
Xarici dil öyrənməyə qərar verərkən bu dili ən yaxşı və ən qısa müddətdə öyrənmə üsulları ilə maraqlanır, onlayn platformalarda məlumatlar tapmağa çalışırıq. İki ay bundan öncə “YouTube”da axtarış apararkən ingilis dilinin tədrisi ilə bağlı aydın şəkildə izahlar verən, bir növ yol xəritəsi təqdim edən və ardıcıl olaraq dərslərini qruplaşdıran bir müəllim qarşıma çıxdı. Və belə qənaətə gəldim ki, özü ilə müsahibə etmək, xarici dilin tədrisi sahəsində fikirlərini almaq oxucularımız üçün də maraqlı olar.
Bəzən kifayət qədər vəsait xərcləyib özəl kurslara gedir, lakin effektiv nəticə əldə edə bilmirik. Biz harada səhvə yol veririk? Xarici dilin tədrisində nələrin dəyişməsinə ehtiyac var?
“Azərbaycan müəllimi” qəzetinin budəfəki müsahibi xarici dillərin tədrisi sahəsində tədqiqatlar aparan, hazırladığı tədris videoları ilə kifayət qədər tanınan Bahrom Xudayardır.
O, Türkmənistanda doğulub, milliyətcə özbəkdir. İbtidai, orta və lisey təhsilini özbək, rus, türkmən, ingilis və türk dillərində alıb. 2009-cu ildə Türkiyənin Kocaeli Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə təhsil alıb.

– İlk növbədə, qədim dostluq, ortaq tarix və mədəniyyət telləri ilə bir-birimizə bağlı olduğumuz Azərbaycana ən səmimi salamlarımı çatdırmaq istərdim. "Azərbaycan müəllimi" kimi köklü və dəyərli bir qəzetdə yer almaq mənim üçün böyük bir şərəfdir. Bu incə dəvətləri və maraqları üçün qəzetin bütün kollektivinə və Azərbaycandakı dəyərli müəllim həmkarlarımıza ürəkdən təşəkkür edirəm.
Uşaqlığımdan bəri dillərə böyük marağım var idi. Bu maraq universitet illərimdə də davam etdi: tələbə ikən fərdi dərslər verirdim, yarım ştat işlərdə işləyirdim. Universiteti bitirdikdən sonra məktəbəqədər təhsildən tutmuş universitet səviyyəsinə qədər müxtəlif yaş qrupları ilə xarici dillərin tədrisi üzrə təcrübə qazandım.
Ancaq zaman keçdikcə xarici dil təhsilinin demək olar ki, tamamilə ticarət sektoruna çevrildiyini anladım. Bu vəziyyət davamlı olaraq məktəb dəyişməyimə səbəb oldu. Bir yerdə qalmaqda çətinlik çəkirdim, çünki həqiqətən də biznesmen yox, müəllim olmaq istəyirdim. Nəhayət, öz "Bahrom Hudayar" "YouTube" kanalımı açaraq internet üzərindən xidmət göstərməyə başladım.
Dil öyrənmək onsuz da özlüyündə çətin prosesdir və onun kommersiya məqsədi ilə daha da mürəkkəbləşdirilməsi karyeramın ilk illərində məni çox narahat etdi. Buna görə də sənayeləşmiş xarici dil tədris sisteminə qarşı öz rəqəmsal mübarizəmə start verdim. Təbii ki, bu yolda qazanmaq və ya məğlub olmaq prioritetim deyil. Mənim üçün önəmli olan doğru bildiklərimi söyləyərək mübarizəni davam etdirməkdir.
“Təəssüf ki, bu gün xarici dillərin tədrisində bu təbii prosesə kifayət qədər yer ayrılmır”
– Xarici dil öyrənməyin ən yaxşı yolları hansılardır? Düzdür, dəfələrlə vurğuladığınız kimi, bu, konkret məsələdir və adamdan adama dəyişir. Bəs bunu ümumiləşdirsək, hansı üsul daha təsirli olar?
– Xarici dil öyrənməyin ən təsirli yolu mənalı və kifayət qədər təkrarlanan eşitmə məzmunlarına daimi məruz qalmaqdır. Dilin mənimsənilməsi sahəsində apardığı mühüm araşdırmaları ilə tanınan Prof. Dr. Stiven Kraşenin "Qəbul etmə-Öyrənmə Hipotezi" (Acquisition-Learning Hypothesis) və "Anlaşılan Giriş Hipotezi" (Comprehensible Input Hypothesis) bizə bu mövzuda aydın bir istiqamət göstərir. Kraşenə görə, insanlar onlar üçün məna kəsb edən məzmunu başa düşdükcə dili qəbul edir/öyrənirlər. Başqa sözlə desək, “biz mesajları başa düşəndə dili əldə edirik” (Krashen, 1985).
Ana dilimizi necə mənimsədiyimizi düşünəndə dilin qaydalarını öyrənmirik; ətrafdan gələn təbii səsləri təkrar-təkrar eşitmək və onlara məna verməklə onu əldə etdiyimizi görürük. Eyni prinsip xarici dillərə də aiddir. Təəssüf ki, bu gün xarici dillərin tədrisində bu təbii prosesə kifayət qədər yer ayrılmır, əyani və süni materiallara üstünlük verilir.
Tələbələrin maraq dairəsinə uyğun mənalı məzmunların (hekayələr, film və seriallar, tok-şoular, "YouTube" videoları, sosial şəbəkə paylaşımları, şərhlər və s.) yazılı formada araşdırılması və sonra onların təkrar-təkrar dinlənilməsi, oxunulması və izlənilməsi zamanla şagirdlərdə qulaq alışqanlığı və dili dərk etməyi formalaşdıracaq. Bu proses təbii olaraq nitq bacarıqlarını artıracaq. Bununla belə, bir çox tələbə eşitmə bacarığı əldə etmədən danışmağa məcbur edildiyi üçün bu vəziyyət travmatik və səmərəsiz nəticələrə gətirib çıxarır.
Bu kontekstdə xarici dilin tədrisi öyrənənlər üçün mümkün qədər real, təbii və başa düşülən məzmunlara məruz qaldığı bir mühitə çevrilməlidir. Kraşenin təklif etdiyi kimi, mənalı məzmun vasitəsilə dilin öyrənilməsi mümkün və qalıcıdır; əsas səbirli olmaq və mütəmadi olaraq bu məzmunlara məruz qalmaqdır.

– Bu gün dil öyrənənlərin, eləcə də dil öyrədənlərin ən çox yol verdiyi səhvlər hansılardır?
– Fikrimcə, bu gün həm xarici dil müəllimləri, həm də öyrənənlər tez-tez aşağıdakı səhvlərə yol verirlər:
1. “Dil haqqında çox bilsəm, danışa bilərəm” səhvi
Bu gün dil müəllimləri dilin nəzəri tərəfinə həddən artıq diqqət yetirirlər. Tələbələrə dil haqqında daha çox məlumat verildikdə, onların bu dildə daha yaxşı danışacağı güman edilir. Lakin insan ingilis dilini nə qədər bilsə də, bu o demək deyil ki, o həmin dildə danışa bilər. Təəssüf ki, həm müəllimlər, həm də tələbələr bu faktı gözardı edirlər.
2. “Əvvəlcə bütün qaydaları öyrənim, sonra danışaram” düşüncəsi
Şagirdlər dil öyrənmə məsuliyyətinin böyük hissəsini müəllimin üzərinə qoyaraq, çox şeyi onların öyrənməli olduqlarını və bu prosesdə böyük xərclərə məruz qalmalarının normal olduğunu qəbul edirlər. Dillə bağlı strukturların mürəkkəbliyi qarşısında özlərini yetərsiz hiss edir və müəllimin verdiyi məlumatları yadda saxlamağa yönəlirlər. “Əvvəlcə qaydaları öyrənim, sonra danışaram” fikri çox yayılıb. Amma beyin istifadə olunmayan məlumatları tez silir. Bu mənada edilən sadəcə vaxt itkisidir.
3. Görməyə daha çox üstünlük verilən tədris qulaqları deaktiv edir
Ənənəvi dil dərsləri vizual materiallarla doludur; qulaqlara kifayət qədər müraciət edilmir. Bu sistemi əslində müəllimlər deyil, məktəbləri idarə edən kommersiya strukturu müəyyən edir. Məktəb sahibləri və onların gəlirə əsaslanan strukturu dili “satılabilən” etmək üçün bu cür dərsləri tətbiq edirlər. Müəllimlər sistemdən çıxanda işlərini itirmək riski ilə üzləşirlər. Dinləmə materiallarının olmaması bu kommersiya quruluşunun birbaşa nəticəsidir. Şagirdlər sanki tamaşaya baxırmış kimi dərsə baxır və sonra evə qayıdırlar.
4. “Dil səviyyələrlə keçilən bir oyun deyil” həqiqəti
Dil tədrisi çox vaxt səviyyələrə bölünmüş bir oyun kimi təqdim olunur. Tələbələr düşünürlər ki, səviyyələri keçməklə, sonda o dildə tam danışacaqlar. Lakin dilin quruluşu xaotikdir; biz bu xaosda öz nizamımızı qururuq. Sinifdə dil asandan çətinə sistemli şəkildə təqdim edildiyi üçün tələbələr real həyatdakı qarışıq və təbii dillə tanış olmadan məzun olurlar. Nəticədə xaricdə əsl dillə qarşılaşdıqda “şok” yaşayırlar.
5. “Hazır olmadan danışa bilmərəm” dilemması
Tələbələr çox vaxt özlərini ingilis dilində danışmağa hazır hiss etmirlər. Müəllimlər də şagirdin nə vaxt hazır olacağını təxmin edə bilməzlər. Beləliklə, tələbə özünü hazır hiss edənə qədər məlumat toplayır. Amma danışmağa hazır olmaq hissi illər keçsə də gəlmir. Bu zaman özümüzə bu sualı verməliyik: “Biz danışmadan hazır olmağa çalışırıq, yoxsa hazır olmadan danışmağa çalışdığımız üçün özümüzü hazır hiss etmirik?” Cavab da problemi həll etməyə kömək edəcək.
6. “Bilik var, amma cəsarət yoxdur” sindromu
Xarici dil tədrisi zamanı müəllim aktiv, şagird isə passivdir. Lakin danışmaq cəsarət, özünə inam və enerji tələb edir. Daim oturub qeydlər aparan tələbə zamanla fiziki və əqli cəhətdən passivləşəcək. Nəticədə dili bilən, lakin danışmağa cəsarəti olmayan fərdlər yetişəcək. Motivasiyaları aşağıdır və danışmaqdan qorxurlar. Bu da onların dili həqiqi mənada istifadə etməsinə mane olur.
7. “Dil öyrənmək restorandan sifariş vermək deyil”
Tələbə-müəllim münasibəti restoranda sifariş vermə münasibətinə çevrilib. Tələbələr sifariş etdikləri yeməyi 10 dəqiqəyə almaq istədikləri kimi qısa müddətdə dil öyrənməyi gözləyirlər. Bu da “2 ayda ingilis dili” kimi reklamlara gətirib çıxarır. Dil öyrənmək toyuğun inkubasiya dövrü kimidir. Toyuqların sayı artsa da, müddəti dəyişmir. Eynilə, dil sürətləndirilsə belə, nitq bacarıqları zamanla inkişaf edir. Odur ki, dil təhsili bizim qaydalara görə deyil, dilin əsl mahiyyətinə uyğun olaraq planlaşdırılmalıdır.
Nəticə: Dilin təbiətinə uyğun olan təhsil sistemi lazımdır.
Real nəticələr əldə etmək üçün müəllimlər və tələbələr daha realist olmalıdırlar. Öz anlayışımıza görə deyil, dilin təbiətinə uyğun dərslər təşkil olunmalıdır. Əks halda, biliklə dolu, lakin danışa bilməyən şəxslər yetişdirməyə davam edəcəyik.

“Xarici dil öyrənməkdə uğurumuzun 70%-ni psixologiyamız müəyyənləşdirir”
– Qısa müddətdə öyrənmək üçün yanlış üsullardan istifadə edirik, yoxsa düzgün formulunu bilmirik?
– Əslində biz əsas məsələyə nəzər saldıqda xarici dili tez öyrənməyin əsas amillərini qiymətləndirərkən çox vaxt həllini xarici faktorlarda axtarırıq. Beləliklə, düzgün metodu və düzgün materialı tapdığımız zaman işin tamamlanacağına inanırıq. Bu perspektiv həllin özümüzdə deyil, kənarda bir yerdə olduğunu söyləyən vərdişlərimizin bir əksidir.
Lakin xarici dil öyrənməkdə uğurumuzun 70%-ni psixologiyamız müəyyənləşdirir. Psixoloji vəziyyətiniz bu prosesi nə qədər tez və effektiv keçəcəyinizi böyük ölçüdə müəyyən edir. Tələbə özünü inamsız hiss edirsə, motivasiyası aşağıdırsa və ya qorxu və narahatlıq səviyyəsi yüksəkdirsə, dil öyrənmək demək olar ki, qeyri-mümkün olur. Bu zaman ən dəqiq materialı, ən yaxşı müəllimi və ya ən təsirli metodu gətirsək belə nəticə dəyişməz.
Əksinə, özünə inamlı, yüksək motivasiyalı və neytral səviyyədə qorxu və narahatlığa malik olan tələbə çox vaxt hətta çox adi resursla – məsələn, sadə 30 səhifəlik hekayə kitabı ilə də dil öyrənmə prosesini uğurla başa çatdıra bilər.
Bu gün insanların düşüncə tərzi əsasən sürət və həzz üzərində qurulub. Məhz buna görədir ki, bir çox digər sahələr kimi xarici dil təhsili də bu psixi meyldən nəsibini alıb. Dil öyrənənlərin çoxu daxildə bu işin qısa və kəsə yolu olduğuna, “düzgün formul” və “mükəmməl materiallar” olduğuna inanır. Qısa zamanda nəticə əldə etmək istəyən bu şəxslər istər-istəməz “təhsil tacirləri”nin radarına düşürlər.
Bu məqamda kommersiya maraqları ilə hərəkət edən bu qurumlar tələbələrin bu istəklərini hədəf alan reklam kampaniyaları yaradırlar: “İki ayda ingilis dili!”, “Üç aya ana dilin kimi danış!” kimi şüarlarla bazara çıxırlar. Təəssüf ki, bu vədlərə inanmaqla tələbələr əslində dilin özünü deyil, “tez öyrənmək” arzusunu satın alırlar.
Lakin proses irəlilədikcə tələbələr dilin əsl mahiyyəti ilə qarşılaşır və məyusluğa düçar olurlar.
İşin tragikomik tərəfi isə budur: Tələbələr bu məyusluğun məzuliyyətini təhsil sisteminə və ya reklam aparan qurumlara yükləmək əvəzinə öz bacarıqlarını şübhə altına almağa başlayırlar. "Düşünürəm ki, mən bu işə uyğun deyiləm", "Deməli, məndə səhv bir şey var" kimi fikirlərlə prosesi bitirirlər. Əslində isə problem dil öyrənmənin mahiyyətini yanlış təqdim edən sistemdədir, tələbədə deyil.
Daha da pisiodur ki, bu insanlar nə qədər aldadılsalar da, sabah “qısa yollar” vəd edən başqa bir reklam gördükdə yenə eyni ümidlə o qapını döyürlər. Çünki həqiqətən satın aldıqları şey xarici dil deyil, sürətli nəticə vədidir.

Düzgün düstur əslində əlimizin altındadır. Artıq hamımız bir dil öyrənmişik: Ana dilimiz. Əslində ana dilimizi öz gücümüzlə, müəllim və ya məktəbin köməyi olmadan öyrənməyimiz bizi dil öyrənmək sahəsində “təcrübəli” fərdlər edir. Dəqiq və effektiv nəticələr əldə etmək üçün ana dilimizdə olduğu kimi xarici dildə də oxşar düstura əməl etməliyik.
Yeni doğulmuş körpə təxminən 16-18 ay boyunca sadəcə dinləyir. Biz bunu “silent period - səssizlik dövrü” adlandırırıq. Danışmır, ancaq dinləyir, ayırd edir və şərh edir. Sonra bir gün “ana” və “ata” deməyə başlayır. Bu sözlər başlanğıc deyil, uzun bir prosesin nəticəsidir. Xarici dil öyrənərkən belə uzunmüddətli dinləmələrə məruz qalırıqmı? Ümumiyyətlə yox. Hətta səbrimiz belə çatmır. Xarici dili tez və effektiv şəkildə öyrənmək istəyən dostlar üçün ən əsas tələb o dili öz ana dili kimi qulağı ilə intensiv şəkildə yaşamaqdır. Nə qədər çox mənalı məzmun dinlənilsə, danışma potensialı bir o qədər artar. Qulaqlara mənalı cümlələr keçmədən cümlələrin ağızdan çıxmasını gözləmək ağılsızlıq olardı.
Dil öyrənmə prosesində gözlərdən çox qulaqlardan daha aktiv istifadə edilməlidir. Qulaq nə qədər çox işləyirsə və mənalı məzmuna daha çox məruz qalırsa, dilə qarşı həssaslıq da bir o qədər artır. Bu, dili tez qavramaq qabiliyyətini özü ilə gətirir.
Danışıq dilini başa düşdükdən sonra, oradakı kəlmələri özümüzü ifadə etmək istifadə etmək - eynilə uşaqlıqda ana dilimizdə danışmağa başladığımızda olduğu kimi - təbii bir formada gerçəkləşir. Əvvəlcə tək-tük sözlərlə başlayırıq, sonra iki-üç sözdən ibarət cümlələr qururuq və zaman keçdikcə daha uzun ifadələr yaratmağa başlayırıq.
Xarici dildə danışmaq bir prosesdir. Bu prosesdə çoxlu səhvlər edərək nitq bacarıqları inkişaf edir. Səhv etmək bu işə xasdır, çünki öyrənməyin təməl daşıdır.
Düzgün düstur bu üç maddə ilə ümumiləşdirilə bilər:
- Çoxlu cəlbedici məzmun istehlak et;
- Mənalı mesajları yadda saxlamağa deyil, anlamağa diqqət yetir;
- Səhv etməkdən qorxma, bu inkişafın özüdür.
Unutmayın, öz dilinizdə seriala baxanda əzbərləmirsiniz. Eynilə, xarici xarici dildə mənalı mesajları anlayıb keçin. Bunu nə qədər tez-tez etsəniz, dillə keyfiyyətli vaxt keçirsəniz, prosesi bir o qədər sürətləndirəcəksiniz.

– Biz bir dildə danışanda əvvəlcə öz ana dilimizdə düşünür, sonra onu başqa dildə ifadə etməyə çalışırıq. Ancaq bəzən başqa dillərdə düşünməyi öyrənməli olduğumuz kimi fikirlər eşidirik. Bu nə dərəcədə doğrudur və bunun bir əsası varmı? Ümumiyyətlə, belə bir şey mümkündürmü?
– İstənilən xarici dildə danışmaq səylərimizin ilkin mərhələsində öz ana dilimizi referans almağımız qaçılmazdır. Çünki əlimizdə o anda sadəcə ana dilimiz var; daha əvvəl danışmadığımız bir dildə özümüzü ifadə etməyə çalışarkən təbii olaraq əlimizdə olan yeganə vasitəyə müraciət edirik: ana dilimizə. Bu tamamilə təbii bir prosesdir və çəkinmək, utanmaq və ya onu boğmağa çalışmaq lazım deyil.
Ancaq bəzi dairələrdə tələbələrin bu təbii inkişaf prosesi “İngiliscə düşünməlisən” kimi iddialarla pozulmaqdadır. Bu yanaşma mənə həmişə bunu xatırladır: Dünən əkdiyin fidandan bu gün meyvə gözləmək kimi bir təzad. Hələ tam dərk etmədiyiniz halda o dilin söz və strukturları ilə düşünməyə çalışmaq tələbənin zehninə lazımsız təzyiqlər göstərər və bəzən hətta travmaya çevrilə bilər.
Professor Stiven Kraşenin bu məsələyə yanaşması çox aydındır: Düşüncə dili təbii olaraq zamanla, mənalı girişə məruz qalmaqla formalaşır. Başqa sözlə desək, sən bir dili davamlı olaraq eşitdikcə, oxuduqca və mənalı şəkildə qarşılaşdıqca, o dil yavaş-yavaş düşüncələrinə sızmağa başlayır. Bu zorla olacaq şet deyil; məruz qalma ilə, zamanla və səbirlə olur.
Məsələn, çoxumuz türk dilini başa düşürük, amma başqa türk dili olan qazax dilində düşünərək danışmağa çalışın. Əgər bir-birinə bu qədər yaxın olan iki dildə belə "düşünmək" hissəsi çətindirsə, bunu heç bilmədiyin bir dildə sıfırdan etməyə çalışmağın nə qədər real olmadığı göz qabağındadır.
Bir sözlə, “xarici dildə düşünməlisən” kimi ifadələrin heç bir tədris əsaslı təmili yoxdur. Bu iddialar adətən biznesin daha çox kommersiya hissəsini oynayan insanlar tərəfindən edilir. Bu cür ifadələrlə işi daha da çətinləşdirərək, əsasən çatdırmaq istədikləri mesajlar belə olur: "Dil öyrənmək çətindir, bunu tək bacara bilməzsiniz. Bizə ehtiyacınız var. Gəlin setimizi alın, sizə ingiliscə düşünməyi öyrədərik". Ancaq “ingilis dilində düşünmək” deyəndə bunun nə olduğunu dəqiq bilmirlər, sadəcə bilirmiş kimi davranırlar.

“Xarici bir dili effektiv öyrənmək üçün ilk növbədə ana dilini yaxşı bilməlisən”
– Əksər ölkələrin, xüsusən də bizim kimi dövlətlərin məktəblərində bir sıra xarici dillər tədris olunur. Lakin 11 illik təhsil müddətinin sonunda nəticə elə də yüksək olmur. Problem tədris vəsaitlərində, tədris üsullarında, yoxsa müəllimlərin bilik və bacarıqlarının kifayət qədər olmamasındadır?
– Öncəliklə, illər əvvəl eşitdiyim və hələ də qüvvədə olan bir fikirlə başlamaq istərdim: “Xarici bir dili effektiv öyrənmək üçün ilk növbədə ana dilini yaxşı bilməlisən”. Mən bu fikirlə razıyam, amma burada “ana dilini yaxşı bilmək” deyəndə demək istədiyim qrammatik qaydaları əzbərləmək deyil; dildən aktiv şəkildə istifadə edə bilmək, fikir meydana gətirməkdə təsirli olmaq, sözlərlə mükəmməl əlaqə qura bilməkdir. Çünki dil dediyimiz şey düşüncəni formalaşdıran və ötürən bir vasitədir. Əgər fərd öz dilində fikirlər yarada bilmirsə, başqa dildə bu bacarığı əldə etmək çox çətinləşir.
Bu əlaqəni Türkiyədə işlədiyim özəl məktəblərdə yaxından müşahidə etdim: İngilis dilinə meylli olan tələbələrin demək olar ki, hamısı həm də öz dillərində çoxlu kitab oxuyan tələbələr idi. Söz və düşüncə arasında möhkəm əlaqə qura bilən bu tələbələr xarici dil öyrənməkdə çətinlik çəkmirdilər. Bu bacarıq təsadüfi deyildi, təməl üzərində qurulmuşdu. Ona görə də düşünürəm ki, tələbələrin xarici dildə yaxşı olması üçün ilk növbədə ana dilindən yaxşı istifadə etməyi bacarmalıdırlar. Öz ana dilləri olmasa belə, bir dili çox yaxşı bilmələri vacibdir. Məsələn, Türkiyə türkcəsi mənim ana dilim deyil, amma mən türkcəni ana dilim özbək dilimdən daha yaxşı bilirəm.
Bununla belə, tələbələr öz ana dilində nə qədər yaxşı olsalar da, məncə, bütün dünyada xarici dil tədrisində sistemli bir problem var. Çünki bu təlim əvvəldən məcburidir. Yəni tələbə istəməsə belə bu dili öyrənməyə məcbur edilir. Lakin sinif mühitləri real həyatdan çox uzaq olduğu üçün əksər tələbələr xarici dili niyə öyrənməli olduqlarını tam başa düşə bilmirlər. Və çox təəssüf ki, bu icbari təhsil prosesinin sonunda əksər tələbələr üçün xarici dilin əsas məqsədi yüksək qiymət almaq, dərs keçmək, ailəni sevindirmək və ya müəllim tərəfindən danlanmamaq olur. Onlar bu zorakılıq dərsindən, belə demək mümkünsə, tez bir zamanda qurtulmağa çalışırlar.

Amma fərd istər məktəb sistemi daxilində, istərsə də ondan kənarda dili nə üçün öyrənməli olduğunu bilmirsə, yəni daxildən gələn tutarlı və güclü səbəb yoxdursa, ağıl bu prosesi ciddi qəbul etmir. Bu səbəbdən tələbələr 11 il ərzində dillə bağlı bəzi məlumatları əzbərləyir və yalnız imtahanlardan keçməyə çalışırlar. Lakin bu prosesdə dildən istifadə, yəni danışmaq heç vaxt real olaraq ön plana çıxmır.
Əslində məktəblərdə biz şagirdlərə ingilis dili haqqında məlumat veririk, ingilis dilini necə danışmağı öyrətmirik. Bu məqamda nə şagirdləri, nə də müəllimləri günahlandırıram. Çünki bu vəziyyətin əsas səbəbi başdan-aşağı təhsil sisteminin özüdür. Həm müəllimlər, həm də şagirdlər onlara təqdim olunan kurikuluma əməl etmək məcburiyyətindədirlər. Lakin məncə, bu kurikulumlar xarici dil təhsilində funksionallıqdan uzaqdır.
İstənilən kurikulumu açıb araşdırdığınız zaman görəcəyiniz şey budur: Mövzular məlumatın ötürülməsinə yönəlib. “Past Simple Tense” öyrədilir, sonra kurrikulumda deyilir: “Şagird keçmişdən bəhs edə bilər, hekayələr danışa və keçmiş hadisələri dilə gətirə bilər”. Bu ifadələr sanki bir mövzunun izah edilməsi ilə bu bacarıqların avtomatik olaraq inkişaf edəcəyi fərziyyəsinə söykənir. Halbuki həyat belə deyil.
Məktəbin divarlarından kənara çıxanda kurikulumun qaydaları işləmir. Xaricə gedən bir çox tələbə küçədə ingiliscə danışmağa çalışanda adətən şoka düşür. Çünki məktəbdə tədris olunan dillə real həyatdakı dil bir-birindən tamam fərqlidir.
Buradakı əsas problem odur ki, tələbələrin dili öyrənmək üçün səbəbləri yoxdur. Daxili motivasiya olmadan, güclü bir məqsəd olmadan öyrənilən hər şey müvəqqətidir. Tələbələr üçün xarici dil öyrənmək biliklərin ötürülməsinə əsaslanaraq tamamlanmalı olan həftəlik rituala çevrilir. Və bu öhdəlik sona çatana qədər içi boş bir şəkildə davam etdirilir.
Amma real həyatda hər şey fərqlidir. Tələbə təhsilini başa vurduqdan sonra xaricə getməyə ehtiyac duyduqda, artıq əlində ciddi güclü bir səbəbi olur. Bu dəfə onun qısa müddət ərzində dili öyrənə bildiyinin şahidi oluruq. Bu bizə göstərir ki:
Düzgün yönləndirmə, güclü səbəb, psixoloji dəstək və güvən mühiti təmin edildikdə, adi materialla belə yüksək uğur əldə etmək olar. Nəticədə yenə eyni nöqtəyə qayıdırıq: Uğurun 70%-i psixoloji amillərdən asılıdır. Özünə inamı yüksək, motivasiyası yaxşı, qorxu və narahatlıq səviyyəsi aşağı olan tələbə xarici dili adi bir hekayə kitabı ilə belə öyrənə bilsə də, psixoloji təzyiq altında olan tələbəyə ən yaxşı materialları təqdim etsək belə, real öyrənmə baş verməyəcək.

Bu məqamda dil öyrənilməsi mövzusunda mühüm araşdırmalar aparmış professor Stiven Kraşenin aşağıdakı müşahidəsi olduqca məqsədəuyğundur:
“Sadəcə şagirdin motivasiyası varsa, özünəinamı yüksəkdirsə və narahatlıq səviyyəsi aşağıdırsa, dili öyrənməsi mümkün olur".
Təhsil sistemi nə qədər “şagird mərkəzli” görünməyə çalışsa da, mahiyyətcə müəllim mərkəzli strukturunu davam etdirir. Şagirdlərdən gözlənilən şey yaradıcı fikirlər yaratmaq deyil, düzgün cavabları əzbərləyib testdə düzgün cavabı işarələmələridir. Bu yanaşma onları aktiv öyrənənlərə deyil, passiv məlumat alıcısına çevirir.
Bəs həll yolu nədir? Təbii ki, ideal sistemin meydana gəlməsini gözləmək üçün vaxt itirmək olmaz. Ona görə də hesab edirəm ki, burada müəllim amili çox önəmlidir. Müəllim dedikdə biliyi ötürən mövqedəki peşədən bəhs etmirəm. Məşqçi mövqeyindəki müəllimlik peşəsindən danışıram. Sistem nə qədər əyri olsa da, tələbə-şagird, tələbə-müəllim əməkdaşlığı ideal səviyyədə olduğu müddətcə həlli mümkün olmayan problem yoxdur. Tələbəsinə bələdçilik edən, istiqamətləndirən, ona hədəf göstərən, məsuliyyət yükləyən, səhv etməsinə icazə verən, dili yaşanabilən edən bir müəllim profilinə ehtiyac var. Çünki şagirdlər özləri məsuliyyətli fərdlər olmaq istəməsələr, müəllimlər təkbaşına heç nə edə bilməzlər. Yalnız bu yolla öyrənməyi kənardan gözləyən deyil, öz öyrənmə prosesinə sahib çıxan fərdlər yetişdirə bilərik. Onsuz da, istədiyimiz ideal şagird/vətəndaş profili də bu, deyilmi?

"Dərslərimizi bu dünyaya uyğun formalaşdırmalıyıq"
– Uzun illər məktəblərimizdə xarici dilin tədrisi sadəcə yazılı metodika üzərindən olub, dinləmə materialları son bir neçə ildir ki, kurikuluma salınıb. Bir dilin mənimsənilməsində dinləmələrin önəmini siz necə ifadə edərdiniz?
– Bəli, təəssüf ki, bu günə qədər məktəblərdə və dil kurslarında dinləmə bacarıqlarına lazımi əhəmiyyət verilməyib. Çünki biz hələ də böyük ölçüdə GTM adlandırdığımız qrammatika və tərcüməyə əsaslanan qrammatik tərcümə metodundan istifadə edirik. Bu metod diqqəti oxuma və yazma bacarığının üzərinə toplayır, yalnız oxumağı və yazmağı öyrənməyi asanlaşdıran texnikalar inkişaf etdirir. Nəticədə, danışma və dinləmə diqqətdən kənarda qalır. Bu gün mövcud dərsliklərin 90%-dən çoxu ya birbaşa bu metodun təsiri altındadır, ya da fərqində olmadan bu metodun izi ilə gedir. Nəticə isə metodun vəd etdiyi kimi olur: şagirdlər “oxuduqlarını başa düşürlər”, lakin “danışa bilmirlər”. Bu məşhur cümləni hamı bilir: "İngilis dilini başa düşürəm, amma danışa bilmirəm." Bu, sistemin ən aydın təzahürüdür.
Əsas problem budur ki, dil kursları və məktəblər bu üsula əsaslanan materiallarla işləyir, lakin şagirdlərə “danışmağı” vəd verir. Ancaq bu metodun heç vaxt belə bir vədi olmayıb. Yəni kökündə nitq olmayan sistemdən nitq nəticəsi gözlənilir. Ziddiyyət də buradan başlayır. Son illərdə bu ziddiyyət get-gedə nəzərə çarpdığı üçün “dinləmə” bacarığına daha çox önəm verilməyə başlandı. Ancaq bu dəfə də qarşımıza süni dinləmə materialları çıxdı. Keçmişdə istifadə edilən mp3 faylları bir müddət işə yarasa da, artıq smartfonlardan daha cəlbedici deyil. Belə olan halda bu materiallar nə qədər yaxşı tərtib olunsa da, tələbənin diqqətini cəlb etmədikcə effektiv olacağını gözləmək olmaz. İnanıram ki, şagirdləri seçdiyimiz məzmunu dinləməyə məcbur etmək əvəzinə, onlara bəyəndikləri məzmunu seçməyə icazə verilməlidir. Bu, hansısa teleserialın bir epizodu, filmdən qısa bir səhnə, hekayə və ya internetdə rastlaşdıqları audioyazılı məzmun ola bilər. Onlardan bunları təkrar-təkrar dinləmələri tələb oluna bilər. Onlar hətta bu məzmunu təqdimata çevirə və televiziya aparıcısı kimi videolar çəkə bilərlər. Video layihələr fərdi məsuliyyət hissini inkişaf etdirir və onlara həyatları boyu istifadə edə biləcəkləri bir bacarıq qazandırır.
Bir sözlə, hamıya eyni tapşırığı verməkdənsə, hər şagirdə özünə uyğun tapşırıq verilməlidir. Buna görə də layihə əsaslı fərdi dinləmə tapşırıqları daha funksionaldır. Çünki bugünkü şagirdlərdən, həqiqətən, nəticə əldə etmək istəyiriksə, öz maraqlarımıza deyil, onların maraqlarına uyğun qurulmuş dərsləri tərtib etməliyik. Onda həm müəllim, həm də şagird məmnun qalacaq.
Bunu da əlavə edim ki, indiki gənclər sosial mediada yaşayır, internetdən aktiv istifadə edirlər. Ona görə biz də dərslərimizi bu dünyaya uyğun formalaşdırmalıyıq. Bəli, belə yanaşma valideynlərin və məktəb sisteminin reaksiyasına səbəb ola bilər. Ancaq həqiqət budur ki, uşaqlarımız bu dildən ünsiyyət qurmaq üçün istifadə edəcəklər və bu ünsiyyət çox vaxt akademik dilə deyil, küçə dilinə daha yaxın olur. Əsl dili öyrətmək istəyiriksə, onu real həyatın dilinə, yəni xalqın dilinə yönəltməliyik. Çünki xalqın dili artıq dərsliklərdə deyil, sosial şəbəkələrdə yaşayır.

“Dili niyə öyrənməli olduğunu bilmək lazımdır”
– Sizcə, xarici dilin tədrisinə məktəblərdə hansı yaşdan başlamaq daha doğru olar?
– Bu sual zahirən sadə görünsə də, əslində, çox daha dərin məsələləri ehtiva edir. Çünki dil öyrənməkdə əsl məsələ onun nə vaxt başlaması deyil, prosesin hansı mühitdə və necə həyata keçirilməsidir. Bəli, erkən yaşda başlamaq çox vaxt üstünlük hesab olunur, ancaq bu üstünlük yalnız mühit təbii, mənalı və təzyiqsiz təqdim edildiyi təqdirdə keçərlidir. Əks halda, uşaq erkən başlasa belə, erkən soyuya bilər.
Bu mövzuda professor Stiven Kraşenin yanaşmaları kifayət qədər açıqlayıcıdır. Kraşen vurğulayır ki, “mənalı və başa düşülən giriş” dil mənimsənilməsinin əsasını təşkil edir. Onun sözlərinə görə, məsələ yaşda deyil, fərdin nə qədər müddətə nə qədər keyfiyyətli və maraqlı girişə məruz qalmasıdır.
Comprehensible Input – Anlaşılan daxiletmə: Öyrənənin cari bilik səviyyəsindən bir qədər yuxarı olan və kontekst vasitəsilə mənanın əldə oluna biləcəyi dil daxiletməsidir. Buraya şagirdin tam başa düşmədiyi, lakin kontekstdən, vizual görüntülərdən və ya əvvəlki biliklərdən nəticə çıxara bildiyi dil elementləri daxildir. Kraşen deyir: “Önəmli olan yaş deyil, şagirdin qəbul etdiyi başa düşülən məlumatların keyfiyyəti və kəmiyyətidir”. Yəni uşağa cəmi 5 yaşında qrammatika kitabları və testlərlə yaxınlaşmaq heç nə demək deyil. Əksinə, uşaqlar o yaşda dili sevmədən və ya ona maraq göstərmədən öyrənməyə məcbur olduqda, bu, hətta uşaqlarda dil öyrənməyə uzunmüddətli müqavimət yarada bilər. Kraşenin fikrincə, öyrənmənin effektiv olması üçün emosional filtr (narahatlıq, özünəinamsızlıq, istəksizlik, mənfi fikirlər) aşağı olmalıdır, yəni insan özünü rahat hiss etməlidir, təzyiq altında olmamalıdır.
Digər tərəfdən, Steve Kaufmann bu məsələdə diqqəti yaşa deyil, motivasiya və intensivlik diqqətinə çəkir. Kaufmanna görə, əgər insan kifayət qədər mənalı başlanğıca məruz qalsa və bu dili öyrənmək üçün güclü səbəbi varsa, 7 və ya 70 yaşında da bir dili öyrənə bilər. O, təcrübələrinə əsaslanaraq vurğulayır ki, motivasiya, maraq və dillə keçirdiyiniz vaxt başladığınız yaşdan daha vacibdir.
İllərlə məktəbdə ingilis dili tədris edilən, lakin cümlə belə qura bilməyən şagirdi xaricə getməyə həvəsləndirəndə o, 3-5 ay ərzində yavaş və rahat şəkildə danışmağa başlayır. Çünki orada artıq imtahan deyil, həyatın özü əsas məsələdir. Motivasiya çox vacibdir. Dili niyə öyrənməli olduğunu bilmək lazımdır. Səbəb olmadan nəticə yaranmır. Şagird dili niyə öyrəndiyini bilmirsə və ya daxili motivasiyası yoxdursa, onun nə vaxt başladığının o qədər də əhəmiyyəti yoxdur.
Buna görə də xarici dil öyrətməyə erkən yaşda başlana bilər və başlanmalıdır, ancaq bu, o zaman məna kəsb edir ki, uşağın dünyasına uyğun, təbii, oyunla iç-içə olan və mənalı girişlə dəstəklənən bir proses olsun. Əks halda, bu erkənlik öyrənmək deyil, yadlıq yaradacaq. Şagirdin hazırlığı, marağı, motivasiyası və dili onun həyatında bir ehtiyac kimi hiss etməsi yaş faktorundan qat-qat həlledici olacaq.

“Topdansatış yanaşması yeni nəslin təlim-tərbiyəsində çox da işə yaramır”.
– Bu gün internet üzərindən kifayət qədər dil öyrənimi üçün materiallar əldə etmək olar. Müəllimlər bunu özləri üçün fərdiləşdirsələr yaxşı olar, yoxsa dil tədrisi ümumi kurikulum üzərindən aparılsa daha effektiv nəticə verər? Bu mənada xarici dillərin dərsi üçün kurikulumlarda nələrin olmasını labüd hesab edirsiniz?
– Bəli, bu gün xüsusilə "Youtube" kimi platformalarda istədiyimiz xarici dil haqqında tonlarla məzmun var. O qədər ki, bu məzmun dənizində nəyə baxacağımız və nəyi izləyəcəyimiz barədə çaşqınlıq yaşayırıq. Bu bolluq ilk baxışda üstünlük kimi görünsə də, tələbələr arasında şəxsiyyət və öyrənmə fərqləri bu neməti kabusa çevirə bilər. Çünki buradakı əsas məsələ bütün tələbələr üçün “hansı material daha effektivdirdir?” və ya "hansı material ilə daha sürətli irəliləyə bilərik?" suallarına aydın cavab tapa bilməməkdir.
Sanki bu məqamda müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Əgər müəllimlərimiz sadəcə kurikuluma bağlı olmayıb, internetdən (özlərinin və ya tələbələrinin) tapdıqları materialları tələbələrin maraqlarına, hazırlığına və öyrənmə üslublarına uyğun olaraq fərdiləşdirə bilsələr, bu materiallar yenidən strukturlaşdırılaraq daha təsirli ola bilər. Ancaq burada dürüst olsaq, bir materialın hər kəs üçün effektiv olacağını düşünmək, demək olar ki, mümkün deyil. Çünki sinif daxilində fərdi fərqlər o qədər açıqdır ki, müəllim onları görməzdən gələ bilməz. Şagirdlər üçün fərdi materiallar və tapşırıqların verilməsi daha real nəticələr əldə etməyə kömək edəcəkdir.
Bu işi fərdiliyə endirib sənayeləşmədən çıxartmaq lazımdır, çünki həkim bütün xəstələrə eyni dərmanı verə bilmədiyi kimi, müəllim də bütün tələbələrə eyni materialla yanaşa bilməz. Hər bir tələbənin maraqları, öyrənmə tərzi və motivasiyası fərqlidir. Ona görə də materialları tələbəyə uyğunlaşdırmaq lazımdır. Amma burada ən kritik məsələ budur: Tələbə öz təlim prosesi üçün məsuliyyət daşıya bilərmi? Bu mühit onun üçün yaradılıbmı? Bəli, biz düzgün olanı etməyə çalışırıq, amma tələbə doğru yerdədirmi? Düşünürəm ki, müəllimin şagirdə verə biləcəyi ən çətin dərs onları müstəqil şəkildə öyrənmək məsuliyyətinə sahib bir insana çevirməkdir.

“Dolayısı ilə kurikulumlar arasında balans yaradılmalıdır”.
Bu nöqtədə bir qərara gəlmək lazımdır: Biz sənaye məntiqi ilə hazırlanmış, hamıya eyni şəkildə xitab edən tədris proqramlarına davam edəcəyik, yoxsa tələbələrin fərdi fərqlərini ciddi qəbul edib, onlara məhəl qoymamağı dayandırıb fərdiləşdirilmiş məzmunla irəliləyəcəyik? Çünki bu topdansatış yanaşması yeni nəslin təlim-tərbiyəsində çox da işə yaramır.
İstər ən müasir metodlardan istifadə edək, istərsə də ən müasir materialları gətirək, onları bütün tələbələrə eyni səviyyədə və eyni şəkildə tətbiq etsək, bu yanaşma yenidən standart zavod təhsili anlayışına yaxınlaşacaq. Hər kəsə XL ölçülü köynək verə bilmədiyimiz kimi, bütün tələbələrə eyni məzmunu tətbiq etmək onları fabrikdə kütləvi istehsal olunan məhsuldan fərqləndirməyəcək. Bu vəziyyətdə nəticələrə görə kimin cavabdeh olduğu çox aydındır: sistemin özü.
Əgər xarici dil kurikulumunda bir şey dəyişdiriləcəksə, o zaman layihə əsaslı tapşırıqların sayı artırılmalı və şagirdlər daha çox istehsala əsaslanan fəaliyyətlərə yönəldilməlidirlər. Ancaq bunu edərkən təkcə ingilis dili dərsi deyil, tələbənin həmin gün ərzində qarşılaşdığı bütün dərslərin ümumi yükü də nəzərə alınmalıdır. Çünki, məsələn, riyaziyyatdan yorulan tələbə ingilis dilini sevsə də, həmin an dərsdə məhsuldar şəkildə iştirak etməyə bilər.
Dolayısı ilə kurikulumlar arasında balans yaradılmalıdır. Bu mənada layihə əsaslı dərslərin çox şey qazandıracağına inanıram. Doğru bir mühit təşkil olunanda şagirdlərin çoxu nəyə qadir olduqlarını göstərmək istəyirlər. Onsuz da müəllimlərin də şagirdlərdən gözlədiyi bu deyilmi?
Xarici dil kurikulumunun necə təşkil olunmasından asılı olmayaraq, tələbələrin öz potensiallarını kəşf etmələrinə və fəal olmalarına şərait yaradacaq şəkildə yenidən müəyyən edilməlidir. Passiv şəkildə qeydlər aparan, əzbərləyən və yalnız imtahan həyəcanı yaşayan şagirdi maraqlanan və istehsal edən bir zehnə çevirə biləcək hər addımı dəstəkləyirəm. Belə bir təfəkkürə malik şagird üçün hansı materialın daha uyğun olduğunu tapmaq da çətin olmayacaq.

– Bəzən çoxlu söz öyrənmək də danışmaq üçün kifayət etmir. Şagirdlərdə xarici dildə nitqin inkişafı üçün nələri tövsiyə edərdiniz?
– Xarici dil öyrənərkən zəngin söz ehtiyatına malik olmaq vacib şərtdir. Ancaq bəzən elə vəziyyət yaranır ki, tələbələrin kifayət qədər söz bilməsinə baxmayaraq onlardan istifadə edərək fikirlərini ifadə edə bilmədiklərinə şahidi oluruq. Bu onları çox narahat edir.
Sözləri və onların mənalarını bilmək işin yalnız bir hissəsidir. Çünki bir sözü bilmək o demək deyil ki, biz danışarkən ondan avtomatik istifadə edə bilərik. Qulaqlarımız bu dildə danışanların müxtəlif vəziyyətlərdə necə reaksiya verdikləri ilə kifayət qədər tanış deyilsə, yəni məsələn, alış-veriş edərkən, restoranda, hava limanında və ya ev şəraitində onların nə dediklərini dəfələrlə eşitməmişiksə, bu sözləri mənalı cümlələrdə işlətmək də bizim üçün çətin olacaq.
Əgər insan daha əvvəl heç vaxt ingilis dilində restoranda sifariş verilməsinə baxmayıbsa və ya eşitməyibsə, orada necə danışacağını haradan bilə bilər? Dil sahiblərini təqlid etmək burada işə düşür. Dilin əsl sahiblərinin hansı situasiyalarda cümlələri necə qurması ilə bağlı müəyyən təcrübəyə ehtiyacımız var. Necə ki, ana dilimizi öyrənirik... Doğulduğumuz gündən etibarən bir ildən çox sadəcə qulaq asır, müşahidə edirdik. Eyni proses ingilis dili üçün də keçərlidir. Məhz buna “passiv dinləmə” deyirik. Yəni izlədiyimiz səhnələri əzbərləməyə çalışmadan, təhlil etmədən, sadəcə anlamağa çalışmaq... Və bunu təkrar-təkrar etmək. Bu nitq bacarıqlarının əsasını təşkil edir.
Təbii ki, burada bunu da qeyd etməliyəm: Bu prosesdə özünüzü hazır hiss etmirsinizsə, danışmamalısınız demirəm. Əvvəllər belə düşünürdüm, amma indi düşünmürəm. Çünki tələbələr adətən “mən hazıram” dediyi anı hiss edə bilmir və belə bir məqam da gəlmir. Buna görə də, danışmağa başlamazdan əvvəl hazır olmağı gözləməkdənsə, danışmaq üçün səy göstərərək hazırlıq prosesinə başlamaq daha yaxşıdır.
Bunun üçün maraqlı məzmun tapmağınız vacibdir. Öz unikal metodunuzu inkişaf etdirməyiniz də mümkündür. Məsələn, bir "YouTube" videosunu tapın. Altyazısını çap edin və bu sənədi öyrənin. İngiliscə altyazı ilə videoya baxmağa başlayın. Nəyisə başa düşmədiyiniz zaman fasilə verin və kağıza müraciət edin. Lazım gələrsə eyni videoya 3-5 dəfə təkrar baxın. Daha sonra kağızı kənara qoyun və videoya altyazısız/sürətləndirici ilə baxmağa çalışın. Başlanğıcda sizə çox sürətli görünən nitq indi daha yavaş və daha başa düşülən səslənəcək. Çünki əslində dil sürətli deyil. Biz onları anlamaqda gecikdiyimiz üçün belə görünür.
Bu bir neçə günlük intensiv təkrarlama və dinləmədən sonra sizə lazım olan şey həmin videonu danışma təcrübəsi ilə taclandırmaq olacaq. Video və ya videodakı hər hansı hadisə ilə bağlı fikirlərinizi kağıza öz sözlərinizlə yazmaqla izah etməyə çalışın. Yazılı işinizdən sonra kağız üzərində yazdıqlarınızı yaxınlarınıza şifahi şəkildə izah edin. Həmin adamın ingilis dilini bilməsi lazım deyil, sadəcə gülmədən, tənqid etmədən sizi dinləsin. Danışmaqdan çəkinirsinizsə, otağınıza gedin və kamera ilə danışın. Ancaq bunu edərkən diqqətli olmağınız lazım olan şey öz ana dilinizdə düşüncələrinizi sadələşdirməkdir. Daxili səsinizi sadələşdirin. Mürəkkəb cümlələrlə mübarizə aparmaq məcburiyyətində deyilsiniz. Ana dilinizdə düşündüyünüz cümlələri ibtidai məktəb səviyyəsinə endirsəniz, onların ingiliscəsini yaratmaq çox asan olar.

Məsələn, belə bir cümlə demək istəyirsən:
"Dünən axşam işdən evə gələndə qapı sındırılmışdı. Evə oğru girdiyini anladım".
Bunu birbaşa tərcümə etməyə çalışsanız, çətin anlar yaşayacaqsınız. Ancaq bunu belə bölsəniz:
"Dünən axşam evə gəldim. İşdən evə təzə gəldim. Qapıya baxdım. Qapı sındırılıb. Mən qorxdum. Evə oğru girib. Mən bunu anladım".
Bu qısa və sadə cümlələri tərcümə etmək çox asandır. Beləliklə, burada vacib olan təkcə xarici dil deyil, həm də öz ana dilinizdə düşüncə tərzinizdir. Çünki biz ümumiyyətlə ana dilimizdə qrammatik qaydalara uyğun düşünmürük. Amma xarici dildə qaydalara riayət etməklə danışmağa çalışırıq. Bu, işləri çətinləşdirir. Ancaq mürəkkəb düşüncələrimizi daha sadə parçalara böldükdə danışmaq daha əlçatan olur.
Ümumiyyətlə, xarici dil öyrənərkən şüurlu şəkildə öyrəndiklərimizə daha çox əhəmiyyət veririk. Hətta çox vaxt uğuru buna görə ölçürük. Dillə bağlı nə qədər çox məlumatı şüurlu şəkildə xatırlaya bilsək, bir o qədər uğurlu oluruq. Amma ana dilimizə gəlincə, vəziyyət tam əksinədir. Biz şüurlu olaraq ana dilimizdə nə qədər söz bildiyimizi, nə də qrammatika qaydalarını bilmirik. Şüurlu bildiyimiz sözlərin sayı kifayət qədər azdır və xarici dillərdən fərqli olaraq ana dilimizi şüursuz, prosesdən xəbərsiz şəkildə mənimsəmişik.
Belə düşünün: Siz indi öz ana dilinizdə 500 söz saya bilərsinizmi? Bəlkə də ətrafa baxıb 100-150-ni saya bilərsiniz, amma sonra çətinliklər başlayır. İndi sizə desəm ki, “siz cəmi 150 söz bilirsiniz, bu o deməkdir ki, siz ana dilinizi bilmirsiniz”. Nə qədər məntiqsiz və absurddur, elə deyilmi? Çünki məsələ şüurlu şəkildə xatırladığımız sözlərdə deyil, şüuraltımızda kök salmış passiv sözlərdir.
Gündəlik həyatda özümüzü ifadə edərkən tez-tez şüuraltımızda qeyd olunan sözlərdən istifadə edirik. Və biz bu sözləri o qədər dinləmiş, görmüş, eşitmişik ki, artıq düşünmədən istifadə edirik. Balaca olanda kimimiz atamız kimi danışırıq, kimimiz də anamız kimi. Çünki biz onları örnək götürüb, eşidə-eşidə o dili qurmağa başlayırıq. Bu tamamilə təbii prosesdir.
Amma xarici dillərə gəlincə, təəssüf ki, bu şüuraltı proses nəzərə alınmır. Diqqət həmişə şüurlu yadda saxlamağa, testlərə və qaydalara yönəlir. Sonra insanlar 5000 söz bildiklərini, lakin iki cümləni birləşdirə bilmədiklərini söyləyirlər. Bu çox yayılmış bir vəziyyətdir.
Bunu qəbul etməliyik ki, dilin təbii fəaliyyətinə qarşı çıxa bilmərik. Gündəlik həyatda istifadə olunan dili yaşamadan, sadəcə bilik toplamaqla danışıq bacarıqlarını inkişaf etdirmək olmaz. Yəni filmlər, seriallar, xəbərlər, şərhlər, məqalələr... Nə olursa olsun, o dilin həqiqi istifadəçiləri kəlmələri necə istifadə edirsə, biz də onları dinləməli, görməli və bu təcrübəni dönə-dönə yaşamalıyıq.
Diqqət yetirin ki, mən burada "bir dəfə baxdım" deməkdən söz etmirəm. Dönə-dönə baxmaq, təkrar-təkrar dinləmək, təkrar-təkrar oxumaq... Bu işin təbiəti belədir. Ancaq təhsil sistemlərində təkrara çox da yer verilmir. Orada məqsəd növbəti mövzuya keçmək, bölməni tamamlamaq, imtahandan keçmək və sertifikat almaqdır. Beləliklə, həmişə nəyisə bitirməyə və növbəti mərhələyə keçməyə əsaslanır.
Amma bu sistemdən keçən insanlar minlərlə söz bilsələr də, bu sözləri aktiv şəkildə işlədə bilmirlər. Çünki onlar bu şüuraltı təcrübələri yetəri qədər yaşamırlar.
Nəticədə, bu məzmunlara təkrar-təkrar məruz qaldığınız zaman, bu sözlər yavaş-yavaş şüuraltınıza yerləşməyə başlayır. Və bir gün sən danışarkən, özünü ifadə edərkən fərqinə varmadan bu sözlər tökülməyə başlayır. Həqiqətən danışmağa başlamağın yolu budur.

– Bizdə ali təhsil müəssisələrinə qəbul imtahanında bütün ixtisas qrupları üzrə xarici dil imtahanı var. Sizcə, dil imtahanları necə təşkil olunmalıdır? Bu, test üsulu ilə olursa, testlər hansı formada tərtib olunmalıdır ki, effektiv nəticə əldə edək?
– Düşünürəm ki, bu gün əksər imtahan formatlarının yazılı olması, əslində, şagirdlərin məktəb sistemindən qazandıqları vərdişlərlə birbaşa bağlıdır. Bu vəziyyəti “informasiya təqdimatı”na əsaslanan formatda imtahanların keçirilməsini tələb edən mövcud təhsil sisteminin nəticəsi kimi görmək olar. Əgər təhsil sistemi bilik istehlakına deyil, bilik istehsalına əsaslanan yanaşmanı mənimsəsəydi, mən tövsiyə edərdim ki, xarici dil imtahanları nitq, özünüifadə və natiqlikdən ibarət formata malik olsun. Halbuki məlumatı istehlak etməyə vərdiş edən beyinlərə məlumat istehsalına əsaslanan imtahan formatının tətbiqi onların düşüncə tərzinə ziddir və bu format tələbələrə çətinlik yaradır.
Məsələn, bu gün Türkiyədə çox rast gəlinən YDS (Yabancı Dil Sınavı – Xarici dil imtahanı) imtahanından yüksək bal alan bir çox şagirddən “danışma” əsaslı imtahan götürsək, çox fərqli mənzərə ortaya çıxa bilər. Əgər ədalətli olmaq istəyiriksə, izləniləcək yol xəritəsi bir şeyin təbiətinə uyğun olmalıdır. Əgər söhbət dildən gedirsə və bu dil ünsiyyət üçün mövcuddursa, o zaman hər hansı bir qiymətləndirmə ünsiyyət bacarıqlarını, xüsusən də danışıq və natiqlik bacarıqlarını da ölçməlidir.
Üstəlik, kağız üzərində aparılan imtahanların şagirdlərin real dil biliklərini əks etdirmədiyi dəfələrlə müşahidə olunub. Həqiqi nəticələr üçün nitq yönümlü imtahan sisteminə keçid edilməlidir. Belə bir imtahan keçirildiyi zaman həm imtahan keçirən, həm də imtahan verən üçün mənzərə aydın olur. Heç kim heç bir bəhanə gətirə bilmir. Çünki danışıq həmin anda insanın həqiqi dil səviyyəsini ortaya çıxarır. Düşünürəm ki, bu, inkişaf üçün çox möhkəm başlanğıc nöqtəsi olacaq.
Həmçinin təklif etdiyim imtahan formatı yazılı imtahanlardan daha çətin ola bilər, çünki danışma imtahanı insanları gərginləşdirə bilər. Əslində, şagirdlərin ingilis dilində danışma bacarığı nə qədər yaxşı olursa olsun, imtahan stresi onların uğursuz olmağına səbəb ola bilər. Buna görə də şagirdləri uğurlu və ya uğursuz olaraq etiketləmək yerinə, onların bacarıq səviyyələrini və nə qədər səy göstərdiklərini qiymətləndirmək daha faydalı olardı.
Düzü, hələ gerçək həyata qədəm qoymayan bir şagirdin hər hansı rəqəmlə və ya hərflə qiymətləndirilməsini mənəvi cəhətdən düzgün hesab etmirəm.
– Sıfırdan bir dil məktəbi yaratsanız, onu necə təsvir edərsiniz? Bu məktəb necə olardı?
– Sıfırdan bir dil məktəbi qursaydım, dili iki əsas səviyyəyə ayırardım: birincisi, danışıq dili (Amerikan ingiliscəsi və ya Britaniya ingiliscəsi, lakin mütləq gündəlik, canlı dil); ikincisi isə akademik dildir. Hər iki səviyyədə şagirdə az da olsa, özünü ifadə etməyə başlaya biləcəyi “konfort zonası”na çatmağa kömək edərdim.
Bu prosesi velosiped sürməyi öyrənməklə müqayisə edə bilərəm: Velosiped sürməyi ilk dəfə öyrəndiyimiz zaman kimsə bizimlədir – atamız, böyük qardaşımız, anamız – tarazlığımızı tapana qədər bizi müşayiət edir. Tələbənin özünə inam qazanması və dil öyrənməkdə “pedal” vurması üçün lazım olan bütün dəstəyi verərdim. Ancaq bunu edərkən klassik müəllim yanaşmasından daha çox “kouç/məşqçi” modelini tətbiq edərdim. Çünki məşqçilər məsuliyyəti öz üzərlərinə götürmür, tələbənin üzərinə qoyur. Necə ki, arıqlamaq üçün idman zalına gələn biri məşqçisinin yönləndirməsi ilə səy göstərməlidir.
Təəssüf ki, bu gün bu tarazlıq pozulub. Müəllimlər biliyi ötürən, yükü daşıyan tərəfdə, şagirdlər xidmət gözləyən müştərilər mövqeyindədir. Beləliklə, müəllimlər daha çox səy göstərdikcə, şagirdlər demək olar ki, yerlərindən qalxmadan “öyrənmiş” sayılacaqlarını gözləyirlər. Necə ki, məşqçinin özünün idman etməsi, amma tələbəsinin bir qram da itirməməsi kimi. Bu, fitnesdə nə qədər gülünc səslənirsə, dil öyrənməkdə də belədir. Amma təəssüflər olsun ki, bu dram indiki təhsil sistemində hələ də tamaşaya qoyulur.

Xəyallarımdakı dil məktəbində isə bu süni quruluşdan uzaqlaşardım. Mən tələbələrə iki aydın məqsəd təqdim edərdim: ya ictimai səviyyədə, ya da akademik səviyyədə ingilis dilini əldə etmək.
Onlar nəyə ehtiyac duyduqlarına qərar verərdilər və biz onları o səviyyədə özlərini rahat ifadə edə biləcəkləri bir nöqtəyə (konfort zonası) gətirərdik. Bugünkü səviyyələri bir istinad olaraq götürsək (hər nə qədər bu səviyyələrə inanmasam da), A2-yə (orta səviyyə) qədər aktiv şəkildə dəstək verərdim. Sonrakı B1, B2, C1, C2 kimi qabaqcıl səviyyələrdə şagirdlərin istəsələr, özlərinin öyrənmələri üçün məsuliyyət götürə biləcəkləri, “Müzakirə klubları”, “Oxuma və dinləmə klubları”, “Danışma klubları”, “Mədəni fəaliyyət klubları”, “Təqdimat klubları”, “Çöldə şam yeməyi klubu” və s. kimi şagirdlərin dildən sosial cəhətdən aktiv şəkildə istifadə edə biləcəkləri, psixoloji olaraq motivasiyalarının və özünə inamlarının yüksək olacağı, qorxu, təşviş və narahatlıq səviyyələrinin neytral olacağı müsbət bir mühit yaradardım ki, doğru yerdə düzgün iş görərək düzgün nəticə əldə edə bilək.
Bu məktəb indiki sistemdəki əksər dil məktəbləri kimi teatral sistemə sahib olmaz, real məlumatlara əsasən fəaliyyət göstərən məktəb olardı.
Beləliklə, bu məktəb bir növ layihə əsaslı məktəb olardı. Şagirdlər passiv deyil, aktiv olardılar; Onları boş xəyallara sürükləməyəcək və prosesin ən başında qarşılaşacaqlarını açıq şəkildə izah edəcək bir quruluşa sahib olardı. Reklamlarla və şişirdilmiş vədlərlə dolu broşürlər əvəzinə real hədəflər təklif edən bir sistem olardı. Çünki xaricdə və ya real həyatda tələbələri gözləyən dilin qrammatikasını bilmək deyil, dildən istifadə edərək özünü ifadə etmək bacarığıdır.
İki səviyyəli bu sistem, əlbəttə ki, mənfəət yönümlü təhsil treyderlərini sevindirməyə bilər. Bununla belə, sənayeləşmiş təhsil sistemindən qoparaq daha real nəticələr əldə etməyin dəyərli olduğuna inanıram. Tələbələrin bu sistemdə çətinlik çəksələr belə, zəhmətlərinin boşa getmədiyini anlayacaqlarını və bir gün yenidən başlamaq istədikdə daha güclü motivasiya ilə yollarına davam edə biləcəklərini düşünürəm.
Nəticədə mən mövcud dil məktəbi strukturlarının əksəriyyətinin elementlərini aradan qaldırar və işi daha təbii əsasda yerləşdirərdim. Tələbənin məqsədini sadələşdirərdim və diqqəti "Danışıq və natiqlik" bacarıqlarına yönəldərdim. Səviyyədə irəliləmək və ya yüksək qiymət almaq kimi narahatlıqları tamamilə atıb yerinə performansa əsaslanan imtahanlar adı altında tapşırıqlar verərdim. Başqa sözlə, məktəb olaraq şagirdlərimizdən əsas gözləntimiz onların ünsiyyət üçün xarici dildən istifadə edə bilmələri və ictimai nitq qabiliyyətinə malik olmaları olardı.
– Son olaraq oxucularımıza və dil öyrənənlərə nə demək istərdiniz?
– Əslində, düşünəndə onsuz da hər gün bir dili danışaraq yaşayırıq. Öz ana dilimizi... Qrammatika qaydalarını bilmədən, nə qədər söz öyrəndiyimizi hesablamadan, heç bir imtahana və sertifikata ehtiyac duymadan. Bu onu göstərir ki, biz əslində dil öyrənməkdə təcrübəli şəxslərik. Beləliklə, bu prosesdə ilham almalı olduğunuz ilk şey ana dilinizi necə öyrəndiyiniz olmalıdır.
Mən belə gözəl fürsətə görə bu dəyərli "Azərbaycan müəllimi" qəzetinə ürəkdən təşəkkür edirəm. Dil öyrənmə səyahətinizdə sizinlə olmaq üçün sizi "Bahrom Hudayar" "YouTube" kanalında gözləyəcəyəm. Mənimlə keçirdiyiniz vaxta görə təşəkkür edirəm, bütün azərbaycanlı qardaşlarıma Türkmənistandan salamlarımı göndərirəm.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər