Bütün xəbərlər
5 oktyabr, 09:00

Bu gün onların bayramıdır… Sinif otaqlarını, ali məktəb auditoriyalarını öz nuru ilə işıqlandıran, qəlblərə işıq salan, zəkalar yetişdirən, cəmiyyətin sabahını formalaşdıranların - müəllimlərin bayramıdır. Hər səhər günəşdən əvvəl oyanıb, biliklə, mərhəmətlə, səbir və məsuliyyətlə bir cəmiyyətin gələcəyini formalaşdıranların, qəlblərdə iz qoyanların günüdür bu gün.

Onlar nə fəxri kürsülərdə dayanır, nə alqışlar içində yaşamağı seçirlər. Onlar səssiz, sakit, lakin dərin izlər buraxan öyrətmək, aydınlatmaq, yetişdirmək kimi bir missiyanın daşıyıcılarıdır. 

MÜƏLLİMLİK qəlblərə toxunmaq, gələcəyi formalaşdırmaq, hər gün yenidən dünyanı dəyişmək gücüdür.

Elə bu gözəl gündə “Azərbaycan müəllimi”nin qonağı olan təhsil işçilərimiz də müəllimlik peşəsinə olan sevgilərindən, onun müqəddəsliyindən söz açıblar.

Füzulidə ilk dəfə sinif otağına müəllim kimi daxil olanda…

Füzuli rayonu Ramil Əkbərov adına Kürdmahmudlu kənd tam orta məktəbində tarix müəllimi kimi bu il ilk dəfə sinfə qədəm qoyan Nərmin Şıxəlıyeva üçün 5 oktyabr Beynəlxalq Müəllimlər Günü daha fərqli məna daşıyır. O, təkcə bu günün sevincini deyil, həm də ilk dəfə Qarabağın azad edilmiş torpaqlarında müəllim kimi fəaliyyətə başlamasının qürurunu yaşayır.

Tarix fənni üzrə MİQ imtahanında 85 bal toplayan Nərmin müəllim öz arzuladığı peşəsinə qovuşub. Bu uğur onun təkcə biliyinin yox, həm də əzm və məqsədyönlülüyünün nəticəsidir. Deyir ki, müəllimliyi çox sevir: “Tarix mənim üçün sadəcə fənn deyil, xalqın yaddaşıdır, ruhudur, kimliyidir. Füzulidə böyümüş, və yenidən doğma yurduma bir müəllim kimi qayıtmaq həm qürurverici, eyni zamanda məsulliyyətli bir hissdir. Çünki artıq şagird deyiləm, indi gənc nəslə elm öyrədən, onları vətənə, torpağa bağlı böyüdən müəlliməm. Dünən dərs oxuduğum siniflərdə indi dərs keçirəm. Bu, insanın həyatında nadir yaşanan bir xoşbəxtlikdir”.

Nərmin deyir ki, müəllimlik peşəsini seçməkdə vaxtilə oxuduğu məktəbdə ona dərs demiş tarix müəllimi Elmin Hüseynovun böyük rolu olub. O, fənnini Nərminə elə sevdirib ki, bir gün müəllim olub şagirdlərə tariximizi öyrətməyi, onlarda vətən sevgisini daha da gücləndirməyə sövq edib. Və bu gün gənc müəllimin ən böyük arzusu reallaşıb: “Müəllim kimi ilk dərs günüm mənim üçün çox həyəcanlı və unudulmaz idi. Bir tərəfdən uşaqlıq arzumun gerçəkləşməsinin sevincini yaşayırdım, digər tərəfdən isə üzərimə düşən məsuliyyətin böyüklüyü məni düşündürürdü. O gün anladım ki, müəllimlik sadəcə peşə deyil, bu böyük bir şərəfli missiyadır”.

Nərmin fürsətdən istifadə edərək bayram günündə bütün müəllimlərini təbrik etməyi özünə borc bilir. Bildirir ki, onların hər birini böyük hörmət və minnətdarlıqla xatırlayır: “Mənə dərs demiş müəllimlərimin hər biri həyatımda mühüm rol oynayıb. Xüsusilə tarix müəllimlərim Elmin Hüseynov  və Ruslan İsgəndərovun üzərimdəki əməyi danılmazdır. Onlar mənə yalnız tarix fənnini sevdirmədi, həm də məsuliyyətli olmağı, müəllim peşəsinə sevgini aşıladı. Bu bayram günündə onların timsalında bütün müəllimlərimizi təbrik edirəm”.

“Kənd məktəblərində təhsil alan şagirdlərdə motivasiya, əzm və zəhmətə alışqanlıq yüksək səviyyədədir”

“Müəllim olmaq mənim uşaqlıqdan arzum idi”, - deyir Maqsud Tarquluyev. Bu il o da ilk dəfə müəllim kimi sinfə daxil olan gənclərimizdəndir. Kürdəmir rayon Öyləqulu kənd Eldar Güləhmədov adına ümumi orta məktəbin coğrafiya müəllimidir. MİQ imtahanlarında coğrafiya fənni üzrə 47 bal toplayan M. Tarquluyev VI-IX siniflərə dərs deyir. Gənc müəllim söyləyir ki, dərs dediyi gün həyatının ən önəmli səhifələrindən birinə çevrilib: “Gənc müəllim kimi ilk dəfə ucqar bir kənd məktəbində sinfə daxil oldum. Və çox qəribə də olsa, deyim ki, elə ilk andan şagirdlərim mənə doğmalaşdı. İlk dərs günümdən müəllim olmağın nə qədər qürurverici olduğunu bir daha anladım və bu məni çox xoşbəxt edirdi. 

Şagirdlərimə yalnız çoğrafiya fənnini tədris etməklə kifayətlənmir, onlara eyni zamanda həyatda uğurlu və düzgün insan olmaq üçün vacib olan dəyərləri də aşılamağa çalışıram. 

Onlara hər zaman deyirəm ki, “səhv etmək pis deyil, səhvi gizlətmək daha pisdir”. Mənim üçün əsas dəyərlərdən biri dürüstlük və özünə cavabdehlikdir. Onlara öyrədirəm ki, səhvlərdən qorxmaq yox, onlardan öyrənmək lazımdır”.

Maqsud müəllim söyləyir ki, onun üçün ən böyük motivasiya bir şagirdin bilik səviyyəsinin, dünyagörüşünün, düşüncə tərzinin dəyişdiyini görməkdir. Onun nəticələrini yaxşılaşdırdığını görmək, özünəinam hissinin güclənməsinə şahid olmaq müəllim üçün çox qürurvericidir: “Mənim üçün şagirdlərlə yaxşı ünsiyyət qurmaq, müəllimlik fəaliyyətimin əsas hissəsidir. Şagirdlərlə ünsiyyətim qarşılıqlı hörmət və anlayış üzərində qurulub. Onların fikirlərinə dəyər verirəm və hər zaman açıq dialoq aparmağı üstün tuturam. Dərsdə yalnız bilik verməyə yox, həm də onları dinləməyə çalışıram. Çünki şagirdin müəllimi ilə rahat ünsiyyət qurması, sual verməsi onun dərsə marağını artırır. Hər bir şagird fərqlidir və bu fərqliliyi qəbul edərək onlara individual yanaşmağa çalışıram”.

Maqsud müəllim kənd məktəbində fəaliyyət göstərir. Və təbii ki, paytaxtın ümumtəhsil müəssisələri ilə kənd məktəbləri arasındakı fərqliliklərin fərqindədir. Amma onun üçün bu amil o qədər də önəmli deyil. Qeyd edir ki, kənd məktəbində dərs demək şəhərdən daha çətin və məsuliyyətlidir. Çünki burada müəllim təkcə fənn müəllimi deyil, həm də şagird üçün dost, yol göstərən və nümunə rolunu oynayır: “Kənd məktəbində dərs deyirəm, görürəm ki, şagirdlər gələcək həyatlarını daha gözəl qurmaq üçün mükəmməl təhsil almağa çox həvəslidirlər. Əsas fərq potensialda deyil, imkanlarda və mühitdədir. Paytaxt məktəblərində infrastruktur, texnologiya, əlavə kurslar və layihə imkanları daha genişdir. Müəllimlər müxtəlif təlimlərə, resurslara və dəstəyə daha tez çıxış əldə edirlər. Şagirdlər də bu imkanlardan yararlanaraq daha erkən yaşda inkişaf edə bilirlər. Kənd məktəblərində isə resurs azlığı, internet problemi, kadr çatışmazlığı kimi çətinliklər var. Amma bu o demək deyil ki, oradakı şagirdlər geridə qalır. Əksinə, kənd məktəblərində təhsil alan şagirdlərdə motivasiya, əzm və zəhmətə alışqanlıq yüksək səviyyədədir. 

Bəli, bu fərqlər uğur yolunda müəyyən rol oynaya bilər. Paytaxt məktəblərində təhsil alan şagirdlər daha çox seçimə malik olurlar. Amma uğuru müəyyən edən əsas faktor imkanlar deyil, məqsədə çatmaq üçün göstərilən əzmdir. Bəli, bizim kənd məktəblərinin şagirdlərinin imkanları azdır, amma potensialları çoxdur. Əsl müəllim şagirdlərə düzgün yol göstərmək, onların içlərindəki potensialları ortaya çıxarmalıdır. 

Kənddə orta təhsil alıb sonradan böyük nailiyyətlər qazanan minlərlə tanınmış ziyalılar, görkəmli şəxsiyyətlərimiz var ki, bu gün də onlarla xalqımız fəxr edir. 

Kənd məktəbində dərs deyən bir müəllim olaraq mənim düşüncəmə görə imkanlar məhdud ola bilər, amma savadlı, daim öz üzərində işləyən, yaradıcı müəllim və zəhmətkeş şagird varsa, bu zaman uğur mümkündür. Bəzən ən böyük motivasiya da məhz bu çətinliklərdən doğur. “Mən də bacararam” düşüncəsi insanı irəli aparır”.

Maqsudu müəllim olmağa ilhamlandıran da məhz ona vaxtilə orta məktəbdə dərs demiş Xəyal Novruzov olub. Əziz müəllimini bayram günündə xatırlayan Maqsud Tarquluyev onun təkcə dərs deməklə kifayətlənmədiyini şagirdlərinə hər zaman dəyər verdiyini, dinlədiyini, inandığını söyləyir: “Onun bizə olan münasibətindən özüm üçün müəyyənləşdirdim ki, müəllim təkcə bilik ötürən deyil, həm də bir gəncin həyat yolunu dəyişdirə bilən bir nümunədir. Mən də bu hissi şagirdlərimə yaşatmaq istədiyim üçün müəllim oldum. Bir gün müəllimim mənə “sən bacararsan” dedi və o cümlə mənim həyatımın dönüm nöqtəsi oldu”.

Hər qəlbdə bir imzam, hər qazanılacaq uğurlarda bir izim olacağı düşüncəsi məni müəllimliyə daha da bağlayır
 
Digər gəncimiz Vüsalə Quliyeva da Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə bu il ilk dəfə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayanlardandır. Vüsalə MİQ imtahanında ibtidai sinif üzrə yüksək nəticə – 90 bal toplayıb: “Mən məktəbə daxil olduğum anda hiss etdim ki, bu divarlar arasında öyrənmək istəyən gözlər mənə baxır. Bu kifayətdir ki, insan işini sevə-sevə görsün. Uğurum təkcə MİQ balı ilə ölçülmür. Mənim üçün uğur sinifdə müəllimini diqqətlə dinləyən bir şagirdin parlayan gözləridir. Onların hər cavabında öz zəhmətimi görmək, onların danışığında, yazısında dəyişiklik hiss etmək mənim üçün ən böyük mükafatdır. 

Mən usta ailəsində doğulmuşam. Birinci sinfə getdiyim dönəmlər ailəmizdə maddi vəziyyətimiz elə də yaxşı olmayıb və atam gecə-gündüz çalışar, bəzən bizdən uzaq qalar, amma səhər o yorğunluğuna baxmayaraq mütləq qabarlı əlləri ilə mənim əlimdən tutub məktəbə aparardı. Sinfimə daxil olarkən ibtidai sinif müəllimim Xumar müəllimin məni mehribanlıqla, üzügülər qarşılaması, ruhlandırması, gələcəyimlə bağlı dediyi xoş sözlər hiss etdiyim hər çətin anımı, hələ o yaşda tam anlamaqda çətinlik çəkdiyim məsələləri, unutdurardı… Böyüdüm və başa düşdüm ki, mən də hər evə, hər balaca qəlbə, hər zəhmətkeş, sabaha xəyallar quran ailə üçün ümid ola bilərəm. 
Bilmirəm təsadüfdənmi, yoxsa həyatın mənə sürpirizi idi ki, elə müəllim kimi ilk dəfə dərs deyəcəyim məktəbə gedəndə də zəhmətkeş atam yanımda idi. Qızını yenə də tək qoymamışdı. 9 nömrəli tam orta məktəbin həyətində Azərbaycan Respublikasının Dövlət Himni səsələndirildi. Və həmin an ən arxa sıralarda dayanan atamı gördüm. Sözlə ifadə oluna bilməyəcək hisslər yaşadım. Uzaqdaydı, amma mən onun qəlbinin çırpıntısını, sevincdən yaşla dolan gözlərini elə aydın görürdüm ki… Elə həmin o an özümə söz verdim ki, mən atamdan ötürülən bu qürur, sevinc dolu baxışı sinfimə daxil olan hər anaya, ataya bəxş edəcəyəm”.

Yaxşı müəllimi fərqləndirən əsas xüsusiyyət nədir? - sualımıza Vüsalənin cavabı da özünəməxsus olur: “Mənim yaşım və yaşıma dayanan təcrübəm düşünürəm ki, bu sualı tam ətraflı cavab verməyə imkan verməsə də öz müəllimlərimin timsalında deyə bilərəm ki, yaxşı müəllim düşünən, düşündürəndir, o bəzən danışar, bəzən isə elə yerdə susar ki, onu sözsüz anlayarsan. Çox gözəl dinləyər, səbir edər, danışmasan belə gözündən anlayar səni. Yaxşı müəllim öz qəlbindən, şagird qəlbinə körpü salandır. O körpü ki, onun təməli səbir, sevgi, ədalət, düzgünlük kimi dəyərlərlə qurulub. Müəllim kəlməsini səsləndirdiyim ilk gündən bu günə kimi heç bir müəllimimi bayram günlərində təbriksiz qoymamışam. Məhz bu gün bizlər üçün əziz olan Müəllimlər Günündə dünyasını dəyişmiş Azərbaycan dili və ədəbiyyat müəllimim, həmçinin sinif rəhbərim olmuş Qənimət Dövlətovanı ehtiramla anıram. Bilirəm ki, əlçatmaz bir arzu, bir xəyaldır, amma bu gün müəllim kimi ilk fəaliyyətə başlayan bir yetirməsi olaraq mən onun bayramını təbrik etməyi çox istərdim...”.

Müsahiblərimiz arasında gənc müəllimlərlə yanaşı, uzunillik təcrübəsi olan pedaqoqlarımızın fikir və tovsiyələrini eşitmək də olduqca maraqlı oldu.  

Müəllimin davranışı, dəyərləri, yanaşması şagirdin gələcək həyatına böyük təsir göstərir

Bakı şəhərinin nümunəvi məktəblərindən biri olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin müəllimi Elmira İbrahimova uzunillik təcrübəyə malik pedaqoqlardandır. O, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Elmira müəllim üçün müəllimlik təkcə öyrətmək deyil, həm də düşünmək, yönləndirmək və formalaşdırmaqdır. Bu illər ərzində o, yüzlərlə məzun yetişdirib, müxtəlif fənn olimpiadalarında, esse müsabiqələrində və yazı yarışlarında qalib olan yeniyetməyə gələcək həyat yollarının müəyyənləşdirilməsində yol göstərib, məsləhət verib. Elmira müəllim həm də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıdır. İşi ilə əlaqədar daim müəllim və şagirdlərlə ünsiyyətdə olur. Müəllimlik fəaliyyəti ilə yanaşı, məktəbdə müxtəlif mövzularda keçirilən tədbirlərin təşkilində rolu danılmazdır. 

Təcrübəli pedaqoq söyləyir ki, müəllimlik müqəddəs olduğu qədər də çətin bir peşədir. Bu, sadəcə bir iş deyil, bir missiyadır. Müəllim təkcə bilik verən deyil, gələcəyin qurucularını yetişdirən, uşaqların şəxsiyyət kimi formalaşmasının təməlini qoyan şəxsdir. Onlara dürüstlük, insanpərvərlik və vətənpərvərlik kimi dəyərlər aşılayır: “İlk öncə bütün təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm. Müəllimlik, doğrudan da, dünyanın ən müqəddəs peşələrindən biridir.Cəmiyyətimizin ən müxtəlif sahələrində fəaliyyət göstərən mütəxəssislərin bir şəxsiyyət olaraq formalaşmasında müəllimlərin rolu danılmazdır.

Mən otuz ilə yaxındır ki, müəllimliklə məşğulam. Hesab edirəm ki, insan doğulandan müəllimliyə meyilli olmalıdır. Çünki müəllimlik elə bir sənətdir ki, hər kəs onun daşıyıcısı ola bilməz. Bəzən müəllimin bir sözü şagirdin bütün gələcək həyatını dəyişə bilər. Bir ifadə kimisə tanınmış mütəxəssis olmağa yönləndirə bilər. Müəllim olmaq üçün insanın düşüncəsində, ruhunda, canında xüsusi keyfiyyətlər olmalıdır. Müəllim öz ailəsindən, şəxsi həyatından belə uzaqlaşaraq, şagirdlərinin problemlərini, qayğılarını öz üzərinə götürür”.

Pedaqoqun sözlərinə görə, müəllim dərs dediyi hər şagirdin düşüncəsini, daxili aləmini anlamalı, ona düzgün istiqamət verməyi bacarmalıdır. Bu günün şagirdi fərqlidir. O, suallar verir, axtarır, müqayisə edir. Onunla daha səmimi olmaq lazımdır. Ən vacib amillərdən biri də səbirdir. Uşaqlar dəyişkəndir, bəzən eyni şeyi dəfələrlə təkrar etməyə ehtiyac olur. Şagirdi öyrənmək, inkişaf yolunu müəyyənləşdirmək müəllimin əsas vəzifələrindən biridir.

Elmira müəllim qeyd edir ki, müəllim yüksək savada malik olmaqla yanaşı, həm də yaradıcı olmalıdır: “Gənc müəllimlərə tövsiyəm odur ki, savadlı olmaqla yanaşı, mükəmməl xarakterə malik olsunlar. Şagird sizi həm biliyinizlə, həm şəxsiyyətinizlə qəbul etməlidir. Əgər məqsədiniz uşağı dəyişməkdirsə, onun həyatına toxunmaqdırsa, gec-tez bu təsir özünü göstərəcək. Müəllim şagirdlər arasında fərq qoymamalı, obyektiv olmalı, ədalətli davranmalıdır. Şagird müəllimindən nümunə götürür. Müəllimin davranışı, dəyərləri, yanaşması şagirdin gələcək həyatına böyük təsir göstərir. Dərslərinizdə mütləq yaradıcı elementlər olsun. Şagirdə hansısa mətni oxutmaq yetərli deyil, onu düşündürmək, yaşatmaq, hiss etdirmək lazımdır”.

“Müəllim olmaq bir millətin gələcəyini tərbiyə etməkdir”, – söyləyən pedaqoq bu  məsuliyyəti hər gün hiss etmək, içində daşımaq və qorumaq lazım olduğunu diqqətə çatdırır.

İdarəçi olmaq üçün yalnız təşkilati bacarıqlar yox, həm də dərin elmi-pedaqoji savad tələb olunur

Sonuncu müsahibimiz Masallı Rayon Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin fransız-ingilis dili müəllimi, Əməkdar müəllim Naidə Məmmədova da uzunillik fəaliyyəti dövründə yüzlərlə şagirdin qəlbinə toxunan, yeniyetmələrinin uğurlarına şahidlik edən təcrübəli pedaqoqlardan biridir. Artıq neçə illərdir ki, eyni şövqlə, həvəslə dərs demək üçün sinfə daxil olan, pedaqoji fəaliyyətlə yanaşı, həm ictimaiyyətçi, həm də tədqiqatçı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərən müsahibimiz bunların fövqündə müəllimliyin  birinci olduğunu və bu adı şərəflə daşımaqdan qürur duyduğunu deyir: “Müəllimlik mənim üçün sadəcə bir peşə deyil, eyni zamanda sevərək qəbul etdiyim bir həyat tərzimdir, insan yetişdirmək sənətidir. Mən müəllim olmağı seçdim, çünki öyrətmək həm də öyrənməyin ən yüksək mərhələsidir. Bu peşəni mənə sevdirənlər isə sözsüz ki, müəllimlərim, valideynlərim və onlara olan dərin sevgim, gələcək nəsillərə bacardığım qədər faydalı ola bilmək arzumdan qaynaqlanıb. Şagirdlərimizin gözündəki marağı, öyrənmək işığını, zəhmətin izini görmək və qəlblərindəki minnətdarlıq  biz müəllimlərin ən böyük mükafatıdır. Hər bir uğurlu müəllimin fəaliyyətinin sevinc payı isə təbii ki, ilk növbədə, onun yetirmələrinin xoş sorağını eşitmək, uğurlu karyeraları ilə cəmiyyətdə özlərini  təsdiqləmələridir. Və bu gün sevinc hissi ilə qeyd etmək istəyirəm ki, mənim ömür payımda belə sayılıb-seçilən gənclərin sayı kifayət qədərdir”.

Naidə müəllim 40 ildir ki, Şərəfə kənd tam orta məktəbində çalışır. Kənd məktəbində işləməyin özəlliyindən söz açaraq deyir ki, əsl müəllim üçün kənd və ya şəhər məktəbində işləməyin o qədər də önəmi olmamalıdır: “Əslində kənd məktəbində işləməyin şəhər məktəbindən çox böyük fərqi olduğunu düşünmürəm. Biz qloballaşan dünyada yaşayırıq və bu gün təhsil hər yerdə eyni keyfiyyətə can atır. Burada təhsil məkanı deyil, yanaşma və məqsəd önəmlidir. Əsas məsələ müəllimin öz üzərində işləməsi, yeni təlim strategiyalarının tətbiqi bacarığıdır. Məsələn, biz kənd məktəbi olaraq həm respublika, həm də beynəlxalq müsabiqə və konfransların iştirakçısı və qalibi olmuşuq, Azərbaycanda ilk dəfə kənd məktəbi olmasına baxmayaraq Artırılmış Reallıq və Virtual Reallıq texnologiyalarını dərslərə gətirmişik. Elm və təhsil naziri Emin Əmrullayev Astarada keçirilən Təhsil festivalında bu yeni dərslik və proqramlarla tanış olub. 

Bu əlamətdar gündə gənc müəllimlərə hər zaman öyrənməyə və əlbəttə ki, öyrətməyə açıq olmağı, şagirdlərini diqqətlə dinləməyi, onları ürəkdən sevmələrini tövsiyə edirəm. Dərs prosesini yalnız bilik öyrətmək üçün deyil, gələcəyin şəxsiyyətini hazırlamaq, onların düşüncələrini, dünyagörüşünü, ruhunu formalaşdırmaq fürsəti kimi dəyərləndirsinlər. Müasir dünyada müəllim innovator, fasilitator, bələdçi və gələcəyin yol göstərənidir. Müsabiqələrə, elmi konfranslara qoşulmaqdan çəkinməmək, texnologiyalardan, yeni təlim metodlarından istifadə etmək, səbirli və təmkinli,daim inkişafda olmağı məsləhət görürəm. Təhsil sahəsində karyera qurmaq, məktəb idarəetməsində irəliləmək istəyənlər  elmi və pedaqoji biliklərini, peşəkarlıqlarını daim artırmalıdırlar. Çünki idarəçi olmaq üçün yalnız təşkilati bacarıqlar yox, həm də dərin elmi-pedaqoji savad tələb olunur. Komanda işini öyrənsinlər. Səbir və ədalət prinsiplərini qorusunlar. Müəllim şagird üçün nümunə olduğu kimi, məktəb rəhbərləri də müəllimlər üçün nümunə olmalıdır”.

Həyatın özünü anladan müəllimlərimizə...  

Bəli, əziz, dəyərli pedaqoqlarımız, 5 Oktyabr Beynəlxalq Müəllimlər Günündə biz SİZlərə yalnız “çox sağ ol” deməklə kifayətlənmirik. Hər birimizin həyat yolunun ilk təməlində bizimlə birlikdə addımlayan, dəyərlər öyrədən, təkcə hərfləri və rəqəmləri deyil, həyatın özünü anladan müəllimlərimizə sonsuz ehtiramımızı bildiririk. 

Əziz MÜƏLLİMLƏR, bilik və sevginizlə, səbir və mərhəmətinizlə dünyanı dəyişirsiniz. Bayramınız mübarək!

Şərhlər

Xəbər lenti

5 oktyabr, 11:21

Mənim müəllim anam

5 oktyabr, 11:15

“Mənim müəllimlərə üç nəsihətim var...” – akademik Şalva Amonaşvili 

5 oktyabr, 10:19

Sevgi ilə sinfə girin - Ərdəm Söyləməz

5 oktyabr, 10:00

Bu gün müəllimliyə və müəllimə ehtiramın göstərildiyi gündür

4 oktyabr, 18:47

BANM 36 Prezident təqaüdçüsü ilə ölkə rekordçusu oldu

4 oktyabr, 13:08

"QS 2026" qlobal reytinqinə daxil olan universitetlərimiz təltif olunub

4 oktyabr, 12:34

Andreas Şleyxer: Süni intellektin inkişafı bizdən yeni tədris modelləri tələb edir

4 oktyabr, 12:21

İƏİT rəsmisi: Süni intellekt müəllimi əvəz edə bilməz, amma onu daha güclü edə bilər

4 oktyabr, 12:05

Andreas Şleyxer: Müəllimlərin birgə fəaliyyəti onların özlərinə inamını gücləndirir

4 oktyabr, 12:04

Prezident təqaüdçülərinin siyahısı təsdiqləndi – SƏRƏNCAM

4 oktyabr, 11:21

Akademik nailiyyət real həyatda nə qədər önəmlidir?

4 oktyabr, 11:12

Rektor: BSU-da serb və makedon dillərinin tədrisinə başlanılacaq

4 oktyabr, 11:09

İdris İsayev: Qlobal çağırışlar təhsildə də yeni yanaşmaların formalaşmasını zəruri edir

4 oktyabr, 11:02

Nazir müavini: Hansı ölkədə insan kapitalına investisiya yatırılırsa, həmin ölkə inkişaf edir

4 oktyabr, 11:00

İdris İsayev: Ali təhsildə əhatəlilik dinamik sürətdə artır

4 oktyabr, 09:54

Cəbrayıl – Azadlığın başlandığı şəhər

3 oktyabr, 17:58

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda vörkşop keçiriləcək

3 oktyabr, 17:41

Bakıda bir qrup müəllim təltif edilib

3 oktyabr, 17:34

“Yaşamaq uğrunda mübarizə” – Müəllim-alim xatirələrindən yazıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.