
Məktəb uşaqların həyatında tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Bu mərhələ onların həm bilik qazanması, həm də sosial mühitə uyğunlaşması baxımından mühüm əhəmiyyət daşıyır. İlk siniflərdə uşaqların dərsə marağının formalaşması, məktəbə adaptasiyası və psixoloji rahatlığı gələcək tədris prosesində uğurlarına birbaşa təsir göstərir. Bəs uşaqlar bu yeni mərhələyə daha asan necə uyğunlaşa bilər və burada müəllimlərlə yanaşı, valideynlərin rolu nədən ibarətdir?
“İnam və sevgi şagirdin müəyyən vaxtdan sonra məktəb mühitinə uyğunlaşmasında böyük rol oynayır”
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə aydınlıq gətirən 11 ildir, pedaqoji fəaliyyətlə məşğul olan 279 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Günel Balayeva bildirib ki, hər uşağın sinfə adaptasiyası eyni olmur: “Bəzi uşaqlar bu prosesi çətin keçirir. Onların öyrənmə prosesinə alışması üçün müəllim, ilk növbədə, səbirli olmalıdır. Şagirddə özünəinam və sevgi yaratmaq vacibdir. İnam və sevgi şagirdin müəyyən vaxtdan sonra məktəb mühitinə uyğunlaşmasında böyük rol oynayır. Xüsusilə valideynlərdən ayrılmaqda çətinlik çəkən uşaqlar, əsasən, məktəbəhazırlıq dövründə və 1-ci sinfin ilk ayında müşahidə olunur. Bu zaman müəllim valideynlə sıx ünsiyyətdə olmalı, belə uşaqlara xüsusi diqqət ayırmalıdır. Şagirdlərin fərqli qabiliyyətləri nəzərə alınmalı, fərdi yanaşma tətbiq olunmalıdır. Tapşırıqlar onların maraq dairəsinə uyğun tərtib edilməlidir. Tədris zamanı uşaqların sevdikləri məşğuliyyətləri öyrənib bəzilərini sinifdə tətbiq edirəm. Müsbət yanaşma nəticəsində şagird zamanla həm sinfə, həm də müəllimə uyğunlaşır”.

“Dərs prosesində əsas şərt dərslərin şagirdyönümlü olmasıdır”
Günel Balayeva qeyd edib ki, müasir şagirdləri dərsə motivasiya etmək asan deyil. Bunun üçün dərslərin maraqlı qurulması vacibdir: “Didaktik oyunlardan, yarışlardan, musiqili tapşırıqlardan, əyləncəli slaydlardan istifadə edirəm. Çünki 1-ci sinif şagirdləri tez yorulduqlarından tapşırıqları tez-tez dəyişmək və rəngarəng etmək lazımdır ki, dərs onlar üçün yorucu olmasın. Əyləncəli oyunlarla dərs keçmək, uşaqların dərsə daha aktiv qatılmasına səbəb olur. Uşaq oynayaraq öyrəndiyi məlumatı daha uzun müddət yadda saxlayır və daha çox dərsə fokuslanır. Əsas şərt dərslərin şagirdyönümlü olmasıdır”.
Onun sözlərinə görə, şagirdlər bir məlumatı əyani gördükdə onu daha tez yadda saxlayır və dərsə maraqları artır: “İbtidai sinifdə tədrisin düzgün təşkili üçün oyunlardan, maraqlı və rəngarəng slaydlardan istifadə vacibdir. Bəzi uşaqlar dərsdə tez yorulur və diqqəti yayılır. Belə uşaqlar üçün dərs vaxtı təkrarlanan tapşırıqlar, istirahət fasilələri və dəyişən fəaliyyət növləri tətbiq olunmalıdır. Bu yanaşma həm fiziki, həm də zehni yüklənməni azaldır”.
Günel Balayeva tədris prosesində valideyn-müəllim-şagird üçbucağının mühüm rol oynadığını da vurğulayıb: “Bu əməkdaşlıq düzgün qurulduqda həm şagirdin nailiyyətləri, həm də dərsə marağı yüksəlir. Valideyn-müəllim münasibəti yüksək səviyyədə təşkil edilməlidir. Bu, birbaşa şagirdlərin uğuruna təsir göstərir. Şagirdin uğuru müəllim və valideynin birgə əməkdaşlığı nəticəsində daha çox təmin olunur. Valideynlər dərslərlə maraqlanmalı, şagirdin vəziyyəti ilə maraqlanaraq dəstəkləyici olmalıdır”.
O deyir ki, dərsdə müxtəlif öyrənmə qabiliyyətli şagirdlər olur. Ona görə dərsi qurarkən diferensial yanaşmaq lazımdır: “Əsasən, yaradıcı tapşırıqlardan və suallardan istifadə edirəm ki, bütün şagirdlərdə maraq oyansın. Ümumiyyətlə, ibtidai sinif müəlliminin əsas xüsusiyyəti öz işini sevmək, şagirdlərə sevgi və səbir göstərmək, onların maraq və tələbatlarına uyğun tədris mühiti yaratmaqdır. Məni ən çox motivasiya edən şagirdlərimin uğurları, onların dərslərdə maraqla və həyəcanla iştirak etməsidir. Mənə və məktəbə olan sevgiləri isə ən böyük ilham mənbəyimdir. Valideynlərdə isə əsas görmək istədiyim xüsusiyyət məsuliyyət hissidir. Onlar nə qədər məsuliyyətli olsalar, şagirdlərin uğurları bir o qədər çox olar”.
“Uşaqların məktəbə adaptasiyası, yeni şərtlərə alışması və tələblərə uyğunlaşması üçün müəyyən vaxt lazımdır”
Bakı şəhəri 124 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Sultanova “Azərbaycan müəllimi”nə bildirib ki, məktəbin birinci ilində təhsil uşağın həyatında yeni mərhələdir. Bu mərhələ uşağa tanış olmayan yeni mühit gətirir: “Yəni artıq qayğısız oyunların yerini gündəlik dərs məşğələləri əvəz edir. Ondan gərgin əqli əmək, aktiv diqqət, dərs müddətində düzgün oturuş tələb olunur. Bununla yanaşı, ictimai münasibətlərdə də dəyişikliklər baş verir. Uşaq yaşıdları və müəllimlərdən ibarət yeni kollektivlə münasibətlər qurmalı, məktəbdaxili nizam-intizam qaydalarına əməl etməlidir. Bu isə heç də hər kəs üçün asan olmur. Buna görə də məktəbə adaptasiya, yeni şərtlərə alışmaq və tələblərə uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır”.
.jpeg)
Psixoloqun sözlərinə görə, bu dövrdə valideyn və müəllimlər bəzən düzgün yanaşma nümayiş etdirmirlər: “Valideynlərin bəzən tədrislə bağlı hədsiz gözləntiləri olur. Onlar övladlarını digər yaşıdları ilə müqayisə edir, dərs bitən kimi masa arxasına oturdaraq ev tapşırıqlarını etməyə məcbur edirlər. Uşaq səhvə yol verdikdə qışqırmaq, dəfələrlə yenidən yazmağı tələb etmək, aşağı qiymət aldığı halda cəzalandırmaq isə onun psixoloji gərginliyini artırır. Əgər müəllim də uşaqların fərdi psixoloji xüsusiyyətlərini nəzərə almadan dərs təşkil edirsə, çətin tapşırıqlarda individual yanaşmırsa, adaptasiya çətinliyi yaşayan uşaqda problem daha da dərinləşir. Nəticədə “Mən məktəbə getmək istəmirəm” reaksiyası qaçılmaz olur”.
“Çətin tapşırıqlarda uşağa kömək etmək lazımdır, amma çıxış yolunu özünün tapması üçün şərait yaradılmalıdır”
Psixoloq tövsiyə edir ki, valideynlər əvvəlcə evdə sağlam psixoloji mühit yaratsınlar: “Qida və yuxu rejimi, ekran qarşısında vaxt düzgün tənzimlənməlidir. Uşağın düşüncə və emosiyalarına diqqət edilməli, yalnız dərsdə deyil, digər fəaliyyətlərdə də dəstəklənməlidir. Düzgün olmayan davranışlardan daha çox, düzgün davranışları qabartmaq və hər kiçik uğuru dəyərləndirmək vacibdir. Bu, uşağın özünüqiymətləndirmə səviyyəsini inkişaf etdirir və tədris prosesinə də müsbət təsir göstərir. Müəllimlər isə uşaqların temperament və yaş xüsusiyyətlərini nəzərə alaraq adaptasiya çətinliyi yaşayanlara xüsusi dəstək verməlidirlər. Çətin tapşırıqlarda uşağa kömək etmək lazımdır, amma çıxış yolunu özünün tapması üçün şərait yaradılmalıdır. Uşaqlar aydın olmayan məqamlarda sual verməyə həvəsləndirilməlidirlər. Birincilərin eyni şeyi dəfələrlə soruşması normaldır, buna görə müəllimlər yumşaq davranmalıdırlar”.
“Müəllimlər uşağın yanında valideynlərlə məktəb haqqında neqativ söhbətlərdən çəkinməlidirlər”
Onun fikrincə, uşaqlarda sosial adaptasiya üçün məktəblə tanışlıq təşkil edilməli, yaşıdları və müəllimlərlə düzgün ünsiyyət formaları öyrədilməlidir. Bu prosesdə valideyn və müəllimlərin birgə əməkdaşlığı mühümdür: “Müəllimlər uşağın yanında valideynlərlə məktəb haqqında neqativ söhbətlərdən çəkinməlidirlər. Eynilə də valideynlər uşağın yanında müəllim, məktəb barədə neqativ fikirlər səsləndirməməlidirlər. Çünki bu, uşağın məktəb haqqında formalaşan fikirlərinə birbaşa təsir edir. Tədris ilinin əvvəlində ilk 2-3 ay uşaqlar üçün ən çətin dövr hesab olunur. Qeyri-müəyyən tələblər, təhsil mühitinə alışmamaq, kollektivdə norma və dəyərləri bilməmək psixoloji diskomfort yaradır. Bu da kiçik uğursuzluqlara ağlama, diqqətsizlik, hiperaktivlik, utancaqlıq kimi hallara səbəb ola bilər. Uşağı bu səbəbdən “tənbəl” damğası ilə etiketləmək isə ən böyük səhvdir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər