mənasında, yalnız bilik deyil, görünüşü ilə də dərs deyən insandır.
Sonda onu deyə bilərik ki, müəllimin geyimi nə qədər sadə olsa da, onun şəxsiyyətini və missiyasını daşıyan bir "səssiz dərs"dir. Bu dərsdə şagirdlər sadəcə zövq yox, həm də məsuliyyət, diqqət və hörmət öyrənirlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər