
“Süni intellekt müəllimi əvəz edə bilməz, amma onu daha güclü edə bilər.”
“Azərbaycan müəllimi” qəzeti xəbər verir ki, bunu Bakı Slavyan Universitetində keçirilən “Təhsildə yeni çağırışlar” adlı VI Beynəlxalq Forumda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer deyib.
Onun sözlərinə görə, süni intellektin təhsil sisteminə inteqrasiyası müəllimlərin rolunu azaltmamalı, əksinə onların yaradıcılıq və empatiya kimi insani keyfiyyətlərini ön plana çıxarmalıdır:
“Süni intellekt məlumatı analiz edir, prosesi sürətləndirir və rəy verir. Amma yalnız real müəllim uşaqlara dəyərləri, məqsədi və mənəvi istiqaməti öyrədə bilər. AI müəllimi əvəz etmir, sadəcə onun imkanlarını genişləndirir”.
Şleyxer OECD-nin “E2040 Araşdırması – Birlikdə İnkişaf: Gələcəyin Siniflərində İnsan Müəllimlər və Süni İntellekt Agentləri” (E2040 Exploration – Flourishing Together: Human Teachers and AI Agents in Future Classrooms) adlı tədqiqatına istinad edərək bildirib ki, gələcəyin tədris mühitində real müəllimlər və süni intellekt “tamamlayıcı tərəfdaşlar” kimi fəaliyyət göstərəcək. Müəllimlər tədrisin mənəvi və yaradıcı tərəflərinə fokuslanacaq, süni intellekt isə məlumat emalı, analitik rəy və fərdiləşdirilmiş dəstək funksiyalarını yerinə yetirəcək.
Tədqiqatda insan və süni intellektin fərqli gücləri aşağıdakı kimi müəyyən edilib: real müəllimlər özünüdərkə və etik məsuliyyətə əsaslanır, AI isə tapşırıq yönümlü və strukturlaşdırılmış fəaliyyət göstərir; real müəllimlər emosional əlaqə və autentik dialoq yaradır, AI isə rəyvermə və tədris dəstəyində üstünlük göstərir:
“Ən optimal model AI ilə gücləndirilmiş insan innovasiyasıdır. Müəllimlər insani elementi qoruyacaq, süni intellekt isə rutin və analitik işləri üzərinə götürəcək”, – deyə Şleyxer qeyd edib.
OECD rəsmisi vurğulayıb ki, təhsil sistemləri insan və texnologiyanın qarşıdurmasına deyil, əməkdaşlığına hazır olmalıdır.
“Gələcəyin uğurlu məktəbi o məktəbdir ki, texnologiyanı ağılla istifadə edir, amma insan toxunuşunu heç vaxt itirmir,” – deyə Andreas Şleyxer fikrini yekunlaşdırıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər