Bütün xəbərlər
31 yanvar, 14:06

Tələbələrin qış tətili başlayıb. Ona görə də Azərbaycan Dövlət Pedaqoji Kollecinin bütün dəhlizləri boşdur, birindən başqa. Dəhlizə hansı məqsədlə daxil olmağımdan asılı olmayaraq, fikrin istər-istəməz buraya yönəlir.

Toplaşanlardan diplom üçün gəldiklərini öyrəndik. Məsələn, qucağında uşaqla kimisə gözləyən Xanım Həsənli müəssisənin ötənilki məzunlarındandır. Pedaqoji Kolleci “Texnologiya müəllimliyi” ixtisası üzrə 2024-cü ildə bitirib. Diplomunu indi almağa gəlib. Səbəbi də bəllidir, uşaqlı anadır. 

Bəs uşaqla oxumaq çətin olmayıbmı? Dediyinə görə, təhsilinə başlayanda subay olsa da, məzun olana qədər hətta ana da olub. “Dərsə hər gün Abşeron rayonunun Qobu kəndindən gəlirdim. Ən çox əziyyəti bu yola görə çəkdim”, - deyir.

Təhsilindən razıdır. Dediyinə görə, uşaqlı olması keyfiyyətli təhsil almasına maneə yaratmasa da, iş tapmağı çətin olacaq. Qızı Miran Həsənli böyüyənə qədər işləməməyi isə onun üçün bəzi çətinliklər yarada bilər: 

“Sənədimi götürüb müəllimlərin işə qəbulu müsabiqəsinə qatılmaq istəyirəm. Yaşayış yerimin yaxınlığındakı məktəblərdə iş tapmaq çətin olacaq. Amma yenə də iştirak edəcəyəm, çünki uğur qazanacağıma inanıram. Qazana bilməsəm də, narahat deyiləm, yenidən hazırlaşaram. Oxumaq üçün heç vaxt gec deyil, xüsusən müəllim işləmək istəyən hər zaman oxumalıdır”.

Elşən Əsgərov isə Xanımdan bir il əvvəl məzun olub. Bəs, o niyə sənədinin arxasınca gec gəlib? Elşən deyir ki, kolleci bitirən kimi hərbi xidmətə gedib: “2023-cü ilin məzunuyam. “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə təhsil almışam. Sonra hərbi xidmətə getdim. Hərbi xidmətimi Qusar rayonunda keçdim. Ona görə sənədimin arxasınca yalnız xidmətdən qayıdandan sonra gələ bildim”.

Elşənin də planında tezliklə müəllimliyə başlamaq var: “Ağstafa rayonundanam, orada müəllim işləyəcəyəm”.

Kollecin bütün keçmişi burada toplanıb

Kollecin Arxiv şöbəsindən öyrəndik ki, buraya müraciət edənlər, sadəcə, diplom üçün gəlmirlər. Azərbaycan Dövlət Pedaqoji Kollecinin arxiv şöbəsinin müdiri Füruzə Hüseynovanın verdiyi məlumata görə, müraciətlər daha çox attestat şəhadətnamələrinin verilməsi, götürülməmiş diplomlar üçün olur:

“Təqaüdə çıxan əməkdaşlar arayış üçün müraciət edirlər. Xaric olunmuş, kollecə yenidən bərpa olunan tələbələrin transkriptləri yazılır. Hazırda arxivin ən aktual məsələsi 2024-cü ilin məzunlarının diplomlarının verilməsidır”.

Qələbəliyin səbəbi də elə budur: “Hazırda müraciət edənlərin çoxluğu təhsil sənədi götürməyə gələnlərin sayının artması ilə əlaqədardır. Arxivə hər gün 55-65 nəfər müraciət edir”.

F. Hüseynovanın sözlərinə görə, kollecin arxivi böyükdür: “Burada 1945-ci ildən Bakı Sənaye Pedaqoji Kollecinin, 1955-2024-cü illərdə M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Texnikumunun, nəhayət, 2024-cü ildən Azərbaycan Dövlət Pedaqoji Kollecinin arxiv sənədləri saxlanılır”.
Arxivin 3 əməkdaşı olduğunu deyən F.Hüseynova işlərinin çox olduğunu da vurğulayıb. Belə ki, onlar çox köhnə sənədlər üzərində də işləyirlər: 

“Elə sənədlər var ki, rütubətli şəraitdən, ya da illərin təsirindən müəyyən dəyişikliklərə məruz qalıblar. Onları yenidən fayllaşdırırıq. Arxivdə ən böyük iş isə elektronlaşdırılmadır. Bu proses başa çatandan sonra hər hansı tələbənin sənədlərini axtararkən çox vaxt itirməyəcəyik, sadəcə, şəxsin ad-soyadını yazmaqla sənədin harada olduğunu müəyyənləşdirəcəyik. Elektronlaşma sayəsində arxiv şöbəsinin işi sürətlənəcək”.

Arxivdə sənədlərin bir deyil, bir neçə kateqoriya üzrə toplandığını vurğulayan şöbə müdiri qeyd edib ki, ən böyük kateqoriya şəxsi işlərdir. Əmrlər, qiymət vərəqləri ayrı-ayrı kateqoriyalarda toplanıb. Sayı ən az olan isə götürülməmiş diplomlardır.

Bu kateqoriyada olan sənədlər diqqətimizi daha çox çəkir. Maraqlıdır, neçənci illərə aid sənədlər unudulub qalıb? Kimlər təhsil aldığı illərin üstündən xətt çəkib? 

F.Hüseynova deyir ki, 1945-ci ildən indiyədək 100-ə yaxın götürülməmiş diplom qalıb: “Götürülməmiş diplomların sahiblərindən rəhmətə gedənlər var” , - deyən şöbə müdiri sənədlər arasında ən köhnələrini göstərir. Budur, 1953-cü ilə aid diplom əlimizə keçir. Bu, Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecinə aid 1972-ci ildə Svetlana Abbasovaya verilmiş sənəddir. Başqa bir sənəd milliyətcə erməni olan Nikaida Martyanova Sergeyevnaya məxsusdur: “Biz onlara lazım olmayan bir sənədi belə qoruyub saxlayırıq. Amma onlar bizim keçmişimizi, tariximizi, abidələrimizi məhv ediblər”.

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.