Bütün xəbərlər
3 mart, 16:44

8 Martın yaxınlaşması hər tədris ilinin ənənəvi mövzusunu – Beynəlxalq Qadınlar Günü münasibətilə orta məktəblərdə pul yığımı məsələsini yenidən gündəmə gətirib. 

Düzdür, hər il valideynlərə məcburi  pul yığımları olduğu halda müvafiq qurumlara məlumat vermələri barədə çağırış edilir. Təhsil müəssisələrinə neqativ halların qarşısının alınması barədə tapşırıqlar verilir.

Maraqlıdır, bəs pul yığma ideyalarının əsl təşəbbüskarları kimdir?

“Valideynlər düşünürlər ki, müəllimləri mükafatlandırmaq övladlarının təhsil göstəricilərinə daha yaxşı təsir göstərəcək”

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəblərdə pulun yığılmasında əsas rolu valideyn komitələri oynayır: “Təşəbbüs irəli sürən xüsusi valideynlər də var. Onlar müəllimlərə “mükafat” şəklində pul və ya dəyəri yüksək olan hədiyyələr təqdim edirlər. Belə valideynlər düşünürlər ki, müəllimləri mükafatlandırmaq onların övladlarının təhsil göstəricilərinə daha yaxşı təsir göstərəcək. Məhz buna görə digər valideynlər də öz istəkləri ilə, eləcə də valideyn komitələri vasitəsilə bu təşəbüssə qoşulurlar. Onlar övladlarının digər uşaqların yanında pərt olmamaları, bir növ, bullinqə məruz qalmamaları üçün bu addımı atırlar”.

Ekspert vurğulayıb ki, şagirdlər müəllimlərinə hər zaman sevgi ilə yanaşmalı, hörmət etməlidirlər: “Xüsusi günlərdə şagirdlər müəllimlərinə sevgisini hər hansı formada göstərə bilərlər. Ancaq bu, elə olmalıdır ki, valideyn hər hansı təşəbbüsə könülsüz qoşulmasın. Şagird müəlliminə qarşı sevgisini içindən gələn formada göstərməlidir. Şagirdin öz əməyi ilə hazırladığı və yaxud seçdiyi hədiyyə müəllim üçün daha qiymətlidir. Amma bu gün münasibətilə valideyn komitələrinin müəyyən məbləğdə pulun toplanılması valideynlər qarşısında tələb kimi qoyulmamalıdır, bu, doğru yanaşma deyil. Düşünürəm ki, məktəb rəhbərliyi tərəfindən bütün valideyn komitələrinin rəhbərlərinə, o cümlədən sinif rəhbərlərinə bununla bağlı göstəriş verilməlidir. Onlar valideynlərə bildirməlidirlər ki, bununla bağlı hər hansı bir təşəbbüs irəli sürülməsin və pul yığılmasın. “Müəllim şagirdindən bəxşiş gözləyir” fikrinin də bütün müəllimlərə şamil edilməsi doğru olmaz. Belə müəllimlər olsa belə, onların sayı olduqca azdır”.

“Pul yığımı məsələsi valideyn komitələri vasitəsilə gündəmə gətirilir”

2 şagird anası olan Fatma Teyyubovanın sözlərinə görə, yalnız 8 Mart ərəfəsində deyil, bütün əlamətdar bayramlarda müəllimlərə hədiyyənin verilməsi təşəbbüsü valideynlər tərəfindən irəli sürülür: “Valideynlər bu kimi məsələləri sosial şəbəkələrdə yaratdıqları qruplarda müzakirə edirlər. Təbii ki, bu məsələ valideyn komitələri vasitəsilə gündəmə gətirilir. Bir neçə valideynin təşəbbüsə müsbət reaksiya verməsi sonda ona gətirib çıxarır ki, prosesdə iştirak etmək istəməyənlər də uşağının fərqlənməməsi üçün məcburən ona razılıq verirlər. Valideyn komitəsi elə bir situasiya yaradır ki, hətta maddi imkanı aşağı olan valideyn də məcbur qalıb pul verir. Hər hansı məbləğin yığılmasına görə bir valideynin etiraz etməsi digərləri tərəfindən müsbət qarşılanmır. Düzdür, valideyn övladının üzərində əziyyət çəkən müəllimləri hər zaman diqqətdə saxlamalıdır. Ancaq bu, valideynin öz istəyi ilə olsa, daha yaxşı olar. Çox istərdim ki, valideynlər üçün yaradılan qruplar ləğv olunsun, təkcə müəllimin üzv olduğu qrup fəaliyyət göstərsin. Çünki valideyn qruplarında, demək olar ki, ancaq bu məsələlər müzakirə olunur”.

“Müəllimin ən gözəl hədiyyəsi şagirdinin buraxılış imtahanında yüksək nəticə göstərməsidir”

Valideyn İradə Qüdrətova bildirib ki, bu gün ölkədə peşəsinə vicdanla yanaşan çoxlu sayda müəllim var. Şagird onu təbrik etsə də, etməsə də o, işini layiqincə yerinə yetirir: “Yaxşı müəllimlərin zəhməti danılmazdır. Bu, heç bir hədiyyə ilə ölçülmür. Hər hansı bir özəl günə görə müəllimi təbrik etmək valideyn kimi əksəriyyətimizin ürəyindən keçir. Düşünürəm ki, valideynin övladına bilik öyrədən müəllimi təbrik etməsində pis heç nə yoxdur. Təbii ki, bu hədiyyə hər valideynin büdcəsinə uyğun olmalıdır. Bu, müxtəlf hədiyyələr, hətta kitab da ola bilər. Ancaq bu hədiyyənin dəyəri yüksək olmamalıdır. Elə olmalıdır ki, hədiyyəni alan müəllim və təqdim edən valideyn də bundan razı olsun. Bunun şahidiyik ki, bəzən müəllimlər 8 Mart üçün hədiyyə tələb etməsələr də, valideynlər özləri onu verirlər. Hazırda övladlarımın oxuduğu məktəbdə heç bir müəllim üçün pul yığılmır, bizim məktəbdə bu kimi hallara rast gəlinmir. Məncə, müəllimin ən gözəl hədiyyə şagirdinin buraxılış imtahanında yüksək  nəticə göstərməsidir”.

“Məktəbə şəxsi biznesi kimi baxan direktorlar, məsuliyyətini dərk etməyən müəllimlər var”

Övladı paytaxt məktəblərinin birində təhsil alan valideyn Rəmziyyə Daşdəmirova da pul yığımlarının olduğunu təsdiqləyib, lakin o, bu məsələdə məktəb rəhbərliyini və bəzi müəllimləri günahlandırıb: “Direktor, müəllim vicdanlı olsa, o məktəbdə qeyri-qanuni pul yığımları və ya bu formada hədiyyə alış-verişləri olmaz. Düzdür, bayram öncəsi pul yığımları ilə bağlı müzakirələr adətən valideynlərin olduğu “Whatsapp” qruplarında aparılır, amma bu sifarişlər də bəzən elə müəllimlər vasitəsilə direktordan gəlir. Əfsuslar olsun ki, bu gün məktəbi şəxsi biznesi kimi görən direktorlarımız, vəzifəsinin məsuliyyətini dərk etməyən müəllimlərimiz var. Biz də vaxtilə şagird olmuşuq, bizim də müəllimlərimiz olub. Müəllimlərimizə bu formada hədiyyə verilsəydi, bizi sinfə buraxmazdılar".

“Müəllimi “Whatsapp” qrupundan çıxarıb pul yığırıq”

Daha bir valideyn Ayşən Atakişiyeva bildirib ki, o, övladının sinifdə fərqlənməməsi üçün belə təşəbbüslərə qoşulur. Onun sözlərinə görə, 8 Mart kimi xüsusi günlər yaxınlaşanda qadın müəllimlər qrupdan çıxarılır. Daha sonra valideyn komitəsinin sədri tərəfindən pul yığımı təşəbbüsü irəli sürülür və valideynlərin ona münasibəti öyrənilir. Pulun məbləği və hansı üsulla (kart və ya nağd) toplanacağı müəyyən edilir. Pul yığımı başa çatdıqdan – təxminən iki gün sonra müəllim yenidən qrupa əlavə edilir: “Əslində valideynin ayrı-ayrılıqda müəllimləri təbrik etməsi nisbətən daha baha başa gəlir. Buna görə də, müəllimin sinif adından təbrik edilməsi valideynin büdcəsi üçün daha uyğundur”.

Şərhlər

Xəbər lenti

3 mart, 20:48

Səs yazısı yayılan direktor işdən ÇIXARILDI

3 mart, 19:13

Gələcəyin müəllimləri ilə söhbət 

3 mart, 17:55

Nazirliyi məhkəməyə verən valideynlərin iddiası təmin edilməyib

3 mart, 17:44

"Firidun bəy Köçərli" mükafatının təqdimatı olub

3 mart, 16:53

Sertifikatlaşdırma ilə bağlı görüşlərə start verilib

3 mart, 16:49

“Gənclərin peşə bələdçisi” layihəsinə başlanılır

3 mart, 16:42

DİM və “YAŞAT” Fondu arasında memorandum imzalanıb

3 mart, 15:29

AzMİU ilə Porto Universiteti arasında zəlzələ mühəndisliyi sahəsində əməkdaşlıq müzakirə olunub

3 mart, 15:24

Bəzən universitetlər imkanlarını nəzərə almadan daha çox tələbə qəbul etməyə çalışır - ARAŞDIRMA

3 mart, 15:20

Agentlik 8 Martla bağlı çağırış etdi

3 mart, 15:04

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

3 mart, 14:50

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır

3 mart, 14:33

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır

3 mart, 14:17

Universitetlərdə rektorun fəaliyyətinin təşkili məsələlərini tənzimləyən əsasnamə təsdiqlənib

3 mart, 14:12

Qazaxıstanın nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb

3 mart, 14:02

Bu universitetə yeni prorektor təyin edildi

3 mart, 13:23

ADPU-nun Quba filialında görüşdə tələbələrin anonim şikayətləri oxunub

3 mart, 13:22

Möcüzə uşaq – 12 yaşlı paytaxt məktəblisinin qeyri-adi istedadı

3 mart, 13:21

Qazaxıstanlı professorlar ADNSU-nun rektoru ilə görüşüblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.