
Təhsildə qiymətləndirmə şagirdlərin öyrənmə prosesinin izlənməsi və təkmilləşdirməsi üçün vacib alətlərdən biridir. Bildiyimiz kimi məktəblərimizdə üç növ qiymətləndirmədən (diaqnostik, formativ və summativ) istifadə olunur. Özünüqiymətləndirmə və yoldaş qiymətləndirilməsi formativ qiymətləndirmənin müasir üsullarından olub, şagirdlərin öz biliklərini dərketmə və təkmilləşdirmə qabiliyyətlərini artırır. Bu üsullar eyni zamanda şagirdlər arasında əməkdaşlıq, özünəinam və tənqidi düşünmə bacarıqlarının formalaşmasına şərait yaradır.
Özünüqiymətləndirmənin məqsədi şagirdlərin öyrənmə məsuliyyətini artırmaq, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, güclü və zəif tərəfləri müəyyən etmək və öz inkişaflarını izləməkdir. Özünüqiymətləndirmə formativ qiymətləndirmənin bir hissəsi olub, şagirdlərin öz öyrənmə proseslərinə daha fəal və məsuliyyətli yanaşmasını təmin edir. Müəllimlər bu metoddan istifadə edərək, şagirdlərin müstəqil öyrənmə və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirə bilərlər.
Özünüqiymətləndirmənin əsas xüsusiyyətləri aşağıdakılardır:
– Özünə nəzarət və məsuliyyət: Özünüqiymətləndirmə, şagirdlərin öz öyrənmə prosesinə məsuliyyətlə yanaşmasını təmin edir. Şagird özünün güclü və zəif tərəflərini müəyyən edərək inkişafa ehtiyacı olan istiqamətlər haqqında məlumat əldə edir.
– Refleksiya və özünü təhlil etmə: Bu üsul vasitəsilə şagird, öyrənmə prosesində hansı bilikləri qazandığını və hansı sahələrdə inkişaf etməli olduğunu analiz edir. Bu refleksiya prosesinin inkişafı şagirdin özünü düzgün analiz etməsinə və daha yaxşı qərarlar verməsinə kömək edir.
– Davamlı inkişaf: Özünüqiymətləndirmə, təkcə bir dəfəlik bir tədbir deyil, öyrənmə müddətində təkrarlanan bir prosesdir. Şagird davamlı olaraq öz performansını qiymətləndirərək, inkişaf üçün konkret məqsədlər müəyyən edir.
– Tənqidi düşünmə və qərar vermə bacarıqları: Özünüqiymətləndirmə şagirdin tənqidi düşünmə və qərar vermə bacarıqlarını inkişaf etdirir. Çünki şagird özünün müvəffəqiyyətlərini və səhvlərini analiz edərək qərarlar qəbul edir.
Özünüqiymətləndirmə üsulları şagirdlərin öz bilik və bacarıqlarını dəyərləndirməsinə, güclü və zəif tərəflərini müəyyən etməsinə kömək edir. Bu üsullara Effetiv gündəliklər (şagirdlər hər dərsdən sonra nə öyrəndiklərini və hansı çətinliklərlə qarşılaşdıqlarını yazırlar), Özünüqiymətləndirmə cədvəlləri (şagirdlər bacarıqlarını və biliklərini müxtəlif meyarlar üzrə qiymətləndirirlər), Check-listlər (Yoxlama siyahıları) (müəyyən bir mövzunun və ya tapşırığın yerinə yetirilmə dərəcəsini qiymətləndirmək üçün istifadə olunur)), Likert şkalası (şagirdlər müəyyən suallara və ya bacarıqlara dair dərəcə sistemi üzrə cavab verirlər (məsələn, “Çox yaxşı bacarıram”dan “Heç bacarmıram”a qədər)), və Portfoliolar (şagirdlərin öz işlərini toplayaraq inkişaflarını izləməsinə imkan yaradır) kimi formaları misal göstərmək olar.
Aşağıda bu üsulların geniş izahı və nümunələri verilmişdir:
1. Reflektiv gündəliklər və bloqlar
Bu üsul şagirdlərin öz inkişaflarını görməsinə kömək edir, tənqidi düşünmə bacarığını artırır və problemləri, onların həll yollarını müəyyən etməyə imkan yaradır. Burada şagirdlər öyrənmə prosesində qarşılaşdıqları çətinlikləri, əldə etdikləri nailiyyətləri və gələcək üçün planlarını yazırlar

2. Özünüqiymətləndirmə cədvəlləri
Burada şagirdlər xüsusi meyarlar əsasında öz bilik və bacarıqlarını qiymətləndirirlər. Bu üsul şagirdlərin öz bilik səviyyələrini real qiymətləndirməsinə, hansı sahələrdə inkişaf etməyə ehtiyac olduğunu göstərməyə və hədəf qoymağa kömək edir.
Nümunə:

3. Check-listlər (Yoxlama siyahıları)
Bu üsul müəyyən tapşırıqları və ya mövzuları tamamladıqdan sonra özünü qiymətləndirmək üçün istifadə olunur. Həmçinin tapşırıqların tam yerinə yetirilməsinə, dərs prosesini sistemləşdirməyə, unudulan məqamları aşkar etməyə kömək edir.
Nümunə: Bu dərsdə aşağıdakıları etdim:
– Mövzunu diqqətlə oxudum
– Əsas anlayışları yazdım
– Məşq suallarını etdim
– Çətinliklərimi qeyd etdim
4. Likert şkalası
Likert şkalası amerikalı sosial psixoloq Rensis Likertin adını daşıyan psixometrik şkaladır və tədqiqat sorğularında istifadə olunur. Bu, sorğu tədqiqatında cavabların ölçülməsi üçün ən çox istifadə edilən bir yanaşmadır.
Bu üsulda şagirdlər müəyyən suallara 1-dən 5-ə qədər bal verərək öz bilik səviyyələrini qiymətləndirirlər. Bu şagirdlərin dərslə bağlı hisslərini ölçməyə kömək edir və dərs strategiyalarını təkmilləşdirmək üçün müəllimlərə fikir verir.
Nümunə:

6. Portfoliolar (Öyrənmə qovluğu)
Şagirdlər öz işlərini bir yerə toplayaraq inkişaflarını izləyə bilərlər. Portfolioda esse, layihələr, test nəticələri və digər materiallar ola bilər. Bu, şagirdlərin irəliləyişini vizual görməyə kömək edir, tədris prosesi haqqında müəllimlərə və valideynlərə məlumat verir və onların öz inkişaflarını dəyərləndirmək üçün bir arxiv rolunu oynayır.
Yoldaş qiymətləndirməsi
Yoldaş qiymətləndirməsi şagirdlərin birbirinin öyrənmə prosesini qiymətləndirdiyi yanaşmadır. Bu metod şagirdlər arasında əməkdaşlıq və ünsiyyətini artırır və öyrənməni daha şəffaf edir. Qiymətləndirmənin bu üsulu tənqidi düşüncəni inkişaf etdirir (hər iki metod şagirdlərin analitik düşüncə və problem həlli bacarıqlarını gücləndirir), fəal öyrənməyə şərait yaradır (şagirdlər passiv öyrənmə prosesindən çıxaraq aktiv təlim prosesinə qoşulurlar) və özünəinamı artırır (şagirdə öz bacarıqlarına inamı artırır).
Yoldaş qiymətləndirməsi formativ qiymətləndirmənin əsas üsullarından biridir və şagirdlərin bir-birinin işini müəyyən edilmiş meyarlar əsasında qiymətləndirməsinə əsaslanır. Bu üsul həm öyrənənlərə öz biliklərini daha yaxşı dərk etməyə, həm də konstruktiv rəy vermə bacarıqlarını inkişaf etdirməyə kömək edir.
Yoldaş qiymətləndirməsi, ümumiyyətlə, şagirdlərin həmyaşıdlarını qiymətləndirdiyi və ya həmyaşıdları tərəfindən qiymətləndirildiyi bir proses kimi sinif üzvləri tərəfindən həmyaşıdlarının işlərinin və ya çıxışlarının qiymətləndirilməsidir. Həmyaşıdların qiymətləndirilməsi aktiv öyrənmə (Piaje, 1971) və yaşlıların təhsili (Cross, 1981) fəlsəfələrinə əsaslanır.
Burada iki amil mühüm rol oynayır. Bunlar qiymətləndirmə prosesində istifadə olunan standartlar və qiymətləndirmədən sonra həmyaşıdların bir-birinə təqdim etdikləri rəylərdir. Həmyaşıdların rəyi mühüm təhsil funksiyası olmaqla yanaşı, həmyaşıdların qiymətləndirilməsi prosesinin bir mərhələsidir. Həmyaşıdların rəyi təsdiqedici, təklif edici, düzəldici ola bilər.
Yoldaş qiymətləndirməsinin məqsədləri
– Şagirdlərə tənqidi və analitik düşünmə bacarıqları qazandırmaq
– Dərsin interaktivliyini artırmaq
– Şagirdlərə qiymətləndirmə meyarlarını başa düşməyə kömək etmək
– Qarşılıqlı öyrənmə mühitini gücləndirmək
– Fərdi və qrup işlərində məsuliyyəti artırmaq
Yoldaş qiymətləndirməsinin üsulları
Yoldaş qiymətləndirməsi müxtəlif formalarda həyata keçirilə bilər. Həmin üsullardan bəziləri ilə tanış olaq. 1. Rəy forması ilə qiymətləndirmə Bu üsulda şagirdlər bir-birinin işini oxuyaraq və ya dinləyərək müəyyən olunmuş meyarlar əsasında rəy verirlər. Bu üsul vasitəsilə şagirdlər öz güclü və zəif tərəflərini başa düşür, həmçinin konstruktiv rəy vermə bacarığını inkişaf etdirirlər.
Nümunə:

2. Qiymətləndirmə rubriki vasitəsilə yoldaş qiymətləndirməsi
Bu üsulda müəyyən edilmiş kriteriyalar əsasında qiymətləndirmə aparılır. Qiymətləndirmə rubriki vasitəsilə aparılan yoldaş qiymətləndirməsi zamanı şagirdlər qiymətləndirmə meyarlarını daha yaxşı anlayır, bununla da proses daha obyektiv və sistematik olur.
Nümunə:

3. “İki müsbət, bir inkişaf” metodu
Bu metodda şagirdlər bir-birinin işinə iki müsbət rəy və bir inkişaf etdirici tövsiyə verirlər. Bu zaman rəyvermə prosesi konstruktiv olur və inkişaf yönümlü fikir bildirmək vərdişi formalaşır. Bu xüsusilə kiçik uşaqlar üçün istifadə etmək üçün faydalı formatdır. Uşaqların işini və ya davranışını qiymətləndirərkən sizə təsirli və müsbət ünsiyyət metodu təqdim etmək üçün burada iki ulduz paketi və müxtəlif rənglərdəki arzu şərh kartlarından istifadə edə bilərsiniz. Buradakı 2 ulduz onların qazandıqları uğurları, arzu bölməsi isə yoldaşlarının daha da irəliləməsinə kömək etmək üçün mümkün bəzi təkmilləşdirilməli yazmaq üçündür.
Nümunə:
Müsbət: Mövzunu çox aydın izah etmisən. Yazının strukturu yaxşı qurulub.
İnkişaf: Daha çox fakt və nümunə əlavə etsən, daha inandırıcı olar.
4. Anonim rəy
Uşaqlara yoldaşlarının yazdıqları tapşırıqları (testlər, esse və s.) paylayın və onlardan kim olduğuna baxmamalarını xahiş edin. Onlar daha sonra müvəffəqiyyət meyarlarına uyğun olaraq həmyaşıdların qiymətləndirilməsi vərəqəsini, cədvəlini və ya formasını doldura bilərlər. Daha sonra vərəqləri sahiblərinə geri qaytarın ki, onlar oxuyub rəylərə cavab verə bilsinlər. Əgər məktəbinizdə iki eyni sinif varsa və onlar eyni işi bitirirlərsə, həmin vərəqləri siniflər arasında dəyişə bilərsiniz.
5. Sevimli sitat
Uşaqlar partnyorun işindən öz sevimli sitatını seçir və qeyd edirlər. Bu üsul yazı tapşırıqları üçün effektiv alətdir. Seçilmiş sitat şifahi şəkildə deyilə və ya bunun əvəzinə yapışqan vərəqə yazıla və sinfin divarına və ya lövhəyə yerləşdirilə bilər.
6. Ortaq uğur
Uşaqlardan hər ikisinin yaxşı bacardıqları və ya təkmilləşdirə biləcəkləri bir şey tapmaq üçün birlikdə işləmələrini xahiş edin.
7. Bir dəqiqəlik rəy
Vaxtölçəni qurun və şagirdlərdən bir dəqiqə ərzində partnyoruna bacardığı qədər çox rəy bildirməsini istəyin. Daha sonra digər şagirdə keçid edin. Həmçinin lövhədə bir neçə cümlə başlanğıcı yazın ki, şagirdlər ilişib qaldıqda ona müraciət etsinlər.
8. Əlaqə stikerləri
Uşaqlara stikerlər paylayırıq və onları qiymətləndirdiyi sinif yoldaşının dəftərinə və ya əlinə yapışdırmğı istəyirik. Bu, xüsusilə ibtidai sinif şagirdləri üçün mükəmməl bir üsuldur. Uşaqlar stikerləri sevdikləri üçün bu onlar üçün çox əlverişli üsuldur.
Yoldaş qiymətləndirməsinin üstünlük və çətinlikləri
Yoldaş qiymətləndirməsinin həyata keçirilməsinin bir neçə üstün cəhətləri vardır. Həmin məqamlar bunlardır:
– Şagirdlərin bir-birindən öyrənməsinə imkan yaradır.
– Fikir bildirmək və rəy vermək bacarığını inkişaf etdirir.
– Şagirdlərin məsuliyyət hissini artırır.
– Düşünmə və analiz etmə bacarıqlarını gücləndirir.
Bununla yanaşı, prosesin reallaşdırılması zamanı müəllimlər bəzən çətinliklərlə də üzləşirlər. Həmin çətinliklər aşağıdakılardır:
– Bəzi şagirdlər dostluq münasibətinə görə obyektiv qiymətləndirmə apara bilməyə bilərlər
– Şagirdlər qiymətləndirmə meyarlarını tam başa düşməyə bilər
– Tənqidlər düzgün formada verilmədikdə motivasiya aşağı düşə bilər
Belə bir sual yaranır: Yuxarıda qeyd olunan çətinlik və problemlərin baş verməməsi üçün hansı addımları atmaq lazımdır? Həmin addımlar aşağıdakılardır:
– Aydın meyarlar hazırlayın – Şagirdlərə qiymətləndirmə kriteriyalarını izah edin;
– Təlimat verin – Şagirdlərə necə konstruktiv rəy verməyi öyrədin;
– Anlayışı başa salın – Qiymətləndirmə sadəcə tənqid üçün deyil, inkişaf üçün edildiyini vurğulayın;
– Şagirdləri təşviq edin – Şagirdlərə obyektiv və dürüst qiymətləndirmə üçün motivasiya verin.
Mənbə: Abdulmanafova C. “Özünüqiymətləndirmə və yoldaş qiymətləndirməsi”
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər