
Zəminə MƏMMƏDOVA :“33 ildən sonra Xocalıda müəllim kimi yenidən çalışmağa başladığım üçün xoşbəxtəm”
"Bir qərinəlik həsrətdən sonra doğulduğum torpağa, Xocalıya qədəm qoymaq çox çətin, ağrılı idi. Axı insan hər addımda, hər yerdə bir iz görmək istəyir, gözü kimisə axtarırdı… Amma… Heç burada gedəcəyimiz bir ev, hər zaman həyətimizdə bizi sevgi ilə qarşılayan ata-anamız da daha yox idi. Atamın yurdu yerli-dibli yoxa çıxmışdı. Vaxtilə bəxtəvər günlər yaşadığımız məhəllələr, küçələr, evlər, oxuduğumuz məktəb tamamilə torpağın altında qalmışdı. Ancaq hər halı ilə bura bizim üçün vətən idi. Doğmalığı, ətri ilə özünə maqnit kimi cəzb edirdi bizi. Bilirsiniz, sanki Xocalının sehrli bir cazibəsi var. Torpaqmı, təbiətmi çəkir özünə insanı?!. Bilmirəm… Sadəcə bildiyim odur ki, bura şəhidlərimizin qanları ilə suvarılıb laləzara çevrilən vətəndir. Qışının şaxta-sazağına, yazının gül-çiçəyinə qurban olduğumuz Xocalıdır".
Acılı-şirinli xatirələrin izi ilə
Azərbaycan dili və ədəbiyyatı müəllimi Zəminə Əmir qızı Məmmədova Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə dərs demək üçün Qarabağa yollanacağı o günün gecəsini yatmamış, xəyallarında dağı-arana daşımış, səhəri dirigözlü açmışdı… Zarafat deyildi, aradan keçən ağır və məşəqətli üç onillikdən sonra yenidən özünün də vaxtilə oxuduğu və cəmi bir il müəllim kimi fəaliyyət göstərdiyi bu məktəbə dərs keçməyə yollanırdı. İndi yenidən qurulan ana vətəni Xocalıda dirçəlişi təmsil edən uşaqlara, gənclərə sevdiyi fənni əxz edəcəkdi, onların ruhuna vətən, torpaq sevgisi aşılayacaqdı… İllər əvvəl olduğu kimi…
Beləcə Zəminə müəllim özündən ixtiyarsız bir andaca xatirələrin qanadında 1992-ci il fevralın o üzündəki Xocalıya getmiş, şagird, tələbə, müəllim olduğu illərə baş çəkmişdi. Uzun və qaranlıq gecələrdə Xocalıdakı evlərinin pəncərəsində alovlanan lampanın başına cəm olan ailəsinin bütöv və xoşbəxt olduğu günlərə qayıtmışdı. Budur, yenə də anası Məhluqə əlində kitab ondan hansısa şeiri soruşur, bacı-qardaşları Kamil, Kamal, Zülfiyyə və Zərifə sabahkı dərslərini həvəslə hazırlayır, atası Əmir isə mütaliə etdiyi bədii kitabı bitirərək, növbətisinə keçirdi…
Sonra Xankəndidə, Şuşada keçən tələbəlik illəri, cəmi birillik müəllimlik fəaliyyəti, ozamankı şagirdləri gözlərinin önündən kino lenti kimi sürətlə şütüyüb ötür, şirin xatirələri qəfil Xocalının o məşum günü ilə üz-üzə gəlib yarıda qırılırdı… İtkin qardaşı Kamil Məmmədovun nisgilli surəti xatirələrinə kölgə salırdı… Zəminə müəllim acı göz yaşlarına boğulurdu. Haradansa qulağına oğlunu haraylayan ağsaçlı anasının yanıqlı bayatısı gəlirdi.
Əzizim diri dağı,
Dolan, gəz diri dağı,
Hər yaralar sağalar,
Sağalmaz diri dağı.
"Bilirsiniz, bu ağrı-acılı məqamda mənə toxtaqlıq, ürək-dirək verən nə idi? Vətənə qovuşmağımızın sevinci. Bu İlahi möcüzə idi. Düzdür, bilirdim ki, bu torpaqlar bizimdir, bir gün mütləq azad ediləcək. Amma özümün bu günləri görəcəyim, yenidən Xocalıya qədəm qoyacağım, orada müəllim kimi fəaliyyətə başlayacağım ağlıma gəlməzdi. 32 ildən sonra Xocalıda 1 nömrəli məktəbdə çalınan ilk zəng şagirdləri dərsə səslədi. Onilliklərdən sonra mən doğma məktəbimdə sevdiyim müəllimlik peşəsini icra etməyə başladım. Sinif otağındakı xocalılı şagirdlərin qürur yağan baxışları elə bil illərdir ürəyimizdə buz kimi asılıb qalan dərin yaralara da məlhəm oldu, onları əritdi… Bütün bunlar mənim üçün xoşbəxtliyin özü deməkdir".
"Biz qayıtdıq, Vətən!" rubrikasının budəfəki qonağı Xocalı sakini, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Zəminə Məmmədovadır.
5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində Zəminə müəllimlə Xocalıda keçirdiyi fərəhli günlərdən, Xocalısız ötən zamanın ağrı-acısından söhbət açdıq, qayıdış sevincini bölüşdük.
20 noyabr 1969-cu ildə Xocalı şəhərində fəhlə ailəsində dünyaya göz açan Zəminə Məmmədovanın atası elektrik, anası evdar qadın olub. Amma valideynlərinin özlərinin təhsilalma imkanlarının olmamasına baxmayaraq, təhsilə, oxumağa böyük marağı olan insanlar olublar.
- Tam əminliklə deyərdim ki, elə mənim ilk müəllimlərim ata-anam olub. Təhsilsiz olsa da, anamın çox gözəl xətti var idi. O, hər gün dəftərimizi, kitabımızı yoxlayardı, dərslərimizi soruşardı. O qədər iş-gücün arasında, yorğun halına baxmayaraq, hər axşam beş uşağının dərsi ilə maraqlanardı. Həmişə bizə müəllimlərimizə hörmətlə yanaşmağımızı söyləyərdi. Yəni anam bizə bir növ məktəbi, müəllimi sevdirirdi. Kitablara sevgini isə atamdan öyrəndik. O, gün ərzində işdə olurdu, axşam evə gəldikdə isə pəncərənin ağzında yanan lampanın işığında gecə yarısına qədər gündəlik qəzetləri oxuyardı. Sonra isə mütləq hansısa bədii kitabı mütaliə edərdi. Böyük qardaşım Kamil də təhsilə həvəsli, çox kitab oxuyan idi və dərslərimizə o da nəzarət edərdi. Belə bir ailədə böyüyub boya-başa çatdım. Ona görə hər zaman deyirəm ki, uşaq qulaqla deyil, gözlə tərbiyə olunur. Yəni gözümüzü açıb, həmişə əlində qəzet, kitab olan ata, təhsilə bu qədər maraqlı ana olan bir ailədə yaşadıq. Ailədə beş bacı-qardaş idik, hamımız da məktəbi əla oxuyurduq. Buna görə də ata-anam birlikdə valideyn iclaslarında həvəslə iştirak edərdilər. Bilirdilər ki, övladlarının həm təhsillərindən, həm tərbiyələrindən bütün müəllimlər razılıq edəcəklər. Onlar bizə görə çox fərəhlənirdilər. Biz də elə bilirdik ki, bununla valideynlərimizin qarşısında borcumuzu veririk və buna görə çox sevinirdik.

Xocalının vətənpərvər şagirdləri və müəllimləri
- Əvvəlcə biz Xocalıda 8 illik məktəbdə təhsil alırdıq. Məktəbimizin direktoru Cəfər, dərs hissə müdiri Nərgiz müəllim idi. Həmçinin Tamella, Həmid, Bəhram, Anahid kimi dəyərli müəllimlər burada dərs deyirdilər. Həmayil isə ibtidai sinif müəllimim idi. O, Xocalı faciəsi günü meşədə öldürülənlərdən biri oldu. Hətta onun nəşini belə gətirə bilmədilər...
Azərbaycan dili və Ədəbiyyatı müəllimi olmaq həvəsini isə məndə məktəbimizə Malıbəyli kəndindən gəlmiş Rəfail müəllim yaratmışdı. O, çox nüfuzlu, hər şeyi ilə nümunə olan müəllim idi. Tədris etdiyi fənni uşaqlara çox sevdirirdi. Beləliklə, mən də qərarımı vermişdim ki, Rəfail müəllim kimi Azərbaycan dili və Ədəbiyyatı müəllimi olacam. 9-cu sinifdən sonra təhsilimi Xocalının digər hissəsində yerləşən
10 illik məktəbdə davam elətdirdim. Bu məktəbin direktoru Cəmilə, dərs hissə müdiri isə Qüdrət müəllim idi. Həmçinin dəyərli Tahirə, Xalidə müəllimlərimi xatırlayıram. Burada Süsən adlı ibtidai sinif müəllimi var idi. Hansı ki, bəzi valideynlər öz uşaqlarını bir il məktəbə gec qoymağa razı olurdular ki, o məhz Süsən müəllimin sinfində oxusun.
Şərəf duyuram ki, Milli Qəhrəmanlar Tofiq Hüseynov və Ələsgər Novruzov kimi vətənpərvər şəxsiyyətlərdən vaxtilə dərs alanlardan biri də mən olmuşam. Ələsgər müəllim həm sinif rəhbərimiz idi, həm də bizə idman dərsi deyirdi. Tofiq Hüseynov isə Hərbi hazırlıq dərsi keçirdi. O bizi atışlara aparırdı, sərbəst atış öyrədirdi. Onu da deyim ki, üç sinif yoldaşım Xocalı faciəsi zamanı şəhid olub. Faiq girov düşən zaman ermənilər ona deyiblər ki, Qarabağın ermənilərin olduğunu söyləsin. Ancaq o bunu demədiyi üçün vəhşicəsinə öldürülmüşdü. Nadir faciə günü meşədə şəhid olub. Sinif yoldaşım Füzuli Rüstəmov isə Milli Qəhrəmandır. O, faciə zamanı dəfələrlə Xocalıya girərək qadın, uşaq və yaralıları təhlükəsiz zonaya çıxarıb. Ölümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli son anda özü düşmən gülləsinə tuş gələrək şəhid olub.
Xocalının bu cür cəsur, vətənpərvər övladları olub.
Xankəndidə yarımçıq qalan tələbəlik
Zəminə Məmmədova 1986-cı ildə Xankəndi Pedaqoji İnstitutunun (indi Qarabağ Universiteti) Filologiya fakültəsinə daxil olur. Ancaq erməni fitnəsi nəticəsində yalnız iki il - 1986-1988-ci illərdə bu ali təhsil müəssisəsində oxuya bilir.
- Həmin dövrdə, Xankəndi Pedaqoji İnstitutunda həm Azərbaycan, həm rus, həm də erməni bölmələri var idi. Erməni və rus bölmələrində ermənilər, Azərbaycan bölməsində isə yalnız azərbaycanlılar təhsil alırdı. Düzünü deyim ki, əvvəlcə onlarla aramızda heç bir pis münasibət yox idi. Birlikdə pambıq yağımına da gedirdik. Yəni çox yaxın münasibətdə olmasaq da, heç pis münasibətimiz də yox idi. Amma 1988-ci ildə məlum hadisələr başlayandan sonra münasibətlər tamamilə dəyişdi. Xankəndidə yaşayıb təhsil alan azərbaycanlıların burada qalması artıq təhlükəli idi. Çünki onların üzərinə hücumlar olurdu. Ona görə də təşkil olunmuş avtobuslarla hər gün Ağdama gedib-gəlirdik. Bir dəfə isə mitinqlərdə "Qarabağ", "miatsum" deyə bağıran ermənilər institutun qarşısına toplaşdılar və azərbaycanlı tələbələrin üzərinə hücum etməyə çalışdılar. O vaxt rus ordusunun hərbçilərinin köməyi ilə bizi oradan birtəhər çıxartdılar. Onu da qeyd edim ki, həmin o normal münasibətimiz var dediyimiz erməni tələbələr də bizim tələbələrin üzərinə yeriyirdilər. Buna görə təhsilimizi artıq Gəncədə davam elətdirmək məcburiyyətində qaldıq. Sonra isə institutun Azərbaycan şöbəsi Şuşada fəaliyyət göstərməyə başladı.
1991-ci ildə Qarabağın azərbaycanlılar yaşayan kəndlərində müəllim çatışmazlığı hiss olunurdu. Bizə təklif olundu ki, kim istəyirsə, könüllü olaraq məktəblərdə çalışa bilər. Həmin zaman əyani şöbə 5 illik idi və mən də sonuncu kursda oxuyurdum. Qərar verdim və könüllü olaraq Xocalı 8 illik məktəbinə müəllim kimi qayıtdım. Beləliklə, ilk peşə fəaliyyətimə də öz ilk təhsil aldığım məktəbdə başladım.

"O məşum gün qardaşımı bizdən ömürlük ayırdı"
- Həmin dövrdə Xocalıda vəziyyət olduqca acınacaqlı idi. Çünki Xocalı hər tərəfdən ermənilərlə əhatə olunmuşdu. İnsanlarımız blokada şəraitində yaşayırdılar. Hər axşam düşmən raket və müxtəlif silahlarla Xocalını atəşə tuturdu. Gecələr əhali zirzəmilərdə gizlənirdi. Səhərlər hər kəs öz işinin dalınca gedirdi, müəllimlər və şagirdlər isə məktəbə yollanırdı. Bir müddət xocalılılar bu cür təhlükəli şəraitdə yaşamalı oldular.
26 fevral 1992-ci ildə məlum faciə, Xocalı soyqırımı baş verdi. Ailəmiz faciədən bir qədər əvvəl Ağdama gəlmişdi. Amma atamla böyük qardaşım Kamil Xocalıda idilər. Kamil institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Çelyabinskdə işə götürülmüşdü. 1988-ci ildə Qarabağdakı hadisələr zamanı tutduğu böyük vəzifədən imtina edərək Xocalıya qayıtmışdı. Hərbi təhsili olduğuna görə atış istiqamətini düzgün hesablamaqda döyüşçülərimizə böyük yardımı dəyirdi. Ona görə də demək olar ki, Kamil ev üzü tanımırdı, bütün gün postlarda olurdu. Fevralın 26-sı günü də o, postda olur. Atam isə evdə gözləyir ki, qardaşım gəlsin birlikdə Xocalıdan çıxsınlar. Evimiz ikimərtəbəli idi, atam aşağı mərtəbədə qardaşımı gözləyir, qardaşım isə gizlincə gəlib ikinci mərtəbədən sənədlər olan balaca çanta var idi, onu götürür və meşə istiqamətində çıxır. Yəni atamla-qardaşımın bir-birilərindən xəbərləri olmur. Kamil uşaqların, qadınların, yaşlıların Qarqar çayından keçməsi üçün xeyli kömək edir. Onlar güc-bəla ilə özlərini meşəyə yetirirlər və bir müddətdən sonra çox yorğun olduqları, yeriməyə taqətləri belə olmadığı üçün meşənin içərisində əyləşib dincəlmək istəyirlər. Ancaq bu zaman ermənilər onları mühasirəyə alırlar. O vaxtdan sonra 33 yaşlı qardaşımın taleyindən heç bir xəbər ala bilməmişik, düz 33 ildir ki, onun yolunu gözləyirik... Xocalıda yaşanan o məşum gün qardaşımı ömürlük bizdən ayırdı.
Ata-anam Kamil deyə-deyə bu dünyadan köçdülər. Ürəklərində oğul dağı olan valideynlərimin gözü arxada qaldı...
...Faciə günü atam bütün gecəni qardaşımı gözləyir. Səhər üzü baxır ki, ermənilər qardaşının qarşı tərəfdə yerləşən evini talayıb aparırlar. Bunu görən atam min bir əziyyətlə, alın təri ilə tikdiyi evinə ürək ağrısı ilə od vuraraq gizlənə-gizlənə Ağdama gəlir. O, bir müddət burada xəstəxanada müalicə aldı.
Yaşadıqları bütün bu travmalar, faciələr valideynlərimi dərindən sarsıtdı. Bir müddətdən sonra atam infarkt keçirtdi və dünyasını dəyişdi.
Bu dünyada gözü yolda olmaq ən ağır, ən acınacaqlı haldır. Kamilin nə öldüyünü bildik, nə də yaşadığını. Bir məzarı belə olmadı ki, üzərində ağlayaq, onun yasını tutaq. Biz ailə olaraq qardaşımın faciəsini başqa cür yaşadıq (ağlayır).
Ümid, inam və qayıdış
- Atam yaşadığı müddətdə amma həmişə Xocaliya mütləq qaydacağıq deyirdi. Valideynlərim bu günləri görə bilməsə də, bizə torpaqlarımızın azadlığının sevincini yaşamaq nəsib oldu. Xocalı azad ediləndən sonra dedilər ki, məktəb ora köçürüldüyü zaman müəllimlərdən kim istəsə könüllü olaraq burada işləməyə gələ bilər. Mən, qardaşımın yoldaşı Tamella müəllim, eləcə də Nazilə və Ruhiyyə müəllimlər ilk könüllülərdən olduq. Onu da deyim ki, bu müəllimlərin də hər birinin şəhidləri var. Nazilə müəllimin qardaşı, Ruhiyyə müəllimin, məktəbin direktoru Nəvai müəllimin ataları şəhiddir. Kimin ki, şəhidi, daha çox ağrı-acısı var idi, sanki birinci onlar bu torpağa gəlməyə can atırdı. Bir növ belə düşündük ki, biz gəlib burada şəhid, itkin doğmalarımıza, əzizlərimizə qovuşuruq.
Beləliklə, Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə fəaliyyətə başladıq. Əvvəlcə şagird sayı az idi, amma buna baxmayaraq, həvəslə işimizi icra etdik. Dediyim kimi, 1991-ci ildə də bir il müddətində bu məktəbdə çalışmışdım. O zamanlar çox çətin vəziyyət idi. Bəlkə də hələ heç müəllim kimi özümü tam göstərə də bilməmişdim. İşğaldan sonra Xocalı məktəbi Naftalanda, daha sonra Goranboyda fəaliyyət göstərmişdi. Və mən Goranboyda da, Naftalanda da eyni məktəbdə çalışmışam. İndi isə Allaha çox şükür ki, doğulduğum, boya-başa çatdığım yurdumdayam, Xocalıda yenidən müəllim kimi fəaliyyət göstərirəm.
Əlbəttə ki, Azərbaycanın hər yeri bizim üçün vətəndir. Amma insanı özünə bağlayan torpaq da var. Bu torpaq müqəddəsdir. Ona görə ki, bu torpaqda hamımızın əzizlərinin qanı var. Azərbaycanın igid oğullarının qanı var. Qanla yoğrulan torpaq vətəndir. Bəlkə elə bizi Xocalıya bağlayan da budur. Bu torpağı yenidən bizə qaytaran şəhidlərimizin, onları böyüdən ata-ananın qarşısında baş əyirəm. Bu torpaq uğrunda savaşaraq sağlamlığını itirən qazilərə cansağlığı arzulayıram. Müzəffər Ali Baş Komandan İlham Əliyevə ömür boyu minnətdar olacağıq. Cənab Prezidentimizin yürütdüyü uzaqgörən siyasət, bir Ali Baş Komandan kimi həyata keçirdiyi mükəmməl hərbi taktika sayəsində biz Qarabağa, Xocalıya qovuşduq, məcburi köçkün adından qurtulduq. Qisasları alındığı üçün Vətənimizin bütövlüyü uğrunda şəhid olan bütün oğul və qızlarımızın ruhu artıq şaddır.
Bundan sonra doğma yurdumuzda yalnız qurub-yaratmaq eşqi ilə yaşayacağıq. Xocalının küçələrindən, evlərindən daha körpələrimizin, uşaqlarımızın şən sədaları yüksələcək.
Bu, 56 illik ömrünə vətənsizliyi, qardaşsızlığı, məcburi köçkünlüyün maddi-mənəvi çətinliklərini sığdıran bir müəllimin mübarizələrdən keçən həyat yolu idi...
Başdan-başa sınaqlarla dolu bir ömür yaşayan xocalılı bu müəllimin həyat yolu həm də Azərbaycan gəncliyinin örnək götürəcəyi nümunədir. Peşəsini ürəkdən sevən bu vətənpərvər müəllim 1990-cı illərin əvvəllərindəki ağır günlərdə Qarabağda şagirdlərimizin təhsildən geri qalmamaları üçün könüllü olmuşdu. Eləcə də onilliklərdən sonra yenidən Xocalıda işıq saçan təhsil məşəlinin şöləsinə yığışan ilk müəllimlərdən biri də Zəminə Məmmədova idi. Hər zaman sevə-sevə, can-dildən ana yurdun səsinə səs verən, Vətənin könüllü və zəhmətkeş müəllimi…
Mənbə: “Azərbaycan” qəzeti
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər